Həbs olunan uşaqlar

Həbs olunan uşaqlar

Cəmiyyət
19 Noyabr 2012, 18:17 1809
Uşaqlar cəmiyyətin gələcəyi sayılır. Cinsiyyətindən asılı olmayaraq dünyaya gələn hər bir körpə həyata sıfırdan başlayır. Ondan sonrakı yaşamını təsir altına salan isə ya valideynlər, ya da birbaşa cəmiyyət olur. Yaxşı təsir altında böyüyən uşaq öz yaşadığı mühiti bir növ təmsil edir və əldə edilən uğur körpənin əziyyətini çəkən hər kəsin uğuru sayılır.
Bir də digər aspektdən baxdıqda, yanlış yönləndirilən uşaqlar var ki, onlar etdiyi əməlin ağırlığını tək çəkməyə məcbur olurlar. İstər tərbiyəsində, istər oğurluğunda istərsə də cinayətində ətraf mühit qınaq obyektinə çevrilmir. Qatilliyi də, caniliyi də uşaq təkbaşına çiynində daşımağa məhkum olur. Artıq bir dəfə ailəsi tərəfindən zərbə alan uşaq ikinci dəfə ona qatil damğası vuran cəmiyyət tərəfindən zərbə alır ki, sonradan da o uşağı cəmiyyətə qazandırmaq çox çətin olur.

Uşaqları cinayət törətməyə nə vadar edir?

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, ailədaxili konfliktləri olan uşaqlar daha çox cinayət törədirlər: “Yeniyetmələr bir çox səbəbdən cinayət törədirlər. Bunların bir qismi natamam ailədən çıxan uşaqlar olur. Yəni belə hallara daha çox ata-ana ilə bir yerdə böyüməyən uşaqlarda rast gəlinir. Valideyn övladı ilə vaxt keçirmədiyindən zaman-zaman uşaqda aqressiyanın yaranmasına səbəb olur”. Psixoloq qeyd edib ki, yeniyetməlik dönəmində ailələr övladları ilə münasibətdə maksimum diqqətli olmalıdılar. Çünki bu yaş dövrü keçid dövrüdür. Yəni nə uşaqdılar, nə də ki böyük. Şəxsiyyət onlarda yeni-yeni formalaşır. Ona görə də valideynlər onların şəxsiyyətini aşağılayan hərəkət və davranışlardan çəkinməlidilər. Belə hallarda yeniyetmə aqressiyanı ətrafdakı insanlarla münasibətə yönəldir. Nəticədə evdən oğurluq etmək, bəzən valideynə əl qaldırmaq kimi mənfi fəsadlar yaranır.
Müsahibimiz hesab edir ki, valideyn eyni zamanda övladının kiminlə vaxt keçirdiyinə, cibində nə qədər pul olduğuna, asudə vaxtı necə keçirdiyinə diqqət etməlidi. Əgər bu faktorlar nəzərə alınarsa, onların cinayət etmək, eləcə də hansısa narahatçılıq yaradan hərəkət və davranışları da minimuma enəcək.

Uşaqlar ən çox nə qədər cəza ala bilər?

Media Hüquqları İnstitutunun hüquqşünası Fariz Namazov bildirib ki, Azərbaycanda 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz. Onun sözlərinə görə, cinayət törətmiş şəxs 14 yaşdan aşağı olarsa, o, cinayət məsuliyyətinə cəlb olunmur. Belə ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti 14 yaşdan başlayır.

Uşaqların vəkili olmur

Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin direktoru Kəmalə Aşumovanın sözlərinə görə, bu günə kimi mərkəzdə 290-dan çox uşaq və gənc reabilitasiya kursu keçib və onlara sosial, psixoloji və hüquqi yardım göstərilib: “Uşaqlar mərkəzə icra hakimiyyətləri yanında fəaliyyət göstərən azyaşlılar üzrə komissiyalar və polis idarələri tərəfindən yönləndirilir. Bəzi uşaqların polis idarələrində dindirilərkən və məhkəmə proseslərində iştirakı zamanı vəkilləri olmur. Bu zaman mərkəzdə fəaliyyət göstərən hüquqşünaslar onların müdafiəsi ilə məşğul olur”.
Ekspert bildirib ki, mərkəzə yönləndirilən uşaqlar arasında cinayət törədənlər daha çox valideyn tərbiyəsindən məhrum olanlar və maddi vəziyyətləri aşağı olanlardır: ”Ən çox rast gəlinən səbəblər uşaqların bütün günü valideynin diqqətindən yayınaraq səhər işləyib, gecələr internet klublarda qalmaları, maddiyyat dalınca qaçmaları və s.-dir. Məhz bu halların qarşısını almaq üçün biz polis idarələrinin nümayəndələri, icra hakimiyyətlərinin komissiyalari ilə birlikdə məktəblərdə, evlərdə ailələrlə, həmçinin uşaqlarla təlimlər keçiririk”
Qeyd edək ki,cinayət törətmiş uşaqlar üçün uşaq və gənclərin sosial reabilitasiya mərkəzi 2007-ci ildən Daxili İşlər Nazirliyi, YUNISEF-in Azərbaycandakı nümayəndəliyi, ATƏT və Britaniya səfirliyinin dəstəyi ilə yaradılıb.

AYGÜN CƏFƏRLİ