• cümə, 29 Mart, 04:08
  • Baku Bakı 7°C

Həcc zəvvarları üçün ayrılan kvota dolmaq üzrədir

15.04.14 13:43 978
Həcc zəvvarları üçün ayrılan kvota dolmaq üzrədir
Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin əksər hissəsi dolub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, hazırda sənədlərin qəbulu artıq yalnız nisbətən ucuz - 3250 manatlıq yerlər üçün qalan məhdud yerlərə aparılır. Zəvvarlar üçün təklif olunan ziyarət yerlərindən nisbətən bahalısı - 4100 manatlıq yer isə artıq dolub.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-də Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.
Xatırladaq ki, Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti həyata keçirəcək.
Sənədlər Həcc ziyarətini təşkil edən yeganə qurum olan QMİ-nin Həcc şöbəsində qəbul olunur. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir.
banner

Oxşar Xəbərlər