• çərşənbə axşamı, 23 aprel, 18:56
  • Baku Bakı 20°C

Heç vaxt dirilməyəcək İctimai Palata

08.07.15 10:56 1223
Heç vaxt dirilməyəcək İctimai Palata
Azərbaycanda keçirilən hər seçki öncəsi müxalifət partiyalarının müxtəlif birlik və bloklar təsis etməsi, birgə seçkiyə getməsi dəfələrlə müşahidə olunan hadisədir. Bu günə qədər müxalif partiyalar Demokratik Konqres (Demkonqres), Demokratiya Uğrunda Hərəkat (DUH), Demokratiya Uğrunda Böyük Birlik (DUBB), Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH), Birləşmiş Müxalifət Hərəkatı (BMH), “Bizim Azərbaycan”, “Azadlıq”, AXCP-Müsavat seçki blokları, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı (QRUVH) kimi təsisatlarda bir araya gəliblər. Lakin müxalif düşərgənin birləşərək seçkiyə getməsi belə, onlara uğur gətirməyib. Azərbaycan xalqı sosial bazası olmayan müxalifətin seçki öncəsi verdiyi bəyanatlara, vədlərə aldanmayıb, onlara səs verməyib, etimad göstərməyib. Bunun nəticəsində də müxalifət hər dəfə seçkidə məğlubiyyətin acısını yaşayıb. Bu yaşantılardan sonra isə müttəfiqlər günahı bir-birərinin üstünə ataraq, bəh-bəhlə yaratdıqları qurumları elə özləri də parçalayıblar. Sadalanan qurumların əksəriyyətində təmsil olunan Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat (MP) partiyaları arasında baş verənlər isə daha dramatik xarakter alıb.
Seçkilərdən əvvəl bir-birinin əlini sıxan, gülümsəyərək ictimaiyyətə “birlik-bərabərlik” bəyanatları verən liderlər seçki sonrası bir-birinin ünvanına qarşılıqlı ittihamlar, ən kəskin təhqiramiz ifadələr işlədərək düşmənlərə çevriliblər. Eyni mənzərə seçkilər dövründə dəfələrlə təkrarlanıb. 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdən sonra məğlub olmuş bir qrup siyasətçi və müstəqil namizədlər, xüsusən də Vətəndaş Həmrəyliyi (VHP), Xalq (AXP), Milli İstiqlal (AMİP), MP, AXCP tərəfindən yaradılan İctimai Palatanın (İP) fəaliyyətinin dayandırılmasında da “mehriban düşmənlər”in böyük rolu olub. 2013-cü ilin prezident seçkiləri öncəsi Rusiya layihəsi kimi tanınan Milli Şura (MŞ) yaradılandan sonra AXCP İP-ni tərk edib. Həmin vaxt İP-nin dönəm sədri olan Müsavat başqanı İsa Qəmbər qurumun Koordinasiya Şurasının (KŞ) toplantısını çağırıb. Qısa müzakirələrdən sonra toplantıda İP-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub. Beləliklə də müxalifətin daha bir təsisatı uğursuz layihə kimi tarixə qovuşub. Lakin bu günlərdə AMİP sədri Yusif Bağırzadə təmsil olunduğu partiyanın İP-də fəaliyyətini bərpa edəcəyi barədə fikirlər səsləndirməklə, arxivə gömülən qurumun yenidən bərpası olunması barədə rəy formalaşdırıb.
Ancaq AMİP sədrinin açıqlaması, bundan irəli gələrək də İP-nin “dirilməsi” məsələsinin ortaya atılması vaxtilə bu qurumda təmsil olunanlar tərəfindən birmənalı qarşılanmayıb. AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında Y.Bağırzadənin səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib ki, İP artıq tarixdir. Qeyd edib ki, tarixə çevrilmiş İP-nin yenidən necə bərpa ediləcəyi barədə onda təsəvvürlər belə yoxdur.
MP Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mövzu ilə bağlı “Kaspi”yə açıqlamasında bildirib ki, siyasətdə mümkün olmayan şey yoxdur. Bununla belə, o, söylənilənlərin mümkünlük dərəcəsindən də çox şeyin asılı olduğunu qeyd edib. G.Aslanlı MP-də İP-nin bərpa edilməsi barədə müzakirələrin keçirilmədiyini, ümumiyyətlə, bu mövzunun müzakirəyə çıxarılması barədə təkliflərin olmadığını söyləyib: “Bu kimi səbəblərdən İctimai Palatanın bərpası barədə Müsavat Partiyasının hansı mövqedə olduğunu söyləmək qeyri-mümkündür. Məsələ ilə bağlı şəxsi mövqeyimə gəldikdə isə, düşünürəm ki, İctimai Palata artıq keçmiş mərhələdir. Onun reallaşdırılması, yenidən bərpa olunması çətin görünür. Bundan başqa, İctimai Palatada təmsil olunan qüvvələrin yenidən bir yerdə olması bu günün reallıqlarında o qədər də asan deyil. Söhbət AXCP ilə Müsavatın yenidən İctimai Palatada bir yerdə olmasından gedir. Biz AXCP ilə münasibətlərin müttəfiqlik sazişi üzərində qurulması istiqamətində işlər görməyə çalışırıq. Lakin hələlik bu istiqamətdə uğurlu nəticə görünmür”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli İP-nin bərpası barədə müraciətlər olacağı təqdirdə bu məsələnin partiya daxilində müzakirə ediləcəyini, yalnız bundan sonra müvafiq qərar qəbul ediləcəyini söyləyib. Bununla belə, o, indiki şəraitdə müxalifətin koordinasiya mərkəzi kimi Milli Şuranın ən ideal variant olduğunu dilə gətirib: “Milli Şurada ölkənin aparıcı ictimai-siyasi təşkilatları təmsil olunurlar. Buna alternativ, onun funksiyasını bu və ya digər formada mənimsəyən, yaxud reallaşdırmağa cəhd edən qurumların yaranmasına ehtiyac görmürəm”.
Söylənilənlərdən də göründüyü kimi, 2010-cu ildə müxalif qüvvələrin, parlament seçkilərində uduzaraq məğlub olanların, lakin acı reallıqla barışmaq istəməyənlərin yaratdığı İP artıq tarixin arxivinə qovuşub, ölmüş quruma çevrilib. İndiki situasiyada onun yenidən bərpası qeyri-mümkündür. Bunun bir səbəbi vaxtilə İP-də müttəfiqlik görüntüsü yaradanların pərən-pərən düşməsi, bir-birinə qarşı barışmaz mövqe nümayiş etdirməsidirsə, digər mühüm səbəb ölünün dirilmə ehtimalının sıfıra bərabər olmasıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər