Həbib azərbaycanlının klubunda döyüşüb, Ukrayna vətəndaşlığı almaq istəyib
UFC çempionu Həbib Nurməhəmmədov Ukrayna vətəndaşlığı ala bilərmiş.
Kaspi.az xəbər verir ki, bu
barədə məlumatı Həbibin dayısı Aleks Nurməhəmmədov verib. O, bildirib ki, Həbib
Ukraynanın hakimiyyət orqanlarına müraciət etsə də, "hə” cavabı ala bilməyib.
Dayısı, Həbibin buna görə incidiyini də vurğulayıb:
"Biz bütün gücümüzü sərf etdik ki, Həbib Ukrayna vətəndaşlığını
alsın. Biz Ukraynanı, onun xalqını sevir və dəyərləndiririk. Deyirlər ki,
harada doğulubsansa, vətən də oradır.
Amma mən hesab edirəm ki, sənin üçün yaşamaq harada yaxşıdırsa, vətən də
məhz oradır. Planlaşdırmışdıq ki, Həbib Ukraynanın şərəfini qorusun. Ancaq bu
planımız alınmadı.
Bəli, Həbib buna görə bir az incidi də. O, tez-tez soruşurdu ki, niyə
pasport vermirlər, niyə məsələyə belə yanaşırlar? O, özünün ilk döyüşünə
Poltavadan uçub. Həmin vaxt "Antares-2000” klubunda çıxış edirdi. Bu klub
Viktor Krivoruçkoya məxsus idi.
Daha sonra Kiyevdə "Combat-DOBRO” klubunun şərəfini qorudu. Bu kluba
Elxan Vəliyev rəhbərlik edirdi. O, Ukraynanın Döyüş Sambosu Federasiyasının
prezidenti idi. Həmin vaxt mən federasiyada vitse-prezident postunda
çalışırdım. Ancaq ona pasport vermədilər və biz də Həbibi Rusiyaya yola saldıq”.
Qeyd edək ki, əslən azərbaycanlı olan Elxan Vəliyev həm də Avropa
Döyüş Sambosu Federasiyasının prezidentidir.
Elxan Vəliyevin atası Nazim Vəliyev əslən Naxçıvanın Şərur
rayonundandır. İdmançının anası isə ukraynalıdır. Sərbəst güləş üzrə SSRİ idman
ustası olan Elxan Vəliyev 2006-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində
veteranlar arasında döyüş sambosu üzrə keçirilən dünya çempionatında qələbə
qazanıb. Bundan başqa, 2008-ci ildə isə İsveçdə sərbəst güləş üzrə veteranlar
arasındakı dünya çempionatının qalibi olub.