• cümə, 29 Mart, 12:48
  • Baku Bakı 14°C

Haylar hay salmaqla nə demək istəyirlər?

28.01.14 11:23 1647
Haylar hay salmaqla nə demək istəyirlər?
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov keçən il noyabrın 19-da Vyanada, daha sonra dekabrın 5-də Kiyevdə erməni həmkarı ilə görüşmüşdü. Görüşlərin davamı olaraq bu il yanvarın 24-də Parisdə yenidən bir araya gələn nazirlər sülh prosesinin inkişaf istiqamətində substantiv məsələlər haqqında müzakirələr aparıblar. Bu zaman tərəflər növbəti dəfə sülh və danışıqlar yolu ilə münaqişənin həllinə olan inam və istəklərini ifadə ediblər. Qeyd edək ki, E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşərək Azərbaycanın mövqeyinin konkret və dəyişilməz olduğunu bildirib. Onu da deyək ki, görüş öncəsi ermənilərin cəbhə xəttində yaratdıqları narahatlığın danışıqlara birbaşa təsir edəcəyini, müzakirələrin gərgin keçəcəyini söyləyənlər az deyildi. Lakin görünən odur ki, heç bir gərginlik və xüsusi bir dəyişiklik qeydə alınmayıb, tərəflər ənənəvi fikirlərini və mövqelərini bildirərək görüşü yekunlaşdırıblar.
Bu mövzuda fikirlərini qəzetimizə açıqlayan politoloq Elman Nəsirov görüşdə əsas diqqət mərkəzində iki məqamın olduğunu söylədi-birincisi, cəbhə xəttindəki mürəkkəb vəziyyət, atəşkəsin çox kobud və intensiv şəkildə pozulması, digəri isə prezidentlərin fevral ayına planlaşdırılan görüşü: “Həm danışıqlar öncəsi, həm də danışıqların getdiyi vaxtda Ermənistanın atəşkəs rejimini pozması təbii ki, Paris danışıqlarına kölgə salan məsələdir. Bu məqam fevralda prezidentlər səviyyəsində keçiriləcək görüşə mane olan amil kimi də qeyd oluna bilər. Mənə elə gəlir ki, Ermənistanın bu addımı atmasına 4 əsas amil səbəb olub. Birincisi, düşmən dövlət bu ilin may ayında Bişkek müqaviləsinin imzalanmasının 20 ilinin tamam olacağının fərqindədir. Ermənistan tərəfi həmin müqaviləyə necə yanaşdığını, saya salmadığını, qulaqardına vurduğunu dəfələrlə nümayiş etdirib”.
E.Nəsirov Ermənistanın bu şəkildə atəşkəsi pozmasına ikinci səbəb kimi Qarabağ münaqişəsi ilə bağlı dezinformasiya yaymaqla məşğul olduqlarını göstərdi: “Düşmənlər onsuz da hər zaman Qarabağ məsələsi ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayıblar. Onlar düşünürlər ki, dezinformasiya siyasətini həyata keçirmək üçün indiki məqam daha əlverişlidir. Buna səbəb odur ki, dünyanın diqqəti Soçi qış olimpiadasına yönəlib. Rusiya mətbuatının yazdığına görə, bu olimpiadaya 47 milyard dollar vəsait xərclənib. Yəni, diqqətlərin ən bahalı olimpiya oyunlarına və onun ətraf ərazilərinə yönəldiyi vaxtda ermənilər bundan unikal fürsət kimi yararlanıb ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Guya, Azərbaycan atəşkəs rejimini gün ərzində dəfələrlə pozur, aqressiv siyasət yeridir və razılaşmalara əməl etmir. Ermənilər hər məqamdan çox dəyərli fürsət kimi yararlanmaq istəyirlər”.
Üçüncü, ənənəvi məsələdir. Ermənistan hər zaman daxilində vəziyyəti kifayət qədər gərgin olan dövlət olub. Gərginliyin artdığı zaman daxili auditoriyanın diqqətini yayındırmaq üçün bütün fikirlər Dağlıq Qarabağ məsələsinə yönəldilir: “Son günlər ölkədə pensiya islahatı ilə bağlı addımların atılması kütlə tərəfindən çox ciddi etirazla qarşılanır. Onsuz da mürəkkəb olan vəziyyət daha da qəlizləşib. Belə olan halda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dezinformasiya yaymaq zərurəti yaranıb. Ermənistan hökuməti vətəndaşlarına demək istəyir ki, “sən mədənin hayındasan, amma Azərbaycan müharibəyə başlamaq istəyir. Sənin çörək və iş istəməyin, pensiya islahatı əleyhinə çıxmağın yersiz addımdır”. Yəni, işğalçı dövlət daxili sakitliyi təmin etmək üçün Qarabağ faktorunu önə çıxarır”.
Politoloqun fikrincə, dördüncü əsas məqam odur ki, ermənilər fevral ayında keçiriləcək prezidentlərin görüşündə prioritet məsələnin atəşkəs rejimi ilə bağlı olmasını istəyirlər: “Düşünürlər ki, atəşkəs rejimi bu şəkildə pozularsa və həddindən artıq intensivləşərsə, həmsədrlər də, prezidentlər də bunu əsas məsələ kimi diqqət mərkəzində saxlayacaqlar. Beləcə, vacib məsələlər kölgədə qalacaq. Xüsusən, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması bir qədər arxa plana keçiriləcək. Yaranmış bu vəziyyətdə bütün məsuliyyət Ermənistanın, onu himayə edən tərəflərin və beynəlxalq birliyin, ələlxüsus ATƏT-in Minsk qrupunun üzərinə düşür. Hesab edirəm ki, bu cür yanaşmalar və neqativ məqamlar gözlənilən görüşə kölgə salır və pozitiv bir nəticə hasil olacağına inam və ümidləri kəskin şəkildə azaldır”.
Politoloq Qabil Hüseynli bildirdi ki, ermənilər nazirlərin və prezidentlərin görüşü öncəsi çox zaman təxribat törətməklə məşğul olurlar. Guya bununla psixoloji üstünlük qazanmaq və yaxud azərbaycanlılara psixoloji təzyiq göstərmək istəyirlər. Bu isə Ermənistanın guya daha güclü olması təsəvvürünü yaratmağa yönəlmiş cəhddir: “Danışıqlarda müəyyən pozitiv məqamların olduğu söylənilir. Bu isə Ermənistanda müəyyən dairələrin xoşuna gəlmir. Çünki 5 rayonun geriyə qaytarılması məsələsi yenidən aktuallaşıb. Bunun reallaşıb-reallaşmayacağından asılı olmayaraq gündəmə gəlməsi Ermənistanda ciddi narazılığa səbəb olur”.
Politoloq hesab edir ki, XİN rəhbərlərinin görüşündə ekspertlərin hazırladıqları və uzlaşdırdığı məsələlər müzakirə edilib. O məsələlər isə prezidentlərin görüşü zamanı müzakirəyə çıxarılacaq: “Düşünürəm ki, xarici işlər nazirlərinin görüşündə müəyyən irəliləyişlər əldə olunub. Mətbuata sızan məlumatlar belə deməyə əsas verir. Əsas məsələ, bu irəliləyişlərin prezidentlər tərəfindən qiymətləndirilməsidir. Danışıqlar prosesində pozitiv məqamlar əldə olunsa da, cəbhə bölgəsində atəşkəs rejiminin pozulması halları xeyli artıb. Görünür, prezidentlərin görüşündə həm yeni atəşkəs rejiminin yaradılmasına dair müqavilə şərtləri razılaşdırılacaq, həm də ümumilikdə nizamlama prosesinin ayrı-ayrı nüansları müzakirə edilib razılaşdırılacaq. Bir sözlə, hələ ki, proseslər «dalandan çıxmış» kimi görünür. Status-kvonun dəyişdirilməsi istiqamətində ciddi addımlar atılır. Çünki hər iki tərəf beynəlxalq güclərin təzyiqi, pressinqi altındadır. Bu da danışıqlar prosesinə öz təsirini göstərir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər