• cümə, 19 Aprel, 04:50
  • Baku Bakı 18°C

Hazırlıqlı olmaq, məlumatlılıq, səliqəli geyim - Araşdırma

07.09.18 12:10 2180
Hazırlıqlı olmaq, məlumatlılıq, səliqəli geyim - Araşdırma
Uğurlu karyera hər kəsin arzusudur. Hamı yaxşı müəssisədə işləyib, daha çox pul qazanmaq istəyir. Uğurlu karyeranın ilk pilləsində isə uğurlu iş müsahibələri dayanır. Amma aydındır ki, bütün müsahibələr heç də hər zaman uğurlu alınmaya bilir. Bu siyahıda hətta dünyaca məşhur olan şirkət rəhbərlərinin adları da var. Bəzən kifayət qədər istedadlı, bacarıqlı və təcrübəli biri iş müsahibəsindən kəsildiyi halda, ondan daha az biliyə və bacarığa malik olanı uğur qazanır.
Əslində hər bir iş müsahibəsinin özünəməxsus tərəfləri var. Bəs görəsən müsahibə zamanı necə davranmalı və nələrə diqqət etməliyik? Öz bilik və bacarıqlarımızı müsahibə götürən şəxsə necə təqdim etməliyik?
Spontan müsahibələr heç də həmişə yaxşı alına bilməz
Satış mütəxəssisi, təlimçi, "Sat Group”un həmtəsisçisi və rəhbəri Azad Qəhrəmanov deyir ki, işə qəbul olmaq üçün işəgötürəni inandırmalısınız: "Adətən, gənclər iş müsahibəsinə getməzdən əvvəl qarşılarına belə bir məqsəd qoyurlar ki, nəyin bahasına olursa-olsun bu şirkətə işə düzəlməlidir. İşin ona uyğun olub-olmamasının isə çox da fərqi olmur. Əslində, bu, düzgün deyil. CV göndərdiyiniz şirkətə iş müsahibəsinə getməzdən əvvəl həmin şirkətin, yaxud işin sizə uyğunluğuna mütləq əmin olun. Əgər bu uyğunluq yoxdursa, hətta işə qəbul olsanız belə, bir neçə ay sonra oradan ayrılacaqsınız. Yaxşı olar ki, müsahibəyə getməzdən əvvəl həmin iş və şirkət haqqında bir qədər araşdırma edəsiniz. Müsahibə zamanı İnsan Resursları mütəxəssisi (İR mütəxəssisi) başa düşməlidir ki, siz bu iş haqqında məlumatlısınız. Çünki onlar bu faktora xüsusi diqqət yetirir. Həmçinin, şirkətin tarixi, fəaliyyət istiqaməti və missiyası haqda məlumatlı olmağınız sizin üçün faydalı ola bilər. Bu məlumatları əldə etmək heç də çətin deyil. Siz inandırmalısınız ki, namizəddən tələb olunan bütün keyfiyyət və bacarıqlara sahibsiniz. Yaxşı olar ki, uğurlu olduğunuz işlərdən nümunələr çəkəsiniz. Bunun üçün isə əvvəlcədən hazırlıq lazımdır. Spontan müsahibələr heç də həmişə yaxşı alına bilməz. Hazırlaşmaq bir növ məsuliyyətin göstəricisi kimi qəbul olunur”.

Şəxsiyyət olaraq müsahibindən xoşu gəlməsə...
Mütəxəssis müsahibə zamanı konkret faktlardan misallar çəkməyin faydalı olduğunu bildirdi: "Çox vaxt İR mütəxəssisi namizədə "Niyə bizim şirkətdə işləmək istəyirsən” sualını ünvanlayır. Bu zaman havadan-sudan danışmaq əvəzinə konkret faktlardan danışmaq lazımdır. Şirkət haqqında bilgilərinizdən istifadə edərək doğru rəqəmlərdən misallar çəkə bilərsiniz. Özünüzü yaxşı işçi və peşəkar biri kimi sübut etməlisiniz. Keçmiş iş təcrübəniz, təhsiliniz, təhsildə qazandığınız uğurlardan misallar çəkin. Müsahibədən əvvəl hər şeyi yaxşıca götür-qoy etmək lazımdır. Unutmaq lazım deyil ki, İR mütəxəssisi də insandır. Siz onda yaxşı təəssürat yaratmalısınız. İR mütəxəssisinin peşəkarlığı artdıqca o, emosional məsələləri kənara qoyur. Peşəkar İR mütəxəssisləri namizədə şərait yaradır ki, öz bacarıqlarını üzə çıxara bilsin. Onlar həm də bir növ psixoloq kimi sizin düşüncələrinizi oxuya bilir. Amma şəxsiyyət olaraq müsahibindən xoşu gəlməsə, onu işə almaya bilər. Çünki öz komandasına diskomfort yaşayacağı insanı qəbul etmək istəmir. Bunun üçün namizəd səriştəli şəkildə davranmalıdır. Yaxşı olar ki, müəyyən ünsiyyət qaydaları haqda məlumatlı olsun. İR mütəxəssisi ilə dostlaşa bilən və kommunikasiya bacarığı olan istənilən şəxslər hər zaman uğurlu olur. Yaxşı iş istəyən insan mütləq öz ünsiyyət bacarığını inkişaf etdirməlidir”.
Nə qədər çox məlumatlı olsan...
Psixoloq Orxan Oruc deyir ki, bəzən işəgötürən qeyri-peşəkarlığa yola verərək yanlış insanı işə qəbul edir: "İş müsahibəsində insanlar həmin işi itirməkdən qorxurlar. Qorxunun yaratdığı stress altında isə özlərini daha yaxşı ifadə etməkdə çətinlik çəkirlər. Ona görə qorxunu dəf etmək üçün həmin işin xüsusiyyətləri, getdiyiniz şirkət və sizdən müsahibə götürəcək şəxslər haqqında maksimum ətraflı məlumata sahib olmaqda fayda var. Bu barədə internet üzərindən, yaxın tanışlardan məlumat əldə etmək olar. Nə qədər çox məlumatlı olsan, ünsiyyət prosesi və müsahibə bir o qədər asan olar. Adətən, müsahibə zamanı stressin təsiri altında namizəd qarşı tərəfdə özgüvəni az olan biri kimi təəssürat yaradır. Ona görə də bəzən seçim zamanı özünü daha yaxşı göstər bilik və bacarıqları daha az olanlara üstünlük verilir. Əslində, bu, həm də bəzən müsahibə götürən şəxslərin qeyri-peşəkarlığından irəli gəlir. İnsanın potensialını müəyyən etmək üçün müsahibə götürən tərəf bilməlidir ki, istedadı üzə çıxarmaq üçün hansı metodlardan istifadə etmək lazımdır. İR mütəxəssisi düzgün metodları bilmədiyinə görə yanlış insanı seçə bilir. Belə olan halda təcrübəli və bacarıqlı insan o işi, işəgötürən isə həmin insanı itirmiş olur. Yəni, burada itki təktərəfli olmur. Ümumiyyətlə, iş müsahibəsinə gedərkən bir neçə qaydaya riayət etmək lazımdır”.

İşə qəbulda geyimin rolu
Psixoloq söylədi ki, iş müsahibəsinə gedərkən düzgün geyim seçimi böyük rol oynayır: "Geyim seçərkən çalışmaq lazımdır ki, sadə və adi rənglərdən istifadə olunsun. Diqqət çəkən rənglərdən maksimum şəkildə uzaq olmaq lazımdır. İ müsahibəsinə gedərkən xüsusi diqqət çəkəcək və qeyri-adi geyim tərzinə üstünlük verilməməlidir. Yaxşı olardı ki, aksesuarlardan və ətirlərdən istifadə etməyəsiniz. Çünki sizin istifadə etdiyiniz aksesuar, yaxud ətir qarşı tərəfin xoşuna gəlməyə və onda qıcıq yarada bilər. Belə olan halda işəgötürən şəxs həmin aksesuar, yaxud ətirlə bağlı olan hislərini şəxsin üzərinə keçirir. Bu zaman özü də bilmədən həmin namizəd haqqında neqativ hisslər bəsləyəcək. Bu isə müsahibənin normal gedişatına mənfi təsir göstərə bilər. Stressin təsiri altında müsahibəyə gedən insanlar əl-qol hərəkətlərindən, jest və mimikalardan çox istifadə edirlər. İşəgötürən şəxs namizədin həyəcanlı olub-olmadığını müəyyən etmək üçün bu amillərə xüsusi diqqət yetirir. Bəziləri əllərini gizlətməyə çalışır və ya ayaqlarında titrəmə müşahidə olunur. Həmçinin, yersiz əl-qol hərəkətləri insanın özgüvəninin az olmasından xəbər verir. Bütün bunlar mənəvi rahatlıqdan irəli gələn faktorlardır. Sən yaxşı mütəxəssis ola bilərsən, amma ünsiyyət bacarığın olmadan və düzgün davranışları bilmədən özünü düzgün ifadə edə bilməzsən. Çalışmaq lazımdır ki, qarşı tərəfdə neqativ hiss yaratmayasan. İnsan özünü rahat hiss edərsə, bunları asanlıqla dəf edə bilər. Əslində, iş müsahibəsinə həyatın sonu kimi baxmaq lazım deyil. Müsahibəyə bu düşüncə ilə gedənlər uğur qazana bilməz. Ola bilər ki, həmin işə qəbul olunmaya bilərsiniz. Amma ən azından, sizin iş müsahibəsində olmaq bacarığınız artacaq”.

Stressdən və gərginlikdən uzaq olmaq lazımdır
İndi bəzi universitetlərdə karyera mərkəzlərinin fəaliyyət göstərdiyini deyən sosial-psixoloq Əhəd Kazımov qeyd etdi ki, bu mərkəzlərdə gənclərə iş tapmaqda və müxtəlif şirkətlərlə əlaqə saxlamaqda yardım edilir: "Bundan başqa, həmin mərkəzlərdə gənclərə iş müsahibələrinə hazırlaşmağın metodları öyrədilir. Son illərdə dünya təcrübəsindən mənimsənilən bu tendensiya ölkəmizdə də geniş inkişaf etməkdədir. Gənclərlə sınaq müsahibələri keçirilir və mümkün suallar ətrafında cavablar axtarılır. Sınaq müsahibələrdən keçdikdən sonra əsl iş müsahibələri gənclərə heç də çətin gəlmir. İlk növbədə iş müsahibəsində stressdən və gərginlikdən uzaq olmaq lazımdır. Bunun üçün isə əvvəlcədən hazır olmaq lazımdır. Məsələ burasındadır ki, gənclər adətən, iş müsahibəsinə hazırlıq görmədən gedir. Bəzən hətta namizədin müsahibəyə getdiyi şirkətin nə işlə məşğul olduğu haqqında heç bir məlumatı olmur. Görüş zamanı isə işəgötürən şəxsə sadəcə, işləmək istədiyini söyləyir. Qarşı tərəf onun hansı vəzifədə işləmək istədiyini soruşduğu zaman o, şirkətdə hansı departamentlərin olmasından belə xəbərsiz olduğuna görə çaşıb qalır. Stressi azaltmağın əsas yolu hazırlıqdır. Mütləq müsahibəyə getdiyi qurumun, yaxud şirkətin nə işlə məşğul olduğu, orada neçə işçinin çalışdığını və neçə departamentin mövcudluğu barədə müəyyən məlumatın olmalıdır. Görüşdən əvvəl mütləq dərindən nəfəs almaq lazımdır. Ən önəmlisi isə pozitiv düşünməkdir. Qəbul etmək lazımdır ki, hətta bu müsahibədən keçməsən belə, bu, son deyil. Qarşıda hələ səni böyük imkanlar və fürsətlər gözləyir”.

Bütün vakansiyalara müraciət etmək olmaz
Hrclub.az saytının təsisçisi Orxan Quliyev isə söylədi ki, bəzən gənclər CV göndərərkən vacib amillərə diqqət etmirlər: "Hər şeydən əvvəl işə qəbul olunmaq istəyən gənc öz CV-sini zənginləşdirməlidir. Amma hara gəldi CV göndərmək də düzgün deyil. Qarşınıza çıxan bütün vakansiyalara müraciət etmək olmaz. Belə olan halda, müsahibə zamanı çətinlik qarşısında qala bilərsiniz. Bəzən müsahibə zamanı namizəd qarşı tərəfə yalan məlumatlar verir. Bu, birmənalı şəkildə yolverilməzdir. Müsahibədə klassik suallara cavab verəcək qədər hazırcavab olmalısınız”.

O.Quliyev qeyd etdi ki, bəzən işəgötürən şəxs ön mühakimənin təsiri altında yanlış qərarlar verə bilir: "Bu, əslində bir qədər qeyri-peşəkarlıq göstəricisi kimi qəbul olunur. Çünki bəzən İR mütəxəssisi ön mühakimənin təsirinə düşə bilir. Əsl İR mütəxəssisi namizədin keyfiyyətlərini, bilik və bacarıqlarını üzə çıxarmağı bacarmalıdır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər