• şənbə, 20 Aprel, 11:27
  • Baku Bakı 14°C

Hava nəqliyyatının liberallaşdırılmasının turizmə təsiri

14.09.17 10:30 2918
Hava nəqliyyatının liberallaşdırılmasının turizmə təsiri
Azərbaycanda hava nəqliyyatının liberallaşdırılması – mövcud uçuşların turizm üzrə hədəf qrupa daxil olan ölkələrə və şəhərlərə uyğunlaşdırılması və gələcəkdə prioritet istiqamətlərə uçuşların artırılması istiqamətində işlər aparılır.
Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Turizm Şurasının tərkibində hava nəqliyyatının liberallaşdırılması üzrə işçi qrup yaradılıb. İşçi qrup tərəfindən turizm üzrə prioritet hesab edilən ölkə və şəhərlərdən turist axınının artırılmasının təmin edilməsi məqsədilə yeni uçuş xətlərinin açılması və "Açıq səma sazişləri”nin bağlanması üzrə aidiyyəti qurumlarla danışıqların sürətləndirilməsi qərarlaşdırılıb. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında "Açıq səma sazişləri” ilə bağlı sənədləşmə işlərinin yekunlaşdırılması üzrə iş aparılır.
Hesabatda bildirilir ki, "2017-2020-ci illər üzrə turizm sahəsinin inkişafına dair investisiya layihələrinin maliyyələşdirilməsi üzrə Fəaliyyət Planı” təsdiq edilsə də, icrası təmin edilməyib. Eləcə də "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulduğu qaydada hər il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən turizm sektoruna ayrılacaq vəsaitin miqdarı müəyyən edilməyib. Turizm sektoruna özəl və xarici investisiya qoyuluşlarının artırılması üzrə işlərdə nəzərəçarpacaq dərəcədə irəliləyişlərə nail olunmayıb.
Sənəddə tövsiyə edilir ki, turizm sektoruna özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlər gücləndirilməlidir. Bu sahədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər və əldə edilən nəticələr barədə rüblük əsasda hesabat hazırlana və aidiyyəti üzrə təqdim edilə bilər.
Növbəti mərhələdə bunun turizmin inkişafına necə təsir edəcəyini və investisiya qoyuluşunu necə artırmağın mümkün olduğunu öyrənməyə çalışdıq.
İqtisadçı Könül Nuriyeva bildirir ki, bu liberallaşma iqtisadi cəhətdən də inkişafa səbəb olacaq: "İndiki dövrdə daha çox hansı ölkələrə tələb varsa, həmin ölkələrə uçuşlar təşkil olunur. Əvvələr hansısa ölkəyə getmək üçün ucuz reyslər axtarırdıq. Artıq düşünürəm ki, yeni sazişin imzalanması ilə prioritet seçilmiş ölkələrə uçuş qiymətinin aşağı salınmasına və onlara marağın artmasına səbəb olacaq. Belə deyək, maraq və tələbin artması nəinki Azərbaycana, digər ölkəyə də müsbət təsir göstərəcək. İqtisadi mənfəəti artacaq. Bunların hamısı günün tələbinə uyğun seçilir. Amma bir şey də var ki, ölkədən turistin çox getməsi yox, gəlməsi vacibdir. Ona görə biz öz ölkəmizi də bu sazişə prioritet ölkə kimi daxil etməliyik. Düşünürəm ki, Azərbaycanda investisiya məkanının formalaşdırılmasına, sahibkarlığın inkişafına daha çox önəm verilməlidir. Dövlətin bununla bağlı kifayət qədər layihələri var. Həmçinin yetəri qədər dəstək olur. Ona görə də Azərbaycanda investisiya mühiti formalaşdırılmalıdır ki, xarici sahibkar gəlib investisiya qoysun. Burada hər iki tərəf qazanc əldə edir. Həm ölkə qazanır, həm də sahibkar. Həmçinin bu, yeni iş yerlərinin yaranmasına və turizmin inkişafına səbəb olacaq. Xarici investisiyanın gəlməsi bizim xarici təcrübədən də yararlanmağımıza şərait yaradacaq”.
Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov deyir ki, görülən bu işlər ölkəmizi turistlər üçün daha əlçatan edəcək: "Ölkə prezidenti 6 dekabr 2016-cı ildə Strateji Yol Xəritəsi ilə bağlı layihəni təsdiq edib ki, orada olan əsas müddəalardan biri ölkəmizdə olan hava nəqliyyatını daha çevik və turizm mövsümlərinə görə ölkəmizə gələn və gedən turistlər üçün daha əlçatan etməkdir. Həmçinin digər hava yolu şirkətləri ilə rəqabət apara biləcək səviyyəyə gətirməkdir. Sizin də bildiyiniz kimi, "Buta” hava yollarının açılması bu məqsədə xidmət edir. Müəyyən ölkələrdən bizim regionlara – Naxçıvan, Qəbələ hava limanlarına uçuşların təşkil olunması, hava məkanının liberallaşdırılması və s. bütün bunların hamısı ilk növbədə ölkəni xarici turistlər üçün əlçatan edir. Daha rahat uçuş qrafiklərinə yönəlməyinə xidmət edir. Və bunun təsiri çox yaxşı olacaq. Növbəti mərhələdə hava nəqliyyatının liberallaşdırılması ölkəyə gələn turistlərin sayını artıracaq. Yay turizmi mövsümü vaxtı ayrı, Novruz bayramı vaxtı ayrı, qış fəsli üçün fərqli uçuş qrafikləri müəyyənləşdiriləcək. Bunların hamısı yol xəritəsində nəzərdə tutulmuşdu. Əlimizdə olan həmin Strateji Yol Xəritəsinin ilk 6 ayının nəticələri göstərir ki, 2016-cı illə müqayisədə çox ciddi irəliləyişlər əldə etmişik. Bu çox müsbət haldır”.
"Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev qeyd edir ki, uçuş qrafikinin genişləndirilməsi ikitərəfli turizm mübadiləsində əvəzsiz rol oynayır: "Rəsmi xronikaya baxsaq görərik ki, bu gün Azərbaycanda turizm sektorunun inkişafında hava nəqliyyatında liberal addımın atılması, ən azından dövlət tərəfindən viza almaq qaydalarının da mərhələli şəkildə sadələşdirilməsi qısa bir zaman içərisində müsbət nəticələrini verdi. Hətta deyərdim ki, 2016-cı ildə turizm sektoru ən böyük "bum”unu yaşadı. Və bundan əvvəl də müxtəlif ölkələrin ucuz büdcəli aviakompaniyaların olması, AZAL-ın özünün uçuş qrafikini genişləndirməsi həmin ölkələrlə ikitərəfli turizm mübadiləsində əvəzsiz rol oynayır. Bilavasitə Strateji Yol Xəritəsində də göstərilib ki, bir neçə milli aviadaşıyıcıların açılması, eyni zamanda bölgələrdə mövcud olan hava limanlarının da beynəlxalq statusa malik olmaqla müxtəlif ölkələrdən, əsasən də Rusiya və körfəz ölkələrindən turist qəbul etməsi böyük bir axına səbəb olacaq. Xüsusilə də 2017-ci ilin sonuna qədər ölkədə çoxlu sayda turistin şahidi olacağıq. Heydər Əliyev hava limanından qovşaq kimi istifadə olunmalıdır. Coğrafi olaraq da ölkəmizin əlverişli mövqedə yerləməsi bizim üçün əlavə üstünlükdür. İnvestisiyanın artırılmasında sahibkarların təşviq edilməsinin rolu böyükdür. Həmçinin investisiya mühitinin sadələşdirilməsi və daha da sağlamlaşdırılması şübhəsiz ki, turizm sektorunun inkişafına, mehmanxana tikintisinin artmasına səbəb olacaq. Sadəcə bunu qeyd edim ki, investisiya qoyuluşunu artırmaq üçün indikindən də daha çox güzəştlər olmalıdır. Dövlətin özü də investorlarla bərabər infrastruktur layihələrində iştirak etməlidir. Və beynəlxalq təcrübədən yararlanmaq lazımdır. Onu da deyim ki, ölkəyə gələn turistlərin sayının artması ilə bərabər, yatırım edənlərin də sayı artıb. Azərbaycan stabil ölkədir və bu da onun üçün böyük üstünlükdür. Çünki hazırda dünyanın inkişaf etmiş bir sıra ölkələrində qeyri-stabil şəraitin olması turizm sahəsinin inkişafına mane olur”.
Günel Azadə
banner

Oxşar Xəbərlər