• cümə axşamı, 25 aprel, 19:31
  • Baku Bakı 21°C

Heç özləri də buna inanmırlar...

02.09.13 12:32 1324
Heç özləri də buna inanmırlar...
“Seçkiqabağı müxalifət daxilindəki proseslər daxili ziddiyyətlərlə səciyyələnir və çaşqınlıq hökm sürür”. APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, uzun axtarışlardan sonra müxalifətdəkilərin seçkidə iştirak etmək üçün tapdıqları namizədin seçki kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə qatılsa belə, uğur qazanacağına inam olmadığı üzə çıxdı: “Tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmır. Adını istər "vahid namizəd", istərsə də "dublyor namizəd" qoysunlar - bu, Azərbaycan cəmiyyəti üçün elə bir əhəmiyyət kəsb etmir. Bu günlərdə müşahidə etdiyimiz gerçəklik ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm müxalifətə, həm də onun namizədinə biganəlik mövcuddur. Bu ondan irəli gəlir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində səs vermək istədiyi namizədi yaxşı tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə açıq şəkildə ifadə edib. Belə olan halda digər namizədlərin uğur qazanmasına ümid yeri qalmır”.
Ə.Əhmədov deyib ki, çox böyük axtarışlardan sonra müxalifətdəkilər seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar: “Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil. Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur. Növbəti beş ildə Azərbaycanın və ölkə vətəndaşlarının taleyi seçkidə veriləcək səslərdən asılıdır. Buna görə də Azərbaycan xalqının təsadüfi insanlara səs verəcəyini düşünmək belə mümkün deyil”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycana kənardan təsir göstərmək istəyən maraqlı qruplar bəzən ölkənin daxilindəki qruplardan da istifadə edir: “Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyl göstərirlər. Bir neçə gün bundan əvvəl müxalifətin "dublyor" namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi “bəyənilmək” üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda “bəyənməlidirlər”? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır. Azərbaycanın prezidenti olmaq niyyətinə düşmüş bir insanın həmin niyyətinin həyata keçməsi üçün istinad edəcəyi yeganə bir qüvvə varsa, o da Azərbaycan xalqıdır, vətəndaşıdır, seçicisidir. Prezident seçkilərinə qatılan namizədin xarici səfərlər etməsi, özünü xaricilərə tanıtmaq istəməsi, onların xoşuna gəlməyə çalışması və dəstək umması birmənalı şəkildə pislənməlidir. Xarici dövlətlərin Azərbaycanda prezident seçkilərində iştirak etmək istəyən namizədə maraq göstərməsinin özü ölkənin daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Bu gün özünün Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb bəyənilmək üçün xarici ölkəyə səfər edən insanlar Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələrin istəklərinə rəvac verirlər. Bu cür çağırışlara həvəslə gedən insanlar müstəqil ola bilməzlər. Onların fəaliyyətləri Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, həmin xarici dairələrin mənafelərinə uyğundur”.
banner

Oxşar Xəbərlər