• cümə axşamı, 25 aprel, 20:47
  • Baku Bakı 21°C

Hədəfi düzgün seçək, Azərbaycana gətirək

27.10.17 12:00 2231
Hədəfi düzgün seçək, Azərbaycana gətirək
Azərbaycanda hədəf ölkələr üçün xüsusi turizm xidmət paketləri hazırlanacaq. Trend-in məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Layihədə cəlbedici turizm məkanlarına dair məlumatlar və turizm xidmət paketlərinin yenilənməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd edilib. Layihəyə əsasən, dövlət hədəf ölkələrlə birbaşa uçuşların sayının artırılması, uyğun qiymətə ("lou-kost") xidmətlər təklif edən özəl şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasına dəstək göstərəcək.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan üçün hədəf ölkələrin ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələri olduğunu söyləmişdi.
Xatırladaq ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Bu ilin ötən dövründə Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə, bu ilin ilk yarısında ölkəmizə Omandan 16, Küveytdən 8, Səudiyyə Ərəbistanı - 6, Qətər - 5, Mərakeş - 5, BƏƏ - 4,4, Pakistan - 3,5, Əlcəzair - 3,5, İordaniya - 2,2, Türkmənistan - 2 və İraqdan təxminən 1,5 dəfə çox turist gəlib.
Qeyd edək ki, ötən ilin 9 ayı ilə müqayisədə, bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər olub. Hazırlanan turpaketlərin növbəti mərhələdə turizmin inkişafına necə təsir göstərəcəyini öyrənməyə çalışdıq.
"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev deyir ki, ucuz qiymətlərlə uçuş şəraiti yaratmalıyıq ki, turizm sahəsini inkişaf etdirə bilək: "Əgər bu gün turizm sahəsinin inkişafını istəyiriksə, dövlət səviyyəsində investisiya yatırmalıyıq. İlk növbədə aşağı büdcəli uçuşlar təşkil etməliyik. Şərt deyil ki, bunu Azərbaycan hava yolları təşkil etsin. Əgər onun imkanları daxilində olmasa belə, biz çalışarıq ki, Azərbaycana marağı olan başqa ölkələrin də uçuşunu təşkil edək. Misal üçün, Macarıstan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə də ucuz qiymətlərlə uçuş şəraiti yaratmalıyıq ki, turizm sahəsini inkişaf etdirə bilək. İlk növbədə çalışmalıyıq ki, bunu öz aviakompaniyamız etsin. Beləcə, bir güllə ilə iki quş vurmuş oluruq. Çünki həm Azərbaycana turist gətiririk, həm də ölkəmizdə sanki bir şəbəkə yaradırıq. Həmin turisti ikinci və ya üçüncü ölkəyə ötürürük. Tutaq ki, biz bu gün Dohaya və ya İordaniyaya Azərbaycandan uçuşlar təşkil etsək, orada yaşayanlar ölkəmizə səyahət edəcək və onların bir qismi də bizim hava yollarından istifadə edib, Avropa ölkələrinə uça biləcək. Biz aviauçuşları beynəlxalq səviyyədə çox yaxşı həyata keçiririk”.
Müsahibimiz mərhələli şəkildə bu işin genişləndiriləcəyini deyir: "Biz birdən-birə 50 uçuş həyata keçirmək istəsək, burada bir az çaşqınlıq yaranar. Bilirsiniz, demək istədiyim odur ki, 10 nəfər tutumu olan evə 50 nəfərlik qonaq çağıra bilmərik. Əgər bu gün 10 milyon turistin qarşısına keyfiyyətli xidmətlə çıxa bilmiriksə, bunun üçün zaman lazımdır. Bu iş mərhələli şəkildə həyata keçirilməlidir. Yəni əsas olan çox turistin gəlməsi deyil. 10 turistin gəlib xidmətdən narazı getməyindənsə, 5 turistin gəlib razı getməyi daha məqsədəuyğundur. Yaxşı xidmət görən həmin 5 turist də bizi ölkəsində təbliğ edib, gələcəkdə 15 turist göndərəcək. Amma təbii ki, hədəflərimizdə daha çox ölkəyə uçuş təşkil etmək var. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya bir günəş kimi doğacaq. Biz bu sözü deviz kimi daim xatırlamalı, bu sözə əməl etməliyik. Həqiqətən də Azərbaycan dünyaya günəş kimi doğacaq”.
"Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bunun turizm sahəsi üçün gözlənilən qərarlardan olduğunu deyir: "Bu addım Azərbaycanda turizmin fəaliyyətinin genişlənməsinə müsbət təsir edəcək. Bunu mərhələli şəkildə turizmin inkişafına yönəlmiş fəaliyyətlərin davamı kimi qiymətləndirmək olar. Növbəti mərhələdə artıq digər ölkələrdə də Azərbaycana maraq yaranacaq. Əgər turizmin fəaliyyətini seqmentləşdirsək, yəni sağlamlıq turizmi ilə bağlı konkret bəlli ölkələr, işgüzar turizmlə bağlı isə başqa ölkələr var, düşünürəm ki, bu proses davam etdiriləcək. Həmçinin buraa büdcədə nəzərdə tutulmuş vəsaitin ayrılması ölkə turizimçilərinin və xarici ölkələrdə turizm əməkdaşlarının cəlbi, müxtəlif tanıtım turlarının təşkilində, paketlərin hazırlanmasında bir növ təzahür edəcəkdir. Turpaketlərin xarici bazarlarda təklifi zamanı onların rəqabət qabiliyyətini artıracaq”.
Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov bu qərarın turizmin inkişafına çox əhəmiyyətli təsir göstərəcəyini bildirir: "Strateji Yol xəritəsində bu məsələlər xüsusi olaraq nəzərə alınıb. Bizim üçün qonşu ölkələrdən gələn turistlər əsasdır. Adı çəkilən dövlətlər həm turist ixrac etmə tutumu, həm Azərbaycanla olan tarixi-mədəni əlaqələr baxımından bizim üçün hədəf ölkələrdir. Həmin ölkələrdən gələn turistlərin sayı ildən ilə artır. Buna baxmayaraq, biz daha intensiv nəticələr əldə etmək üçün turistlərin maraq dairəsinə uyğun turpaketlər təklif etməliyik. Həmin paketlərin marketinqi aparılsın ki, sadalanan ölkələrlə turizm əlaqələrimiz daha da canlansın. Düşünürəm ki, yalnız yay və qış turizmi deyil, şoppinq, ov, eko, tarixi-mədəni, sağlamlıq və s. bu kimi turizm növlərini inkişaf etdirməliyik. Əminəm ki, bu turpaketləri turizmin inkişafına çox əhəmiyyətli təsir göstərəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər