• cümə, 29 Mart, 04:51
  • Baku Bakı 7°C

Heç vaxt dünyanı vecimə almadan yaşaya bilmədim

12.12.16 14:47 4510
Heç vaxt dünyanı vecimə almadan yaşaya bilmədim
Sezare Pavese italyan şair, ədəbi tənqidçi və tərcüməçidir. Əslində, onun qarışıq, xaotik xarakterinə bu qədər az təqdimatı çox da uyğun deyil. Lakin Pavese siyasi baxımdan da olduqca aktiv insan olsa da, əsla başqa sahənin adamı kimi tanınmaqda maraqlı olmayıb. 1908-ci ildə Kuneo əyalətinin, Santo Stefano adlanan ərazisində anadan olub. İtaliyada müharibə və böhran illərində sürgünə və həbsə məruz qalması psixoloji vəziyyəti olduqca həssas olan yazarı daha da məyuslaşdırır. Dünya ədəbiyyatında saysız-hesabsız ədəbi nümunənin müəllifi olan məşhur yazar ateist olduğunu iddia etsə də, ədəbi araşdırmaçı Molinari onun bütün əsərlərinin alt qatında bir Tanrı axtarışı olduğu qənaətindədir. Pavese 1950-ci ildə intihar edib. İtalyanların nəzərində onun intiharı əsərlərinin və bütün həyatının məqsədə çatması olub. Müəllifin "Yaşamaq işi” ("The business of living”) əsərindən bir hissəni təqdim edirik:
Mənim yerimdə, vəziyyətimdə olan istənilən insan üçün vicdanı ilə hesablaşmaq, keçmiş ilə sorğu-sual aparmaqdan başqa bir məşğuliyyət olmaz. Bir adamın başına gələn bütün hadisələrin səbəbi keçmişindən canına, ruhuna yapışıb qalmış vərdişləridirsə, ömrün sonuna az qalmış bu vərdişlərdən qurtulmaq cəhdində bir məna görmürəm. Bir sözlə, layiq olduğum aqibətdir bu. Belə bir aqibətə layiq görülmək üçün insan səfeh olmalıdır və görünür, mən də səfehəm. Hər şeydən əvvəl məsuliyyətsizlik. Vicdanımla məsləhətləşərək, nəyi necə etməli olduğum haqqında dərindən, ağıllı başla düşünmüşəmmi nə vaxtsa? Yox, hər zaman duyğularıma, zövqlərimə uyğun davranmağı seçdim. Heç şübhəsiz, belə davranmışam. Qadınlara düşmən kəsildiyim dönəmlərdə də (1930-1934) davranışlarım, çıxışlarım bu cür müştəbehlikdən qaynaqlanırdı. İnsanlarla səmimi, uzunömürlü münasibətlər qurmaqdan qorxurdum, qaçırdım, bu mənə bir üstünlük oyunu kimi gəlirdi, açığı zövq alırdım.
Bu münasibətin nə qədər qeyri-səmimi, etibarsız olduğu çox çəkmədi ki, ortaya çıxdı. Görəsən, heç olmasa sənətim, yazdıqlarım, yaradıcılığım bu qeyri-səmimilikdən, bu zövq düşkünü bir müəllifə aid olmağın utancından kənarda qala bilibmi? Bəzən ürəyim yazmaq üçün alovlanırdı, özümü bir arzuya, bir həvəsə həsr edib günlərlə, aylarla yorulmadan işləyirdim. Amma o günlərdə belə qorxurdum – bir şeyə bağlanmaqdan, bu yazı da olsa, yaradıcılıq da olsa, qorxurdum. Heç vaxt düz-əməlli işləmədim, əslində, əlim heç nəyə yatmırdı sanki. Heç vaxt hansı işə meylli olduğunu, nəyə bacarığım çatdığını anlamadım. Amma bu dünyanın insanlarından məni fərqləndirən bir əskiyim də var. Mən heç vaxt dünyanı vecinə almadan, onu görməzdən gələrək yaşayan, həyatdan zövq ala bilən insan ola bilmədim. Məndə o ürəklilik yoxdur. Hər zaman yüksək əxlaqi hisslərə, dəyərlərə sahib insan hesab etdim özümü. Nə zaman insanların qayğısız, xoşbəxt anlar dediyi anlar keçirməyə çalışsam, beynimin bir yerində ilişib qalmış, keçmişə aid sualları qurdalayıb, bu anların arxasında qalan həyatları sorğulayıram. Şübhələrin axışına verdim özümü. Bir zamanlar məni dahi olduğuma inandırmış estetik dəyərlərin yaratdığı, hətta dörd yanımdan ucaltdığı mənəvi məsuliyyətin dərinliyi qorxusundan qidalanan qeyri-səmimi rahatlığa özümü yenidən öyrəşdirmək istəmirəm. Hərçənd əvvəlki vəziyyətin təsirindən də çıxmamışam hələ ki. Mənəvi baxımdan bu tip çöküntülərə məruz qalanda daha çox qorxuram, mənə elə gəlir ki, bu tip üzüaşağı yuvarlanmalar özü ilə birgə maddi uğursuzluqları da gətirir. Məsələn, indilərdə ayaqqabılarımın altı deşikdir. Hər halda bu, vəziyyəti aydınlaşdırar.
Ancaq belə hadisələrlə içimdəki intihara meyilli qəhrəmana aydınlıq gətirə bilirəm Nə zaman çətinliklə, ya da məni mənən incidən və çıxışı yolu olmayan bir hadisə ilə qarşılaşsam, ağlıma gələn ilk şey intihar etmək olur. Hər zaman intiharı çıxış yolu kimi görməyə meylli olduğumu etiraf edirəm. Məni qorxudan da budur: əsas meylim intihardır. Reallaşdıra bilmədiyim və heç vaxt reallaşdıra bilməyəcəyim, amma düşüncəsi belə əsəblərimi, ruhumu dincəldən, oxşayan İNTİHAR!
İşin ən qorxulu tərəfi isə odur ki, şüurlu şəkildə görürəm, başa düşürəm ki, indi bu vəziyyəti düzəltmək üçün əlimdən heç nə gəlmir. Nə etsəm, faydası olmayacaq. Çünki əvvəllər də özümü yenə belə situasiyada tapmışam dönə-dönə və heç birində işəyarayan bir çıxış yolu olmayıb. Və yenə eyni yerdəyəm və durmadan intiharı düşünürəm. Və yenə də bu addımı atacaq gücü, cəsarəti hiss etmirəm özümdə. Tamamilə əmin olduğum bircə budur. Bununla yanaşı, bu halda sadəcə nəyəsə və ya kiməsə olduqca dərin duyğularla bağlı olmağın insan üçün bir qurtuluş, xilas yolu olduğu qənaətindəyəm. Bütün qeyri-dəqiqliyimə, qərarsızlığıma, məsuliyyətsizliyimə baxmayaraq, o adam sadəcə özünü sonsuz və təmənnasız şəkildə özünü mənə həsr etməklə, məni nizam-intizama salmağın, özümü cəmiyyətdən insanlardan əsirgəməməyi öyrətməyin yolunu bilirdi. Bunun sadəcə Pierinoya xas xüsusiyyət olduğunu düşünmürəm. Çünki onun özünü mənə həsr etməyi mənə yeni imtahanlara hazırlaşmaq kimi duyğu aşılayır, məni gözləyən sınaqların gözümdə daha da dəqiqləşməsini təmin edir. Əgər öz başıma qalsam, ən yüngül sınaqdan belə keçə bilməyəcəyim, ilk tramplində büdrəyəcəyim illər ərzində yaşanmış saysız-hesabsız təcrübələrlə sabitliyini sübut edib. Yalnız Pierino kimi biri ilə cismani və ruhi birgəlik, tale yoldaşlığı yaratmaqla nəsə uğur qazana bilərdim. Tamamilə əmin olduğum bir digər şey də budur. Əgər belə bir adam olmasaydı, öz qorxularım, şübhələrim böyürlərimdən sancılan mahmız olacaqdı.
Amma o bunun əvəzinə neylədi! Bəlkə heç nə elədiyini özü də bilmir, ya da bilir sadəcə eyninə almır. Əslində, bu ona görə olduqca təbiidir, onunçün yaşadığı keçmişdə də, xəyalını qurduğu gələcəkdə də o özüdür. Mənim kimi ikiləşmir, üçləşmir, çoxalmır.
Amma bir dəfə elədi bunu. Mən bir məhəbbət, könül bağı qurdum və bu münasibətin sonunda lüzumsuz ittihamlara məruz qaldım. Bu münasibəti davam etdirməyə layiq olmadığıma qərar verildi. Bu elə bir uğursuzluq ki, mənim nəzərimdə... Sizə məlum olan o "aşiqin iztirabları, gündüzsüz gecələri”, ya da olduqca nüfuzlu bir adamın cəmi bir anın içində "bütün etibarını itirmə”si bu duyğunun yanında olduqca cüzi, xırda, əhəmiyyətsizdir.
Bu uğursuzluq duyğusu ilə əlbəyaxa olduğum azmış kimi 1934-cü ildə heç vaxt laqeyd qalmadığım dünyanın da problemləri, üsyanları başladı, nizamı pozuldu. Bütün bu qarışıqlığın içində mənim əlimdən gələnlər bir səfehin, əbləhin edə biləcəklərindən artıq deyildi. Nə edə bilərdim ki? Mən ömrüm boyu təkbaşına nə edə bilmişdim ki?
Nə qədər zərif don geyindirirəmsə, olmur. Sözün əsl mənasında bir səfeh, saf, əfəl, yaramazam mən. Necə yaşayacağını bilməyən, özünü həddindən artıq etik görsə də, əslində, əxlaqi yetkinliyə çatmamış, adamların sırasına qatıla bildiyi üçün özünü adam hesab edən, intihar fikrindən kömək gözləyən, intiharı düşünməkdən bir addım irəli ata bilməyən və əsla xəyalını qurduğu günləri yaşaya bilməyəcək biriyəm.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər