• şənbə, 20 Aprel, 03:52
  • Baku Bakı 15°C

“Heç kim bizə vassal kimi baxmasın”

15.07.15 12:08 2248
“Heç kim bizə vassal kimi baxmasın”
Zahid Orucun sözlərinə görə, Qərbdə mənəvi dəyərlərlə bərabər, beynəlxalq siyasətin əsas prinsipləri də iflasa uğrayıb
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunan iclası zamanı toxunduğu mövzulardan biri də Azərbaycan-Avropa əlaqələri olub. Prezident bu mövzuda narahatlığını ifadə edib. Bildirib ki, əlaqələr ikitərəfli deyil, birtərəfli münasibətlərə bənzəyir. Bu isə qəbuledilməzdir. Ona görə də bizimlə münasibət qurmaq üçün gələcəkdə yeni konsepsiyalar qəbul edilməlidir.
Bu mövzuda “Kaspi”nin suallarını cavablandıran millət vəkili Zahid Oruc da düşünür ki, Avropa qurumları Azərbaycanın ümidlərini doğrultmadı.
- Zahid bəy, söhbətimizə Prezidentin ünvanladığı sualla başlayaq. Avropaya inteqrasiya Azərbaycana lazımdırmı?

- Bunun arxasında böyük və ciddi məsələlər dayanır. Ötən əsrdə SSRİ-nin dağılması ilə Qərb dövlətləri, təşkilatları, kəşfiyyat strukturları Qafqaza daxil oldular və buranın əsas resurs dövləti olan Azərbaycanı ələ keçirmək üçün amansız bir fəaliyyətə başladılar. Yəni Qərb SSRİ-nin dağılmasında rol oynadığı kimi, sonrakı dövrdə Qarabağ münaqişəsinin “dondurulmuş” vəziyyətdə saxlanmasında, öz mənafeyinin qorunmasında da peşəkarlıq, bizim nöqteyi-nəzərdən isə mənfurluq, riyakarlıq nümayiş etdirdi. 2001-ci ildə ulu öndərin rəhbərliyi ilə Avropa Şurasına daxil olmağımızın başlıca məramı müstəqilliyin qorunub saxlanması istəyi idi. İkinci tərəfdən isə onların təhlükəsizliyə, əməkdaşlığa, bütövlük mövzusuna, suverenliyə, birinin digərinin işinə qarışmamasına və s. məsələlərə önəm verdiklərinə inanırdıq. Ancaq biz sonradan gördük ki, SSRİ-nin dağılması üçün əlindən gələni edən dairələr növbəti dövrlərdə həmin ölkələrin iç işlərinə qarışır, onlara hakimiyyət seçməyə, inqilabi proseslər törədərək, avantürist planlar həyata keçirməyə qərarlıdırlar. Ona görə də cənab Prezident cəmiyyəti bu məsələlərlə tanış edir ki, hamı bizim gözləntilərimizin özünü doğrultmadığını bilsin. Avropa Şurası Qarabağ münaqişəsi ilə bağlı normal qətnamə qəbul etmişdi, artıq onu da dəyişdirib işğal altındakı torpaqlar deyil, konfliktli ərazi kimi təqdim edir. Həmçinin məlum oldu ki, Ukrayna məsələsindəki mövqeləri heç də o xalqa olan canıyananlıqdan irəli gəlmir. Bütün mövzularda yalnız öz maraqlarını güdürlər.
- Avropa qurumları ilə əməkdaşlıq formatının bugünkü durumunda hansı düzəlişlərə ehtiyac var, gələcəkdə bizimlə əməkdaşlıq üçün hansı konsepsiyalar qəbul edilməlidir?

- O qurumla əlaqələrdən əziyyət çəkən ölkələr siyahısına Azərbaycan, Moldova və Gürcüstandan sonra Ukraynanın da adı əlavə olundu. Faktiki olaraq, ölkədə bütün normal proseslər axarından çıxdı və Rusiya ilə toqquşmalara məruz qoyuldu. Ölkəmizin Qərblə münasibətlərində müşahidə olunan bu inciklik sırf iqtidarlar arasındadır. Yəni Avropa xalqları ilə Azərbaycan arasında heç bir narazılıq yoxdur və ola da bilməz. İslam ölkələri haqda terrorçu imici yaradanlar Azərbaycanın tolerant və multikulturalist ölkə olduğunu həzm etməli, anti-kampaniyalara son qoyulmalıdır. Faktiki olaraq, Qərb ikili standartlar sərgiləyir. Azərbaycan ərazilərinin işğalı bir neçə QHT təmsilçisinin həbsindən daha adi bir məsələ kimi qəbul edilir. Mən sizə açıq deyim - Qərb dairələrinin əsas məqsədi Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaqdır. Şimal qonşumuzla əlaqələrimizin yaxşılaşması onları narahat edir. Çünki onlar pis münasibətlərdən fayda götürürlər. Onlar Rusiya ilə özləri dava aparmırlar, almanlar bir daha şimal qonşularımıza uduzmaq istəmirlər. Bunu ukraynalıların, gürcülərin, moldovanların, yaxud da azərbaycanlıların əli ilə etmək istəyirlər. Biz Ukrayna münaqişəsində öz ölkəmizin keçmişini, faciələrimizi və səhvlərimizi gördük. Bu, bizim üçün tarixi bir güzgüdür. Ona görə də hesab edirəm ki, Qərblə praqmatik əsaslarla yeni münasibətlər qurulmasına ehtiyac var.
- Avropa Parlamentinin, Almaniya Bundestaqının ölkəmizə münasibəti haqda nə düşünürsünüz?

- Almaniya Bundestaqı haqqında cənab Prezident yaxşı fikir söylədi - onlar özlərini nə zənn edirlər? Ölkələr coğrafiyaları ilə ölçülməməlidir. Dünyada əhali sayı çox, ərazisi böyük olan, yaxşı büdcəyə sahib ölkə hökmranlıq edə bilərsə, deməli, terrorizm də haqlı işdir? Avropalılar özlərinə xüsusi irq kimi baxırlar. Biz də onlardan olsaq da, belə hal doğru deyil, xalqlar arasında diskriminasiyaya yol vermək olmaz. Təəssüf ki, onlar bir sıra millətlərə üçüncü növ kimi yanaşırlar, haqlarında təbəə təsəvvürü var. Almaniya Bundestaqı guya balansı təmin etmək üçün yenidən Qarabağ məsələsini gündəmə gətirdi. Amma bu münaqişə Ukrayna məsələsi kimi geniş müzakirə olunmayıb. Necə olur ki, Qarabağ hakimiyyəti mükafatlandırılır, Krımsa ciddi bir şəkildə izolyasiya olunur? Ona görə də biz Qərbin dəqiq standartlarının olmamasından narazıyıq. Hər dəfə öz mənafelərinə cavab verən qanunları, qərarları bizi qane etmir. Ona görə də etirazımızı bildiririk. Açıq demək lazımdır ki, Avropa Şurası da, ATƏT də Amerikanın təzyiq silahlarıdır. Bütün qərarlar əsas mərkəzdən gəlir.
- Prezidentin “biz Avropa Şurası olmadan da yaxşı yaşamışıq” fikrini həmin qurumdan çıxmağa işarə kimi qəbul etmək olarmı?

- Bu qərarı ölkə rəhbəri verə bilər. Bizim istəyimiz odur ki, tarix təkrarlanmasın, yenidən işğallar və “soyuq müharibələr” baş verməsin. Heç kim bizə vassal, üçüncü, dördüncü ölkə kimi baxmasın. Ulu öndər 2001-ci il yanvarın 25-də həmin quruma daxilolma mərasimində də söyləmişdi ki, qarşı tərəfin özünəməxsus öhdəlikləri var. Azərbaycan üzərinə düşəni edib. Amma onlar haqda bunu söyləmək mümkün deyil. Avropa Şurası Azərbaycanla münasibətlərində ya yeni yol xəritəsi hazırlamalı, ya da əlaqələri yenidən götür-qoy etməlidir. Hər dəfə tənbeh siyasətinin, danlama mövqeyinin üzərindən keçmişik ki, Azərbaycanın xarici aləmə açıq olduğunu nümayiş etdirək. Amma reallıqlar tam fərqlidir. Faktiki olaraq, Qərb açıq bir şəkildə yeni ərazilərin ələ keçirilməsində maraqlıdır. Hazırda İranla razılaşma əldə olunmasının son raundu yaşanır. Onları buna vadar edən nədir? Uzun illər bu ölkəyə qarşı sanksiya tətbiq olunurdu. Deyirdilər ki, orada dini rejim var, terrorizmi maliyyələşdirirlər, xalqı təbəə kimi saxlayırlar. İndi birdən-birə nə dəyişdi ki? Yenə də dini dövlətdirlər, Xamneyi də ali dini şuranın rəhbəridir və qocalsa da, xalqı üzərində mənəvi hakimiyyətini qoruyub saxlayır. İran özünün siyasi idarəetmə modelini dəyişməyibsə, niyə bu sanksiyaları aradan qaldırırlar? Biz bununla İranın saknsiyalara məruz qalmasına tərəfdar olduğumuzu demək istəmirik. Qətiyyən. Sadəcə, Qərbin müxtəlif adlar altında sırf öz maraqlarından çıxış etdiyini vurğulayırıq. Məqsədləri İranı ələ keçirmək, onu Rusiyaya qarşı qoymaqdır. Təəssüflər olsun ki, Qərbdə mənəvi dəyərlərlə bərabər, beynəlxalq siyasətin əsas prinsipləri də iflasa uğrayıb. Şərq dünyasına vurduqları zərər, bombalara çəkilən xərclər həmin xalqların hamısını ayrılıqda xoşbəxt edə bilərdi.
- Ölkəmizin Qərbdən incikliyini Azərbaycanın Rusiyaya yaxınlaşması kimi qiymətləndirirlər. Bu fikirlər nə dərəcədə realdır?

- Mən uzun illər Azərbaycan-NATO parlamentlərarası əməkdaşlıq formatında iştirak etmişəm və neçə il ərzində bəlkə yüzlərlə konfransda, seminarlarda ölkəmizin mənafelərini təmsil etmişəm. Biz onların yüksək standartlarını, texnoloji inkişafını yaxşı hədəflər kimi xarakterizə etmişik. Bu gün də onlardan imtina etmirik və söylədiyimiz kimi, xalqlar arasında heç bir narazılıq yoxdur. Ancaq dediyiniz kimi, ölkədə bu suallar mövcuddur. Qərbin müxtəlif siyasi tələbləri hakimiyyəti onlardan üz döndərməyə vadar edir. Onların bəzi məsələlərdəki mövqeləri hökumət tərəfindən normal qarşılanıb. Ancaq bir məsələ unudulmamalıdır - biz Qərblə alyansda hansı statusda iştirak etməliyik? Təbəə kimi, yamaq vəziyyətində, yoxsa gerçəkdən mövqeyinə hörmət olunan bir dövlət kimi? Mənə elə gəlir ki, sonuncu adda, sonuncu səviyyədə iştirak etmək üçün bizim tam əsaslarımız var. Azərbaycan cəmiyyəti hadisələri normal təhlil etməyi bacarır və Qərbin bizə ikili standartlardan yanaşması ortadadır. Ölkə rəhbəri heç zaman emosiyasını, hiddətini, qəzəbini göstərməyib. O, daha soyuqqanlı bir xətlə, uğurlu formada ölkəsinin mənafeyini qorumağa çalışıb. Bəzən əhali kəskin bir şəkildə hansısa bir cinaha qarşı nifrətini ifadə edəndə də ölkə rəhbəri sanki bunun qarşısını alıb. Əgər artıq bu cür məsələlər ölkənin rəhbərliyi tərəfindən bəyan olunursa, bu o deməkdir ki, məsələlər daha ciddi xarakter daşıyır. Hesab edirəm ki, yaxın zamanlarda siz həm Almaniyanın, həm də Avropanın səlahiyyətli şəxslərini Azərbaycanda görəcəksiniz. Onlar səhvlərini anlayacaqlar və Azərbaycanı itirməyin nə olduğunu etiraf edəcəklər. Cənab Prezidentin bu çıxışı ilə siyasi kursun büsbütün dəyişəcəyini deyə bilmərəm. Avropa Şurasının maraqlarımıza daha diqqətlə yanaşmasını istəyirik. Gördüyünüz kimi, Prezident İlham Əliyev ləqayətli mubarizəyə, mənəviyyatlı fəaliyyətə önəm verdiyini göstərdi. Bu, çox mühüm bir məsələdir. Əfsuslar olsun ki, Qərb hazırda son dərəcə möhtəkir, sümürgən və prinsipsiz davranır. Bir neçə il öncə onların bu cür davranışlarına şahidlik etmirdik. Ən azı, bu cür açıq şəkildə ikili davranış sərgiləmirdilər. İndi vəziyyət tamamilə dəyişib. Belə olan təqdirdə, bizi Qərblə nə bağlaya bilər? Əgər onlar bizim ərazi bütövlüyümüzə kölgə salıb işğalçı dövləti dəstəkləyirlərsə, bizim onlardan inciməyə tamamilə haqqımız çatır. Müxtəlif yollarla ölkəmizi təzyiq altında saxlamağa cəhd etdikləri barədə dəfələrlə məlumatlar yayılıb. Ümumiyyətlə, onların “demokratiya” gətirdikləri ölkələrin vəziyyəti göz önündədir və durumları hamıya məlumdur. İraq xalqının yaşadıqlarından xəbərdarsınız. İndi onlardan seçimini soruşsanız, 90-cı ildə daha yaxşı yaşadıqlarını deyərlər. Çünki onda yüzlərlə vətəndaş qətlə yetirilməmişdi. Əksər insanlar Səddam Hüseyn dövrünün qədrini bilməyə başlayıblar və açıq şəkildə o günləri gözlədiklərini deyirlər. Faktiki olaraq, Qərb onlara nəinki xoşbəxtik gətirmədi, əllərində olanı da itirmələrinə səbəb oldu. Bunu isə orada öz maraqları olduğu üçün edirdi. “Ərəb baharı”nda da eyni vəziyyətdir. Mən bu paralellə onu demək istəyirəm ki, Azərbaycan 90-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində siyasi Avropanın, hüquqi Avropanın, mədəni Avropanın bir hissəsinə çevrilmək istəyirdisə, indi Avrasiya məkanının – yəni Asiya qitəsinin də böyük resurs və imkanlarından bəhrələnməyi qarşısına məqsəd qoyur. Və məhz Avrasiya modelində - söhbət Avrasiya İqtisadi Birliyindən getmir, Avrasiya məkanında, məsələn, sonuncu əməkdaşlıq modulunda yer aldığımız Şanxay Əməkdaşlıq Təşkilatı kimi də qurumlarla təmaslar vasitəsi ilə Azərbaycan öz maraqlarını, mənafelərini qorumuş olacaq.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər