“Heç kim boşanmaq üçün evlənmir” - Fotolar
Türkiyənin
tanınmış ifaçısı Mustafa Cecelinin həyat yoldaşından boşanma xəbəri gündəmin əsas
mövzusuna çevrilmişdi. Məsələ isə onun həyat yoldaşından boşanması deyil, boşandıqdan
sonra bunu mətbuatdan və tamaşaçılarından gizlətməsi böyük ajiotaj doğurmuşdu.
Nəhayət ki, "Sabah” qəzetinə müsahibə verən ifaçı, bunu övladı naminə etdiyini
deyib.
- Mustafa bəy, sizin Sinəm xanımla 9 illik
bir evliliyiniz və Arın adında oğlunuz var. Sizi bu nöqtəyə gətirən nə oldu?
- Əlbəttə
ki, heç kim boşanmaq üçün evlənmir. Boşanmağı da heç kimə tövsiyə etmirəm.
Ancaq bəzi anlarda övladınızın sakit bir vəziyyətdə böyüməsi üçün bu addımı
atmaq məcburiyyətində qalırsınız. Biz də oturub məsləhətləşib, bu qərara gəldik.
Bu xəbər mətbuatda sanki hər şey bir həftədə olub-bitmiş kimi göstərildi. Ancaq
bu, son iki ildə yığılıb qalan bir hadisənin nəticəsi idi. Ötən il çıxılmaz bir
vəziyyətə gəldik və oktyabr ayında boşanmağa qərar verdik. Evli olmağımıza
baxmayaraq, uzun müddət idi ki, ikimiz də nişan üzüklərindən imtina etmişdik.
Köhnə həyat yoldaşım sosial mediadakı səhifələrini bağlamışdı. Onunla bərabər
heç bir şəkil paylaşmamışdıq. Dəvət edildiyim məclislərə onunla qatılmamışdım.
Bütün bunlar mənim tamaşaçılarımın diqqətindən qaçmadı. Ancaq insan inanmaq istəmədiyi
şeyə görməzdən gələr. Məndə də onun kimi.
- Boşanma səbəbi
olaraq demişdiniz ki, həyat yoldaşınızla xasiyyətiniz düz gəlmir. Bu da mətbuatda
və sosial şəbəkədə böyük müzakirələrə səbəb oldu.
- Əgər
iki insan ideal və qüsursuzdursa, məcbur deyil ki, onların arasında olan
münasibət uzun müddət davam etsin. Bir də ki, mən qüsursuz insan deyiləm. Bizim
həyata baxışımız dünyagörüşümüz fərqlidir. Bu da eyni evin altında rahat şəkildə
yaşaya bilməyimizə maneçilik törədirdi. Mənim üçün xarici gözəllik o qədər də
önəm daşımır.
- Ailələrinizin
sizin boşanma xəbərinizi mətbuatdan eşitdiyi doğrudurmu?
- Xeyr.
Ancaq bu müddətdə onları da kədərləndirmək və məyus etmək istəmədik. Ailələrimizə
xəbər vermək üçün məhkəmənin nəticəsini gözlədik.
- Normalda boşanın insanlar bir az rahatlanmaq və
bir müddət sakitliyə qapılmaq istəyirlər. Ancaq siz boşanandan 5 gün sonra
yenidən evlənməyə qərar verdiniz. Deyəsən, evlilik həyatını çox sevirsiniz?
- Bəli,
evlilik həyatını sevirəm. Sonu rəsmi bir evliliyə getməyəcək bir münasibəti sevmirəm.
Bu, mənim tərzim deyil.
- Toy nə
zaman olacaq?
- Toyu bayramdan sonra etməyi planlaşdırırıq. Təntənəli
toy mərasiminə qarşıyam.
- Selin xanım bu xəbərlərə görə çevrəsindəki
insanlardan neqativ reaksiya gördümü?
-
Selinin çox yaxın və möhkəm dostları var. Çox əvvəllər tanış olduğu, münasibətləri
sağlam təməllər üzərində qurulan dostlardırlar. Onun arxasında durmayan və ona
qarşı çıxan bir insan belə olmadı. Çünki sosial mediada və bəzi mətbuat orqanlarında
qeyd olunduğu kimi, o, bir ailənin dağılmağına səbəb olmadı. Buna görə də ona çevrəsindən
heç bir pis münasibət göstərmədilər.
- Sinəm
xanımla evliliyiniz nə zaman bitdi?
- İki il
idi ki, münasibətlərimiz pis vəziyyətdə idi. Buradakı ən böyük qəbahət mənim
bunu sevənlərimdən gizlətməyim oldu. Bəlkə də özümdən belə gizlətdiyim üçün səhv
etdim. İlk olaraq boşanma məsələsini isə əvvəlki həyat yoldaşım gündəmə gətirdi.
Doğru bildiyiniz, inandığınız bir şeyi sildiyinizdə, özünüzdən başqa açıqlaya
biləcəyiniz milyonlarca insan olanda, hadisələrlə üzləşmək təxmin etdiyinizdən
daha çətindir. Bunu yaşamayan birinin də sizi anlamasını gözləmirsiniz. Bu,
haradasa imkansız olan bir şeydir. Ailələrin və dostlarının fikirlərinin o qədər
də önəm daşımadığı bir vəziyyətə gəlib düşmüşdük. Bıçaq sümüyə dirənmişdi
artıq. Heç kimsədən bir fikir öyrənmədən, iki mədəni insan arasında verdiyimiz
bir qərar idi.
- Hər bir məşhur boşananda bənzər misallar gündəmə
gətirilir – pul və şöhrət. Siz buna nə deyəcəksiniz?
- Kimsənin
məni müzakirə edə biləcək səlahiyyətə sahib olduğuna inanmıram. Kimin kimdən xoşu gəlmirsə,
onun haqqında yalan və qara xəbərlər söyləyir. Xüsusən də tanımadığımız
insanlar sizin içində olmadığınız məsələlərlə bağlı səhv məlumatlar bildirirlər.
Bunun o biri dünyada cəzası çox ağırdır.
Bu məsuliyyətin altına girmək də çox yüklüdür.
- Sizcə, pərəstişkarlarınız sizdən bunu gözləmədiyi
üçün məsələyə pis reaksiya verdilər?
- Mənə
elə gəlir ki, məhz tamaşaçılar məndən belə hərəkət gözləmədikləri üçün məyus
oldular. Onlar da gözləmirdilər. Mən də boşandığımı gizlədirdim, istəyirdim ki,
sona qədər tamaşaçılara heç nə deməyim. Boşanma xəbərinin səsi isə çox böyük
çıxdı. İnsanların da reaksiyasını gözəl anlayıram. Bu, normaldır. Ancaq artıq hər
şey insanlara bəllidir. Bu da sanki qara bir kampaniya kimi davam edir. Evlənməyə
qarşı deyiləm. Əgər qarşı olsaydım bu qədər tez yenidən evlənmək istəməzdim. Pərəstişkarlarımın
reaksiyasını da normal qarşılayıram. Onlar məni ailələrindən biri kimi qəbul
etdikləri üçün boşanma xəbərinə məyus oldular və mənə minlərlə mesaj göndərdilər.
Bu mövzu sanki onlarda bir zədə yaratdı. Əminəm ki, zaman içində bu kədəri və
şok xəbəri unudacaqlar və məni anlayacaqlar. Uşaqlarımızın inkişafı və
psixoloji vəziyyətləri üçün boşanma ilə əlaqədar xəbər vermədik. Nəticədə, ən
sonuncu onlar xəbər tutdular. Onların kədərləri və təəccübləri daha böyük oldu.
Onlar mənim daxilimdən daha yaxşı xəbərdardırlar. Zamanla hər şey yerinə
oturacaq.
Qeyd edək
ki, Mustafa Cecelinin sosial şəbəkə hesabından yazdığı bu şərh türk mətbuatında böyük qıcıq oyatmışdı:
"Susdum. Bəlkə bir gün həqiqət üzə çıxar deyə, gözlədim. Ancaq mən susduqca
daha da böyüdü… İllərdir sürən fikir ayrılıqları evliliyimə kölgə saldı.
Ardı-arası kəsilməyən davalar da qaçılmaz sona gətirdi bizi. Oktyabr ayında
başlayan boşanma prosesi sanki bir həftədə olub-bitmiş kimi sona çatdı. Boşanma
qərarımızdan çox sonra başlayan münasibətim sanki boşanma səbəbi kimi göstərildi.
Bu şəkilləri mətbuata kimin verdiyi aydındır. Məqsəd isə mənə qarşı yaradılan
qara piardır. Gizlicə kompüterimə girib adresimdən şəkillər götürülüb. Nədənsə,
anlaşmalı boşanma protokolunda istəkləri yerinə gətirilənə qədər gözlənildi.
Bundan da artığı var. Amma oğlumun gələcək həyatındakı psixoloji durumunu daha
üstün tutduğum üçün susacağam və bundan sonra baş verəcəkləri öz qayda-qanunum
ilə həll edəcəyəm. Bu münasibətə qalmaqalla
son qoyulmasına könlüm razı olmadı. Bu açıqlamanı da daha acı şeylər
yaşamamaq üçün deyirəm. İnsanların vicdanlarının səsinə qalib gələcəyinə də
inanıram”.
Tərcümə
etdi: Xəyalə Rəis