• şənbə, 20 Aprel, 08:00
  • Baku Bakı 14°C

Heç zaman özümü poeziya rokstarı kimi xəyal etməmişəm

06.10.15 14:29 1538
Heç zaman özümü poeziya rokstarı kimi xəyal etməmişəm
Antoni Hekt 1923-cü il, 16 yanvarda Nyu-Yorkda birja mütəxəssisi ailəsində dünyaya göz açıb. 1944-cü ildə Bard kollecindən məzun olduqdan sonra təhsilini davam etdirmək üçün Kenyona köçüb. Birinci Dünya müharibəsi illərində Fransa, Almaniya və Çexiyada hərbi xidmət edib. Hektin ilk şeirlər kitabı “Daşların çağrışı” (“A Summoning of Stones”) 1954-cü ildə işıq üzü görüb. 1967-ci ildə oxucularını sevindirən şair “Çətin saatlar” (“The Hard Hours”) kitabı ilə “Pulitzer” ədəbi mükafatına sahib olub. Növbəti onillik Hektin yaradıcılığı üçün olduqca məhsuldar keçib. Belə ki, 1977-ci ildə şairin “Milyonlarla yad kölgə” (“Millions of Strange Shadows”) və 1979-cu ildə isə “Venesiya axşamları” (“The Venetian Vespers”) şeirlər toplusu nəşr olunub. 1970-ci ildə “American Academy and Institute of Arts and Letters”in direktoru, 1975-ci ildə isə Amerika Şairlər Akademiyasının rektoru seçilib. 1982-84-cü illərdə Konqres Kitabxanasının poeziya şöbəsində baş məsləhətçi işləyib. Şairin J.D.MakKlaçi ilə olan söhbətini təqdim edirik.
- Sinif yoldaşlarınızdan məşhur olan başqa biri var?
- Bəli, Cek Keruakla (Jack Kerouac) bir sinifdə oxuyurduq. Kolumbiyada futbol dərslərinə qatılmaq üçün təqaüd qazanmışdı, amma elə birinci kursdan təlimlərdə ayağını ağır zədələdi, təbii ki, futboldan da, hərbidən də məhrum oldu. Dənizdə xidmət eləməyə başladı və bu ona ilk dəfə həqiqətən ədəbiyyatla məşğul olmaq imkanı verdi. Mən onu mehriban və nəcib biri kimi tanıyırdım, amma bu qədər ortaq nöqtəmiz olmasına baxmayaraq, məktəbdə heç adama isnişmirdi. “American Prix de Rome” mükafatının seçim mərhələsinə ikimiz də qalmışdıq. Uzun müzakirədən sonra mükafatı mənə təqdim etməyə qərar vermişdilər, bu xəbəri evimizə Cek çatdırmışdı, valideynlərimi təbrik etmişdi, çox alicənab və təvazökar idi.
- Keçmişi xatırlayanda özünüzə “Şair? – Doğurdanmı mən şair olmaq istəyirdim?” sualını verirsinizmi?
- Əvvəllər çox deyirdim. Məncə, mən hələ kollecin birinci sinfində ikən artıq poeziyaya vurulmuşdum. Atam biznesmen idi və mən isə tam dəqiq bilirdim ki, biznesmen olmaq istəmirəm. Ona görə yox ki, biznes və ya atamın həyatı haqqında (nəsə olduqca əzablı görünürdü) nəsə bilmirdim, ona görə ki, qəlbimdə biznesə sevgi yox idi, poeziyaya bağlanmışdım. Bir dəfə həftəsonu məktəbdən evə gəldim və dedim ki, mən şair olmağa qərar vermişəm. Bu demək olar, itaətsizlik nümayişi idi, amma düşünməmişdim ki, niyyətim bu qədər ciddi qəbul edilər. Bunu deməyi planlaşdıranda fikirləşmişdim ki, yəqin mənim sözümü qulaqardına vurar, zarafata salar”, “Əşi uşaqdır da” deyib, böyüdükcə arzularımın dəyişəcəyini düşünürlər. Amma bu fikrim onları heyrətə gətirmişdi. Bu narahatlıqla hər gün məni fikrimdən soyutmağa, başqa istiqamətə yönləndirməyə çalışdılar, fikrimi dəyişdirə biləcəklərinə ümid edirdilər. Ədəbi çevrəyə yaxın bir tanışımız var idi, bir dəfə nahara onu çağırdılar, məni fikrimdən daşındırmaq məsələsində kömək etməsini xahiş etmişdilər. Baş verəcəkləri hiss etmişdim. Nahardan sonra Ted böyüyəndə nə olmaq istədiyimi soruşdu. Mən də şair olmaq istədiyimi dedim. Ted: “Əla. Onda sənə bəzi məsləhətlərim var. Məncə, şair olmaq istəyirsənsə, işə Cozef Pulitzerin həyatını oxumaqla başlamalısan” – deyə, məsləhət gördü. Hiss etdim ki, Pulitzerin həyatında nəsə qorxunc hadisələr baş verib və təbii ki, Tedin məsləhətinə əməl etmədim. Pulitzerin həyatı haqqında nəinki onda, hətta mükafatı aldıqdan sonra da oxumadım, hələ də oxumamışam.
- Deməli, onda şeir yazmağa kollecdə oxuyandan başlamısınız?
- Şeir yazmağa nə vaxt başladığını bircə Allah bilir, amma deyəsən, hətta kollecdən də əvvəl idi. Kəşf elədiyim ilk yaradıcılıq qabiliyyəti musiqi ilə bağlı idi, bu sahədə xüsusi qabiliyyətim var idi. Çox yaxşı duyumum və olduqca yaxşı musiqi yaddaşım var idi. Cəmi bircə dəfə dinləməklə istənilən klassik əsəri yadımda saxlayır və qulağımda qalan səslə pianoda ifa edə bilirdim.
- Musiqi şair kimi sizə kömək edib?
- Yazmağa təzə başlayanda mən də elə fikirləşirdim ki, necəsə kömək edir. Amma indi o qədər əmin deyiləm.
- Özünüz nəsə bəstələməyə cəhd etmisiniz?
- Yox. Heç vaxt mənə musiqi əsəri yaradacaq qədər nəhəng yaradıcı vergi verildiyini düşünməmişəm, sadəcə buna qarşı dəli həvəsim var idi.
- “Qayğılar” (“Apprehensions”) və ya “Yoxuş” (“A Hill”) kimi şeirlərinizdə həyatınızın ilkin dövrlərindən gələn, zaman-zaman oyanan ağrıları xatırladan avtobioqrafik təsiri hiss edirəm. Bu, əslində sizin uşaqlığınızı xatırlamaq üsulunuz deyilmi?
- Bəli, eyni ilə, bu, uşaqlığımı xatırlamaq yoludur. Bu mənim hər zaman haqqında ehtiyatla danışmalı olduğum yerdir, çünki uşaqlığım demək olar ki, nisbətən fərqli keçib. Bəlkə də, elə sizin qeyd etdiniz kimi o şeirlərdəki tarixi hadisələrin, bəşəri zülmlərin arxasındakı motiv də mənim öz peşmanlıqlarımdan qidalanır və bu ucuz duyğulara qarşı özümü müdafiə mexanizmimdir.
- Hərbi xidmətdə olanda dilə gətirilməyəcək, amma sonradan şeirlərinizdə gün üzünə çıxmış duyğularınız var idi?
- Bəli. “Dualar”da o səhnəni canlandırmışam. Mənim olduğum bölükdən, çox yaxın bir dostumun başı bədənindən qopmuşdu. Başının göydə sovrulub, necə düşdüyünü gözlərimlə gördüm. Amma bu haqda orda heç kim danışmazdı.
- Yaradıcılığınızda təsiri olanlara qayıtmaq və iki insanla bağlı fikirlərinizi bilmək istəyirəm. Bunlardan birinin adını qeyd etmirsiniz, Auden. Digərini isə özünüz dediniz – Robert Louel. Sizə necə təsir etdi?
- Loueldən başlayaq. “Bənzərsizliklər diyarı”-nı alıb oxuyanda hələ Loeul ilə tanış olmamışdıq, o əsərdə məni ilk təəccübləndirən və təsirləndirən şey tirelərin istifadə sıxlığı idi. Tire ilə yazılan sözlər, açılan fikirlər Louelin yaradıcılığının ilk dövrlərindəki əsərlərin əsas fərqli cəhəti idi. Onun bu qədər aydınlaşdırmanı və mürəkkəbliyi necə təmin etdiyini anlaya bilmirdim. Açığı onu qısqanmışdım da.
O ki qaldı Audenə onun yaradıcılığında əsilzadə nəslindən gəlməyin və zəngin şair olmağın verdiyi yüngül utancaqlıq var idi, bu rəftarında da hiss olunurdu. O, öz xarakterində olan zəiflikləri bütün tərəfləri ilə güclü yaratdığı obrazlar yolu ilə örtürdü. Auden dünya poeziyasının şeirə layiq həssaslıq göstərən nadir nümayəndələrindəndir. Auden özündə bütün ali insani keyfiyyətləri cəmləmişdi, əgər nəyinsə haqqında yazırdısa, bütün ruhunu, beynini, ağlını, düşüncələrini onun üzərinə kökləyir, sahib olduğu hər şeydən bir parça da olsa, şeirə qatmaq istəyirdi.
- Bir qədər birbaşa da olsa, bu sualı verməliyəm. “Çətin saatlar”-da işgəncə, əziyyətlə keçən məqamlar var. Bunların nə qədəri şəxsi təcrübədən qidalanıb?
- Hər detalı gözümün qabağında canlandırıb, bütün səhnəni aydınlığa çəkib, yazmaq uzun vaxt alsa da, o şeir tamamilə şəxsi təcrübə əsasında yazılıb. Həmin kitab çap olunan ərəfələrdə mən Almaniyada, Flossenburqda əsir düşərgəsində xidmət edirdim, gözümüzün önündə insanlara işgəncə verir, saniyələr ərzində yüzlərlə adam öldürülürdü.
- Bir kitab tamamlananda və ya məsələn, bir şeiri bitirəndə özünüzü necə hiss edirsiniz?
- Şeir yazmağa başlamazdan əvvəl hiss etdiyimdən çox daha yaxşı hisslər keçirirəm. Əslində bu sualın cavabı ilə bağlı dünya ədəbiyyatında iki məşhur düşüncə var. Birini Yeats təxminən belə irəli sürüb ki, şeir doğru düyməyə basdıqda açılan qapalı qutu kimidir. Digər fikrin müəllifi isə Paul Valeridir. Valeri isə düşünür ki, şeir tamamlanmır, sadəcə şair onun gəlməsini qadağan edir.
- Yazandan sonra redaktəyə çox ehtiyac olur?
- Bəli. Baxmayaraq ki, beynində canlanan hər sözü kağıza köçürmədən əvvəl çoxlu götür-qoy edirsən, yenə də yekun versiyanı dəfələrlə redaktə etmək lazım gəlir. Mən onsuz da aram-aram və diqqətlə yazıram.
- Redaktə edərkən daha çox hansı yerlərdə, nə kimi zəif nöqtələri tutmağa çalışırsınız? Yoxsa unutduğunuz, gözdən qaçmış şeyləri axtarırsınız?
- Hər ikisi.
- Nəşr olunmazdan əvvəl şeirlərinizi dostlarınıza göstərirsiniz?
- Bəli, göstərirəm. Xanımım ən yaxın və ən sərt tənqidçimdir, cin kimidir. Ona şeirlə bağlı nə hiss etdiyimi deyirəm, bircə oxunuşda nəyin çatışmadığını, nəyin yerində olmadığını, nəyin yanlış olduğunu anlayır. Bəzən isə şeirlərimi yeni yazarlara göndərirəm. Adətən onlar hansısa yazılarını göndərib, rəyimi bildirməyimi istəyirlər, mən də onlara göndərirəm. Bununla yanaşı, akademik çevrədə də fikirlərinə etibar etdiyim dostlarım, iş yoldaşlarım var, onlarla da fikir mübadiləsi aparırıq.
- Hər gün yazırsınız?
- Bəli, hər gün. Şərt deyil ki, hər gün şeir və ya hekayə yazam, ya da məcburi görməli olduğum işi görəm, amma hər gün kağızın, yazının içində oluram.
- Nə zamansa roman yazmaq istəmisiniz?
- Yox. Əslində, hə. Bir dəfə cəhd elədim, başladım və birdəfəlik tərgitdim. Çünki ən ağılabatan şey romandan tamamilə imtina etmək idi.
- Oxucu auditoriyanızı necə təsəvvür edirsiniz?
- Kitabları fantastik rəqəmlərlə satılmasa da, oxumaqdan zövq aldığım şairlərdən eyni dərəcədə zövq alan insanlar!
- Bu özünüzü xoşbəxt hiss etməniz üçün kifayət edir?
- Bu yalnız naşiri xoşbəxt etməyə bilər. Mən heç zaman özümü poeziya rokstarı kimi xəyal etməmişəm, şairlərin oxucu auditoriyası roman oxucuları kimi dərhal reaksiya vermirlər.
Tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər