• şənbə, 20 Aprel, 11:55
  • Baku Bakı 14°C

“Hədəfimiz bizi bizə tanıtmaqdır!” - Fotolar

16.02.19 09:00 1910
“Hədəfimiz bizi bizə tanıtmaqdır!” - Fotolar
Fevralın 17-də İstanbul Konqres Mərkəzində "Türkiyə-Azərbaycan ortaq mirası” adlı Azərbaycan Dövlət Rəqs Ansamblının müşayiəti ilə böyük bir konsert keçiriləcək. 80 nəfərlik böyük bir komanda ilə həyata keçiriləcək layihənin təşkilatçısı Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin rəhbəri Nuran Acardır. Bu ismi tez-tez Türkiyədə Azərbaycanla bağlı keçirilən mədəni-tanıtım layihələrindən eşidirik. Belə ki, N.Acar hər il 20 Yanvar, Xocalı faciələrinin və 31 Mart soyqırımının ildönümlərinin, eləcə də milli bayram günlərimizin Türkiyədə qeyd olunmasını təşkil edir, bir növ Türkiyə-Azərbaycan mədəni körpüsü yaradır.Bu dəfə isə o, "iki dövlətin ortaq mirası” deyərək, böyük bir rəqs konsert proqramı ilə qarşımızdadır. Konsertə bir gün qalmış biz də Nuran Acarla söhbət etdik. Əvvəlcə bu layihənin haradan qaynaqlandığını xəbər aldıq:
- Biz bu layihəni ötən il Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar İstanbulda, Yəhya Kamal Bəyatlı Səhnə Sənətləri Mərkəzində təşkil etmişdik. Həmin konsert böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu isə bizi daha da həvəsləndirdi.
- Bu layihəni həyata keçirməkdə məqsəd nədən ibarət idi?
- Rəqsin dili, dini, irqi yoxdur. Rəqs dili dünyanın hər yerində keçərlidir. Azərbaycan mədəniyyətini təbliğ etməyin ən gözəl yollarından biri kimi rəqsi düşündük. Rəqsdə danışmırsınız, sadəcə onu göstərirsiniz. Azərbaycan rəqqasları 30 il bundan əvvəl Türkiyəyə gəlmişdi və belə böyük miqyaslı konsert proqramı ilə çıxış etmişdi. Biz o rəqsləri izləyərək böyüyən nəsilik. Türkiyədə Azərbaycan rəqsləri unudulmağa doğru gedirdi. İstədik, milli rəqslərimizi peşəkarların ifasında tamaşaçılara göstərək ki, Azərbaycanın belə gözəl milli rəqsləri var. Bu mədəniyyəti türk qardaşlara nümayiş etdirmək üçün 80 nəfərlik komanda ilə böyük bir konsert proqramı keçirdik. Ötən il "Mənim Azərbaycanım”, "Koroğlu milli baleti” nümayiş olundu. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Türkiyənin tanınmış siyasət və mədəniyyət cameəsinin nümayəndələri həmin konsert proqramını izləməyə gəlmişdi. O layihəni də Türkiyə və Azərbaycan ortaq mirası devizi altında həyata keçirdik. Bu dəfə də həmin layihə ilə qarşınızdayıq.
- 80 nəfərlik böyük bir komandanı qarşılamaq, onları yerləşdirmək, Türkiyədə konsert proqramı təşkil etmək sizə çətinlik yaratmırmı?
- Təbii ki, müəyyən çətinlikləri var, ancaq işin nəticəsini görəndə bu çətinliklər unudulur, onun yerini sevinc hissləri alır.
- Təbii ki, komandanın qayğıları böyük maliyyə tələb edir. Bütün bunlara rəğmən, konsertə giriş nə üçün pulsuzdur?
- Çünki biz mədəniyyətin ticarətini etmək istəmirik. Bura Gürcüstanın və digər ölkələrin musiqi, rəqs kollektivləri gəlir və konsert proqramı ilə çıxış edirlər. Bu, mədəni ticarətdir. Əgər biz bu layihədə bilet satsaq, onda ticarət etmiş olarıq. Bu da bizim tutduğumuz yola tamamilə ziddir. Belə etsək, onda istədiyimiz imici əldə edə bilmərik. Dövlət qurumları ilə çalışdığımız üçün bunu xalqa pulsuz təqdim edirik. Bu bizim əsas şərtimizdir. İstanbul Konqres Mərkəzində keçirilən bu tip konsertlərdə biletin ən aşağı qiyməti 100 lirə (təxminən 32 manat) olmalıdır. Ancaq belə olduğu təqdirdə, Azərbaycan musiqisinə marağı olan tamaşaçılarımız konsertə baxa bilməyəcəklər. Biz o tamaşaçıları da nəzərə almışıq.
- Sabahkı konsertdən gözləntiləriniz nələrdir?
- İstanbul Konqres Mərkəzinin 4 min nəfərlik tamaşaçı zalı var. Bura dünyaca məşhur olan bir mərkəzdir. İnsanlar bizə müraciətlər edirlər, müraciətləri nəzərə alıb, əlavə stullar da qoymaq məcburiyyətində qalacağıq.
- Yəqin ki, konsertdən əvvəl reklam bilbordlarının hazırlanması və PR kampaniyasının da rolu az olmayıb.
- Əlbəttə. Konsertə 2 həftə qalmış bilbordlarımız şəhərdə insanların ən çox toplaşdığı məkanlardan asılmışdı. İstanbulda nəqliyyat vasitələrinin gur olduğu məkanlarda reklam videolarımız hər 10 dəqiqədən bir göstərilirdi. Hətta konsertə gələ bilməyən insanlar belə həmin video vasitəsilə Azərbaycan mədəniyyəti və rəqsi ilə qiyabi də olsa tanış olmuş olurlar.
- Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin rəhbərisiniz. Bu mərkəz hansı işləri görür və mərkəzin əsas məqsədi nədir?
- Əslində, qarşımıza qoyduğumuz məqsədlərdən daha çox nailiyyət əldə etmişik. Türkdilli dövlətlərin içərisində Azərbaycanla işləməyə daha çox üstünlük verirəm. Hətta qeyd edim ki, rəsmi işlər bitəndən sonra Xəzər FM Türk Dünyası Araşdırmalar Mərkəzi olacağıq. Türk dünyası ilə ortaq işlər görmək istəyirik. 2007-ci ildən bəri Azərbaycan diasporu ilə çalışırdım və o dönəmlər "Qarabağ” qəzeti çıxarırdım. Bu qəzetdə Xocalı faciəsi, 20 Yanvar, 31 Mart soyqırımı kimi Azərbaycanın başına gətirilən dəhşətli hadisələri təqdim edirdik. Bu yaxınlarda 1990-cı ildə sovet ordusunun 20 Yanvar günü Bakıda qətlə yetirdiyi və tarixə "Qanlı Yanvar” olaraq yazılan 20 Yanvar şəhidlərini yad etdik - "Qanla yazılan azadlıq: 20 Yanvar Bakı Qətliamı” mövzusunda konfrans keçirdik.
Bu mərkəzi yaratmaqda əsas məqsədimiz Türk dünyasının, qardaş dövlətlərin mədəni əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Bir-birimizin mədəniyyətini, dilini, tariximizi daha yaxşı bilək deyə, belə bir yola çıxmışıq. Misal üçün, Novruz bayramı bizdə Osmanlıdan bəri unudulan bayramdır. Biz 6 ildir ki, Novruz bayramını türk dünyasında tarixdə, yəni əvvəllər keçirdiyimiz şəkildə qeyd edirik. Hədəfimiz bizi bizə tanıtmaqdır!
- "Qarabağ” qəzetini nə vaxtdan dərc edirdiniz və burada nələr əks olunurdu?
- Bu layihəyə 2008-ci ildə başladıq. Təəssüf hissi ilə deyim ki, bunu uzun müddət davam etdirə bilmədik. Qısa müddət də olsa Qarabağda baş verən hadisələri orada əks etdirdik. Azərbaycanın qədim tarixini, bu torpaqların həqiqətən Azərbaycana məxsus olmasını göstərməyə çalışdıq və tarixi faktlarla çıxış etdik. Çox gözəl layihə idi.
- Nuran xanım, bəzən Türkiyə televiziyalarında Azərbaycan mahnıları anonim şəkildə təqdim olunur. Bununla bağlı qəti addımların atılması da vacib amillərdəndir.
- Bu məsələ ilə bağlı biz də çalışırıq. Tanınmış şairə və yazıçı Sona xanım Vəliyeva ilə bir görüşümüz olmuşdu. Belə ki, TRT kanalında 200-ə yaxın Azərbaycan xalq mahnılarının arxivi var. Oradakı rəhbərlərdən xahiş etdik, bizə həmin arxivi göndərdilər. Arxivdəki mahnılarda, sadəcə ifaçının və mahnının adı var. Ancaq onların kimə məxsus olduğu, söz və bəstəkarlarının kimliyi bəlli deyil. Bizə bəlli olmayan həmin mahnıları Sona xanıma göndərdik. Onlar müəllifləri tapmaqda və arxivdə olan sözlərdə hər hansı səhv olub-olmadığını müəyyənləşdirməkdə bizə kömək edəcəklər. Azərbaycan və Türkiyə ortaq proqramlarında ifaçılar bu mahnılarla çıxış edəcəklər.
- Belə hallarla az qarşılaşmamışıq. Bunu qardaş Türkiyədə gördükdə isə, daha çox məyus oluruq.
- 2008-ci ildə bir Azərbaycan mahnısının altında erməni bəstəkarının adı yazılmışdı. Bir neçə Azərbaycan mahnısının altından onlar öz bəstəkarlarının adlarını yazmağa başlamışdılar. Əgər biz bu layihəni həyata keçirə bilsək, bu kimi hallar bir daha yaşanmayacaq.
- Sizdə Azərbaycana olan sevgi haradan qaynaqlanır?
- Qarslıyam, sovetlər dövründə biz azərbaycanlılarla görüşə bilmirdik. Oradan qaçaq yolla bizə Azərbaycanın klassik əsərləri gəlirdi və biz onlara baxaraq böyümüşük. Atam böyük Azərbaycan sevdalısıydı. Qars mənim dədələrimin torpağıdır. Arazın, Arpaçayın qarşısı Azərbaycandır və onlar da bizdən biridir. Sovetlər dövründə biz Azərbaycandakı qardaş-bacımızla görüşə bilmirdik. Sonra Qarabağ və Xocalı hadisələri yaşandı. Artıq bu, həsrətdən daha böyük məsələyə - milli davaya çevrildi. Azərbaycana qarşı olan haqsızlıqlar istər-istəməz bizə də təsir etdi və bu davanın müdafiəsinə qalxdıq. Azərbaycanla bağlı həyata keçirdiyimiz bütün tədbirlərin sonunda eyni ifadəni səsləndirirəm: "İnşallah, bu layihələri Qarabağda keçirmək diləyi ilə”. Buna ümidlərimiz böyükdür.
- Siz öz fəaliyyətinizlə Türkiyə ilə Azərbaycan arasında, bir növ mədəniyyət körpüsü rolunu oynayırsınız.
- Elədir. Biz qardaş ölkələrik. Qarabağ hadisələri bizim də dərdimizdir. İnsanlar öz qardaşının dərd-sərini dinləyir, kaş olmayaydı deyir və hər şey unudulur. İnsanların mədəniyyətə marağı faciələrdən daha çoxdur. Kiminsə başına gələn faciəyə qulaq asmaqdansa, mədəniyyətini, musiqisini, rəqsini izləməyə üstünlük verirlər. Azərbaycanın hər hansı bir bölgəsində çəkiliş edəndə, bir nənənin Türkiyə vətəndaşına "sənə qurban olum” deməsindəki o səmimiyyəti, o sevgini, o istiliyi çatdırmağa çalışırıq. Belə olan halda, biz daha yaxın olmağa başlayırıq.
- Fevralın 26-da Xocalı faciəsinin 27-ci ili tamam olacaq. Bununla bağlı hər hansı tədbir həyata keçirəcəksinizmi?
- Əslində, Xocalı faciəsi ilə bağlı konfrans keçirəcəkdik. Eyni tarixlərdə bir çox konfranslar olduğu üçün insanların pərakəndə olacaqlarını düşündüm. Həmin ərəfədə Xocalı yürüşünə qatılacağıq, faciə ilə bağlı keçirilən konfranslarda iştirak edəcəyik. Azərbaycan xalqının başına gətirilən bu faciə ilə bağlı bir universitetə müraciət etmişik, onlardan xəbər gözləyirik. Universitet tələbələri arasında Xocalı ilə bağlı rəsm müsabiqəsi təşkil etmək, onları mükafatlandırmaq istəyirik. Əsas məqsəd universitet gənclərinin bu mövzu ilə maraqlanmalarını təşkil etməkdir. Əgər bir müsabiqəyə qatılırsınızsa, o müsabiqənin şərtləri ilə maraqlanmalısınız. Nəticədə onlar Xocalı faciəsini araşdıracaq, bu hadisədən xəbərdar olacaqlar. Belə bir yarış keçirmək istəyirik. Çəkilən rəsmlərin isə sərgisini etmək niyyətindəyik.
- Uzun müddətdir ki, Xəzər Mərkəzi olaraq Azərbaycanın matəm günlərini, milli bayramlarını qeyd edirsiniz. Türk gəncliyi Azərbaycanın başına gətirilən bu hadisələrdən nə qədər xəbərdardır?
- Böyük bir kütlə xəbərdardır. Ancaq gənc nəsil o qədər də məlumatlı deyil. Gənc nəsil nəinki Qarabağ, bizim tariximiz barədə də kifayət qədər məlumatlı deyil. İnsanlar hadisələrdən xəbərdardır, ancaq xırdalığına qədər bilmirlər. Misal üçün, bilmirlər ki, hələ də Azərbaycanda döyüşlər davam edir. Zəhra kimi azyaşlı uşaqlar erməni güllələrinin qurbanı olur. Amma mitinqlərdə, tədbirdlərdə iştirak edənlər məlumatlı olurlar.
- Qarşıda hansı layihələr var?
- 2019-cu ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Nəsimi ili” elan edib. Təbii ki, bu illə bağlı bizim də görməli olduğumuz bir çox layihələr var. Ötən il Cümhuriyyətin 100 illiyi ilə bağlı bir çox layihələrə imza atdıq. Bu il də Nəsimi ilə əlaqədar qarşıya qoyduğumuz planlarımız var. Ötən ay Azərbaycanda Nəsimi ilə bağlı konsertə qatılmışdım. "Savalan” qrupu və digər iştirakçıların ifası məni valeh etdi. Təəssüf ki, həmin qrupun solisti Novruz Novruzov dünyasını dəyişdi. Onu biz də çox sevirdik. Növbəti aylarda "Savalan” qrupu, Nəzakət Teymurova və onun komandasının repertuarında Nəsiminin qəzəllərindən ibarət bir layihə həyata keçirmək istəyirik. Bu layihəni martda – Novruzda düşünürük.Gələcəkdə Nəsimi ilə bağlı başqa bir layihəmiz də olacaq. Biz buradan sənətçilərimizi aparıb Şəkidə və Bakıda görüşəcəyik. Davamlı olaraq, hər iki ölkədə konsertlər təşkil edəcəyik. Mədəniyyət mərkəzi layihəmiz var. Seçkilər olduğu üçün hələ ki bu iş yubanır. Hazırda layihənin ilkin görüşmələrini etmişik. Bundan başqa, Azərbaycanla bağlı jurnal da hazırlamaq istəyirik. Nəzərdə tutduğumuz layihələri həyata keçirdikdən sonra bununla bağlı da qəti addımlar atılacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər