Heç kimlə dost olmurdum ki, onlar da məni atıb gedərlər... - Fotolar
"Yaşadıqlarım
mənə həyatın uzunluğuna görə yox, mənasına görə ölçüldüyünü öyrətdi. Elə yaşamalısan
ki, geriyə dönüb baxa biləsən. Mən əvvəlki həyatla başımı arxaya çevirə
bilmirdim. Buna görə dəyişməli idim. İndiyə qədər 100-150 seminara qatıldım, kitablar
oxudum. Həyatı dərk etməyə başladım. Dərk etdikcə də yolum açılırdı. Anladım
ki, bu həyat mənimdir, mənim əvəzimə heç kim yaşamayacaq. Öz qaydalarımı özüm
qoymalı, gələcəyə müsbət baxmalı, həyatımı dəyərli etməliyəm”.
Bu
sözləri bizimlə söhbətində 2 yaşından valideynləri tərəfindən tərk edilərək
dövlətin himayəsinə verilən Seymur Kazımlı dedi. Seymur uzun müddət davam edən
əziyyətlərdən, işgəncələrdən sonra 24 yaşında cəsarətini toplayıb bütün
həyatını dəyişib. Tək məqsədi "bacı-qardaşlarım” adlandırdığı, uşaq evində yaşayan
digər uşaqları da cəmiyyətə adaptasiya etmək və həyatlarını dəyişməkdir.
Deyirlər
ki, körpəlikdən tərk edilən uşaqlar dünyadan xəbərsiz böyüyür, taleyi ilə tez
barışırlar. Ailəsini tanıyandan sonra tərk edilən uşaqlar isə gecələr ağlamadan
yuxuya getməzlər. Çünki hər uşağın isinmək istədiyi tək yer "soyuq” yataq deyil.
İsti ana qucağı, ata nəvazişi hər bir uşağın ən böyük haqqıdır...
Seymurun
həyat hekayəsinə nəzər salaq...
"Gözüm darvazada qaldı”
Müsahibimiz
həyata 0:1 məğlub başlayıb. 1992-ci ildə Lənkəranda anadan olub. 2 yaşından
Lənkəran şəhər 5 saylı uşaq evinə yerləşdirilib: "2 yaşındakı uşağın
xatırlaması çox çətindir. Amma o səhnələr gözümün önündən getmir, yuxularımda
yaşayır. Atam anama dedi ki, uşaqları apar uşaq evinə. 6 qardaş, 2 bacı idik.
Bir qardaşımdan başqa hamımız uşaq evində olmuşuq. Səhər tezdən anam qardaşımla
məni uşaq evinə gətirəndə direktor bizi qarşıladı. Nazilə müəllimə (direktor)
mənim üçün həm ana, həm də gözümdə düşmən idi. Anama dedi ki, yenə iki uşaq
gətirmisən? Anam: "Atası göndərib, gətirmişəm... Baxa bilmirik...” – dedi.
Anadan
ayrılmaq çətindir. Onu ancaq yaşayanlar bilər. Çox ağladıq. Xeyri olmadı... Atam
içki alüdəçisi olduğu üçün öz həyatını idarə edə bilməyib. Anama deyib ki, apar
uşaqları qoy, böyüyəndə götürərik. Bizə dedilər ki, ananız mağazaya gedib,
gələcək. Amma anam qayıtmadı... O, məktəbdən çıxana qədər gözüm darvazada
qalmışdı. Ayaqyolunun barmaqlıqlı pəncərəsindən məktəbin qapısı görünürdü.
Unitazın üstünə taxta qoyurdum, həmin darvazaya hər gün baxırdım ki, kimsə
gələcək. Amma gələn olmadı...”
"Cavabsız suallarla ağlayıb yenə yatırdıq”
Seymur
deyir ki, valideynləri onun uşaqlığını, gəncliyini alıb apardılar: "Həddindən
artıq çox əziyyət çəkdik. Nə uşaqlığımızı, nə də gəncliyimizi yaşaya bildik.
Hər yaşın öz gözəlliyi var. Biz o gözəllikləri görmədik. Davranış, aclıq,
uşaqların hüquqlarının pozulması, döyülmək... dəhşət idi. Bir dəfə acmışdım,
yeməkxanadan çörək götürmək istədim. Çörəyi icazəsiz götürdüyümə görə məni həm
müəllimlərim, həm də direktor döydülər. O qədər döyülürdük ki, döyülməyə normal
baxırdıq. Döyülmək həyat tərzimiz idi. İncimirdik...”
İllər
sonra Seymurun atası uşaqlarını görməyə gəlib. Lakin uzun müddət gözlənilən bu
görüş də baş tutmayıb: "Həmin vaxt çimirdik. İçəridə dedilər ki, "Seymur, atan
gəlib”. Sevindiyimdən alt paltarında çölə qaçdım. Müəllimə darvazada əlimdən
tutdu ki, "atanın yanına olmaz”. Dedim niyə? Dedi atan içkili vəziyyətdə gəlib,
buna icazə yoxdur. Mən uşaq idim. İçkili nə deməkdir, bilmirdim. Bizi elə
böyüdürdülər ki, 5-ci sinfə qədər pulun nə olduğunu bilmirdik. Hətta bir dəfə
əmim gəlmişdi. Mənim və qardaşımın cibinə bir az pul qoydu ki, ürəyiniz
istəyəni alarsınız. Əmimə dedim ki, bilmirəm bu nə qədərdir, pul nədir, necə
xərclənir? Nə alacaqsansa, özün al. Bəzən bacı-qardaşımızla oturub söhbət
edirdik ki, nə üçün valideynlərimiz bizi görməyə gəlmirlər. Cavabsız suallarla
ağlayıb yenə yatırdıq”.
"Hiss etmirdik ki, rəhmətə gedib...”
Həmsöhbətimizə
görə, həyatda hər şeyin çarəsi var, iki şeydən başqa: "İstəmədiyimiz həyatı
yaşayırdıq. Həyatda hər şeyə nail olmaq olar, hər şeyin çarəsi var. Amma iki
şeyi seçə bilmirsən – ata və ananı.Valideyn uşağı uşaq evinin qarşısına qoyanda
düşünməlidir ki, onun həm gələcəyini əlindən alır, həm də uşaqlığını. Düzdür,
evimizdə qalsaydıq da çətinlik görəcəkdik, amma valideynlərinin yanında
olduğunu bilmək hər şeyə dəyər. İllər keçirdi, gözüm qapıdan çəkilmir, ümidim
qırılmırdı. Bir dəfə balaca qardaşımla qapıya baxırdıq, böyük qardaşım gəlib
dedi ki, gözləməyin, gəlməyəcəklər. Amma buna inanmaq istəmirdik. Başqa
valideynlər gələndə qabağına qaçırdıq ki, mənim ata-anamı görməmisən?”
Döyülməyin
adi bir şey olduğunu deyən Seymur yaddaşından silinməyən xatirələrini də
bizimlə bölüşdü: "Bizi döyən direktora "Nazilə ana” deyirdik. Bir dəfə qonşunun
həyətindən internatın həyətinə nar ağacı sallanmışdı. 1-ci sinifdə oxuyurdum.
Qardaşıma dedim ki, gedək, nar dərək. O nara görə ikimizi də döydülər. Və
işgəncə otağına saldılar. O otağa girən uşağa 3 gün ancaq çörək və su
verirdilər. Taxtanın üstündə yatırdırdılar. Müəllim dərs verirdi. Əgər
tapşırığı tam yerinə yetirə bilmədinsə, axşam yeməyini yemirdin. Belə böyümək
də, yaşamaq da istəmirdik. Gözümüzü ac böyütdülər. 4-cü sinifdə əmim atamız
rəhmətə getdiyinə görə bizi yasa apardı. Bizim üçün gecəyə qədər icazə aldı. Çadır
qurulmuşdu, anam ağlayırdı. Biz yasa girəndə, ağlımıza birinci stolun üstündəki
yeməklər gəldi. Hamı da bizə baxırdı. Biz ata nədir, bilmirdik. Hiss etmirdik
ki, rəhmətə gedib...”
"Böyüdüm, başa düşə bilmədim...”
Seymur
niyə döyüldüyünü soruşmaq üçün məktəbi bitirəndən sonra "Nazilə ana”nı axtarıb:
"Məzun olandan sonra direktorumu axtarmağa başladım. Nazilə müəllimənin
qapısına gəldim. Qapını açdı, məni görəndə kövrəldi. Məndən halallıq istədi. Dilimdə
halallıq verdim, amma ürəyimdə verə bilmədim. Birinci sinif uşağının başına
kisə keçirib döyməyə haqq qazandırmaq olmaz. Buna halallıq düşmür. Balaca
uşağın dustaq otağına girməyi dəhşətdir. Orada olanda qardaşım meyvə oğurlayıb
gətirirdi ki, sən yemək yeməmisən, acsan. Meyvəyə baxanda görürdüm ki, yarısını
yeyib, yarısını da mənə verir. O günlər necə yadımdan çıxa bilər?”
Seymurun
internatı bitirən qardaşları və anası Lənkərandan Bakıya köçdüyü üçün əmisi
onları da məktəbdən çıxarıb Bakıya gətirib: "Anamı görəndə elə qucaqladım ki,
qardaşım da sevincindən məni qucaqladı. 15 dəqiqə bir-birimizə sarılı qaldıq.
Sanki gördüyüm işgəncələr, ac qaldığım günlər, asılı olduğum vaxtlar 10
dəqiqəlik itdi. Lakin anam yenə bizi istəmədi. Səhəri anam mənimlə qardaşımı
Bakı şəhərindəki 10 saylı internat məktəbinə qoydu. Ayrılanda eyni hissləri
yenə yaşadıq. Onda ayrılmağı həzm edə bilmədim, ürəyim getdi. Bir tərəfdən
müəllimlər yapışıb, bir tərəfdən anamın əlini buraxmıram. Belə bir dəhşətli
ayrılığı yaşadıq. Amma Bakı məktəbində bizə elə gözəl baxırdılar ki, o biri ilə
müqayisədə cənnət idi. Çox yaxşı münasibət göstərirdilər. Əvvəlki məktəbdəki
vərdişlər beynimdə qalmışdı. Bu məktəbdə də valideynlər həftənin axırı
uşaqlarını götürüb aparırdılar. Bir il yanımıza heç kim gəlmədi. Sonra iki
qardaşımı da gətirib yanımıza qoydular. Biz həyatın gözəlliklərini yavaş-yavaş
görməyə başladıq. Müəllim bizə tapşırıq verirdi, sonra yeməyə gedirdik. Mən bir
saata bütün dərslərimi cəld edirdim ki, birdən mənə axşam yemək verməzlər. Heç
kimlə dost olmurdum ki, birdən onlar da məni atıb gedərlər. İtirməkdən
qorxurdum. Hər şeyi başa düşürdüm. Həyat məni böyütmüşdü. Amma bircə valideynin
övladını görmək istəməməsini başa düşə bilmədim... Bakı internat məktəbindəki
müəllimlərlə ünsiyyətdən sonra həyatda nəsə qazanacağıma ümidim artırdı.
Düşünürdüm ki, bəlkə elə mən lazımlı adamam. Çünki müəllimlər bizə stimul
verirdilər. Lakin anama verdiyim suallar yenə də cavabsız qalırdı. Böyük
qardaşım demişdi ki, böyüyərsən, hər şeyi başa düşərsən. 24 yaşım var, hələ də
başa düşə bilmirəm...”
"Valideynlərimin mirası utanmaq hissidir”
İnternatdan
sonra Bakı Peşə Liseyinə daxil olan Seymur cəmiyyətə doğru ilk addımını atır: "Həyatımda
ilk dəfə idi ki, hansısa atalı-analı uşaqla bir yerdə otururdum. Çox qorxurdum.
Qorxurdum ki, alışa bilmərəm. Utanırdım. Birinci gündən sərhədlərimi müəyyənləşdirdim.
Müəllimlər, uşaqlar və bizim uşaqlarımızın arasında hasar çəkirdim. Qəbul edə
bilmirdim. Onların deyib-güldüklərinə biz gülmürdük. Bizim təbəssümümüzü valideynlərimiz
içimizdə boğmuşdu. Hər zəngdə qızlarla oğlanlar bufetdə yeməyə gedirdilər, bizim
pulumuz yox idi. Müəllim danışırdı, hamının diqqəti onda olurdu, biz
bir-birimizə baxırdıq ki, digər uşaqlar danışıblar ki, hərə iki manat götürsün,
çayxanada oturacağıq. Bizim cibimizdə 20 qəpik yolpulu olurdu.
Bir dəfə
müəllim bizə bəzi ləvazimatları almağı tapşırdı. Əlimi qaldırdım deyəm ki, bizim
uşaqlar sabah gətirə bilməz. Müəllim sözümü ağzımda qoydu, dedi otur... sizi
başa düşürəm, narahat olmayın. Atalı-analı uşaqlardan biri dedi ki, onların
anaları onları qızıldan doğub ki, onları başa düşürsünüz? Çöldə həmin oğlandan
soruşdum ki, nə üçün bizə qarşı belə hərəkət edirsiniz? Mənə dedi ki, gör siz
necə insanlarsınız ki, sizdən ata-ananız üz döndərib, siz uşaq evində
böyümüsünüz. Mən dondum, yerimdəcə qaldım. Bütün uşaq evində yaşadıqlarım,
anadan ayrılmağım gözümün qabağına gəldi. Mən dünyaya uşaq gətirsəm, küçədən
butulka yığıb onu saxlayaram, amma kiməsə həvalə etmərəm. Amma bu gün mənə
valideynlərim deyə bilməz ki, sənin əziyyətini mən çəkmişəm. Valideynlərimin
mənə miras qoyduğu utanmaq hissi ilə hələ də yaşayıram”.
"Cəsarətli olmaq lazımdır”
Sonra
usta yanında sənət – gül yığmağı, maşın bəzəməyi öyrəndim. İki il pulsuz
getdim, amma hər xırdalığına qədər öyrəndim. Böyük qardaşım ailə qurmuşdu.
Bütün kiçiklər onun yanında qalırdı. İşlədim, pul yığdım, ayrıca ev tutub bütün
qardaşlarımı himayəmdə saxladım. Səhər-axşam işləyirdim ki, qardaşlarımın
problemi olmasın. Artıq qəbul etmişdim ki, taleyimizdən qaça bilmərik. Çörəyim
güldən çıxırdı. Bir dəfə eşitdim ki, internat məzunlarının sosial inteqrasiyası
adlı bir təşkilat var. Oranın sədri Araz Əhmədov bütün həyatımı dəyişdi.
Psixologiya təlimlərinə yönləndirdi, seminarlarda iştirakımı təmin etdi. Hər
təlim içimdəki yükü azaldırdı və yük azaldıqca qarşımda yol açılırdı.
Komplekslərimin 80 faizini qırdım. Mühitimi dəyişdim, dostlarımı, ətrafımı
dəyişdim, amma internat uşaqlarını dəyişə bilmədim. Onların hamısı mənim bacım,
qardaşımdır. Çünki onlar mənimlə eyni əziyyəti çəkib, eyni taleyi bölüşüblər. Bəzi
uşaqlar var ki, deyir, elə bir travma almışam ki, həyatımı dəyişməyə qorxuram.
Həyatı dəyişməyə cəsarət lazımdır. Mən, mənim taleyimi yaşayan insanlara
göstərmək istəyirəm ki, insan həyatını dəyişə bilər. Çətinliklərdən dərs
çıxarmaq lazımdır. Mən bildiklərimi, gördüklərimi onlarla paylaşıb, onları quyudan
dartıb çıxarmalıyam”.
"Elə yaşamalıyam ki, övladım mənə görə utanmasın”
Seymuru
dövlətin internat uşaqları üçün tikdiyi yataqxanadan bəy kimi çıxarıblar: "Hər
gecə iki saat özüm haqqında fikirləşərdim. Bir dəfə düşündüm ki, əgər mən
ailədə sevgi görməmişəmsə, özüm ailə qurum, o sevgini özüm qazanım. Doğulduğum
ailəyə verə bilmədiyim o sevgimi öz ailəmə verim. Həm sevgi verməyə, həm də
görməyə ehtiyacım var idi. Ailə qurdum. İnternat yataqxanasından bəy kimi
çıxdım. İllərlə acı olduğum sevgini indi ailəmdən alıram. Həyat yoldaşım mənim
hədiyyəmdir. İndi qarşımda bir prinsip var – həyatımı bundan sonra elə
yaşamalıyam ki, övladım bunu hiss etməsin, məndən utanmasın. Ona özüm yaşamadığım,
istədiyim həyatı verməliyəm. Bir də valideynlərə səslənirəm – əgər uşaq
istəmirsinizsə, dünyaya gətirməyin! Əgər dünyaya gətirmisinizsə, onu saxlamağa
borclusunuz!”
Aygün
ƏZİZ