• cümə, 19 Aprel, 10:31
  • Baku Bakı 13°C

“Heç vaxt işdən bezmirəm” – Uğur hekayəsi

17.06.14 09:56 2044
“Heç vaxt işdən bezmirəm” – Uğur hekayəsi
Heç vaxt işdən bezmədiyini deyir. İşləmək imkanı ola-ola işləməyən xanımlara təəccüb edir. Onun fikrincə, adam bir mühitdə olanda o mühitdən yorulur. Buna görə də sevdiyi işə və eyni zamanda, ailəsinə vaxt ayırmaqdan həzz alır. Müsahibimiz “Azərcell”in müştərilərlə əlaqələr departamentinin keyfiyyət bölümünün eksperti Aygün Əliyevadır.
- 16 ildir “Azərcell”də çalışırsınız. Deyəsən, işə sözügedən şirkətlə başlamısınız...
- “Azərcell”dən əvvəl, hələ İqtisad Universitetində oxuduğum illərdə bir neçə kiçik şirkətdə çalışmışam. Çünki universiteti bitirəndən sonra yaxşı bir yerdə çalışmaq üçün iş təcrübəsinin tələb olunduğunu bilirdim. Buna görə də özümü işə hazırlayırdım. Universiteti bitirəndən sonra CV-mi “Azərcell”ə təqdim etdim. 32 namizədin arasından seçildim.
- Uzun müddət bir şirkətdə işləməyin mənfi və müsbət tərəfləri hansılardır?
- Bir misal çəkim. Yaponiyada nəinki bir adamın eyni şirkətdə işləməsi, hətta onun övladlarının da eyni şirkətdə işləməsinə üstünlük verilir. Fikrimcə, uzun müddət ərzində yalnız nəhəng və yüksək biznes standartlarına cavab verən şirkətdə işləməyin ancaq müsbət tərəfləri ola bilər. Çünki böyük şirkətlərdə müxtəlif sahələrdə karyera pilləsində irəliləmək artıq işçinin öz əlində olur. Təcrübə qazandıqca peşəkarlıq səviyyəsi də artmalı, müxtəlif sahələrdə inkişafa üstünlük verilməlidir. Dediklərimə əks olaraq, peşəkarlığın artmadığını işçi anladıqda - artıq bu o deməkdir ki, digər şirkətdə və ya sahədə özünü sınamağın vaxtı çatmışdır. Ümumiyyətlə, “Azərcell”də işləmək o demək deyil ki, ancaq sözügedən şirkətin hüdudlarındayıq. “Azərcell”də bir sıra ezamiyyətlər olur. Yəni biz sırf “Azərcell” mühitində inkişaf etmirik. Bizi digər mühitlərə də yönləndirirlər və eyni şirkətdə işləyə-işləyə əlavə biliklər, təcrübə əldə etmək imkanı qazanırıq.
- Aygün xanım, 16 il ərzində “Azərcell”də haradan hara kimi gəlmisiniz?
- “Azərcell”də ilk işim Müştərilərlə Əlaqələr departamentinin Telefon Mərkəzində təmsilçi vəzifəsi oldu. Bir il sonra xüsusi əhəmiyyətli müştərilərə xidmət verən qrup yaradıldı və həmin qrupun ilk 4 təmsilçisindən biri mən idim. Daha bir il sonra həmin qrupun rəhbəri vəzifəsinə təyin edildim. 2001-ci ildə Xüsusi Xidmətlər qrupunun rəhbəri, 2006-cı ildə isə Interaktiv Ünsiyyət və Keyfiyyət qrupunun rəhbəri vəzifəsinə təyin edildim. 2007-ci ildən etibarən Keyfiyyət bölümündə işləyirəm - təmsilçi, mütəxəssis, aparıcı mütəxəssis kimi. Hazırda isə ekspert vəzifəsində çalışıram. Bundan başqa, əlavə olaraq bir neçə layihədə də iştirak edirəm. Müştərilərlə Əlaqələr departamentinin Keyfiyyət bölümünün eksperti kimi işim çoxşaxəli və maraqlıdır. Keyfiyyətin idarə olunması sahəsində İSO 9001:2008 və İSO 10002:2004 beynəlxalq standartlarına uyğunluq sertifikatının alınması üçün şirkətimizdə işlərə rəhbərlik etmişəm. Bu beynəlxalq standartların tələblərindən biri də müvafiq iş sahəsi ilə bağlı əlaqəli keyfiyyət sistem sənədlərinin olmasıdır. Bu növ keyfiyyət sistem sənədlərinin hazırlanması və yenilənməsi departamentimizdə mənim tərəfimdən həyata keçirilir. Prosesin səviyyəsini dəyərləndirmək üçün müntəzəm olaraq auditlər keçirilir və bu növ auditlərdə iştirak edirəm.
- General olmaq istəməyən əsgər yaxşı əsgər deyil kimi fikir var. “Azercell”də hədəfiniz, hansı vəzifədə çalışmaq istərdiniz?

- İnkişafımı “Azercell”də funksional mütəxəssis sahəsində görürəm. Eyni zamanda müxtəlif sahələrdə öz bilik və bacarıqlarımı artırmağa üstünlük verirəm.
- Bəs “Azərcell”dən kənarda özünüzü harada görürsünüz?
- Özümü və inkişafımı “Azərcell”də görürəm. Gələcəkdə şəxsi müəssisəmi açmaq fikrindəyəm. Eyni zamanda, yaxın 2 il ərzində şahmat üzrə beynəlxalq usta adını almaq niyyətindəyəm. Şəxsi həyatıma gəldikdə, gələcəkdə övladlığa uşaq götürməyi planlaşdırıram.
- Şahmat üzrə beynəlxalq usta olmaq fikrində olduğunuzu dediniz. Ümumiyyətlə, sözügedən sahədə hansı uğurlara imza atmısınız?
- Şahmat üzrə qadınlar arasında FİDE (beynəlxalq şahmat federasiyası) ustasıyam, beynəlxalq reytinqim 2170-dir. 5 yaşımdan şahmat oynamağa, 7 yaşımda Bakıda şahmat məktəblərinin birinə şahmat üzrə təhsil almağa başladım və elə həmin ildə 4-cü dərəcə normasını doldurdum. 11 yaşımda 1-ci dərəcə, 13 yaşımda isə ustalığa namizəd normasını doldurdum. 20 yaşımda FİDE ustası tələblərini yerinə yetirdim. Şahmat üzrə bir çox çempionatların qalibi və mükafatçılarından olmuşam. Məsələn, iki dəfə qızlar arasında Respublika çempionatının, Daşkənd payızı turnirinin, Sürətli şahmat üzrə Bakı çempionatının qalibi olmuşam, Sankt-Peterburq şəhərində keçirilən “Dostluq Körpüsü” turnirində, Belarusiyada keçirilən şahmat festivalında, Ukraynanın Xarkov şəhərində keçirilən turnirdə 2-ci yeri tutmuşam. Bu siyahını uzatmaq da olar.
- Amma, deyəsən, “Azercell”də işə başlayandan sonra şahmat oyunlarına ara vermisiniz...
- Elədir. “Azərcell”də işə qəbul olunandan sonra təkliflər var idi ki, xaricdə turnirlərd iştirak edim. Amma bu, iş həyatımla uyğun gəlmirdi. Çünki aylarla Azərbaycandan kənarda qalmalı idim. Daha sonra isə ailə həyatlı qurdum və iki övladım var. Azyaşlı uşaqlarla beynəlxalq yarışlara qatılmaq, başqa ölkələrə gedib həftələrlə qalmaq uyğun gəlmədiyinə görə şahmat karyerama ara verdim. Amma yaxın iki ildə beynəlxalq usta dərəcəsini almaq kimi planım var. Əmsalım da kifayət qədərdir. Sadəcə, bir neçə turnirdə yaxşı nəticə göstərmək lazımdır ki, beynəlxalq usta adına layiq görülüm.
- Yəqin övladlarınıza da şahmatı öyrətmisiniz...
- Bəli, qızım oynayır. Səkkiz yaşı var və 3-cü dərəcəli şahmatçıdır. Oğlum da şahmat oynamağa yenicə başlayıb. Ümumiyyətlə, bizim nəslimizdə bir çox şahmatçı olub. Qardaşım Fərid Abbasov hazırda beynəlxalq qrasmeyssterdi. Yay tətilllərində uşaqlar kuklayla, oyuncaqla oynayanda, biz 5 yaşımızdan şahmat oynamağa başlamışıq. Dayımla, babamla həmişə şahmat oynayardıq.
- Şahmat oynamaq insanda hansı xüsusiyyətləri formalaşdırır, ümumiyyətlə, xeyri nədir?
- Aktiv həyat çox yaxşıdır, ancaq beyinin inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Şahmat elə bir sehrli dünyadır ki, onu sehrinə valeh olursan. Bu ağlı-qaralı 64 xanalıq bir oyun həyatın qanunları ilə həmahəng olduğunu sübut edir. Məncə, şahmat sadəcə intellektual oyun deyil, o özü bir fəlsəfədir. Şahmatın insana verdiyi həyat dərsləri çoxdur. İlkin olaraq düşünməyi, strateji planlamanı, uduşun sevincini və məğlubiyyətin açısını yaşamağı öyrədir. Fikrimcə, məhz bu səbəbdən də şahmat orta məktəblərin dərs çədvəlinə daxil edilib. Oyunun nəzəriyyəsini bilmək vacibdir, lakin bu nəzəriyyəni hər kəs özü oyun zamanı sınaqdan keçirir. Şahmat rəqibin yerinə düşünməyi, onun imkanlarının dəyərləndirilməsinin vacib olduğunu təsdiq edir. Həyat amansızdır, bir səhv gediş ilə üstünlük əldən verilə bilər. Lakin bu oyun sonuna kimi mübarəzə aparmağı, hədəfə çatmaq üçün var olan vasitələrdən istifadə etməyi öyrədir. Həmçinin, şahmat insana özünə inanmağın vacib ünsür olduğuna inandırır.
- İki övladınız olduğu halda, övladlığa uşaq götürmək istədiyinizi bildirdiniz. Bu, hansı tələbatdan irəli gəlir?
- Düşünürəm ki, hər bir insan cəmiyyətə fayda verməlidir. İnsan elə bir işlə məşğul olmalıdır ki, cəmiyyətə müsbət emosiyalar gətirsin, cəmiyyətdə müsbət işlər görsün. Kimsəsiz uşaqlara tez-tez baş çəkirəm və onları yoxlayıram. Bilirəm ki, onların ailəyə çox ehtiyacı var. Əgər mənim imkanım onlara ailə bəxş etməyə yetirsə, niyə də bu ehtiyacı qarşılamayım?
- Heç olurmu ki, işdən bezəsiniz?
- Mən heç vaxt işdən bezmirəm. Çünki bizdə iş o qədər maraqlıdır ki, daim dəyişikliklər olur, ən yeni texnologiyalarla uişləməli oluruq. Adamın darıxmaq üçün boş vaxtı olmur.
- Ailə ilə işi bir yerdə aparmaq qadın üçün çətin deyil ki?
- Xeyr. Mən işləmək imkanı ola-ola işləməyən qadınlara təəccüb edirəm. Çünki adam bir mühitdə olanda o mühitdən yorulur. Buna görə də sevdiyin işə və eyni zamanda, ailənə vaxt ayırmaqdan həzz alırsan. Təbii ki, çətinlikləri də olur, amma aldığın zövq bu çətinlikləri üstələyir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər