Heç kimin sığortalanmadığı BƏLA   müsahibə

Heç kimin sığortalanmadığı BƏLA müsahibə

Müsahibə
24 Dekabr 2012, 11:50 6214
Mərkəzi Klinikanın onkoloqu Azər Quliyev deyir ki, son illər xərçəng xəstəliyi insanlığın bəlasına çevrilib. Belə ki, artıq insanların hər 5 nəfərindən biri bu xəstəliyə tutulur. Bir neçə il bundan öncə insanlar tərəfindən qeyri-adi qarşılanan bu xəstəlik artıq qrip kimi yayılıb və insanların qorxulu yuxusuna çevrilib. Xərçəng xəstəliyinin yaranması, xərçəngdən sığortalanmağın yollarıyla bağlı suallarımızı Mərkəzi Klinikanın onkoloqu Azər Quliyev cavablandırdı.

Siqaret xərçəngin siqnalıdır

- Azər müəllim, xəstəliyin adı niyə məhz xərçəng obrazı ilə eyniləşdirilib?
- Hüceyrələrin böyümə və yayılma prinsipləri nəzərə alınaraq xəstəliyə xərçəng adı verilib. Xəstəlik inkişaf edərək toxumaları aralayaraq böyüyür. Bu zaman müəyyən qollar yaranır ki bu xərçəngi xatırladır. Bu qollar toxumaları bir-birindən aralayır və nəticədə şiddətli ağrı verir. Yəni xərçəng şəklində hər tərəfə yayılaraq inkişaf edir biz bunu əl ilə yoxladıqda şişi hərəkətə gətirdikdə hiss edirik. Sanki bütöv halda xərçəngi xatırladır.
- Xərçəng xəstəliyinin yaranma səbəbləri nədir? Yaşadığımız mühit buna nə dərəcədə təsir edir?
- Xərçəng xəstəliyinin yaranma səbəbi hələ heç kimə məlum deyil. Amma bəzi alimlər hesab edirlər ki, bu xəstəliyinin yaranmasına səbəb olan müəyyən bakteriyalar var. Onlar düşünürlər ki, Epşteyn Barr virusları leykoz xəstəliyinin, İnsompapilloma virus uşaqlıq boyunu xərçənginin, helikobakteri pilori mədə xərçənginin yaranmasına zəmin yaradır. Hal-hazırda bu viruslara qarşı aparılan vaksinasiya xəstəliyin profilaktikası sayılır. 8 ildə 1 dəfə bu vaksinasiyanı etməklə xəstəliyə yoluxmanın qarşısı alınır. Bundan başqa siqaretin ağciyər xərçənginin yaranmasında böyük rolu var. Bu xərçəng növünə siqaret çəkən şəxslərdə çəkməyənlərlə müqayisədə 20 dəfə çox rast gəlinir. Siqaret yalnız ağciyər xərçəngini deyil bununla yanaşı ağıziçi, qida borusu, mədə, sidik kisəsi və böyrək şişlərinin yaranmasına səbəb olur. Radioaktiv şüalar, günəş şüaları dəri xərçənginin yaranmasına gətirib çıxarır. Əbəs yerə deyil ki, bu xəstəliyə ən çox bağbanlarda, dənizçilərdə, balıqçılarda rast gəlinir. Düz düşən günəş şüasının altında qalmaq dəri xərçəngini yaradır. Göbələklərdə olan bəzi toksinlər var ki, bunlar da müəyyən şişli xəstəliklərin yaranmasına səbəb olur. Amma bəzən elə olur ki, bunların heç biri olmasa da xərçəng öz-özünə inkişaf edir və bu da bütün nəzəriyyələri alt-üst edir.
- Xərçəng daha çox hansı orqanlarda yaranır?
- Bütün orqanlarda xərçəng müşahidə oluna bilər. Amma ən çox yayılan süd vəzisi xərçəngidir ki, buna daha çox qadınlarda rast gəlinir. Bu xərçəngin 99 faizi qadınların, 1 faizi isə kişilərin payına düşür. İkinci ən çox rast gəlinən xərçəng növü ağciyər xərçəngidir ki, buna daha çox kişilərdə rast gəlinir, lakin son vaxtlar qadınlar da siqaretdən istifadə etdiyinə görə onlarda da ağciyər xərçənginin faizi artır. Üçüncü yeri mədə xərçəngi, dördüncü yeri dəri xərçəngi, beşinci yeri qadınlarda uşaqlıq boyunu xərçəngi tutur. Bundan sonrakı yerləri isə prostat vəzi xərçəngi və bağırsaq şişləri alır.
- Ən çox hansı yaş qruplarını xərçəngə tutulma riski var?
- Yaş artdıqca xəstəlik riski də artır. Lakin xərçəngin bəzi növləri var ki, onların pik rast gəlinmə yaşları var. Leykoz və beyin şişləri daha çox uşaqlarda rast gəlinir, 18-20 yaş intervalında əsasən sümük şişləri olur, çünki sümüklər həmin müddətdə sürətlə böyüyür və hər hansı travma alanda inkişaf edib şişə çevrilir. Ümumilikdə isə xərçəng əsasən orta yaşlı insanlarda olur.

Xəstəliyin çarəsi var

- Xərçəng xəstəliyindən tamamilə xilas olmaq mümkündürmü, yəni xəstəliyin tam müalicəsi varmı?
- Artıq müalicə metodları yüksək səviyyədə inkişaf edib. Demək olar ki. mümkündür. Bu, xəstəliyin növündən, mərhələsindən, xəstənin müraciət etdiyi tibb ocağında, səhiyyə müəssisəsində o xəstəliyini nə dərəcə düzgün müalicə olunmasından asılıdır. Xəstəliyin erkən mərhələsində müraciət edəndə çox yaxşı nəticələr almaq olur. Lakin hər xəstə erkən mərhələdə müraciət etmir, əsasən daxili orqanlarda olan şişləri xəstənin hiss etməsi, həkimə müraciət etməsi bir az vaxt alır. Xəstə o halda həkimə müraciət edir ki, artıq xəstəlik digər orqanlara yayılmış vəziyyətdə olur. Erkən müayinə olunan xəstələr əsasən vaxtaşırı özündə heç bir ağrı, şikayət olmadan xüsusi çek-up müayinəsindən keçən xəstələrdir. Amma xəstədə yayılma yaxud kənaraçıxma müşahidə olunarsa, bu zaman cərrahi müalicə, şüa müalicəsi, kimyəvi müalicə yerli yerində istifadə olunur və çox yaxşı nəticələr alınır.

- Xoşxassəli və bədxassəli şiş arasında fərq nədir?
- Xoşxassəli şişlərdə cərrahlar onu bir dəfə əməliyyat edir və bununla da problem aradan qaldırılır. Əməliyyat nəticəsində şiş bədəndən ayrılır xəstə bu xəstəlikdən tamamilə yaxasını qurtarmış olur. Bədxassəli şişlərdə isə əməliyyat olunandan sonra da bədəndə müəyyən qədər şiş hüceyrələri qalır, o hüceyrələr sonda ya əməliyyat olunmuş yerdə ya da hansısa bir orqanda üzə çıxır. Başqa orqanda onun metastazına, yəni yayılmasına rast gəlinir və təkrar o xəstəliklər müalicə almalı olurlar. Bədxassəli şiş xəstəliyində ən böyük problem ondadır ki, bu xəstəlikdə şişə aid olan hüceyrələrin bir-biri ilə sıx surətdə əlaqəsi yoxdur. O hüceyrələr çox rahatlıqla bir-birindən ayrılıb şişin içindəki limfaya düşərək asanlıqla orqanizmin hansısa hissəsinə gedib çata bilir və orada inkişaf edir. Biz onu nə qədər radikal əməliyyat ediriksə sözsüz ki onun mərhələsindən asılıdır daha erkən mərhələdə əməliyyat olarsa daha yaxşı nəticə almaq olur. Amma şişin yerləşdiyi nahiyədəki limfa düyünlərində artıq böyümə varsa, şiş hüceyrəsi limfa düyünlərinə gəlib çıxıbsa, o artıq irəli mərhələ sayılır və o xəstələrdə əməliyyatdan sonra şişsiz yaşama periodu azalır. Bunun üçün biz belə xəstələrə əməliyyatdan sonra kimyəvi dərman müalicəsi almağı məsləhət görürük. Çünki kimyəvi dərman müalicəsi verdiyimiz zaman dərman damarlar vasitəsilə bütün bədənə yayılaraq şiş hüceyrələri ilə kontaktda olur, onun inkişafının qabağını alır və onları məhv edir.

İştahsızlıq, kəskin arıqlama, tez doyma
- Xərçəng xəstəliyinin əlamətləri nədir? Yəni insan bu xəstəliyə tutulduğunu necə ayırd edə bilər?
- Bu xəstəliyin konkret əlaməti yoxdur. Ümumilikdə iştahsızlıq, kəskin arıqlama, tez doyma, yerləşdiyi orqandan asılı olaraq şikayətlər formalaşır. Məsələn, mədə xərçəngində tez doyma olur çünki şiş böyüyərək mədənin müəyyən hissəsini tutur. Bu zaman mədə genişlənə bilmir və tez doyma halları olur. Eyni zamanda şiş qanayır və bağırsaqda müəyyən həzm dəyişkənliyinə səbəb olur - buna melena deyilir. Melena tam qara rəngdə olur, nəcisdə qara rəngin alınması insanlar üçün ciddi siqnal olmalıdır. Bu mədədə qanamanın olduğunu göstərir. Dəri xərçənglərində dəridə uzun müddət sağalmayan yaralar olur və xəstələr bunun fərqinə varmırlar. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır.

Müayinədən keçin
- Xərçəng irsən keçə bilərmi?
- Bəzi formalar var ki, orada irsiyyətin rolu var. Amma bütün növlərə bunu şamil etmək olmaz. Süd vəzisi xərçəngində əgər ailədə anada, yaxud bacıda bu xəstəlik varsa, buna növbəti bacıda 50 faiz xəstəliyin bu növünə rast gəlmək olar. Eyni zamanda mədə şişi, bağırsaq şişlərində irsiyyətdə hər hansı problemin olmasından dolayı qohumlarda da bu şiş prosesi özünü göstərir. Məsələn, Napaleonun atası, babası, özü və 3 qardaşı mədə xərçəngindən ölüblər. Bu da irsiyyətlə əlaqəlidir. Əgər ailədə anada, bacıda və bir neçə adamda xərçəng xəstəliyinə rast gəlinirsə, digərlərinə də məsləhət görülür ki, müayinədən keçsinlər.
- Xərçəng xəstəliyi qadınlarda, ya kişilərdə daha çox özünü göstərir?
- Bu xəstəliyə daha çox kişilərdə rast gəlinir. Yalnız süd vəzisi xərçəngində qadınlar kişiləri üstələyir. Kişilərin xərçəngə tutulma riski daha çoxdur. Kişilər arasında bu xəstəliyin ən çox yayılan növü isə ağciyər xərçəngi, dəri xərçəngi və prostat vəzi xərçəngidir.
- Azər müəllim, bu xəstəliyə tutulan şəxsə qoyulan diaqnozu deyirsinizmi? İnkişaf etmiş ölkələrdən fərqli olaraq, bizdə çox vaxt həkimlər xəstədən diaqnozu gizlətməyə çalışırlar.
- Müalicə metodları yüksək səviyyədə inkişaf etdiyinə görə artıq xərçəng xəstələri öz xəstəliyindən qorxmurlar. Əksər xəstələrə bu diaqnozu deyirik və yaxşı nəticələr alacağımıza inandırırıq. Çünki öz xəstəliyini bilən xəstələr daha məsuliyyətli olurlar və həkimlə tez-tez əlaqə saxlayırlar. Amma o xəstələrə ki, ailənin xahişi ilə xəstəliyi barəsində məlumat verilmir bu çox pis nəticələrə gətirib çıxarır. Mən onun tərəfdarıyam ki, xəstə bu xəstəliyə tutulanda onun psixologiyasına uyğun davranılsın yəni dərhal desək ki, “bu xəstəliyə tutulmusunuz” bu onda stress yaradar müəyyən mərhələdən sonra bunu xəstəyə demək lazımdır.

Hər həkimə inanmayın
- Son dövrlər xərçəng xəstəliyinin müalicəsi ilə bağlı hansısa yenilik olubmu?
- Hər gün, hər saat onkoloji xəstəliklərdə yeniliklər olur. Bu yeni dərman preparatlarının hazırlanması ilə əlaqədardır. Hər hansı müalicə metodunun yaranması effektiv nəticələrə gətirib çıxarır. Bəzən sensasiya xarakterli məlumatlar eşidirik. Respublikaya haradansa həkim gəlir, hansısa müalicə metodundan danışır. Mən xəstələrə müraciət edirəm ki, hər məlumata inanmasınlar. Belə bir məlumat alanda mütləq ixtisas həkimi ilə maraqlanmalıdırlar. Çünki hansısa müalicə metodu tapılanda bu, bütün səhiyyə işçilərinə bildirilir.
Aygün Cəfərlimüsahibə"> müsahibə">