• cümə axşamı, 18 aprel, 20:36
  • Baku Bakı 21°C

“Heç vaxt nəyisə yoxlamaqdan çəkinmirəm”

08.09.14 14:22 4169
“Heç vaxt nəyisə yoxlamaqdan çəkinmirəm”
Dünyanın məşhur Harvard, Kembric, Çikaqo universitetlərində təhsil almaq şansı qazanıb. Daha doğrusu, bu şansı əldə etmək üçün zamanında kifayət qədər çalışıb, vaxtından səmərəli istifadə edib və imkan düşəndə də bundan yararlanıb. Müsahibimiz Əzizə Süleymanzadə ilə yaxından tanış olaq.
- 5 yaşım olanda Azərbaycandan Rusiyaya Moskva ətrafında fiziklərin şəhərciyi sayılan Dubnaya köçdük. Atam nüvə fizikası ilə məşğul idi. 16 yaşıma qədər valideynlərimlə orada yaşadıq. Dubnada fizika-riyaziyyat təmayüllü məktəbə getdim. Sonra oradan atamın işiylə bağlı Pakistana köçdük. İki il Pakistandakı liseylərdən birində kembric sistemi ilə təhsilimi davam etdirdim. Sonra sənədlərimi Böyük Britaniyanın Oksford, Durham universitetlərinə, Amerikada Harvard, MİT universitetlərinə göndərdim. Bu ali məktəblərin hamısına qəbul olsam da, Harvardı seçdim. Sözügedən universitetin təqaüdünü qazandığıma görə bakalavr dərəcəsi üzrə fizika ixtisasında oxudum. Harvardı bitirdikdən sonra Kembric Universitetində təhsil almaq üçün Harvard-Kembric Dostluq proqramının müsabiqəsində iştirak etdim və 5 təqaüddən birini qazandım. Beləliklə, magistratura pilləsində oxumaq üçün Böyük Britaniyaya yollandım. Orada kiçik temperaturlarda atom fizikası (və ya kvant optikası – Ə.S.) üzrə təhsilimi davam etdirdim, dissertasiya yazdım və Kembric universitetinin magistr dərəcəsini aldım. Hazırda isə fizika üzrə fəlsəfə elmləri doktoru (PhD) dərəcəsini qazanmaq üçün yenidən Amerikaya - Çikaqo Universitetinə getməyə hazırlaşıram. Çikaqo Universitetini ona görə seçdim ki, fizika elmi üzrə dünyada tanınmış universitetdir. Sözügedən universitetin təqaüdünü qazandığıma görə həm mənim təhsil haqqım, həm də yaşayış xərclərim tam ödəniləcək. Orada oxuya-oxuya laboratoriyada işləməklə yanaşı, müəllim kimi bakalavr dərəcəsi üzrə təhsil alan tələbələrə dərs deyəcəm.
- Bir neçə ölkədə Azərbayъan, Rusiya, Pakistan, Amerika, Böyük Britaniyada olmusunuz. Adaptasiya sizin üçün çətin olmadı ki?
- Ən çətin uyğunlaşma dövrü Rusiyadan sonra Pakistanda oldu. Bu iki ölkə arasında yaşam tərzi arasında çox böyük fərqlər var idi. Amma Pakistanda yaxşı dostlar qazandım, ilk dəfə ingilis dilində oxuduğum üçün işim çox idi. Ondan sonrakı ölkələrə uyğunlaşmağım rahat oldu.
- Elmə bu qədər maraq sizdə hardan yaranıb?
- Mən Rusiyada elm şəhərciyində böyümüşəm. Atam da, dostları da fizik idi. Təhsil aldığım məktəb və fizika müəllimim tərəfindən bəxtim gətirmişdi. Dərslərimiz çox maraqlı keçirdi, müəllimimiz bizə olimpiadalarda iştirak etməkdə köməklik göstərirdi. Bir sözlə, müəllimim fizik olmaqda mənə stimul verdi. Təbii ki, evdən də motivasiya gəldi. Belə ki, valideynlərim fikirləşirdilər ki, nəyə marağım varsa, həmin sahə üzrə də təhsilimi davam etdirməliyəm. Bu da mənim üçün çox vacibdir.
- Deyəsən, orta məktəbdə fəallığınızla seçilmisinizz. Nələrlə məşğul olurdunuz?
- Hər şeylə (gülür – L.M.). Rəqsə gedir, baletlə, rəsmlə, heykəltaraşlıqla məşğul olur, 7 yaşımdan operada oxuyurdum. Ümumiyyətlə, aktiv olmağı xoşlayıram. Nəyə marağım varsa, onu etməyə çalışıram, heç vaxt nəyisə yoxlamaqdan çəkinmirəm.
- TEDx-dəki çıxışınızda xəyallar qurmağı xoşladığınızı demisiniz. Nələri xəyal edirsiz?
- Çox istəyirəm elmlə məşğul olum, alim olum. Bilirəm ki, çətin olacaq, ancaq çalışacam.
- Alim olub cəmiyyət üçün nə etmək istəyirsiniz?
- Təzə nələrisə kəşf etmək. Biz həmişə elmlə biliklərimizin sərhədində məşğul oluruq. Düşünürəm ki, bir az o sərhədləri genişləndirmək və qabağa getmək, yəni bildiyimizin hüdudlarından kənara çıxmaq lazımdır.
- Bəs xəyallarınıza çatmaq üçün nə edirsiniz?
- Çox işləyir və çox oxuyuram. Yeniliklərdən qorxmadığım üçün hər dəfə maraqlı nəticələrlə qarşılaşıram. Çətinliklər çox olur, amma buna üstün gəlmək lazımdır. Bəzən gecələr yatmayıb oxumaq lazımdır, mən bunu edirəm.
- Yaxın, yaxud uzaq gələcək üçün plan tutmağı xoşlayırsınız?
- İstərdim, amma alınmır. Planlaşdırıram, başqa cür alınır. Çox ölkələrdə olmuşam, çox məktəb dəyişmişəm. Bu gün fikirləşirəm ki, belə olacaq, amma olmur. Fikrimcə, qarşına çıxacaq imkandan yararlanmaq üçün hər saniyədən maksimum istifadə etməlisən və hər şeyə hazır olmalısan. Mən də çalışıram ki, hər saniyədən maksimum istifadə edim ki, imkan düşəndə hər şeyə hazır olum.
- İş təcrübəniz var?
- Oxuya-oxuya laboratoriyada çalışmışam, dərs vermişəm. Amma uzunmüddətli işləməmişəm. Əsasən oxumaqla məşğul olmuşam.
- PhD-ni başa vurandan sonra planınız nədir?
- Ondan sonra elmin mərhələləri başlayır, digər elmi titulları qazanmaq üçün çalışmalıyam. Kiçik elmi işçidən sonra müəyyən mərhələlər və sonda professor olmaq üçün iş tapmaq mərhələsi gəlir. Bu, çox çətin məsələdir. Çünki rəqabət yüksəkdir. Bunun üçün nə lazımdırsa, edəcəyəm.
- Azərbaycana qayıtmaq fikriniz var?
- Azərbaycanda mənim məşğul olduğum elmi sahə inkişaf etməyib. Buna görə də hansı ölkədə imkan varsa, orada işləyəcəm. Amma mənim ölkəm olduğuna görə çox istərdim ki, məşğul olduğum sahə burada da inkişaf etsin. Mən də bunun üçün əlimdən gələn köməyi əsirgəmərəm.
- Ümumiyyətlə, Azərbaycanla bağlı hansısa planlarınız var?
- Azərbaycanda qızların elmlə məşğul olması ilə bağlı layihəm var. Amma həyata keçib keçməyəcəyini indidən deyə bilmərəm. Arzumdur ki, vətənimdə daha çox gənc qız elm arxasınca getsin, bu cür gənclərə kömək etmək istərdim. Bir sözlə, ölkəmdə gənc qızların elm sahəsində aktiv olması qarşıma qoyduğum və çatmaq istədiyim məqsədlərdən biridir. Bu, mənim üçün çox vacibdir. Düzdür, elmlə məşğul olan qızlar var, amma azdır. Düşünürəm ki, qadınların elmlə məşğul olması onların özü, dövlətimiz üçün çox vacibdir. Elmin bir çox sahələrində qadınlar çox böyük nailiyyətlər, elmi sıçrayışlar əldə edə bilərlər. Qeyd edim ki, elmdə yeni texnologiyaların yaradılması inkişafa daha çox təkan verən bir fəaliyyətdir. Gələcəkdə inkişaf etmiş analitik təfəkkürü olan insanlar bu fəaliyyətə cəlb olunacaqlar və onların əməyi yüksək dərəcədə qiymətələndiriləcək. Bunun üçün qızların daha çox işgüzar olması vacibdir. Onların aktiv olması üçün valideynləri də onlara stimul verməlidir. Qızlarımızın da, valideynlərin də dünyagörüşü genişlənməlidir. Düşünürəm ki, bütün valideynlər övladlarına kömək etsələr, dünyaya böyük pəncərədən baxsalar, 10 il sonranı fikirləşsələr, onların da övladları çox şeyə nail olar. Bir dəfə yaşayırsan. Əgər sən həftədə 40 saatdan çox işləyəcəksənsə, sevdiyin bir işlə məşğul olmalısan.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər