“Heç vaxt maaş dalınca qaçmamışam” - Gör-götür
Deyir
ki, iş görən adamın özünü vəzifə, maaş artımına fokuslaması heç də doğru
yanaşma deyil. Başını aşağı salıb işini görməli, bilik və təcrübə nöqteyi-nəzərindən
işində sözün əsl mənasında mütəxəssis olmaq üçün çalışmalıdır. Sənin işlədiyin
yerdə dərk etməsələr də, zamanla kənardan bunu görüb ya yüksək vəzifə, ya da
yüksək maaş təklif edəcəklər. Karyerasında da yanaşması belə olub. "Heç vaxt
maaş dalınca qaçmamışam. Hər şey öz növbəsində gəldi” – deyən müsahibimiz PAŞA
Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovdur.
Qeyd edək
ki, C.Orucov 2001-2002-ci illərdə Avropa İttifaqının "TASİS” Proqramı üzrə Koordinasiya
Bürosunda, 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında
müxtəlif vəzifələrdə çalışıb. Mərkəzi Bankı tərk edərkən departament direktoru
vəzifəsində olub. 2006-2016-cı illərdə "Milli Kart” MMC-nin icraçı direktoru,
2016-2017-ci illərdə "Unibank” ASC-nin Texnologiyalar üzrə direktoru olub. PAŞA
Bankdan öncə isə Azərbaycan Beynəlxalq Bankının baş texnologiya inzibatçısı vəzifəsini
tutub.
- Mütəxəssisdən baş icraçı direktor vəzifəsinə qədər
yüksəlmisiniz. Söhbətə elə bu pillənin əvvəlindən başlayaq...
- Liseydəki
təhsilimdən başlaya bilərik. Mən 1996-cı ildə Həbib bəy Mahmudbəyov adına 2
saylı Texniki-Humanitar Elmlər Liseyinə daxil oldum. Bu məktəbi görkəmli
akademikimiz Azad Mirzəcanzadə yaratmışdı. Liseyə 8-ci sinifdən götürürdülər, mən
isə 9-da oxuyanda getdim. Liseydə çox güclü müəllimlər var idi. Əksər hallarda
bizə dərsləri institut müəllimləri deyirdi. Həftədə iki dəfə isə Azad müəllim dərs
keçirdi. Məktəbdə təhsil çox yaxşı idi.
- Məktəbdə yaxşı oxuyurdunuz?
- Ora əlaçıları
götürürdülər, sinfimizdə pis oxuyan yox idi. Sinif yoldaşlarımın çoxu bu gün cəmiyyətdə
tanınan simalardır. İTV-nin rəhbəri Balaş Qasımov, "SABAH” qrupları İcra Komitəsinin
rəhbəri Şahin Seyidzadə, prodüser Müşfiq Abbasovun adını çəkə bilərəm. Məzunlardan
Amerika, Rusiya və başqa ölkələrdə karyera quranları da çoxdur.
- Yəni, orta məktəb illərində verilən təhsilin rolu
bu qədər önəmlidir...
- 11-ci
sinifdə bizə institutun bir-ikinci kursunun dərsləri tədris olunurdu. Bunun sayəsində
də instituta daxil oldum, hətta institutun iki kursunu o biliklərim əsasında əla
qiymətlə başa vurdum. Mən Azərbaycan Dövlət İqtisad Universitetinə daxil
olmuşdum. O vaxtlar dərslik problemi var idi. İndiki kimi nə xarici, nə də
yerli dərsliklər yox idi. İnternet də təzə-təzə bizə gəlirdi. Kim hansı dərsliyi
tapırdısa, onu oxuyurdu. Universitet vaxtı qərar verdim ki, magistraturaya getməyəcəm.
Özümə iş təcrübəsi üçün bir vaxt ayırdım ki, görüm seçdiyim ixtisas mənə iş cəhətdən
uyğundur, yoxsa yox. Maliyyə və kredit fakültəsinə daxil olmuşdum.
- O vaxt bu fakültənin trend olmasının da seçiminizə
təsir etdiyini demisiniz...
- O vaxt
təzə-təzə bazar iqtisadiyyatı məsələləri aktuallaşırdı, bu seçimim də normal
idi. Hər iki valideynim kimyaçı olsa da, mən texniki fənlərə getmirdim.
Halbuki, riyaziyyat müəllimim mənə çox deyirdi ki, Bakı Dövlət Universitetinin
ali riyaziyyatına get. Amma mən iqtisadiyyat istəyirdim. Bank işi daha çox
xoşuma gəlirdi, nəinki maliyyə. Sadəcə, ixtisaslaşma olanda məni maliyyə
qrupuna yönəltdilər. Ona görə bir az vaxt götürdüm ki, mənə uyğun
olub-olmadığını müəyyənləşdirim.
Və iş
axtarmağa başladım, fərqli yerlərdə çalışdım. Amma ilk ciddi iş yerim
2001-2002-ci illərdə Avropa İttifaqının "TASİS” Proqramı üzrə Koordinasiya
Bürosunda oldu. Orda məni mütəxəssis vəzifəsinə götürdülər. Fərqli layihələrdə
koordinator kimi iştirak etdim. O işin hesabına birincisi ünsiyyət vərdişlərimi
inkişaf etdirdim. İşin bir qismi ingilis dilində olduğu üçün dil biliyimi müəyyən
səviyyəyə çatdırdım. Dostlarımdan Mərkəzi Bankda işləyənləri var idi. Onlar
bildirdilər ki, Mərkəzi Bank cavan kadrları yığmaq niyyətindədir. Mən də CV
verdim, müsahibəyə çağırdılar. 5-6 ay ərzində orda ödənişsiz sınaq müddətli işlədim.
Sonra məni İnformasiya texnologiyaları və ödəniş sistemləri departamentinə
aparıcı mütəxəssis vəzifəsinə götürdülər, çünki bundan əvvəlki işimdə artıq
aparıcı mütəxəssis idim. Hərlənib fırlanıb yenə də informasiya texnologiyaları
sahəsinə gəldim.
- Tələbə vaxtı işləməmisiniz?
- Ciddi
iş yerim olduğunu deyə bilmərəm. Çünki o vaxt iqtisadi durum yaxşı deyildi.
İndiki fürsətlər, tələbələri təcrübə üçün götürən şirkətlər yox idi. Ona görə tələbəlik
illərində xırda-para işlərlə məşğul idim, ancaq bank sahəsində ilk iş yerim Mərkəzi
Bank olub. 2002-ci ildən 2006-cı ilə qədər orda çalışdım.
- "İlk ciddi iş yerim” sözünü xüsusi
vurğulayırsınız. İlk iş yeri, çalışdığı vəzifə insanın karyerasının sonrakı
pillələri üçün ümumiyyətlə, hansısa yol müəyyənləşdirirmi?
- Fikirləşirəm
ki, çalışdığın mühitdən, rəhbərindən çox şey asılıdır. Mənim o vaxt bəxtim gətirdi,
Mərkəzi Bankda iki yaxşı rəhbərim var idi. Ciddi şəkildə mənimlə işləyirdilər.
İşləmək deyəndə, təlimlər keçir, istiqamətlər verirdilər. Sizin ilk rəhbəriniz
olacaq adamlardan çox şey asılıdır. Hərdən görürəm ki, bəzi hərəkətləri məhz
ilk rəhbərlərim kimi edirəm. Bəzi vərdişləri onlardan götürmüşəm.
- İşçi olaraq gördüyünüz hansı problemi rəhbər
olaraq təkrarlamamağa çalışırsınız?
- Rəhbərlə
işçi arasında həddindən artıq böyük məsafə, "pərdə”. Bəzi məsələlərdə bəlkə də
ünsiyyəti bu şəkildə qurmağa dəyər. Ancaq əksər hallarda bu, işin qurulub,
aparılmasında ciddi problemlər yaradır. Bəzi hallarda işçilər rəhbər qarşısında
səhvlərini etiraf edə bilmirlər, çünki cəzadan qorxurlar. Mən işçilərlə o məsafəni
bir az qısaltmağa çalışıram. Tam sıfır səviyyəyə endirmək də düzgün deyil,
ancaq müəyyən şəkildə səmimi oluram. Həmişə işçilərə demişəm ki, iş və ya şəxsi
həyatla bağlı nə problemlər varsa, istəyərdim ki, bunu ört-basdır etməyəsiniz,
rəhbərinizə çatdırasınız. Birbaşa rəhbəriniz olduğum halda mənə deyin. Çünki iş
nöqteyi-nəzərdən sürprizləri xoşlamıram. Ona görə fikirləşirəm ki, bu cür məsafə
məsələsi əksər hallarda iş prosesinə mənfi təsir göstərir.
- İşçilər rəhbərin işdən kənar qayğısını hiss edəndən
sonra onu daha yaxşı müdir adlandırırlar. Rəhbərin işçilərə bu cür can
yandırmasına münasibətiniz, maraqlıdır...
- İnsani
cəhətdən bu, çox yaxşı bir şeydir. Sadəcə, kollektivin ölçüsündən asılı olaraq.
Balaca kollektivlər olanda, rəhbər bütün işçiləri üz və adla tanıyır, ailə vəziyyətinə
qədər hər şeydən xəbəri olur. Belə problemlər də olanda çalışır müdaxilə etsin,
köməklik göstərsin. Amma kollektiv böyük, işçi sayı çox olanda, yuxarıdakı rəhbərlə
işçi arasındakı məsafə rəhbər nöqteyi-nəzərindən çox olduğu halda, bu formatda
işi qurmaq demək olar ki, qeyri-mümkün olur.
Ancaq
imkan daxilində çalışıram ki, işçilərin qeyri-iş problemlərindən xəbər tutduğum
halda hansısa şəkildə yardımçı olum. Məsləhət vermək, maddi məsələlər olanda o
istiqamətdə yardımçı olmaq insanın borcudur, vəzifəsidir. Amma rəhbərin hər bir
anda yanında olub, şəxsi problemlərini həll edəcəyini də ummaq düzgün deyil.
Çünki rəhbərin sənin kimi 50, 100, 500, 1000 və daha çox işçisi ola bilər və
hamısının dalınca qaça bilməyəcək.
- Belə bir qiymətləndirmə aparırsınız ki, adi mütəxəssis
vəzifəsindən bu yerə gəlməyiniz nəyin sayəsində olub?
- Əksər
hallarda gənclərdə karyera məsələsi bir az daha öndə olur. Karyeraya çox
fokuslaşırlar. Fikrimcə, başını aşağı salıb cari işini görməli, bilik və təcrübə
nöqteyi-nəzərindən öz işində sözün əsl mənasında mütəxəssis olmalısan. Sənin
işlədiyin yerdə dərk etməsələr də, zamanla kənardan bunu görüb ya yüksək vəzifə,
ya da yüksək maaş təklif edəcəklər. Həmişə mənə etibar olunan işin mütəxəssisi
olmağa çalışıram. Artıq karyera, maliyyə məsələləri özlüyündə əmələ gələcək.
Gec-tez həm vəzifə olacaq, həm məvacib. Vəzifə, maaş artımına həddindən artıq
fokuslaşanda isə bəzən eybəcər şeylər ortaya çıxır. Əksər hallarda düzgün
addımlar atılmır ki, bu da nəticədə həmin adamın həm karyerasına, həm də özünə
mənfi təsir göstərir.
- Yəni, adam özünü bəzən çox yüksək qiymətləndirir?
- Belə
deyək, özünü əsassız yüksək qiymətləndirir. İşin gedişatı ilə bağlı mən də belə
hallarla rastlaşıram. Yeni işə götürülənlərlə görüşmək, onların şirkətə gəlmə məqsədlərini
eşitmək istəyirəm. Əksər hallarda ümidləri odur ki, burada karyera nöqteyi-nəzərindən
çox qabağa gedəcəklər. Bəzən müəyyən spekulyasiyalar edirlər ki, indiki iş
yerimdə bu gün sabah vəzifəmi artıracaqlar və s. Reallıqda isə sual verəndə
artıq cavabından müəyyənləşdirmək olur ki, bu vəzifəsini bilən adamdı, yoxsa
şirkətləri dəyişə-dəyişə öz vəzifəsini yüksəltmək, ya da maddi vəziyyətini
yaxşılaşdırmaq istəyən. Elə adamlar da var ki, bir il bir şirkətdə işləyib,
daha yüksək maaş üçün sonra başqa şirkətə keçir. Bunun hesabına da bütün
karyera pillələrini daha tez addımlamaq istəyirlər. Ancaq yenə də başa düşmək
lazımdır ki, bu, hansısa mərhələdə qırılacaq. Harada ki ciddi biliklər və təcrübə
tələb olunur, orada bu adamlar artıq özlərini "göstərəcəklər” və artıq bu
nailiyyətləri əldən gedəcək. Hobbi və ya əsas iş yerin olmasının fərqi yoxdur,
hansısa işdə mütəxəssis olsan, sənin qiymətini verəcəklər.
- Demək istəyirsiniz ki, daha yüksək maaş arxasınca
qaçmaq düz deyil?
-
Hansısa mərhələdən sonra onlar özü gələcək. Başa düşürəm ki, indi vəziyyət elədir
ki, cavanlar çalışırlar ki, tez addımlasınlar, böyüsünlər. Sadəcə, enerjilərini
təhsil və biliklərinə sərf etsələr, müəyyən mərhələdən sonra maaş, vəzifə məsələləri
özü peyda olacaq. Mən heç vaxt maaş dalınca qaçmamışam. Hər şey özü gəldi.
- İşdə rəsmiyyəti sevmirsiniz. Niyə? Banklarda rəsmiyyətçilik
daha çoxdur...
- Müasir
banklarda elə deyil. Xarici banklar da işlərini artıq bir növ "Google”
"Amazon”, İT şirkətlərinin formatında qururlar. Bu şirkətlərdə də nə dress-kod,
nə rəis məsələləri yoxdur. Orda menecerlər çalışırlar ki, işçilərlə eyni otaqda
otursunlar, müəyyən səviyyədə özlərini qeyri-formal aparsınlar. Komanda ruhu
ayrı-ayrı otaqlarda oturmaqla yaranmır. İşçilər də bu cür ünsiyyətlərə böyük önəm
verirlər və özlərini bir az komfortlu hiss edirlər. Məsələn, mən İT adamları ilə
işləyirəm, burda işçiləri maaşlarla yox, əksər hallarda işin mahiyyəti, bir də
iş yerinin atmosferi ilə cəlb etmək olur. Ona görə də çalışıram ki, bu sahədə
işləyən adamlarla ünsiyyəti onlara komfort səviyyədə saxlayım. Bu şəkildə
ünsiyyət qurmaq mənə də rahat olur. Qeyri-formal formatda olanda həm də müəyyən
psixoloji bağlılıq yaranır və işçilər işə daha ciddi yanaşmağa başlayırlar.
Düşünürlər ki, nəyisə düz etməsəm, rəhbəri pis vəziyyətdə qoyacam.
- Rəsmiliyin ağırlıq gətirdiyini deyənlərlə yanaşı,
işdə rəsmiyyətin, sərt nizam-intizamın tərəfdarı olan rəhbərlər də az deyil. Hər
iki təcrübədə uğurlu nəticələr də olur, uğursuz da. Bəs fərq nədədir?
- Sahədən
asılıdır. İşlər var ki, IQ nöqteyi-nəzərdən işçiyə qarşı tələblər yüksəkdir. Həmin
işçilərlə o formatda rəftar etmək olmaz. Onlar beyinlə sevirlər, ürəklə yox.
Ona görə də o adamlarla işi avtoritar formatda qurmaq alınmır. Bilik səviyyəsini
o qədər də tələb etməyən işlər də var ki, orada əksər hallarda avtoritar idarəetmə
üsulları özünü yaxşı göstərir. Hər sahənin menecerə qarşı öz tələbləri var. Ona
görə vahid yanaşma yoxdur.
- Bəzən iş üçün müraciət edənlər konkret olaraq
hansı şöbədə çalışmaq istədiklərini bilmirlər. İnsan resursları mütəxəssisləri
bundan şikayətlənirlər...
- Rast gəlmişəm.
Amma yenə də mən çalışıram ki, hamı ilə görüşüm. Nə üçün? Vaxtilə mən də o iş
axtaranlar kimi bir adam idim. İş axtarışında olanlar və hələ də işləmək
istiqamətini seçməyənlər var. Mən çalışıram ki, bu cür adamlarla da görüşüm.
CV-də ilk növbədə təhsilə - harada, necə oxumasına baxıram. Hərdən müsahibə
zamanı mənim standart bir sualım olur ki, neçə balla daxil olmusan? Bu adam öz
üzərində işləyirsə, deməli, hazırlığa da məsuliyyətli yanaşıb. Maddi imkanı
olmasa belə, müəllimlə məşğul olmadan öz biliklərinin hesabına yaxşı bal
toplayıb universitetə girənlər var. Fikrimcə, belə uşaqlara şans vermək
lazımdır.
- Amma balı çox vaxt göstərici hesab etmirlər.
- Ən
azından, bu, məqsədə nail olmağın bir göstəricisidir. Fikrimcə, məktəbi
qurtaranda artıq adam bir şəxs kimi formalaşmalıdır və qarşısına hansısa məqsədlər
qoymalıdır. Məqsəd yoxdursa, "mən gedərəm, imtahana girərəm, yığsam keçərəm,
yığmasam əsgərliyə gedərəm” tipli yanaşmada olan adamlar işləmək istədiyim
kadrlar deyillər.
- İş axtaran olduğunuz dövrü vurğuladınız. İş
tapmaqda çətinlik çəkdiyiniz dövr olub?
- Bəli,
institutu bitirəndən sonra iki il iş axtarmışam. İnstitutu 99-cu ildə bitirmişəm.
Həm şirkətlərin sayı indiki qədər deyildi, həm də bazar bir az qarışıq idi. O
vaxt iqtisadi durum da yaxşı deyildi. Sözün düzü, institutu bitirəndən sonra öz
profilim üzrə işləmək istəyirdim. Ona görə həmin işi tapana qədər müəyyən bir
vaxt getdi.
- Belə olanda həvəsdən düşmürdünüz?
- Belə
zamanlarda kitab oxuyurdum (Gülür).
- Sakit təbiətli bir tərziniz var. İş
prosesində də belə olursunuz, yoxsa digər tərəflər də var?
- Əlbəttə
ki, digər tərəfi də var. Mən kimləsə işləyəndə, adama özünü göstərməyə, səhv
etməyə həmişə şans verirəm. Sadəcə, iş elədir ki, bəziləri bir dəfədən çox səhv
edirlər. O zaman bir az avtoritar şəkildə rəftar edirəm. Bəxtim elə gətirib ki,
işlədiyim yerlərdə bu avtoritar yanaşmanı nadir hallarda işə salmışam. Bilmirəm,
çalışdığım yerlər yaxşı idi yoxsa bu, kollektivdən qaynaqlanırdı.
- Ömür boyu təhsil, işləyə-işləyə öyrənmənin davam
etməsi indi aktualdır. Amma heç də hər kəs bunu sistemli hala sala bilmir. "Mənim
üçün informasiya əldə etmək narkotik kimi bir şeyə çevrilib. Təzə bir şey öyrənməsəm,
deməli, günü boşuna yaşamışam” kimi yanaşmanız var. Bunu özünüz yaratmısız,
yoxsa öz-özünə formalaşıb?
- Mən
kitab oxuyan idim. 4-cü sinifdən oxumağa başladım və dayanmadım. İndi vaxt cəhətdən
imkan etmək bir az çətin olur. Əvvəllər bir kitabı bir günə oxuyurdumsa, indi
bir-iki həftə vaxt aparır. Amma imkan tapdıqca bir-iki səhifə də olsa, oxumağa
çalışıram. Kimsə dadlı yeməyi xoşlayır, mən də yaxşı kitabı sevirəm. Yeməyi çox
fikir vermirəm. Bəlkə də valideynlərdən çox şey asılıdır.
- Necə bir ailədə böyümüsünüz?
- Elm
adamlarının ailəsində. Evdə valideynlərim çox kitab oxuyurdular. Mən də onlara
baxdım, gördüm kitab oxuyurlar, dedim yəqin orda nə isə var. Ondan sonra
oxuya-oxuya getdim. Mən də öz uşaqlarımla eyni şeyi edirəm. Kitab əlimə alıram,
onlar da öz şəkilli kitablarını götürüb yanımda oturub oxuyurlar.
- Müəyyən bir uğur qazanmış insanların şəxsi həyatı
da maraqlı olur. Yəni, şəxsi həyatda necə birisiniz?
- Adi
günlərdə işim o qədər olur ki, boş vaxtları tapmaq çox çətin olur. Amma imkan
tapanda vaxtımı uşaqlarımla keçirirəm. Həftə sonları həm dostlarımla görüşürəm,
həftədə bir günümü mütləq ailəmə sərf edirəm. Hobbi kimi intellektual oyunlarla
da məşğul oluram. O da bir növ vadar edir ki, kitab oxuyasan.
- Necə övlad böyütməyə çalışırsınız?
- Bir
gün desinlər ki, "Cəlal filankəsin atasıdır”. İndi deyirlər ki, "Cəlalın
oğludur”. İstənilən valideynin arzusu odur ki, övladı ondan qabağa getsin. Vəzifə,
bilik, həyat tərzi nöqteyi-nəzərindən.
- Neçə yaşları var?
- Qız
dördüncü sinifdədir, oğlan hələ hazırlığa gedir. Çalışıram ki, onlarda oxumaq,
məlumatı axtarıb tapmaq vərdişini formalaşdırım. Çünki getdikcə dərsliklər gündəmdən
düşür. Burda artıq məlumatın tez tapıb, oxuyub qavrayıb tətbiq etməkdən söhbət
gedir. Sovet vaxtının təhsilinin vaxtı artıq keçib, yeni üsullar var. Çalışıram
ki, övladlarım bu məsələlərdə bir az sərbəst düşüncəli olsunlar. Əvvəl kitabda
nəyisə oxuyanda deyirdik ki, bu, düzdür. İndi isə məlumat o qədər çoxdur ki, sən
düzü özün seçməlisən. Bunun üçün müəyyən bir kritik yanaşma lazımdır. Çalışıram
ki, onlarda kritik yanaşmanı formalaşdırım. Hər şey göründüyü kimi deyil. Belə
bir düşüncə tərzini onlara da aşılayım
ki, böyüyəndə bəzi məqamlarda məndən sərbəst olsunlar.
Aygün
Asimqızı