• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

Hədəf - Azərbaycan brendi, yerli yun və Azərbaycan xalçaları... - Fotolar

08.02.17 10:30 7022
Hədəf - Azərbaycan brendi, yerli yun və Azərbaycan xalçaları...  - Fotolar
"Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdirilib. Ancaq əfsuslar olsun ki, müasir dövrdə xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər”. Bu sözlər Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bildirib. Xalçaçılıq sahəsinə ətraflı toxunan dövlət başçısı qeyd edib ki, bu sahədə ölkəmizin böyük ənənələri mövcuddur. Xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik. Azərbaycan xalçaları məktəblərə, rəng və naxışlarına görə bənzərsizdir. Hər xalça, demək olar ki, bir sənət əsəridir. Məhz bu amilləri nəzərə alan dövlətimiz belə qərar qəbul edib ki, xalçaçılıq ölkəmizdə kortəbii yox, məqsədyönlü şəkildə inkişaf etsin. Gündəmə çıxan problemlər həllini sürətlə tapsın. Cənab Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir daha bu məsələyə toxunub: "Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Artıq "Azərxalça”nın ilk filialı Horadiz şəhərində açıldı. Mən özüm orada iştirak etmişəm. Bu il bu filialların sayı 10-a çatdırılmalıdır. Biz həm ənənəvi sənətimizi yaşatmalıyıq, eyni zamanda, xalçaçılıq sənayesini də yaratmalıyıq. Həm əl ilə, həm maşınlarla toxunan xalçalar Azərbaycanı dünyada təbliğ etməlidir və bu da böyük bir gəlir mənbəyinə çevrilməlidir”.
"İtə ataram, yada satmaram”
Xalçaçılıq Azərbaycan xalqının rəmzlərindən sayılır. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən "İtə ataram, yada satmaram” məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunun bariz nümunəsidir. Bəs xalçaçılıq sahəsində hazırkı vəziyyət necədir? Azərbaycan xalçaçılıq sənayesini əvvəlki vəziyyətinə gətirmək üçün nə etməliyik? Azərbaycan xalçasını brendə çevirmək, ölkəyə gələn turistlərinin hər birinin xalça almasını təmin etmək üçün hansı addımlar atılmalıdır? Təbii ki, turistlərin maraqlarını təmin etmək üçün bir sıra aspektləri nəzərə almaq lazımdır. Kiçik ölçülü, üzərində Azərbaycanın milli ornamentləri yer almış, qiyməti münasib olan xalçaları hansı turist Azərbaycandan xatirə kimi ölkəsinə aparmaz?

Suallarımıza cavab tapmaq üçün yolumuzu Bakının ən qədim məkanından - İçərişəhərdən saldıq. Rəngarəng, müxtəlif naxışlı xalçalar gözlərimizi "boyayır”. Dükanlarda hər ölçüdə xalçaya rast gəlmək mümkündür. Lakin alıcı gözümüzə dəymir. Xalçanı qiymətlərini soruşduqda, satıcılar həvəslə hamısı haqqında məlumat verir, hər biri öz malının keyfiyyətindən fərəhlə danışırlar. Kiçik suvenir şəklində olan xalçaların qiyməti 25 manatdan, 100 manata qədər dəyişir. Satıcılar deyir ki, Azərbaycan xalçalarını ən çox ərəblər alır.
"Yaxşı xalça bükülü qalmır”
Qiymətlərə gəldikdə isə adının açıqlanmasını istəməyən xalçaçı deyir ki, 30 ildir bu sənətdədir. Xalçanın qiymətləri ilmələrinin sıxlığına görə dəyişir: "Mağazamızda xalçaların qiymətləri 200 manatdan başlayır 2000 manata qədər davam edir. İçərişəhərdə elə mağazalar var ki, 20000 manata da xalçaya rast gəlmək olar. Lakin qiymətdən asılı olmayaraq, alıcılarımız yoxdur. Xalçalar yığılıb dükanlarda qalır. Heç qoyduğumuz maya dəyərini çıxara bilmirik. Xalça alan yoxdur. Əvvəllər çox yaxşı satılırdı. Lakin indi vəziyyət yaxşı deyil. Turistlər də daha çox suvenirlərə üstünlük verirlər”.

Digər satıcı, Xaləddin dayı da həmkarını dəstəkləyir: "Hər gün xalçaların üzünə baxıb evə gedirik. Xalçalar alınmadığı üçün toxucular da toxumaqdan imtina edir. Əvvəllər hər evdə analarımız, nənələrimiz xalça toxuyardı. İndi hansı evdə bu ənənələr davam edir?”

Xaləddin dayı deyir ki, ümumi müştəri az olsa da, yaxşı xalçanın müştərisi hər zaman var: " Yaxşı xalça heç vaxt bükülü qalmır. Mütləq kiminsə diqqətini cəlb edir və lazımı dəyər verilir. Xalçanı daha çox öz vətəndaşlarımız alır. Əcnəbilər isə daha çox suvenirlərlə maraqlanırlar”.

Hamı öz xalçasının əntiq olduğunu desə də, belə xalçalar barmaqla sayılacaq qədər azdır: "Əntiq xalçalar baha olduğu üçün öz vətəndaşlarımız almır. Turistlər isə tarixi əhəmiyyət daşıyan xalçaları apara bilmirlər. Turistlərin aldığı hər xalçaya tarixi əhəmiyyət daşımadığını göstərən sertifikat verilir”.
"Filiallarda 160 toxucu çalışacaq”
Məlumat üçün bildirək ki, xalçaçılıq sənayesinin inkişafı üçün 2016-cı ilin may ayının 5-də prezidentin sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bizimlə söhbətində xalçaçılıq sahəsində son vəziyyəti dəyərləndirdi. Mütəxəssis deyir ki, xalçalara tələbatın azalmasının səbəbi son illər təmiz Azərbaycan xalçasının istehsal edilməməsi ilə bağlıdır: "Vaxtilə Azərbaycan xalçaları məşhurluğu, gözəlliyi ilə bütün dünyada seçilib. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya yox, sənət əsəri, istilik, gözəllik, hədiyyə vasitəsi kimi sayılıb. Lakin son illər bu sahədə müəyyən durğunluq var idi. Cənab prezidentin sərəncamı bu durğunluğu aradan qaldıracaq. "Azərxalça” Səhmdar Cəmiyyəti yarandığı gündən qısa müddət keçməsinə baxmayaraq, çox işlər görüb. İlkin mərhələdə Azərbaycanın 10 rayonunda - Füzuli, Quzanlı-Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qəbələ, İsmayıllı, Quba və Xaçmazda xalça sexləri yaradılır. Onların hər birində 160 nəfər toxucu çalışacaq. Artıq biz həmin rayonlarda 5 aydır ki, tədris kursları təşkil etmişik. O kurslara xalça toxumaq istəyənləri öyrədirik. Orada müxtəlif ədəbiyyatlar var ki, onları tədris edirik, iplə, sapla, xanalarla, müəyyən alətlərlə, şəkillərlə toxumağı öyrədirik . Filiallar açılanda biz onları işlə təmin edəcəyik. Filiallardan biri prezidentin iştirakı ilə noyabrın 12-də Horadizdə açıldı. Artıq Horadizdə 20-yə yaxın xalça kəsilib, yuyulub. Bu ilin yanvar ayının 14-17- də Almaniyada beynəlxalq xalça satış mərkəzində iştirak etdik. Avropalıların Azərbaycan xalçasına olan marağını gördük. Onlarla əlaqələrimiz var və bu ilin sonunda Azərbaycandan xalça alacaqlar”.
"Nəticə qənaətbəxşdir”
Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq kursundan söhbət açan mütəxəssis vurğuladı ki, 120-yə yaxın toxucu hazırlıqdan keçib: "Ötən ilin avqust ayında fəaliyyət başlamış kursda indiyədək rayonun müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən olan 120-ə yaxın toxucu hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri və praktiki biliklər qazanıb, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələniblər. Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından biridir. Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti, xalça ticarəti işi də geniş miqyas alıb. "Azərxalça”nın Şəmkir rayon filialının, o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycanın xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri əsasında xalçaların rəng, naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris ediblər. Nəticə qənaətbəxşdir. Hazırda "Azərxalça”nın Şəmkir filialının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular mart ayının sonlarında fəaliyyətə başlaması nəzərdə tutulan Şəmkir filialında uğurla fəaliyyət göstərə biləcəklər”.

"Xalça toxuyan işsiz qalmayacaq”
Mütəxəssisin sözlərinə görə, 2018-19-cu ildə Azərbaycanda heç bir xalça toxuyan işsiz qalmayacaq: "Sumqayıtda Kimya sənaye parkında əyirici boya kombinatı zavodu tikiləcək. Orada da Azərbaycan yunundan, təbii boyalardan istifadə olunmaqla iplər istehsal olunacaq və xalça müəssisələri iplərlə təmin olunacaq. Əsas məqsədimiz keyfiyyətli xalça istehsal etməkdir. Dünya bazarlarında bizim araşdırmalarımıza görə, çoxlu sayda müştəri var. Nə qədər keyfiyyətli xalça istehsal olunsa, müştərimiz o qədər çox olar. Sadəcə düzgün, qayda-qanuna uyğun toxumaq lazımdır ki, beynəlxalq satış mərkəzlərində müştəriləri cəlb edək. Xalçalar çox gəlirli sahə olduğu üçün respublikaya da, valyuta çox gələcək. Yetər ki, gözəl, keyfiyyətli xalçalar toxunsun. Bizim qurum yeni yaradılmış qurumdur və az müddətdə çox işlər görmüşük. 2018-19-cu illərdə sexlərin filiallarının sayı artacaq və Azərbaycanda heç bir xalça toxuyan işsiz qalmayacaq . Yerli yun, Azərbaycan brendi, Azərbaycan xalçaları ... hədəfimiz budur”.

Araşdırmamızdan aydın oldu ki, xalçaçılığı inkişaf etdirmək üçün böyük layihələr gerçəkləşdirilir. Ancaq sabahı da düşünmək lazımdır. Xalçaların əlimizdə qalmaması üçün onun marketinq yönü də nəzərə alınmalıdır. Ölkəmizə gələn turistlərə Azərbaycan xalçalarının özünəməxsusluğu barədə məlumatlar verilməlidir. Verilməlidir ki, hər bir turist xalçalarımıza maraq göstərsin. Bəs bu iş necə həyata keçirilməlidir? Bu haqda növbəti saylarımızda...

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər