• cümə, 19 Aprel, 18:08
  • Baku Bakı 24°C

“Heç bir müraciət diqqətdən kənarda qalmır”

02.12.14 12:04 1339
“Heç bir müraciət diqqətdən kənarda qalmır”
Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyəti nümayəndələrinin təmsilçiliyi ilə 2005-ci ildə yaradılan İnsan Haqları üzrə Birgə İşçi Qrupu təxminən 3 il sonra fəaliyyətini dayandırıb. Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə Birgə İşçi Qrup fəaliyyətini yenidən bərpa edib. Bərpadan sonra Birgə İşçi Qrupun gördüyü və görəcəyi işlər, Qrupa edilən müraciətlər və digər digər məsələlərlə bağlı “Kaspi”nin suallarını qrupun katibi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırır.
- Sahib müəllim, Birgə İşçi Qrupun fəaliyyətini yenidən bərpa etməsindən ötən müddət ərzində hansı işlər görülüb?
- Bildiyiniz kimi, 2005-2008-ci illərdə fəaliyyət göstərən İnsan Haqları üzrə Birgə İşçi Qrupu 22 oktyabr 2014-cü il tarixdə bərpa olunub. Bərpa olunarkən tərkibdə qismən dəyişiklik olub. Həmin vaxtdan bu günə kimi ötən 1 aydan artıq müddətdə Birgə İşçi Qrupu iki iclasını keçirib. Reqlamentə görə Birgə İşçi Qrupun iclasları zərurət olduqda, eyni zamanda bir ayda iki dəfədən az olmamaq şərtilə keçirilməlidir. Bu aspektdən yanaşanda Birgə İşçi Qrupu ötən müddətdə normal işləyib. Lakin qrupun fəaliyyəti yalnız iclaslarla məhdudlaşmır. İclaslararası müddətdə də katiblik vasitəsilə müəyyən təkliflər, rəylər toplanılır, ümumiləşdirilir, həmsədrlərə təqdim olunur. Əgər ümumi qərar olarsa, lazımi orqanlar qarşısında tövsiyələrlə də çıxış edir, vəsatət qaldırır. Bir sözlə, davamlı şəkildə iş gedir.
- Hüquq müdafiəçilərinə istinadən mətbuatda yayılan məlumatlarda qeyd olunurdu ki, bu gün də (dünən) Birgə İşçi Qrupun iclası keçiriləcək. Bilmək olarmı, əsasən hansı məsələlər diqqətə çatdırıldı, nələr müzakirə edildi?
- Mən bilmirəm bu məlumatı kim verib, və ya haradan eşidib. Əgər iclas keçiriləcəksə bu barədə ilk olaraq katiblik məlumatlı olur. Çünki yığıncaqdan əvvəl iclasın gündəliyi hazırlanmalı və tərəflərə göndərilməli, onların fikirləri dinlənilməli, bunun əsasında da həmsədrlər tərəfindən vaxt dəqiqləşməli, iclas çağırılmalıdır. Amma hazırda bunların heç biri baş vermədiyindən, bilmirəm ki, belə məlumatı kim, nəyə istinadən yayıb.
- Birgə İşçi Qrupuna müraciət edənlər çoxdurmu?
- Birgə İşçi Qrupuna hər kəs, o cümlədən hüquq müdafiəçiləri, vəkillər müraciət edə bilər. Bu müraciətlərdən sonra katiblik ümumiləşdirmə aparmalıdır. Əgər həmin müraciətlər İşçi Qrupun həmsədrlərinin mandatına aiddirsə, onlar gündəliyə təqdim oluna bilər. Tutaq ki, hansısa məhkum və ya təqsirləndirilən şəxs haqqında müraciət varsa, onu təqdim edən tərəf müvafiq arayışları da hazırlayıb bizə verməlidir. Bəzən olur ki, Birgə İşçi Qrupun özü tərəfindən belə arayışlar hazırlanır, müzakirələr aparılır, ardınca da zərurət yarandıqda hansısa orqan qarşısında tövsiyə xarakterli vəsatət qaldırılır. Bütün hallarda Birgə İşçi Qrupu məhkəmələrə hansısa tövsiyə vermək səlahiyyəti yoxdur. Çünki bu, məhkəmələrin müstəqilliyinə xələl gətirir. Amma təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğa hansısa müraciət göndərilə bilər. Məhkum olunmuş şəxsin əfv olunması ilə əlaqədar Əfv Komissiyasına əlavə təklif və tövsiyə vermək də olar. Bu qaydada iş davam etməkdədir.
- Birgə İşçi Qrupa müraciət edənlər arasında tanınan məhbuslar və ya onların ailə üzvləri də varmı?
- Bəli var. Hazırda ictimaiyyət tərəfindən tanınan bəzi məhbuslar, onların ailə üzvləri tərəfindən Birgə İşçi Qrupuna müraciətlər olunmaqda davam edir. Elə bu yaxınlarda daha bir müraciət bizə daxil olub. Bununla bağlı vəsatət hazırlayıb Birgə İşçi Qrupun həmsədrlərinə göndərmişik. “N!DA” vətəndaş hərəkatı üzvlərinin bir qismi, eləcə də onların ailə üzvləri də Birgə İşçi Qrupuna belə bir müraciət edib. Ümumiyyətlə belə hallar çoxdur. Müraciətlər daxil olur, buna müvafiq də iş görülür. Heç bir müraciət diqqətdən kənarda qalmır.
- Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günündə yeni əfv sərəncamının olacağı barədə məlumatlar da mediada yer almaqdadır. Bu, ehtimaldır, yoxsa hüquq müdafiəçilərində dəqiq məlumat var?
- Bunlar hamısı yalnız ehtimallardır. Nəyə görə? Çünki biz adət etmişik ki, bir qayda olaraq 31 dekabr tarixində Prezident İlham Əliyev humanist addım atır, belə bir akta qol çəkir. İndiyə kimi imzalanan 57 əfv sərəncam və fərmanlarının imzalanma tarixinə diqqət yetirsək görərik ki, onların xeyli hissəsi 31 dekabra təsadüf edir. Hüquq müdafiəçiləri də bu amilə söykənərək ehtimalla çıxış edir, proqnozlar verirlər. Lakin yenə də təkrar edirəm ki, əfv məsələsi Prezidentin Konstitusiya ilə müəyyən olunan müstəsna hüququ, səlahiyyətidir. Dövlət başçısı birbaşa Konstitusiyaya istinad etməklə, istənilən vaxt belə bir akta qol çəkə bilər. Bu, bir fərdlə, yaxud fərdlər qrupu və çoxsaylı insanlarla da bağlı ola bilər. Elə vaxt olub ki, Prezident bir nəfərlə əlaqəli əfv aktı imzalayıb. Hansı ki, bu məsələ heç Əfv Komissiyasında əvvəlcədən müzakirə olunmayıb. Xarici ölkədə həbsdə olan zabitimiz Ramil Səfərovun Vətənə qaytarılması zamanı spantan olaraq belə bir əfv sərəncamı imzalanıb ölkə başçısı tərəfindən. Bundan qeyri baş verənlər isə adi prosedur qaydaları ilə həyata keçir. Əvvəlcə məhkumlardan, onların nümayəndələrindən, Ombudsmandan, insan hüquqlarını müdafiə edən müstəqil təşkilatlardan, Birgə İşçi Qrupundan Əfv Komissiyasına müraciətlər olunur. Bütün bunlar ümumiləşdirilib ölkə başçısına təqdim olunur. Sərəncamın imzalanıb-imzalanmaması isə bilavasitə Prezidentə məxsusdur. Ona görə də hüquq müdafiəçisi kimi mən də 31 dekabr tarixində yeni əfv sərəncamının imzalanacağını yalnız ehtimal edə bilərəm. Amma bunu qəti şəkildə ifadə etmək qeyri-ciddi alınar. Çünki sərəncam imzalanmaya, yaxud deyilən vaxtdan gecə və ya tez də ola bilər.
- Birgə İşçi Qrupuna yeni üzvlər qoşulubmu?
- Mən əvvəlki açıqlamalarımda qeyd etmişdim ki, hüquq müdafiəçiləri Birgə İşçi Qrupuna qoşulmaq üçün müraciət edə bilərlər. Amma bu, vəkillərə aid deyil. Çünki vəkillər maraq konflikti yaradırlar. Məhkumlarla bağlı məsələlərdə vəkil-müştəri maraqlarından, kommersiya marağından çıxış edirlər. Digər tərəfdən, vəkillərin Birgə İşçi Qrupuna üzv olması reqlamentə də uyğun deyil. Qrupa qeyri-kommersiya vətəndaş cəmiyyəti təmsilçiləri daxil ola bilərlər. Birgə İşçi Qrupun 12 noyabr iclasında daha iki nəfər üzv qəbul edildi. Onların biri hüquq müdafiəçisi Əvəz Həsənov, digəri Daxili İşlər Nazirliyinin baş idarəsinin rəhbəri, general-leytenant Fazil Quliyevdir. Beləliklə də Birgə İşçi Qrupun üzvlərinin sayı 21 nəfər oldu. Onlardan 13 nəfəri hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti təmsilçiləri, qalanları isə hakimiyyətin müxtəlif qollarının təmsilçiləridirlər.
- Birgə İşçi Qrupu fəaliyyətini yenidən bərpa edəndə üzərinizə hücumlar oldu, qrup üzvlərinə qarşı müxtəlif ittihamlar səsləndirildi. Belə münasibət indi də davam edir, yoxsa səngiyib?
- Xeyr, səngiməyib! Bəlkə də Azərbaycan daxilində, mətbuatda bizə qarşı qərəzli mövqe nümayişinin azaldığı görünə bilər, amma ölkə xaricində, xüsusən də beynəlxalq müstəvidə bu basqını, yanlış təsəvvürü indi də hiss etməkdə və görməkdəyik. Bu yaxınlarda millət vəkili Azay Quliyevin çox maraqlı bir müsahibəsi mediada yer aldı. Orada da aydın şəkildə göstərilirdi ki, ölkə daxilində dialoqun olmasında maraqlı görünməyən qüvvələr var. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdədir. Azərbaycan daxilində olan bəzi qüvvələr problemin həllində deyil, onun daha da sərtləşməsində, qloballaşmasında maraqlıdırlar. Belə şərait ölkəyə təzyiq imkanlarını artırır. Mərkəzi ofisləri xarici ölkələrdə olan beynəlxalq təşkilatlar da bundan külli miqdarda vəsaitlər əldə edə bilirlər. Bəzi adamlara süni sığınacaqlar verir, bəzilərinin mühacirətini təşkil edirlər. Adını da qoyurlar ki, guya həmin şəxsləri təqiblərdən qoruyurlar. Yaxud məhkum ailələrinə yardımlar adı altında külli miqdarda pullar alır, müxtəlif tədbirlər vasitəsilə onları mənimsəyirlər. Hətta bəzi hallarda bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanırlar. Xatırlayırsınızsa, Birgə İşçi Qrupu fəaliyyətini yenidən bərpa edəndə bizə etimadsızlıq göstərilsin deyə, 35 nəfərin imzası ilə Avropa Şurasının Baş katibinə müraciət də göndərilmişdi. İnanın, o 35 nəfər imza sahibləri arasında elələri var ki, müraciəti təşkil edənlər heç onların azadlığa çıxmasını istəmirlər. Çünki həbsdəki həmin insanların adları olmasa, onların hazırladıqları siyahının “bəzəyi”, “yaraşığı” itəcəkdir. Belə kampaniyanı təşkil edənlər istəmirlər ki, dialoq nəticəsində kimlərinsə barəsində humanist qərarlar qəbul edilsin, kimlərsə vaxtından əvvəl azadlığa çıxsın, əfv olunsun. Bu fikirlər əfv məsələsinə siyasi biznes marağı kimi baxan yerli QHT-lərə də, bundan Azərbaycana təzyiq aləti kimi yararlanmaq istəyən, külli miqdarda vəsaitlər qazanan beynəlxalq təşkilatlara da aiddir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər