“Hədəfimiz bizi bizə tanıtmaqdır!” - Fotolar
Fevralın 17-də İstanbul Konqres Mərkəzində "Türkiyə-Azərbaycan ortaq
mirası” adlı Azərbaycan Dövlət Rəqs Ansamblının müşayiəti ilə böyük bir konsert
keçiriləcək. 80 nəfərlik böyük bir komanda ilə həyata keçiriləcək layihənin
təşkilatçısı Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin rəhbəri Nuran Acardır.
Bu ismi tez-tez Türkiyədə Azərbaycanla bağlı keçirilən mədəni-tanıtım layihələrindən eşidirik. Belə ki, N.Acar hər
il 20 Yanvar, Xocalı faciələrinin və 31 Mart soyqırımının ildönümlərinin, eləcə
də milli bayram günlərimizin Türkiyədə qeyd olunmasını təşkil edir, bir növ
Türkiyə-Azərbaycan mədəni körpüsü yaradır.Bu dəfə isə o, "iki dövlətin ortaq mirası” deyərək, böyük bir rəqs
konsert proqramı ilə qarşımızdadır. Konsertə bir gün qalmış biz də Nuran Acarla
söhbət etdik. Əvvəlcə bu layihənin haradan qaynaqlandığını xəbər aldıq:
- Biz bu layihəni ötən il Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə
əlaqədar İstanbulda, Yəhya Kamal Bəyatlı Səhnə Sənətləri Mərkəzində təşkil etmişdik.
Həmin konsert böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu isə bizi daha da
həvəsləndirdi.
- Bu layihəni həyata keçirməkdə
məqsəd nədən ibarət idi?
- Rəqsin dili, dini, irqi yoxdur. Rəqs dili dünyanın hər yerində keçərlidir.
Azərbaycan mədəniyyətini təbliğ etməyin ən gözəl yollarından biri kimi rəqsi
düşündük. Rəqsdə danışmırsınız, sadəcə onu göstərirsiniz. Azərbaycan rəqqasları
30 il bundan əvvəl Türkiyəyə gəlmişdi və belə böyük miqyaslı konsert proqramı
ilə çıxış etmişdi. Biz o rəqsləri izləyərək böyüyən nəsilik. Türkiyədə Azərbaycan
rəqsləri unudulmağa doğru gedirdi. İstədik, milli rəqslərimizi peşəkarların
ifasında tamaşaçılara göstərək ki, Azərbaycanın belə gözəl milli rəqsləri var.
Bu mədəniyyəti türk qardaşlara nümayiş etdirmək üçün 80 nəfərlik komanda ilə
böyük bir konsert proqramı keçirdik. Ötən il "Mənim Azərbaycanım”, "Koroğlu
milli baleti” nümayiş olundu. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Türkiyənin tanınmış siyasət və mədəniyyət cameəsinin nümayəndələri həmin konsert proqramını izləməyə gəlmişdi. O
layihəni də Türkiyə və Azərbaycan ortaq mirası devizi altında həyata keçirdik. Bu
dəfə də həmin layihə ilə qarşınızdayıq.
- 80 nəfərlik böyük bir
komandanı qarşılamaq, onları yerləşdirmək, Türkiyədə konsert proqramı təşkil
etmək sizə çətinlik yaratmırmı?
- Təbii ki, müəyyən çətinlikləri var, ancaq işin nəticəsini görəndə
bu çətinliklər unudulur, onun yerini sevinc hissləri alır.
- Təbii ki, komandanın
qayğıları böyük maliyyə tələb edir. Bütün bunlara rəğmən, konsertə giriş nə
üçün pulsuzdur?
- Çünki biz mədəniyyətin ticarətini etmək istəmirik. Bura Gürcüstanın
və digər ölkələrin musiqi, rəqs kollektivləri gəlir və konsert proqramı ilə
çıxış edirlər. Bu, mədəni ticarətdir. Əgər biz bu layihədə bilet satsaq, onda ticarət
etmiş olarıq. Bu da bizim tutduğumuz yola tamamilə ziddir. Belə etsək, onda istədiyimiz
imici əldə edə bilmərik. Dövlət qurumları ilə çalışdığımız üçün bunu xalqa pulsuz
təqdim edirik. Bu bizim əsas şərtimizdir. İstanbul Konqres Mərkəzində keçirilən
bu tip konsertlərdə biletin ən aşağı qiyməti 100 lirə (təxminən 32 manat) olmalıdır.
Ancaq belə olduğu təqdirdə, Azərbaycan musiqisinə marağı olan tamaşaçılarımız konsertə
baxa bilməyəcəklər. Biz o tamaşaçıları da nəzərə almışıq.
- Sabahkı konsertdən
gözləntiləriniz nələrdir?
- İstanbul Konqres Mərkəzinin 4 min nəfərlik tamaşaçı zalı var. Bura dünyaca
məşhur olan bir mərkəzdir. İnsanlar bizə müraciətlər edirlər, müraciətləri
nəzərə alıb, əlavə stullar da qoymaq məcburiyyətində qalacağıq.
- Yəqin ki, konsertdən
əvvəl reklam bilbordlarının hazırlanması və PR kampaniyasının da rolu az
olmayıb.
- Əlbəttə. Konsertə 2 həftə qalmış bilbordlarımız şəhərdə insanların
ən çox toplaşdığı məkanlardan asılmışdı. İstanbulda nəqliyyat vasitələrinin gur
olduğu məkanlarda reklam videolarımız hər 10 dəqiqədən bir göstərilirdi. Hətta
konsertə gələ bilməyən insanlar belə həmin video vasitəsilə Azərbaycan mədəniyyəti
və rəqsi ilə qiyabi də olsa tanış olmuş olurlar.
- Xəzər Folklor Təhsil və
Araşdırma Mərkəzinin rəhbərisiniz. Bu mərkəz hansı işləri görür və mərkəzin əsas
məqsədi nədir?
- Əslində, qarşımıza qoyduğumuz məqsədlərdən daha çox nailiyyət əldə etmişik.
Türkdilli dövlətlərin içərisində Azərbaycanla işləməyə daha çox üstünlük
verirəm. Hətta qeyd edim ki, rəsmi işlər bitəndən sonra Xəzər FM Türk Dünyası Araşdırmalar
Mərkəzi olacağıq. Türk dünyası ilə ortaq işlər görmək istəyirik. 2007-ci ildən bəri
Azərbaycan diasporu ilə çalışırdım və o dönəmlər "Qarabağ” qəzeti çıxarırdım. Bu
qəzetdə Xocalı faciəsi, 20 Yanvar, 31 Mart soyqırımı kimi Azərbaycanın başına gətirilən
dəhşətli hadisələri təqdim edirdik. Bu yaxınlarda 1990-cı ildə sovet ordusunun 20 Yanvar
günü Bakıda qətlə yetirdiyi və tarixə "Qanlı Yanvar” olaraq yazılan 20 Yanvar
şəhidlərini yad etdik - "Qanla yazılan azadlıq: 20 Yanvar Bakı
Qətliamı” mövzusunda konfrans keçirdik.
Bu mərkəzi yaratmaqda əsas məqsədimiz Türk dünyasının, qardaş dövlətlərin
mədəni əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Bir-birimizin mədəniyyətini, dilini,
tariximizi daha yaxşı bilək deyə, belə bir yola çıxmışıq. Misal üçün, Novruz bayramı
bizdə Osmanlıdan bəri unudulan bayramdır. Biz 6 ildir ki, Novruz bayramını türk
dünyasında tarixdə, yəni əvvəllər keçirdiyimiz şəkildə qeyd edirik. Hədəfimiz
bizi bizə tanıtmaqdır!
- "Qarabağ” qəzetini nə vaxtdan
dərc edirdiniz və burada nələr əks olunurdu?
- Bu layihəyə 2008-ci ildə başladıq. Təəssüf hissi ilə deyim ki, bunu
uzun müddət davam etdirə bilmədik. Qısa müddət də olsa Qarabağda baş verən hadisələri
orada əks etdirdik. Azərbaycanın qədim tarixini, bu torpaqların həqiqətən Azərbaycana
məxsus olmasını göstərməyə çalışdıq və tarixi faktlarla çıxış etdik. Çox gözəl layihə
idi.
- Nuran xanım, bəzən
Türkiyə televiziyalarında Azərbaycan mahnıları anonim şəkildə təqdim olunur.
Bununla bağlı qəti addımların atılması da vacib amillərdəndir.
- Bu məsələ ilə bağlı biz də çalışırıq. Tanınmış şairə və yazıçı Sona
xanım Vəliyeva ilə bir görüşümüz olmuşdu. Belə ki, TRT kanalında 200-ə yaxın Azərbaycan
xalq mahnılarının arxivi var. Oradakı rəhbərlərdən xahiş etdik, bizə həmin arxivi
göndərdilər. Arxivdəki mahnılarda, sadəcə ifaçının və mahnının adı var. Ancaq onların
kimə məxsus olduğu, söz və bəstəkarlarının kimliyi bəlli deyil. Bizə bəlli
olmayan həmin mahnıları Sona xanıma göndərdik. Onlar müəllifləri tapmaqda və arxivdə
olan sözlərdə hər hansı səhv olub-olmadığını müəyyənləşdirməkdə bizə kömək edəcəklər.
Azərbaycan və Türkiyə ortaq proqramlarında ifaçılar bu mahnılarla çıxış edəcəklər.
- Belə hallarla az
qarşılaşmamışıq. Bunu qardaş Türkiyədə gördükdə isə, daha çox məyus oluruq.
- 2008-ci ildə bir
Azərbaycan mahnısının altında erməni bəstəkarının adı yazılmışdı. Bir neçə Azərbaycan
mahnısının altından onlar öz bəstəkarlarının adlarını yazmağa başlamışdılar. Əgər
biz bu layihəni həyata keçirə bilsək, bu kimi hallar bir daha yaşanmayacaq.
- Sizdə Azərbaycana olan sevgi
haradan qaynaqlanır?
- Qarslıyam, sovetlər dövründə biz azərbaycanlılarla görüşə bilmirdik.
Oradan qaçaq yolla bizə Azərbaycanın klassik əsərləri gəlirdi və biz onlara baxaraq
böyümüşük. Atam böyük Azərbaycan sevdalısıydı. Qars mənim dədələrimin torpağıdır.
Arazın, Arpaçayın qarşısı Azərbaycandır və onlar da bizdən biridir. Sovetlər
dövründə biz Azərbaycandakı qardaş-bacımızla görüşə bilmirdik. Sonra Qarabağ və
Xocalı hadisələri yaşandı. Artıq bu, həsrətdən daha böyük məsələyə - milli davaya çevrildi. Azərbaycana qarşı olan haqsızlıqlar
istər-istəməz bizə də təsir etdi və bu davanın müdafiəsinə qalxdıq. Azərbaycanla
bağlı həyata keçirdiyimiz bütün tədbirlərin sonunda eyni ifadəni səsləndirirəm:
"İnşallah, bu layihələri Qarabağda keçirmək diləyi ilə”. Buna ümidlərimiz böyükdür.
- Siz öz fəaliyyətinizlə Türkiyə
ilə Azərbaycan arasında, bir növ mədəniyyət körpüsü rolunu oynayırsınız.
- Elədir. Biz qardaş ölkələrik. Qarabağ hadisələri bizim də
dərdimizdir. İnsanlar öz qardaşının dərd-sərini dinləyir, kaş olmayaydı deyir
və hər şey unudulur. İnsanların mədəniyyətə marağı faciələrdən daha çoxdur.
Kiminsə başına gələn faciəyə qulaq asmaqdansa, mədəniyyətini, musiqisini,
rəqsini izləməyə üstünlük verirlər. Azərbaycanın hər hansı bir bölgəsində
çəkiliş edəndə, bir nənənin Türkiyə vətəndaşına "sənə qurban olum” deməsindəki
o səmimiyyəti, o sevgini, o istiliyi çatdırmağa çalışırıq. Belə olan halda, biz
daha yaxın olmağa başlayırıq.
- Fevralın 26-da Xocalı faciəsinin
27-ci ili tamam olacaq. Bununla bağlı hər hansı tədbir həyata keçirəcəksinizmi?
- Əslində, Xocalı faciəsi ilə bağlı konfrans keçirəcəkdik. Eyni tarixlərdə
bir çox konfranslar olduğu üçün insanların pərakəndə olacaqlarını düşündüm.
Həmin ərəfədə Xocalı yürüşünə qatılacağıq, faciə ilə bağlı keçirilən konfranslarda
iştirak edəcəyik. Azərbaycan xalqının başına gətirilən bu faciə ilə bağlı bir universitetə
müraciət etmişik, onlardan xəbər gözləyirik. Universitet tələbələri arasında Xocalı
ilə bağlı rəsm müsabiqəsi təşkil etmək, onları mükafatlandırmaq istəyirik. Əsas
məqsəd universitet gənclərinin bu mövzu ilə maraqlanmalarını təşkil etməkdir. Əgər
bir müsabiqəyə qatılırsınızsa, o müsabiqənin şərtləri ilə maraqlanmalısınız. Nəticədə
onlar Xocalı faciəsini araşdıracaq, bu hadisədən xəbərdar olacaqlar. Belə bir yarış
keçirmək istəyirik. Çəkilən rəsmlərin isə sərgisini etmək niyyətindəyik.
- Uzun müddətdir ki, Xəzər
Mərkəzi olaraq Azərbaycanın matəm günlərini, milli bayramlarını qeyd edirsiniz.
Türk gəncliyi Azərbaycanın başına gətirilən bu hadisələrdən nə qədər xəbərdardır?
- Böyük bir kütlə xəbərdardır. Ancaq gənc nəsil o qədər də məlumatlı deyil.
Gənc nəsil nəinki Qarabağ, bizim tariximiz barədə də kifayət qədər məlumatlı deyil.
İnsanlar hadisələrdən xəbərdardır, ancaq xırdalığına qədər bilmirlər. Misal üçün,
bilmirlər ki, hələ də Azərbaycanda döyüşlər davam edir. Zəhra kimi azyaşlı
uşaqlar erməni güllələrinin qurbanı olur. Amma mitinqlərdə, tədbirdlərdə iştirak
edənlər məlumatlı olurlar.
- Qarşıda hansı layihələr
var?
- 2019-cu ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev "Nəsimi ili” elan edib. Təbii ki, bu illə bağlı bizim də görməli
olduğumuz bir çox layihələr var. Ötən il Cümhuriyyətin 100 illiyi ilə bağlı bir
çox layihələrə imza atdıq. Bu il də Nəsimi ilə əlaqədar qarşıya qoyduğumuz
planlarımız var. Ötən ay Azərbaycanda Nəsimi ilə bağlı konsertə qatılmışdım. "Savalan”
qrupu və digər iştirakçıların ifası məni valeh etdi. Təəssüf ki, həmin qrupun
solisti Novruz Novruzov dünyasını dəyişdi. Onu biz də çox sevirdik. Növbəti
aylarda "Savalan” qrupu, Nəzakət Teymurova və onun komandasının repertuarında
Nəsiminin qəzəllərindən ibarət bir layihə həyata keçirmək istəyirik. Bu
layihəni martda – Novruzda düşünürük.Gələcəkdə Nəsimi ilə bağlı başqa bir layihəmiz də olacaq. Biz buradan
sənətçilərimizi aparıb Şəkidə və Bakıda görüşəcəyik. Davamlı olaraq, hər iki
ölkədə konsertlər təşkil edəcəyik. Mədəniyyət mərkəzi layihəmiz var. Seçkilər
olduğu üçün hələ ki bu iş yubanır. Hazırda layihənin ilkin görüşmələrini
etmişik. Bundan başqa, Azərbaycanla bağlı jurnal da hazırlamaq istəyirik.
Nəzərdə tutduğumuz layihələri həyata keçirdikdən sonra bununla bağlı da qəti
addımlar atılacaq.
Xəyalə Rəis