• cümə axşamı, 18 aprel, 14:58
  • Baku Bakı 22°C

“Heç bir saatın əqrəbi necə yaşamağı göstərmir”

06.06.15 12:03 2284
“Heç bir saatın əqrəbi necə yaşamağı göstərmir”
Salam...
oxudun? – bəs niyə cavab vermirsən? ... əleykümsalam... çox sağ ol salamımı aldığına görə. Deməli, artıq əlaqə var – mən varam, sən varsan. Mən yazıram, sən oxuyursan. Yəni, biz varıq. Amma sən olmasaydın mən kimə salam verərdim, mən olmasaydım, sənə kim salam verərdi? Deməli, salam bizi birləşdirir, bizi Var edir. Biz birləşirik – Mən, Sən, O, yəni, Salam...
Bəhram
Osmanovu deyirəm - rejissor. O gün yenə mənə salam verdi, saat 21.15-də. Mən də aldım, dedim əleykümsalam, və biz Var olduq. Düz 75 dəqiqə kiçik bir vağzalda bir yerdə, birlikdə qatarı gözlədik. Düzdü, qatar gəlmədi, daha döğrusu, gəldi də, bizi götürmədi, dayanmayıb getdi, amma biz yenə şad olduq, çünki qatarı gözlədiyimiz qədərincə bir igidin ömrünü yaşadıq - Var olduq. Və biz Var olduqca Zaman da dayandı, saatın əqrəbləri dondu - əvvəldən sonadək 21.15-i göstərdi...
Bəli...
yəqin ki, bilənlər bildi – söhbət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “21.15 qatarı” tamaşasından gedir, türkiyəli yazar Toyqun Orbayın eyni adlı pyesi üzrə Bəhram Osmanovun quruluş verdiyi tamaşadan. O tamaşadan ki, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Bəllidir ki, bu, Bəhramın Türkiyə dramaturgiyasına ilk müraciəti deyil və yəqin ki, heç sonuncu da. Bunun bəlkə də mətləbə heç dəxli yoxdu. Əsas odur ki, rejissor DRAMATURGİYAYA müraciət etsin, necə ki, edib və biz... TAMAŞAYA baxaq, necə ki, baxırıq...
Toyqun Orbay
- əsərin müəllifi bizi əvvəldən absurd bir məkana salır. Hadisələr saatı həmişə 21.15-i göstərən, kassasında heç zaman bilet satılmayan, və ən əsası, heç vaxt qatarı gəlməyən vağzalda baş verir. Hadisələr deyəndə ki, burada əslində elə bir hadisə də baş vermir. “Hadisə” dediyimiz ondan ibarətdir ki, sadəcə iki nəfər – bir Qadın və bir Kişi kiçik bir dəmiryol vağzalında heç vaxt gəlməyən 21.15 qatarını gözləyir, vəssalam. Göründüyü kimi, fabula S.Bekketin “Qodo həsrətində” əsəri ilə çox oxşardır: “Qodo”da personajlar gözdən uzaq bir yolun kənarında, qurumuş bir ağacın altında heç vaxt gəlməyən Qodonu gözləyirlər, bu tamaşada heç vaxt qatar gəlməyən vağzalda qatarı. Lakin elə buradaca deyim ki, bu fabula oxşarlığı heç də
“21.15 qatarı”nın orijinallığına xələl gətirmir. Çünki, Orbay tamamilə fərqli bir əsər ortaya qoyur...
Düzdür...
çoxları deyə bilər ki, axı bu fabulada konflikt yoxdur. Düz də deyərlər. Amma, burada dramatik konflikt yoxdur. Çünki burada ekzistensional konfliktdi. Konflikt təsəvvür planındadı. Bu, xeyirlə-şərin əbədi konfliktidi, bu, insanın mövcudluq uğrunda özünün-özüylə, öz nəfsi ilə, ətraf mühitlə, cəmiyyətlə, bütövlükdə həyatla olan konfliktidi. O konflikt ki, döğulandan ölənədək insanladı. Təsadüfi deyil ki, rejissor tamaşanın janrını “mövcudluq oyunu” kimi təyin edib. Pyesin özündə yanr göstəricisi olmasa da ideyası ekzistensional fəlsəfəyə söykənir və janr həllini də həmin müstəvidə tapıb. Və bu da tamaşada ideya-məzmun-forma vəhdətini yarada bilib. Burada məkan absurd olsa da Bekketdən fərqli olaraq dialoqlar əsasən real-həyati zəmində qurulub və xalis mövcudluq-varolma fəlsəfəsinə əsaslanır.
Tamaşanın
uğurunu şərtləndirən cəhətlərdən biri də onun kompozisiya-struktur həllidir ki, burada da rejissorun pyes üzərində işini, apardığı ixtisarların müsbət rolunu vurğulamaq gərəkdir. Məhz həmin ixtisarlar sayəsində rejissor hadisələr sırasını konkretləşdirib və süjet xəttinin daha dinamik inkişafını təmin edə bilib. B.Osmanov bu tamaşada da öz rejissor ənənəsinə sadiq qalır - istər tamaşanın ümumi təfsirində, istər obrazların yozumunda, istər mizan quruluşunda, istərsə də bədii tərtibatda zahiri effektən qaçır, texniki ifadə vasitələrindən xəsisliklə istifadə edir, tamaşanı aktyor oyunu üzərində qurur. Həmişəki kimi, önə aktyorları çıxarır, özü isə tamaşada “əriyir”, “yoxa çıxır”.
Absurd
teatrının banilərindən biri E.İonesko deyirdi ki, “Biz insanın ekzistensional varlığının özünü, onun dərin fəciliyini, taleyini, başqa sözlə dünyanın absurdluğunun dərkini tam şəkildə, bütövlükdə səhnəyə gətirmək və tamaşaçıya göstərmək istədik”. “21.15 qatarı” tamaşasının müəlifləri – T.Orbay və B.Osmanovun göstərmək istədikləri də elə budur. Bu, Kişi obrazının (Xalq artisti Nurəddin Mehdixanlı) həllində özünü xüsusən qabarıq göstərir. Kişi kimdir?
Kişi
yəqin ki, ilk növbədə müəllifin özüdür, ekzistensionalist filosofdur, bu fəlsəfənin təmsilçisi, onun təbliğçisidir. Amma o, həm də klassik ekzistensionalistlərdən fərqlənir. Kişi həyata daha nikbin baxır, o, elmə (ağıla-məntiqə) üstünlük versə də duyğusal biridir – sevgiyə biganə deyil, gözəlliyi, incəsənəti sevir, musiqi dinləyir, onlardan zövq alır. Kişinin fikrincə, “sənət – mənəvi qida olmasa, insan quru daş parçasına çevrilər”. Lakin Kişi eyni zamanda, insandan çox proqamlaşdırılmış robota, bələdçiyə,vasitəçiyə, missionerə bənzəyir, o, sanki, haradansa göndərilmiş bir mələkdir. Onun dinlədiyi musiqi belə “Rusalka”dır - su pərisi, su mələyi haqqında operadır. Və təsadüfi deyil ki, Kişi sonda öz missiyasını yerinə yetirib yox olur. Nəinki yox olur, hətta Qadının “Kişi hara getdi” sualına cavab verən Vağzal məmuruna inansaq, burada belə bir adam heç olmayıb da. Başqa sozlə, müəlliflər Kişini canlı bir varlıq kimi deyil, hər birimizin içində olan, insanın Varlığını gerçəkləşdirən daim baş-başa qaldığımız Səsin xəyali obrazı kimi təqdim edirlər. Bu mənada, Kişi obrazı – bir xarakter olaraq mürəkkəbliyinə baxmayaraq, istər rejissor yozumu, istərsə də aktyor ifası baxımından maraqlı səhnə həllini tapıb və fikrimcə, N.Mehdixanlının ən yaddaqalan rollarından biri sayıla bilər. Kişinin fikir və hərəkətləri, hətta danışıq dili qətiyyətli və konkretdir. Aktyor obrazı kəskin, dəqiq qrafik cizgilərlə canlandır. Kişinin-N.Mehdixanlının robotvari danışıq manerası da obrazın mahiyyətindən irəli gələn əlamət kimi özünü döğruldur. Robotvari danışıq özündə ideya yükü daşımaqla yanaşı, az qala tamaşanın ritmini müəyyən edən amillərdən birinə çevrilir. Lakin onu da qeyd etməyə bilmərəm ki, ikinci tamaşadan başlayaraq, rolun ifasında aktyorun özünə bir qədər sərbəstlik verməsi (“bunu mən demədim, siz dediniz” kimi mətn artırmaları və s.) heç də tamaşanın xeyrinə deyil. Belə hallar obrazın xarakterinə zidd olmaqla birgə, əsərin məzmununun alt qatında olan publisistik vurğunu da qabardır ki, bu da bədiiliyi, əsərin ideya-fəlsəfi qatını nisbətən arxa plana keçirir. Halbuki, premyerada buna rast gəlmirik.
Qadın
(Əməkdar artist Sənubər İsgəndərli) xarakterinin inkişafına görə tamaşada ən dinamik obrazdır. Formalaşmış dünyagörüşə, qətiləşmiş mövqeyə malik Kişidən fərqli olaraq Qadın - fikirləri qeyri-müəyyən bir xanımdır. Onun səhnədə ən çox düşdüyü vəziyyət çaşqınlıqdır. O, səhnəyə daxil olduğu andan finaladək dəfələrlə bu vəziyyətə düşür. Və Kişinin vasitəşiliyi ilə bu çaşqınlığa aydınlıq gətirir. Səhnəyə eleqant görkəmli, lakin bir qədər sadəlövh (o, hətta rusalkanın kişi olduğunu zənn edir), bir qədər bədbin xanım kimi gələn Qadın sonda həyatı dərk edən, öz kimliyini, mövcudluğunu dərk edən qətiyyətli, müdrik bir insana-varlığa çevrilir. S.İsgəndərli bu mürəkkəb obrazın inkişaf xəttini çox düzgün izləyir və düşdüyü vəziyyətləri, daxilində keçirdiyi hiss-həyacanları dəqiq cizgilərlə, maraqlı ifadə vasitələri ilə tamaşaçıya çatdıra bilir. Aktrisanın sözsüz səhnələri böyük ustalıqla ifa etməsini isə xüsusi vurğulamaq lazımdır. S.İsgəndərli belə səhnələrdə Qadının daxili dünyasına nüfuz edərək onu bir neçə planda açmağa nail olur. Ümumiyyətlə, S.İsgəndərlinin ifasında Qadın obrazı fikrimcə, son illərdə səhnəmizdə yaradılmış ən mükəmməl qadın rollarından biridir və aktrisanın yaradıcılığının yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.
Vağzal məmuru
(Xalq artisti Hacı İsmayılov) bəlkə də tamaşada ən ziddiyyətli obrazdır. İlk baxışdan düşdüyü vəziyyətlə, qazandıqları ilə razılaşan kimi görünən bu insan sən demə, özünəməxsus arzularla yaşayır. Vağzal məmuru əsil absurd personajdır. O, eyni zamanda bir neçə funksiya yerinə yetirir: həm vağzalın müdiridir, həm süpürgəçisi, həm kassirdir, həm də yölgöstərəni. Amma onun vağzalı təmizləməkdən başqa işi də yoxdur. Çünki iş məlum – bu vağzala nə qatar gəlir, nə də kassasında da bilet satılır. Lakin bu, Vağzal məmurunun arzularının qarşısını almır. O, özünün həyatda qazana bilmədiklərini övladına arzulayır. Və inanır ki, onun oğlu “adam olacaq... Oxuyacaq... Mühəndis olacaq... Yeni lokomotivlər kəşf edəcək, makinaların dilini biləcək, daha üzlərinə maddım-maddım baxmayacaq... Sizin dinlədiyiniz musiqidən də başı çıxacaq”. Hacı İsmayılovun Vağzal məmuru yaşlı olmasına baxmayaraq özünün həm fiziki, həm də daxili çevikliyi ilə seçilir. Aktyor bu mürəkkəb obrazın daxili aləmini özünəməxsus cizgilərlə aça bilir. Vağzal məmuru-Hacı İsmayılov özünün xarakteri, davranışı ilə hətta hamıya dərs keçən Kişini belə təəccübləndirir. Tamaşa əsasən Kişi və Qadın obrazı üzərində qurulsa da Vağzal məmuru da passiv mövqedə durmur, öz funksionallığı ilə heç də az yük daşımır və hadisələrin bağlılıq əlaqəsində böyük rol oynayır.
Final...
çatır. Yalnız fitini eşitdiyimiz qatar gəlir və dayanmadan gedir. Tamaşanın əvvəlində skamyada oturan Kişi yox olur – o artıq öz missiyasını yerinə yetirib gedib. İndi onun yerində Qadın oturub – Özünü dərk etmiş, gerçəkləşmiş, yeni bir VARLIQ. Bu dəfə “Rusalka”nı – Su pərisinin ariyasını o dinləyir. Vağzala yeni bir “sərnişin” daxil olub nə vaxt gələcəyi bilinməyən 21.15 qatarını soruşur. Dairə yenidən qapanır. Vağzalda isə (rejissorun göstərişi ilə) heç saat da asılmayıb. Elə yaxşı da edilib. Axı saatın nə fərqi, onsuz da “heç bir saatın əqrəbi necə yaşamağı göstərmir” (Stanislav Eji Leç).
Vidadi Qafarov,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər