• cümə axşamı, 28 mart, 18:40
  • Baku Bakı 13°C

“Heç bir qüvvə bu dostluğa, qardaşlığa xələl gətirə bilməz”

18.02.19 18:54 1479
“Heç bir qüvvə bu dostluğa, qardaşlığa xələl gətirə bilməz”
Müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri ilə qarşılıqlı maraqlara, bərabərhüquqlu imkanlara hesablanan münasibətlər qurur. Bu münasibətlər çərçivəsində region dövlətləri ilə mehriban qonşuluq siyasəti yürüdülür. Xüsusən də Qafqaz xalqları ilə dostluq, qardaşlıq əlaqələri daim inkişaf etdirilir.Belə münasibətlər fonunda Azərbaycanın Rusiya Federasiyasının Çeçenistan Respublikası ilə əlaqələri də diqqət çəkir. Sözsüz ki, bu əlaqələrin də tarixi kökləri var. İlk öncə Azərbaycan və çeçen xalqlarını müsəlman qardaşlığı birləşdirir. Bundan əlavə, Azərbaycan dövləti Çeçenistanın ağır günlərində ona qucaq açıb, müharibə illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çeçen xalqına qardaş yardımı göstərib. Çeçen xalqı qeyd olunan faktları heç zaman unutmayıb, daim yüksək qiymətləndirib.

Bu münasibətlər Prezident İlham Əliyev tərəfindən də diqqət mərkəzində saxlanılıb, yalnız Çeçenistanla deyil, bütünlükdə Qafqaz xalqları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə 2016-cı il dekabrın 1-də məhz paytaxt Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransın keçirilməsi də bu əlaqələrin səviyyəsindən xəbər verir. Həmin konfransdan sonra Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən Prezident İlham Əliyev qeyd edib ki, bu görüşlər həm xalqlarımız və Rusiya-Azərbaycan münasibətləri, həm də Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət və dəstək birləşdirir. Ayrıca olaraq Çeçenistana münasibətə gəlincə, prezidentlər Vladimir Putin və Ramzan Kadırovla dövlətimizin başçısı İlham Əliyevin yüksək səviyyəli şəxsi münasibətləri mövcuddur. Bu, Azərbaycan və çeçen xalqları arasındakı münasibətlərə də müsbət təsir göstərir.


Ötən il noyabrın 27-də Bakıda səfərdə olan R.Kadırov Prezident İ.Əliyevlə görüşüb, dövlətimizin başçısının sadəcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər gördüyünü diqqətə çatdırıb. R.Kadırov xalqlarımız arasında qardaşlıq, dostluq, mədəni, idman və digər münasibətlərin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.Dövlətimizin başçısı İ.Əliyev də çeçen və Azərbaycan xalqlarının əsrlər boyu dostluq etdiyini, bir-birini dəstəklədiyini, hazırda isə münasibətlərin yeni səviyyəyə çıxdığını dilə gətirib. Qeyd olunub ki, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır.

Bütün bu faktlar Azərbaycanla Çeçenistan arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bu mənzərə dostlarımızı, qardaşlıq münasibətində olduğumuz xalqları sevindirir. Bununla belə, bu mənzərə düşmənlərimizi, xüsusən də Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən təcavüzkar Ermənistanı narahat edir. Ona görə də dünyadakı, o cümlədən Rusiyadakı erməni diaspor təşkilatları, həmçinin onların maraqlarına xidmət edən ermənipərəst qüvvələr hər vəchlə Moskva-Bakı, eləcə də Qafqaz xalqları ilə Azərbaycan xalqı arasında "çatlar” yaratmağa çalışırlar.

Bir neçə gün bundan öncə Moskvada çeçenlər və azərbaycanlılar arasında baş vermiş kiçik bir insidentin ermənipərəst dairələr tərəfindən onlayn və sosial media vasitəsilə şişirdilərək, az qala xalqlarımız arasında müharibə kimi qələmə verilməsi də bu qəbildəndir.
Düşmənlərimizin bu təxribatının qarşısını almaq üçün artıq bir neçə gündür Azərbaycan və Çeçenistanın ictimai-siyasi xadimləri, rəsmi şəxsləri mətbuat üzərindən bəyanatlarla çıxış edir, xalqlarımız arasındakı möhkəm dostluq-qardaşlıq əlaqələrinə xələl gəlməməsinə çalışırlar. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun da bu hadisə ilə bağlı bəyanatı yayılıb. O bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bu məsələyə çevik reaksiya verib.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, bir neçə gün bundan öncə Moskvada "Neolit” kafesində məişət zəminində azərbaycanlılar və çeçenlər arasında insidentin yaşanması yaxşı hal deyil. Millət vəkili deyib ki, müəyyən anti-Azərbaycan dairələr bu xoşagəlməz hadisəyə siyasi rəng qatmaq və onu fərqli bir ampluada təqdim etmək istəyirlər. E.Nəsirov qeyd edib ki, bütün bu cəhdlərin heç bir mənası yoxdur: "Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun söylədiyi kimi, Azərbaycan və çeçen xalqlarını tarix birləşdirir. Bizim tarixən dostluq, mehriban qonşuluq münasibətlərimiz olub. Ona görə də heç bir qüvvə bu dostluğa, qardaşlığa xələl gətirə bilməz. Ötən ilin son aylarında Çeçenistan Prezidenti Ramzan Kadırovun Azərbaycana səfəri bir daha təsdiqləyir ki, dövlət başçıları arasında çox sıx dostluq münasibətləri mövcuddur. Nəzərə alaq ki, bu hadisə Moskvada baş verib və Rusiya ilə də Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var. İki dövlətin münasibətləri özünün ən yüksək səviyyəsinə gəlib çatıb. Eyni zamanda Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var. Bütün bu reallıqlar fonunda biz bu hadisəyə qiymət versək, bir daha əmin olmaq olur ki, bu hadisənin iki dövlətin və xalqlarının münasibətlərinə heç bir dəxli yoxdur. Əgər kimlərsə bu dostluğu pozmağa cəhd edirlərsə, çox mənasız bir işlə məşğuldurlar. Onların bu arzuları ürəklərində və gözlərində qalacaq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da hesab edir ki, çeçen xalqı ilə Azərbaycan xalqını bir-birinə tarixi dostluq kökləri bağlayır. Onun sözlərinə görə, bu gün də Azərbaycan dövləti ilə Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında çox yüksək səviyyədə münasibətlər var: "Bu mənada hesab edirəm ki, fevralın 15-də Moskavadakı "Neolit” kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz. Bu gün Azərbaycanın özündə iki qonşu azərbaycanlı da bir-biri ilə dalaşa bilər. Eləcə də Çeçenistanda və yaxud başqa yerdə iki çeçen də bir-biri ilə dalaşa bilər. Təxribat məqsədilə bunu şişirdib məlumat kimi yaymağın, iki millət arasına ixtilaf və düşmənçilik salmağın heç bir mənası yoxdur. Belə məkrli addım atanlar istəklərinə çata bilməyəcəklər. Bu gün Moskvada çoxlu sayda ermənilər yaşayır. Bu, heç kimə sirr deyil. Hətta deyərdim ki, dava-dalaşın düşməsində hökmən düşmən izi var. Düşmən də təbii ki, Azərbaycan və çeçen xalqlarının dostluğunun pozulmasına və Moskvada yaşayan soydaşlarımız üçün əlavə problemlər yaratmağa çalışır. Bu məsələ ilə şəxsən Prezident İlham Əliyev çox ciddi məşğul olur və lazımi tapşırıqlar verib. Eyni zamanda Çeçenistan Prezidenti və digər rəsmilər də çalışırlar ki, problem aradan qaldırılsın. Hesab edirəm ki, düşmən təxribatına uymaq lazım deyil”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər