Heç kimə bənzəməyən bəstəkar
Təxminən 2000-ci ilin yay aylarında görüşmüşdüm
onunla. Musiqili Komediya Teatrının sütunlu foyesində. Onda çalışdığı
Türkiyədən teatrda tamaşaya qoyulan hansısa əsərə musiqi yazmağa gəlmişdi.
Uşaqlığından, gəncliyindən, dostlarından, sənətə məhəbbətindən xeyli söhbət
etdi. Keçən günlərə nostaljisi gözlərindən bəlli idi. "Əlvida, o günlər”
dilindən düşmürdü. Türkiyədə darıxdığını da gizlətmədi. "Tezliklə Bakıya
qayıdacam” dedi. İki ay sonra qayıtdı da... Həmişəlik...
"Emin Sabitoğlu simfoniya da, operetta da, mahnı da
yaza bilirdi. O, əsl bəstəkar idi”. Görkəmli bəstəkar Emin Sabitoğlunun
yaradıcılığından söz düşəndə sənət dostları onun haqqında belə deyirlər. XX əsr
Azərbaycan musiqisi tarixində iz qoyan, dinləyicilərə neçə-neçə sevimli, yaddan
çıxmayan nəğmələr bəxş edən, həyatımızı rövnəqləndirən mahnıların müəllifi kimi
xatırlayırlar onu.
Emin Sabitoğlunun böyük sənətə üz tutmasının ailə bağları vardı. Görkəmli
dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmışdı. Xüsusi musiqi
məktəbində təhsil alırdı. O, öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə
etdiyindən musiqini özünə sənət seçmişdi. 7 yaşı
olanda onu Bülbül adına orta ixtisas musiqi məktəbində professor Kövkəb
Səfərəliyevanın fortepiano sinfinə qoyurlar. 13 yaşından başlayaraq o, Midhəd
Əhmədovun bəstəkarlıq dərslərində iştirak edir. Hələ
VIII sinifdə oxuyarkən, ilk musiqi əsərini yazır. 1954-cü ildə məktəbi müvəffəqiyyətlə
bitirdikdən sonra elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olur. 2 il görkəmli bəstəkar
Qara Qarayevin sinfində təhsil alır. İlk yazdığı simfoniya, kamera
əsərləri onu istedadlı bəstəkar kimi tanıdır. Xalq artisti Firəngiz Əlizadə
məqalələrinin birində "60-cı illərdə Emin Mahmudov böyük bəstəkar Qara Qarayev
sinfinin assistenti idi. Onun diplom işi – "Simfoniya”sı Qara müəllimin
dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı. Yadımdadır,
bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki
partituranın sənətkarlığını əlçatmaz zənn etdim» - deyə yazırdı.
E.Sabitoğlu təhsilini davam etdirərək Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
Bəstəkarlıq fakültəsində - professor Yuri Şaporinin sinfində oxuyur. 1961-ci
ildə Konservatoriyanı bitirən E.Sabitoğlu Bakıya qayıdır.
Mahnı,
kino, teatr...
"Azərbaycanfilm” kinostudiyası onun ilk iş yeri kimi uğurlu olur. Fəaliyyətə "musiqi
redaktoru” kimi başlayan gənc bəstəkar sonradan Müslüm Moqamayev adına
Azərbaycan Dövlət Filarmoniyasında ”bədii rəhbər” vəzifəsində çalışır,
1961-2000-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasında fəaliyyət göstərir. Atası - görkəmli yazıçı-dramaturq Sabit Rəhman
dünyasını dəyişdikdən sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə "Mahmudov”
soyadını "Sabitoğlu” təxəllüsü ilə əvəzləyən bəstəkar bu ad və soyad imzası ilə
milyonlarla dinləyicinin qəlbini ovsunlayan nəğmələrin müəllifinə çevrilir.
E.Sabitoğlunun yaradıcılığının
böyük hissəsini mahnı janrı təşkil edir. Bəstəkar sözlə
nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, "Çiçək yağışı”, "Uzaq, yaşıl ada”, "İnsaf da
yaxşı şeydir”, "Ah dedim”, "Dərələr”, "Ağ çiçək”, "Sahildə”, "Gilavar”,
"Dərələr”, «Mavidir», «Kəpənək», «Bakı sabahın xeyir!», "Bəlkə də”...
mahnılarını eşidən kimi yadımıza onun adı düşür. Şövkət Ələkbərova, Mirzə Babayev,
Xədicə Abbasova, Hüseynağa Hadıyev, Flora Kərimova, Yalçın Rzazadə kimi
görkəmli müğənnilərin dilindən səslənən o nəğmələr insanların qəlbini
ovsunlayırdı. Beləcə yaradıcılığında 500-ə yaxın mahnı yer almışdı
E.Sabitoğlunun. Təkcə Azərbaycanın Xalq şairi
Vaqif Səmədoğlunun sözlərinə yazdığı mahnıların sayı 100-dən artıqdır.
Bəstəkarın mahnılarının çoxu kino ekranlarından,
teatr səhnəsindən eşidilib. O, ümumilikdə 22
tammetrajlı bədii filmin, 40-a yaxın qısametrajlı mənzərə və sənədli filmin musiqi
müəllifidir.
1970-ci ildə "Bizim Cəbiş müəllim” bədii filminə
musiqi bəstələyən Emin Sabitoğlunun
kinoda fəaliyyəti uğurlu olub. Azərbaycan ekranının "Gün keçdi”, "Dədə Qorqud”,
"Ad günü”, "Istintaq”, "Bağlı qapı”, "Qaçaq Nəbi”, "Bəyin oğurlanması”,
"Təhminə” kimi məşhur filmlərinin, eləcə də neçə-neçə sənədli və televiziya
filmlərinin titrlərində onun adı yer alıb. E.Sabitoğlu
yaxın dostu Rasim Ocaqovun çəkdiyi bütün filmlərin musiqi müəllifidir.
Filmlərin baxımlı olmasında yazılan musiqinin böyük rolunu isə zövqlü
tamaşaçılar gözəl bilir.
E.Sabitoğlunun rejissorlardan H.Seyidbəyli,
T.Tağızadə, A.Babayev, Ş.Mahmudbəyov, V.Mustafayev və C.Mirzəyev, R.Ocaqov,
dram teatrında T.Kazımovla
əməkdaşlığı milli kinomuzun və teatr səhnəmizin
ən baxımlı film və tamaşalarının yaranmasına səbəb olub. Bəstəkar həmçinin respublikamızın bir çox teatr
kollektivləri - Musiqili Komediya Teatrı, Milli Dram Teatrı, eləcə də Naxçıvan,
Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran teatrlarının aktyor kollektivləri üçün
M.F.Axundovun "Lənkəran xanının vəziri”, Səməd Vurğunun "Fərhad və Şirin”,
İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər”, Bəxtiyar Vahabzadənin "Yağışdan
sonra”, Anarın "Təhminə və Zaur”, "Şəhərin yay günləri” və "Adamın adamı” kimi
bir sıra tamaşalara musiqi bəstələyib. Həmin tamaşalar hələ də tamaşaçıların
yaddaşındadır.
Heç
kimə bənzəməmək
Bəstəkarın yeganə qızı Ceyran
Mahmudovanın xatirəsindən: "Atam çox istedadlı insan idi. Moskva
Konservatoriyasına imtahan verərkən onun simfoniyası "əla” qiymətləndirilmişdi.
Ötən əsrin altmışıncı illərində isə Moskvada "əla” qiymət almaq hər adamın işi
deyildi. Sonralar mahnı janrına daha çox vaxt ayırdı. Amma bu, indiki mahnı
anlamından çox fərqli bir fəaliyyət idi. Atamın musiqi müəllifi olduğu elə
təkcə tammetrajlı bədii filmlərin sayı 22-dir. 40-a yaxın müxtəlif
xronometrajlı tele və kino filmlərində də onun musiqisi səslənir. 9 musiqili
komediyası var. Bütün bunlar birmənalı şəkildə orkestr ifası üçün yazılırdı.
Mahnı janrına yüngül janr kimi baxmaq düzgün deyil. Bəli, musiqi duyumu, ruhu
olan hər kəs gözəl mahnı müəllifi ola bilər, amma mükəmməl səviyyədə yalnız
bir, ya da iki orijinal mahnı yarada bilər. Onlarla orijinal mahnı müəllifi
olmaq üçün peşəkar təhsil əsas şərtdir. Atamın sayəsində mən lap kiçik
yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən Üzeyir bəyin musiqisi
evimizdən əskik olmurdu. Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi.
Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə. Ataların dostluğu övladlarına keçmişdi.
Özü də onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap
yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu. Evdə babam
Sabit Rəhmandan qalan çox zəngin kitabxanamız var idi. Atam isə bu kitabxananı
daim zənginləşdirirdi. Şairlər də öz kitablarını tez-tez atama bağışlayırdılar
ki, bəlkə hansısa mahnısını bəstələyəndə onun diqqətini cəlb eləyə.
Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun
mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki
bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi.
Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə
məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər
dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın
görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi -
heç kimə bənzəməmək”. Ceyran xanım atasını sakit və qapalı olduğu qədər də
qayğıkeş insan kimi xatırlayır: "Ömrünün son altı ilini Türkiyədə yaşayıb. O
illərdə hər bazar günü Bakıya, bizə zəng edib dolanışığımız, mənim, anamın,
nənəmin səhhəti ilə maraqlanırdı. Hətta onun vəfatından sonra da uzun müddət
hər bazar günü atamın Türkiyədən zəng edəcəyini gözləyirdim. İstanbulun Texniki Universitetinin Xalq Musiqisi
Konservatoriyasında dərs deyirdi. Oradakı kabinetinin qapısındakı lövhə bugünədək
qalır. Bir neçə dəfə atamın xatirəsinə həsr olunmuş tədbir də keçiriblər. Ona
qədər isə Bakı Musiqi Akademiyasında dərs deyirdi”. Ceyran xanım atasının ən
yaxşı müğənnilərlə işlədiyini bildirir: "Məsələn, "Dərələr”, "A çiçək”
mahnılarını Şövkət xanm Ələkbərovanın, "Dağları duman alanda”, "İnsaf da yaxşı
şeydi”" mahnılarını Zeynəb xanım Xanlarovanın, "Mavidir” mahnısını Elmira
xanım Rəhimovanın, "Kəpənək” mahnısını Mirzə Babayevin səsinə, ifa tərzinə
uyğun olaraq bəstələmişdi. Mirzə Babayev, ümumiyyətlə, onun mahnılarını ən çox
oxuyan müğənni idi. Bundan başqa, Flora xanım Kərimova, Hüseynağa Hadıyev, Akif
İslamzadə, Xədicə Abbasova ilə də gözəl mahnılar yazdırmışdı”.
"Minarəli
İstanbulda gözəl Bakı”
90-cı illərdə E.Sabitoğlu bir çox başqa azərbaycanlı
musiqiçilər kimi Türkiyədə dərs deyirdi. "Minarəli İstanbulda gözəl Bakı”nı
yada salır, oxuduğu məktəbin dərs dediyi məktəbdən fərqli olaraq uzaq olduğuna
heyfsilənirdi. "Evindəki saat Bakı vaxtını göstərirdi, otağındakı əşyalar doğma
ocağını xatırladırdı. İstanbulda qurduğu cədvəldə Bakıya dönəcəyi tarixi qeyd
etmişdi. Həmin məqamı yaxınlaşdırmaq məqsədilə hər gün cədvəldəki rəqəmlərin
üstündən bir-bir xətt çəkirmiş…” deyə yazıçı Anar tədbirlərin birində yaxın
dostunu belə xatırladı.
Görkəmli bəstəkar ürək tutmasından
Bakıda vəfat edib. Həmişəlik sevdiyi torpağa qayıdıb.
Təranə Məhərrəmova