• cümə axşamı, 25 aprel, 13:35
  • Baku Bakı 23°C

Havanın çirklənməsinə qarşı etibarlı qoruyucu vasitə

26.10.19 12:00 683
Havanın çirklənməsinə qarşı etibarlı qoruyucu vasitə
Hansı ağacı harda əkək ki, bəhrəsini də görək?
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün realizə olunması üçün hazırlıqlara başlanılıb. Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfədir. Əkilən ağaclar, salınan bağlar, parklar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərir. Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, böyük rəğbətlə qarşılanıb və hazırda bu təşəbbüsə ciddi hazırlıq işləri görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ölkənin bütün bölgələrində bu tədbirə ciddi hazırlıq işləri gedir. Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib: "Bu nəcib təşəbbüsə qoşulmaqla, həm böyük şairin ruhuna öz ehtiramımızı bildirəcək, həm də bir gündə 650 min ağac əkməklə ətraf mühitin sağlamlaşdırılmasında örnək bir addım atmış olacağıq. Hər kəsi bu möhtəşəm aksiyaya qoşularaq ağac əkməyə və əkilən ağaclara vaxtaşırı qulluq etməyə çağırırıq. Əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir.”
Ağacların əkilməsi, parkların salınması əvəzsiz xidmətdir. Və bu nəcib təşəbbüsə hər kəs qoşulmalıdır. Ancaq bu işdə incə bir məqam mütləq nəzərə alınmalıdır. Azərbaycanın hər bölgəsinin özünəməxsus iqlim xüsusiyyəti var. Hər ağac hər bölgədə bitməz. Hərb bir bölgədə məhz oranın iqliminə uyğun ağac əkilməlidir ki, görülən işin də bəhrəsi olsun. Maraqlıdır, yaşıllaşdırma təşəbbüsləri zamanı bu amil nəzərə alınırmı? Ümumiyyətlə, hansı bölgədə hansı ağaclar əkilməli, onlara necə qulluq edilməlidir ki, ömürləri də uzun olsun?
Ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün ETSN-nin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə danışdı: "İlk növbədə ağac əkiləcək ərazi müəyyənləşdirilməli, sahə kol-kosdan təmizlənməli və torpaq hazırlığı işləri aparılmalıdır. Ağac tingləri bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tinglərin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalıdır. Çalanın dərinliyi az olarsa, tinglərin kökləri qışda şaxtadan, yayda istidən məhv ola bilər. Əksinə çox dərin qazılarsa, kökləri zəif inkişaf edər və ağac quruyar. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Əkildikdən sonra küləkdən qorunması üçün ting rezin iplə dirəyə bərkidilməlidir. İpi bağlayarkən ağacın qabığı zədələnməsin deyə, sıxlıq nəzərə alınmalıdır. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır. Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməlidir. Əgər ağacın kök boğazı boşalarsa, dibi mütləq torpaqla bərkidilməlidir. Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır. Ağaclarda inkişaf başladıqdan sonra onların yaxşı böyüməsi, yüksək məhsuldarlıq əldə olunması üçün mütəmadi qulluq göstərilməlidir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır. Suvarmadan sonra isə ağacların dibləri yumşaldılmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr verilməlidir. Azot gübrələri isə yazın ilk yarısında verilir. Qış mövsümündə inkişaf dayandığından, əlavə heç bir iş aparılmır”.
Mütəxəssis hansı zonada hansı ağacların əkilməyinin daha uyğun olduğundan da danışdı: "Bakı və Abşeron yarımadasında iqlimə, yerli şəraitə uyğun badam, əncir, nar, zeytun, ərik, tut, albalı, alça, armud, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər. Aran zonasında isə iqlimə və yerli şəraitə uyğun olaraq badam, əncir, nar, ərik, tut, xurma, innab, albalı, alça, armud, gavalı, heyva, iydə, püstə və s. ağaclar əkmək lazımdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifovdeyir ki, bir gündə 650 min ağacın əkilməsi aksiyası Azərbaycanın ekologiyasına çox müsbət təsir göstərəcək: "Ağacların oduncaqları karbon qazının birləşmələri nəticəsində formalaşır. 650 min ağacın əkilməsi atmosferdə olan külli miqdarda karbonun o ağacların oduncaqlarında toplanmasına, atmosferin oksigenlə zənginləşməsinə öz təsirini göstərəcək. Ağaclar təbiəti təkcə oksigenlə zənginləşdirmir, onlar həm də toz tutucularıdır. Şəhər mühitində, küləkli yerlərdə ağacların sayının çox olması bu baxımdan da önəmlidir. Ağaclar, eyni zamanda, bir çox heyvanların, quşların, həşəratların biotoplarıdır, yəni yaşayış yerləridir. Kütləvi şəkildə ağac əkilməsi bioloji müxtəlifliyin artırılmasına da müsbət təsir edəcək. Ağaclar həm də iqlim tənzimləyiciləridir. Araşdırmalar göstərir ki, qızmar havalarda ağac olan ərazilərdə temperatur 5 dərəcə aşağı düşür. Ağacların əkilməsi torpağın rütubətliliyinin qorunmasına imkan verir. Torpağın rütubətliliyinin qorunması səhralaşma prosesinin qarşısını alır, nəticədə torpağın biomüxtəlifliyi artır, məhsuldarlığını uzun müddət saxlaya bilir. Ağaclar, həmçinin tarlaqoruyucu funksiyasını yerinə yetirir”.
Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov bildirdi ki, ki, şəhər və rayonların yaşıllaşdırılmasında həmişəyaşıl ağaclardan şam, sərv, küknar, yarpağını tökən bitkilərdən isə ağcaqayın, cökə, tozağacı, vələs cinsinə aid növlər ətraf mühit çirkləndiricilərinin neytrallaşdırılmasında böyük rol oynayır: "Tərkibində monoterpenlər olan iynəyarpaqlı, yəni şam, sərv, küknar, ardıc və xırdayarpaqlı cökə bitkisinin uçucu fitonsidləri kükürd qazını neytrallaşdırır. Bitkilər tərəfindən buraxılan uçucu fitonsidlərin ziyanlı qazların miqdarının azaldılmasında, bakteriyaların, mikroskopik göbələklərin və ibtidai orqanizmlərin məhv edilməsində əhəmiyyəti çoxdur. Ağac və kol bitkiləri qədimdən havanın çirklənməsinə qarşı etibarlı və yoxlanılmış qoruyucu vasitə hesab edilir. Ağacları, meşələri haqlı olaraq "təbiətin ağciyəri” adlandırırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər