• cümə, 29 Mart, 09:35
  • Baku Bakı 5°C

Heç vaxt işdən qorxmamışam – Uğur hekayəsi

20.05.16 10:43 2810
Heç vaxt işdən qorxmamışam – Uğur hekayəsi
Çoxlarımız hansısa işə sıfırdan başlayırıq. Amma vəziyyət o qədər pis olub ki, o, mənfi sonsuzluqdan başlayıb. Həyat onu orta məktəb illərindən işləməyə məcbur edib. Orta məktəbdə oxuya-oxuya özünün və ailəsinin xərclərini ödəmək üçün tikintidə çalışıb. Heç vaxt işdən qorxmamasının nəticəsində uğur qazanıb. Müsahibimiz Accounting.Az şirkətinin rəhbəri Ramin Ramazanovdur.

- Müsahiblərimiz arasında çox az adam olur ki, təhsil aldığı ixtisasla işi üst-üstə düşsün. Sizin ali təhsilinizlə işiniz üst-üstə düşür. Mühasibat və audit ixtisasını seçməkdə kim sizə kömək edib?
- Orta məktəbdə mənim ən çox sevdiyim fənn Azərbaycan dili və ədəbiyyat idi. Hətta respublika üzrə olimpiadada Azərbaycan ədəbiyyatı üzrə birinci yerə çıxmışam. Ali məktəbə sənəd verən vaxtım 1997-ci ilə təsadüf edir. O zaman Azərbaycanda insanların maddi vəziyyəti yaxşı deyildi. Buna görə ixtisas seçimimdə ehtiyatlı olmalı idim. Hansı sahədə daha tez və çox pul qazana biləcəyimlə bağlı araşdırma apardım. Nəticədə arzumu, istəyimi çox pul qazana biləcəyim ixtisasa qurban verdim və bu sənəti seçdim. Ədəbiyyatla yanaşı, riyaziyyatı da yaxşı oxuduğumdan mühasibat uçotu və audit fakültəsinə qəbul ola bildim.
Maraqlı bir nüansa da toxunum. İsmayıllının Lahıc kəndindənəm. Ali məktəbə qəbul olmağım barədə xəbəri eşidib sevinə-sevinə evə gedəndə kolxozun mühasibi (o vaxt kolxoz qalırdı – R.H.) qarşıma çıxdı. Ona mühasibat uçotu və audit fakültəsinə daxil olduğumu dedim. Dedi ki, "nəyə sevinirsən, bir mənim günümə bax. Məndə sevinməli bir şey görürsən?”. Bu söhbətdən sonra instituta gedənə kimi özümdə olmadım, bədbinliyə qapılmışdım. Sonra başa düşdüm ki, bu insan kənddən başqa heç bir yerə çıxmayıb və belə düşünməsi təbiidir.

- Sevdiyiniz deyil, pul qazanmaq məqsədilə seçdiyiniz peşəyə görə sonradan peşman olmadınız ki?
- Peşman olmadım. Çünki kitab oxumağı davam etdirirəm. Şəxsi kitabxanam var və vaxtım olan kimi mütaliə edirəm.

- Sonradan seçiminizi sevməyə başladınız?
- Bəli. Çünki mühasibata sevginiz olmasa, işləməyiniz qeyri-mümkündür. İşləsəniz də, bir-iki ilə bezəcəksiniz.

- Ramin bəy, rəqəmlərlə işləməkdən yorulmursunuz ki?
- Mühasib dostlarımdan biri həmişə deyir ki, hər şeyə yaradıcı yanaşmaq lazımdır. Mən onun fikrinin tərəfdarıyam, rəqəmlərə belə yaradıcı yanaşmaq lazımdır. Öz işinizi əyləncəli təşkil etməlisiniz ki, yorulub bezməyəsiniz. Mən də işimə yaradıcı yanaşmağı sevirəm.

- Auditor kimi də işləmisiniz...
- Bəli. Amma bu sahə məni yordu. Uzun illər AtaHoldinq ASC-nin Audit departamentində direktor kimi çalışdım. 3 il ofisdə oturmadım. Dövlət neft şirkətinin, demək olar, bütün idarələrini gəzdim, ofisdə oturmağa imkan olmadığından yoruldum. Bir müddət sonra bu sahədən ayrıldım, anladım ki, məndə alınmayacaq. Amma audit kimi çalışmağım mənə gözəl təcrübə qazandırdı. İndi hansısa mühasiblə danışanda çox asanlıqla onun səhvinin harada olduğunu bilirəm.

- İlk işinizi necə xatırlayırsınız?
- Etiraf edək ki, indi tənbəl olmayan gənc çox rahatlıqla iş tapa bilir. Amma 2000-ci illərin əvvəllərində institutu qurtarandan sonra iş tapmaq böyük bir problem idi. Mən ali məktəbi bitirib bir müddət Mərkəzi Klinik Xəstəxanada anbar uçotunun təşkili şöbəsində işlədim. Sonra Nurgün Holdinqə getdim və bir neçə ay pulsuz işlədim. 3-4 aydan sonra məni yoxladılar və birbaşa sözügedən holdinqə daxil olan "Kontinental” mağazalar şəbəkəsinə baş mühasib qoydular. Burada bir il işləyəndən sonra "AtaHoldinq” ASC-yə CV göndərdim və müsahibədən sonra işə qəbul oldum, burada da AtaAudit MMC-nin Audit departament direktoru vəzifəsinəcən qalxdım. Bir müddət sonra ATİ and Partners Konsaltinq şirkətinin direktoru vəzifəsinə keçdim.

- Necə oldu öz işinizi qurmağa qərar verdiniz?
- Həmişə düşünmüşəm ki, insan üçün azadlıq puldan da vacibdir və onun dəyərini heç nə ilə ödəmək mümkün deyil. Sərbəstliyin, heç nədən asılı olmamağın dəyəri yoxdur. Bunları düşünərək, müxtəlif vəzifələrdə işləyə-işləyə 2012-ci ildə işimi qurdum və sonra ərizə ilə vəzifəmdən ayrıldım.

- İşinizi qurarkən hansı çətinliklərlə qarşılaşdınız?
- Ən böyük problem iş qurmaq istəyərkən ilk addımı atmaqdır. Çoxlarımızda "biznes qursam, məndə necə alınar?” qorxusu var. Əgər sən addımı atdınsa, ondan sonra heç nədən qorxmaq lazım deyil. Mən bu addımı atmaq üçün bəlkə də 8 ilə yaxın fikirləşmişəm. Həmin sahə üzrə oxumadığım kitab qalmayıb. Hətta ehtiyatımı elə tutmuşdum ki, birdən şirkət 2 il gəlir gətirməsə, ailəm necə dolanacaq? Bunlara kimi fikirləşdim və sonra addım atdım.

- Şirkətiniz hansı xidmətləri göstərir?
- Mühasibat xidmətləri, vergi məsləhətləri, maliyyə və vergi hesabatları, şirkətlərin qeydiyyatı, şirkətin hüquqi sənədlərində dəyişikliklər, audit xidmətləri, kadr uçotu və sair bu kimi sahələrə aid bütün işləri görürük.

- Hər bir sənət insanın xarakterində iz qoyur. Sizin sənət xarakterinizdə hansı izlər buraxıb?
- Dəqiqlik. Ümumiyyətlə, mühasiblər dəqiqliyi sevir.
Kiminləsə görüşəndə qarşı tərəf 5 dəqiqə gecikirsə, onun işə yanaşmasının necə olduğunu bilirik.

- Auditor kimi də çalışmısınız. Bu sənət sizin xarakterinizdə mükəmməlliyyətçilik yaratmayıb ki?
- Maksimalistəm, həmişə ən yaxşısını gözləyirəm, insanlardan ideal tələb edirəm və özüm də hər şeyi bacardığım qədər ideal səviyyədə görməyə çalışıram. Amma sonradan gördüm ki, bu xüsusiyyətim həyatda mənə çətinlik yaradır, yavaş-yavaş zövqümü az da olsa dəyişməyə çalışdım. Anladım ki, heç kim ideal deyil. Auditdə də seçmə deyilən bir üsul var ki, yoxlama zamanı ümumi məbləğin 70-80 faizini təşkil edən iri rəqəmlər yoxlanılır, doğruluğuna əminlik yaranırsa, yerdə qalan hissə nisbətən az əhəmiyyət kəsb etdiyindən yoxlanılmır. Həyatda da belədir. Əgər insanlar nəyisə 70-80 faiz yerinə yetirirsə, qalan hissəni güzəştə getmək olar.

- İş varsa, uğursuzluq da var. Biznesinizdə uğursuzluqla qarşılaşanda nə edirsiniz?
- Səbrli olmaq şərtdir. Ola bilsin, bir il uğur qazanmayasan, amma insan daim hərəkətdə
olmalıdır. Öz reklamını aparmalı, xidmətlərini təklif etməlidir. Ola bilməz ki, nəsə edəsiniz və nəticəsini görməyəsiniz. Gec-tez nəticə olur və siz uğur qazanırsınız. Məşhur Rusiya biznes və uğur təlimçisi İsxak Pintoseviçin belə bir ifadəsi var: "Sən başlıca olaraq hər şeyi düzgün və yaxşı məqsədlə et, nəticəsi mütləq olacaq”.

- Orta məktəbdə oxuyanda adamın işlə bağlı xəyalları, arzuları olur. Sizin belə arzularınız olubmu?
- 11-ci sinifdə oxuyanda həmişə deyirdim ki, mütləq xarici şirkətdə işləməliyəm, həmin şirkət "Torqovıy”da (Nizami küçəsi – L.M.) olmalıdır, 500 manat maaş almalıyam və ingilis dilində danışmalıyam. Tale elə gətirdi ki, 15 ildir, "Torqovıy”da çalışıram, istədiyim maaşdan da çox qazanıram, ingilis dilində də danışıram.
Təəssüflənirəm ki, insanın yeniyetməlik, gənclik dövrlərində arzuları çox məhdud olur. Əgər o arzular geniş olsa, inanıram ki, daha böyük işlər görmək olar. Belə bir məsəl var: "arzularınıza diqqət edin, onlar reallığa çevrilə bilər”. Bu baxımdan üzümü yeniyetmələrə, gənclərə tutub deyirəm ki, arzulamaqdan qorxmasınlar, ağaca çıxmaq fikirləri varsa, ulduzları hədəfləsinlər.

- Çalışdığınız şirkətlərdə karyera pilləsində istədiyinizə nail olmusunuz. İndi isə öz biznesiniz var. Uğur sirriniz nədədir?
- Mən bir yerdə dayanmağı sevmirəm, daim hərəkətdəyəm və işləyirəm. Eyni zamanda, insanın işə haradan başlaması da ona kömək olur. İnsanlar var ki, nəyisə sıfırdan başlayır, amma vəziyyət o qədər pis olub ki, mən mənfi sonsuzluqdan başlamışam. Həyat məni orta məktəbdən işləməyə məcbur edib. Orta məktəbdə oxuya-oxuya özümün və ailəmin xərclərini ödəmək üçün tikintidə çalışmışam. Heç vaxt işdən qorxmamışam. Ən əsası isə uğurumu ali məktəbə daxil olmağım üçün məni oxumağa məcbur edən anama borcluyam.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər