• çərşənbə axşamı, 19 mart, 07:50
  • Baku Bakı 8°C

“Heç vaxt maaş dalınca qaçmamışam” - Gör-götür

11.10.18 12:13 2624
“Heç vaxt maaş dalınca qaçmamışam” - Gör-götür
Deyir ki, iş görən adamın özünü vəzifə, maaş artımına fokuslaması heç də doğru yanaşma deyil. Başını aşağı salıb işini görməli, bilik və təcrübə nöqteyi-nəzərindən işində sözün əsl mənasında mütəxəssis olmaq üçün çalışmalıdır. Sənin işlədiyin yerdə dərk etməsələr də, zamanla kənardan bunu görüb ya yüksək vəzifə, ya da yüksək maaş təklif edəcəklər. Karyerasında da yanaşması belə olub. "Heç vaxt maaş dalınca qaçmamışam. Hər şey öz növbəsində gəldi” – deyən müsahibimiz PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovdur.

Qeyd edək ki, C.Orucov 2001-2002-ci illərdə Avropa İttifaqının "TASİS” Proqramı üzrə Koordinasiya Bürosunda, 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Mərkəzi Bankı tərk edərkən departament direktoru vəzifəsində olub. 2006-2016-cı illərdə "Milli Kart” MMC-nin icraçı direktoru, 2016-2017-ci illərdə "Unibank” ASC-nin Texnologiyalar üzrə direktoru olub. PAŞA Bankdan öncə isə Azərbaycan Beynəlxalq Bankının baş texnologiya inzibatçısı vəzifəsini tutub.

- Mütəxəssisdən baş icraçı direktor vəzifəsinə qədər yüksəlmisiniz. Söhbətə elə bu pillənin əvvəlindən başlayaq...
- Liseydəki təhsilimdən başlaya bilərik. Mən 1996-cı ildə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinə daxil oldum. Bu məktəbi görkəmli akademikimiz Azad Mirzəcanzadə yaratmışdı. Liseyə 8-ci sinifdən götürürdülər, mən isə 9-da oxuyanda getdim. Liseydə çox güclü müəllimlər var idi. Əksər hallarda bizə dərsləri institut müəllimləri deyirdi. Həftədə iki dəfə isə Azad müəllim dərs keçirdi. Məktəbdə təhsil çox yaxşı idi.


- Məktəbdə yaxşı oxuyurdunuz?
- Ora əlaçıları götürürdülər, sinfimizdə pis oxuyan yox idi. Sinif yoldaşlarımın çoxu bu gün cəmiyyətdə tanınan simalardır. İTV-nin rəhbəri Balaş Qasımov, "SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, prodüser Müşfiq Abbasovun adını çəkə bilərəm. Məzunlardan Amerika, Rusiya və başqa ölkələrdə karyera quranları da çoxdur.

- Yəni, orta məktəb illərində verilən təhsilin rolu bu qədər önəmlidir...
- 11-ci sinifdə bizə institutun bir-ikinci kursunun dərsləri tədris olunurdu. Bunun sayəsində də instituta daxil oldum, hətta institutun iki kursunu o biliklərim əsasında əla qiymətlə başa vurdum. Mən Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdum. O vaxtlar dərslik problemi var idi. İndiki kimi nə xarici, nə də yerli dərsliklər yox idi. İnternet də təzə-təzə bizə gəlirdi. Kim hansı dərsliyi tapırdısa, onu oxuyurdu. Universitet vaxtı qərar verdim ki, magistraturaya getməyəcəm. Özümə iş təcrübəsi üçün bir vaxt ayırdım ki, görüm seçdiyim ixtisas mənə iş cəhətdən uyğundur, yoxsa yox. Maliyyə və kredit fakültəsinə daxil olmuşdum.

- O vaxt bu fakültənin trend olmasının da seçiminizə təsir etdiyini demisiniz...
- O vaxt təzə-təzə bazar iqtisadiyyatı məsələləri aktuallaşırdı, bu seçimim də normal idi. Hər iki valideynim kimyaçı olsa da, mən texniki fənlərə getmirdim. Halbuki, riyaziyyat müəllimim mənə çox deyirdi ki, Bakı Dövlət Universitetinin ali riyaziyyatına get. Amma mən iqtisadiyyat istəyirdim. Bank işi daha çox xoşuma gəlirdi, nəinki maliyyə. Sadəcə, ixtisaslaşma olanda məni maliyyə qrupuna yönəltdilər. Ona görə bir az vaxt götürdüm ki, mənə uyğun olub-olmadığını müəyyənləşdirim.

Və iş axtarmağa başladım, fərqli yerlərdə çalışdım. Amma ilk ciddi iş yerim 2001-2002-ci illərdə Avropa İttifaqının "TASİS” Proqramı üzrə Koordinasiya Bürosunda oldu. Orda məni mütəxəssis vəzifəsinə götürdülər. Fərqli layihələrdə koordinator kimi iştirak etdim. O işin hesabına birincisi ünsiyyət vərdişlərimi inkişaf etdirdim. İşin bir qismi ingilis dilində olduğu üçün dil biliyimi müəyyən səviyyəyə çatdırdım. Dostlarımdan Mərkəzi Bankda işləyənləri var idi. Onlar bildirdilər ki, Mərkəzi Bank cavan kadrları yığmaq niyyətindədir. Mən də CV verdim, müsahibəyə çağırdılar. 5-6 ay ərzində orda ödənişsiz sınaq müddətli işlədim. Sonra məni İnformasiya texnologiyaları və ödəniş sistemləri departamentinə aparıcı mütəxəssis vəzifəsinə götürdülər, çünki bundan əvvəlki işimdə artıq aparıcı mütəxəssis idim. Hərlənib fırlanıb yenə də informasiya texnologiyaları sahəsinə gəldim.


- Tələbə vaxtı işləməmisiniz?
- Ciddi iş yerim olduğunu deyə bilmərəm. Çünki o vaxt iqtisadi durum yaxşı deyildi. İndiki fürsətlər, tələbələri təcrübə üçün götürən şirkətlər yox idi. Ona görə tələbəlik illərində xırda-para işlərlə məşğul idim, ancaq bank sahəsində ilk iş yerim Mərkəzi Bank olub. 2002-ci ildən 2006-cı ilə qədər orda çalışdım.

- "İlk ciddi iş yerim” sözünü xüsusi vurğulayırsınız. İlk iş yeri, çalışdığı vəzifə insanın karyerasının sonrakı pillələri üçün ümumiyyətlə, hansısa yol müəyyənləşdirirmi?
- Fikirləşirəm ki, çalışdığın mühitdən, rəhbərindən çox şey asılıdır. Mənim o vaxt bəxtim gətirdi, Mərkəzi Bankda iki yaxşı rəhbərim var idi. Ciddi şəkildə mənimlə işləyirdilər. İşləmək deyəndə, təlimlər keçir, istiqamətlər verirdilər. Sizin ilk rəhbəriniz olacaq adamlardan çox şey asılıdır. Hərdən görürəm ki, bəzi hərəkətləri məhz ilk rəhbərlərim kimi edirəm. Bəzi vərdişləri onlardan götürmüşəm.

- İşçi olaraq gördüyünüz hansı problemi rəhbər olaraq təkrarlamamağa çalışırsınız?
- Rəhbərlə işçi arasında həddindən artıq böyük məsafə, "pərdə”. Bəzi məsələlərdə bəlkə də ünsiyyəti bu şəkildə qurmağa dəyər. Ancaq əksər hallarda bu, işin qurulub, aparılmasında ciddi problemlər yaradır. Bəzi hallarda işçilər rəhbər qarşısında səhvlərini etiraf edə bilmirlər, çünki cəzadan qorxurlar. Mən işçilərlə o məsafəni bir az qısaltmağa çalışıram. Tam sıfır səviyyəyə endirmək də düzgün deyil, ancaq müəyyən şəkildə səmimi oluram. Həmişə işçilərə demişəm ki, iş və ya şəxsi həyatla bağlı nə problemlər varsa, istəyərdim ki, bunu ört-basdır etməyəsiniz, rəhbərinizə çatdırasınız. Birbaşa rəhbəriniz olduğum halda mənə deyin. Çünki iş nöqteyi-nəzərdən sürprizləri xoşlamıram. Ona görə fikirləşirəm ki, bu cür məsafə məsələsi əksər hallarda iş prosesinə mənfi təsir göstərir.
- İşçilər rəhbərin işdən kənar qayğısını hiss edəndən sonra onu daha yaxşı müdir adlandırırlar. Rəhbərin işçilərə bu cür can yandırmasına münasibətiniz, maraqlıdır...
- İnsani cəhətdən bu, çox yaxşı bir şeydir. Sadəcə, kollektivin ölçüsündən asılı olaraq. Balaca kollektivlər olanda, rəhbər bütün işçiləri üz və adla tanıyır, ailə vəziyyətinə qədər hər şeydən xəbəri olur. Belə problemlər də olanda çalışır müdaxilə etsin, köməklik göstərsin. Amma kollektiv böyük, işçi sayı çox olanda, yuxarıdakı rəhbərlə işçi arasındakı məsafə rəhbər nöqteyi-nəzərindən çox olduğu halda, bu formatda işi qurmaq demək olar ki, qeyri-mümkün olur.

Ancaq imkan daxilində çalışıram ki, işçilərin qeyri-iş problemlərindən xəbər tutduğum halda hansısa şəkildə yardımçı olum. Məsləhət vermək, maddi məsələlər olanda o istiqamətdə yardımçı olmaq insanın borcudur, vəzifəsidir. Amma rəhbərin hər bir anda yanında olub, şəxsi problemlərini həll edəcəyini də ummaq düzgün deyil. Çünki rəhbərin sənin kimi 50, 100, 500, 1000 və daha çox işçisi ola bilər və hamısının dalınca qaça bilməyəcək.


- Belə bir qiymətləndirmə aparırsınız ki, adi mütəxəssis vəzifəsindən bu yerə gəlməyiniz nəyin sayəsində olub?
- Əksər hallarda gənclərdə karyera məsələsi bir az daha öndə olur. Karyeraya çox fokuslaşırlar. Fikrimcə, başını aşağı salıb cari işini görməli, bilik və təcrübə nöqteyi-nəzərindən öz işində sözün əsl mənasında mütəxəssis olmalısan. Sənin işlədiyin yerdə dərk etməsələr də, zamanla kənardan bunu görüb ya yüksək vəzifə, ya da yüksək maaş təklif edəcəklər. Həmişə mənə etibar olunan işin mütəxəssisi olmağa çalışıram. Artıq karyera, maliyyə məsələləri özlüyündə əmələ gələcək. Gec-tez həm vəzifə olacaq, həm məvacib. Vəzifə, maaş artımına həddindən artıq fokuslaşanda isə bəzən eybəcər şeylər ortaya çıxır. Əksər hallarda düzgün addımlar atılmır ki, bu da nəticədə həmin adamın həm karyerasına, həm də özünə mənfi təsir göstərir.

- Yəni, adam özünü bəzən çox yüksək qiymətləndirir?
- Belə deyək, özünü əsassız yüksək qiymətləndirir. İşin gedişatı ilə bağlı mən də belə hallarla rastlaşıram. Yeni işə götürülənlərlə görüşmək, onların şirkətə gəlmə məqsədlərini eşitmək istəyirəm. Əksər hallarda ümidləri odur ki, burada karyera nöqteyi-nəzərindən çox qabağa gedəcəklər. Bəzən müəyyən spekulyasiyalar edirlər ki, indiki iş yerimdə bu gün sabah vəzifəmi artıracaqlar və s. Reallıqda isə sual verəndə artıq cavabından müəyyənləşdirmək olur ki, bu vəzifəsini bilən adamdı, yoxsa şirkətləri dəyişə-dəyişə öz vəzifəsini yüksəltmək, ya da maddi vəziyyətini yaxşılaşdırmaq istəyən. Elə adamlar da var ki, bir il bir şirkətdə işləyib, daha yüksək maaş üçün sonra başqa şirkətə keçir. Bunun hesabına da bütün karyera pillələrini daha tez addımlamaq istəyirlər. Ancaq yenə də başa düşmək lazımdır ki, bu, hansısa mərhələdə qırılacaq. Harada ki ciddi biliklər və təcrübə tələb olunur, orada bu adamlar artıq özlərini "göstərəcəklər” və artıq bu nailiyyətləri əldən gedəcək. Hobbi və ya əsas iş yerin olmasının fərqi yoxdur, hansısa işdə mütəxəssis olsan, sənin qiymətini verəcəklər.

- Demək istəyirsiniz ki, daha yüksək maaş arxasınca qaçmaq düz deyil?
- Hansısa mərhələdən sonra onlar özü gələcək. Başa düşürəm ki, indi vəziyyət elədir ki, cavanlar çalışırlar ki, tez addımlasınlar, böyüsünlər. Sadəcə, enerjilərini təhsil və biliklərinə sərf etsələr, müəyyən mərhələdən sonra maaş, vəzifə məsələləri özü peyda olacaq. Mən heç vaxt maaş dalınca qaçmamışam. Hər şey özü gəldi.

- İşdə rəsmiyyəti sevmirsiniz. Niyə? Banklarda rəsmiyyətçilik daha çoxdur...
- Müasir banklarda elə deyil. Xarici banklar da işlərini artıq bir növ "Google” "Amazon”, İT şirkətlərinin formatında qururlar. Bu şirkətlərdə də nə dress-kod, nə rəis məsələləri yoxdur. Orda menecerlər çalışırlar ki, işçilərlə eyni otaqda otursunlar, müəyyən səviyyədə özlərini qeyri-formal aparsınlar. Komanda ruhu ayrı-ayrı otaqlarda oturmaqla yaranmır. İşçilər də bu cür ünsiyyətlərə böyük önəm verirlər və özlərini bir az komfortlu hiss edirlər. Məsələn, mən İT adamları ilə işləyirəm, burda işçiləri maaşlarla yox, əksər hallarda işin mahiyyəti, bir də iş yerinin atmosferi ilə cəlb etmək olur. Ona görə də çalışıram ki, bu sahədə işləyən adamlarla ünsiyyəti onlara komfort səviyyədə saxlayım. Bu şəkildə ünsiyyət qurmaq mənə də rahat olur. Qeyri-formal formatda olanda həm də müəyyən psixoloji bağlılıq yaranır və işçilər işə daha ciddi yanaşmağa başlayırlar. Düşünürlər ki, nəyisə düz etməsəm, rəhbəri pis vəziyyətdə qoyacam.


- Rəsmiliyin ağırlıq gətirdiyini deyənlərlə yanaşı, işdə rəsmiyyətin, sərt nizam-intizamın tərəfdarı olan rəhbərlər də az deyil. Hər iki təcrübədə uğurlu nəticələr də olur, uğursuz da. Bəs fərq nədədir?
- Sahədən asılıdır. İşlər var ki, IQ nöqteyi-nəzərdən işçiyə qarşı tələblər yüksəkdir. Həmin işçilərlə o formatda rəftar etmək olmaz. Onlar beyinlə sevirlər, ürəklə yox. Ona görə də o adamlarla işi avtoritar formatda qurmaq alınmır. Bilik səviyyəsini o qədər də tələb etməyən işlər də var ki, orada əksər hallarda avtoritar idarəetmə üsulları özünü yaxşı göstərir. Hər sahənin menecerə qarşı öz tələbləri var. Ona görə vahid yanaşma yoxdur.

- Bəzən iş üçün müraciət edənlər konkret olaraq hansı şöbədə çalışmaq istədiklərini bilmirlər. İnsan resursları mütəxəssisləri bundan şikayətlənirlər...
- Rast gəlmişəm. Amma yenə də mən çalışıram ki, hamı ilə görüşüm. Nə üçün? Vaxtilə mən də o iş axtaranlar kimi bir adam idim. İş axtarışında olanlar və hələ də işləmək istiqamətini seçməyənlər var. Mən çalışıram ki, bu cür adamlarla da görüşüm. CV-də ilk növbədə təhsilə - harada, necə oxumasına baxıram. Hərdən müsahibə zamanı mənim standart bir sualım olur ki, neçə balla daxil olmusan? Bu adam öz üzərində işləyirsə, deməli, hazırlığa da məsuliyyətli yanaşıb. Maddi imkanı olmasa belə, müəllimlə məşğul olmadan öz biliklərinin hesabına yaxşı bal toplayıb universitetə girənlər var. Fikrimcə, belə uşaqlara şans vermək lazımdır.
- Amma balı çox vaxt göstərici hesab etmirlər.
- Ən azından, bu, məqsədə nail olmağın bir göstəricisidir. Fikrimcə, məktəbi qurtaranda artıq adam bir şəxs kimi formalaşmalıdır və qarşısına hansısa məqsədlər qoymalıdır. Məqsəd yoxdursa, "mən gedərəm, imtahana girərəm, yığsam keçərəm, yığmasam əsgərliyə gedərəm” tipli yanaşmada olan adamlar işləmək istədiyim kadrlar deyillər.

- İş axtaran olduğunuz dövrü vurğuladınız. İş tapmaqda çətinlik çəkdiyiniz dövr olub?
- Bəli, institutu bitirəndən sonra iki il iş axtarmışam. İnstitutu 99-cu ildə bitirmişəm. Həm şirkətlərin sayı indiki qədər deyildi, həm də bazar bir az qarışıq idi. O vaxt iqtisadi durum da yaxşı deyildi. Sözün düzü, institutu bitirəndən sonra öz profilim üzrə işləmək istəyirdim. Ona görə həmin işi tapana qədər müəyyən bir vaxt getdi.


- Belə olanda həvəsdən düşmürdünüz?
- Belə zamanlarda kitab oxuyurdum (Gülür).

- Sakit təbiətli bir tərziniz var. İş prosesində də belə olursunuz, yoxsa digər tərəflər də var?
- Əlbəttə ki, digər tərəfi də var. Mən kimləsə işləyəndə, adama özünü göstərməyə, səhv etməyə həmişə şans verirəm. Sadəcə, iş elədir ki, bəziləri bir dəfədən çox səhv edirlər. O zaman bir az avtoritar şəkildə rəftar edirəm. Bəxtim elə gətirib ki, işlədiyim yerlərdə bu avtoritar yanaşmanı nadir hallarda işə salmışam. Bilmirəm, çalışdığım yerlər yaxşı idi yoxsa bu, kollektivdən qaynaqlanırdı.

- Ömür boyu təhsil, işləyə-işləyə öyrənmənin davam etməsi indi aktualdır. Amma heç də hər kəs bunu sistemli hala sala bilmir. "Mənim üçün informasiya əldə etmək narkotik kimi bir şeyə çevrilib. Təzə bir şey öyrənməsəm, deməli, günü boşuna yaşamışam” kimi yanaşmanız var. Bunu özünüz yaratmısız, yoxsa öz-özünə formalaşıb?
- Mən kitab oxuyan idim. 4-cü sinifdən oxumağa başladım və dayanmadım. İndi vaxt cəhətdən imkan etmək bir az çətin olur. Əvvəllər bir kitabı bir günə oxuyurdumsa, indi bir-iki həftə vaxt aparır. Amma imkan tapdıqca bir-iki səhifə də olsa, oxumağa çalışıram. Kimsə dadlı yeməyi xoşlayır, mən də yaxşı kitabı sevirəm. Yeməyi çox fikir vermirəm. Bəlkə də valideynlərdən çox şey asılıdır.

- Necə bir ailədə böyümüsünüz?
- Elm adamlarının ailəsində. Evdə valideynlərim çox kitab oxuyurdular. Mən də onlara baxdım, gördüm kitab oxuyurlar, dedim yəqin orda nə isə var. Ondan sonra oxuya-oxuya getdim. Mən də öz uşaqlarımla eyni şeyi edirəm. Kitab əlimə alıram, onlar da öz şəkilli kitablarını götürüb yanımda oturub oxuyurlar.


- Müəyyən bir uğur qazanmış insanların şəxsi həyatı da maraqlı olur. Yəni, şəxsi həyatda necə birisiniz?
- Adi günlərdə işim o qədər olur ki, boş vaxtları tapmaq çox çətin olur. Amma imkan tapanda vaxtımı uşaqlarımla keçirirəm. Həftə sonları həm dostlarımla görüşürəm, həftədə bir günümü mütləq ailəmə sərf edirəm. Hobbi kimi intellektual oyunlarla da məşğul oluram. O da bir növ vadar edir ki, kitab oxuyasan.

- Necə övlad böyütməyə çalışırsınız?
- Bir gün desinlər ki, "Cəlal filankəsin atasıdır”. İndi deyirlər ki, "Cəlalın oğludur”. İstənilən valideynin arzusu odur ki, övladı ondan qabağa getsin. Vəzifə, bilik, həyat tərzi nöqteyi-nəzərindən.

- Neçə yaşları var?
- Qız dördüncü sinifdədir, oğlan hələ hazırlığa gedir. Çalışıram ki, onlarda oxumaq, məlumatı axtarıb tapmaq vərdişini formalaşdırım. Çünki getdikcə dərsliklər gündəmdən düşür. Burda artıq məlumatın tez tapıb, oxuyub qavrayıb tətbiq etməkdən söhbət gedir. Sovet vaxtının təhsilinin vaxtı artıq keçib, yeni üsullar var. Çalışıram ki, övladlarım bu məsələlərdə bir az sərbəst düşüncəli olsunlar. Əvvəl kitabda nəyisə oxuyanda deyirdik ki, bu, düzdür. İndi isə məlumat o qədər çoxdur ki, sən düzü özün seçməlisən. Bunun üçün müəyyən bir kritik yanaşma lazımdır. Çalışıram ki, onlarda kritik yanaşmanı formalaşdırım. Hər şey göründüyü kimi deyil. Belə bir düşüncə tərzini onlara da aşılayım ki, böyüyəndə bəzi məqamlarda məndən sərbəst olsunlar.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər