• cümə, 19 Aprel, 05:17
  • Baku Bakı 18°C

Həbsdə olan hüquq müdafiəçisi prezidentə müraciət edib

06.08.14 10:39 973
Həbsdə olan hüquq müdafiəçisi prezidentə müraciət edib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Həsən Hüseynli cəza çəkmə müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə deyilir: “Son günlər erməni işğalçılarının növbəti dəfə atəşkəsi pozması və Azərbaycan Ordusunun düşmənin bu təxribatlarının qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki, Sizin Ali Baş Komandan olduğunuz bu güclü ordu güclü Azərbaycan dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur təəssüratı yaradan bu fenomen əslində Sizin Strasburqdakı son möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani nümayişidir.
Hörmətli cənab Prezident!
Sizin Ali diqqətinizə çatdırmaq istəyirəm ki, Vətənimizin bu taleyüklü günlərində üzləşdiyi problemlərin həllinə öz töhfəmi vermək imkanından məhrum olduğumdan dərin təəssüf hissi keçirirəm.
Digər tərəfdən mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum olub ki, bir neçə əcnəbi siyasətçilər mənim həbsimin siyasi motivlərə əsaslandığı barədə bəyanatlar veriblər. Mən bunu belə qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir və Azərbaycan Prezidenti tərəfindən qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm.
Hörmətli cənab Prezident!
Ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin ən yüksək səviyyələrə çatdırılmasında Sizin əldə etdiyiniz nailiyyətlər, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və ölkəmizin dünya ölkələri arasında layiqli yer tutması kimi Ali missiya uğrunda apardığınız yorulmaz mübarizə danılmazdır.
Hörmətli cənab Prezident!
Ali ünvanınıza bu məktubu göndərməklə bir Azərbaycan vətəndaşı kimi Sizi əmin etmək istəyirəm ki, bütün şüurlu həyatım boyu olduğu kimi, bəraət alıb azadlığa çıxandan sonra da mən bütün gücümü, biliyimi və bacarığımı bu nailiyyətlərin daha da yüksəlməsinə və bu Ali missiyanın həyata keçməsinə sərf edəcəyəm!”/apa/
banner

Oxşar Xəbərlər