Hava nəqliyyatının liberallaşdırılmasının turizmə təsiri
Azərbaycanda hava nəqliyyatının liberallaşdırılması – mövcud uçuşların
turizm üzrə hədəf qrupa daxil olan ölkələrə və şəhərlərə uyğunlaşdırılması və
gələcəkdə prioritet istiqamətlərə uçuşların artırılması istiqamətində işlər
aparılır.
Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik
monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Turizm Şurasının
tərkibində hava nəqliyyatının liberallaşdırılması üzrə işçi qrup yaradılıb.
İşçi qrup tərəfindən turizm üzrə prioritet hesab edilən ölkə və şəhərlərdən
turist axınının artırılmasının təmin edilməsi məqsədilə yeni uçuş xətlərinin
açılması və "Açıq səma sazişləri”nin bağlanması üzrə aidiyyəti qurumlarla
danışıqların sürətləndirilməsi qərarlaşdırılıb. Hazırda Avropa İttifaqı ilə
Azərbaycan arasında "Açıq səma sazişləri” ilə bağlı sənədləşmə işlərinin
yekunlaşdırılması üzrə iş aparılır.
Hesabatda bildirilir ki, "2017-2020-ci illər üzrə turizm sahəsinin
inkişafına dair investisiya layihələrinin maliyyələşdirilməsi üzrə Fəaliyyət
Planı” təsdiq edilsə də, icrası təmin edilməyib. Eləcə də "Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol
Xəritəsi”ndə nəzərdə tutulduğu qaydada hər il Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən turizm sektoruna ayrılacaq vəsaitin miqdarı müəyyən edilməyib.
Turizm sektoruna özəl və xarici investisiya qoyuluşlarının artırılması üzrə
işlərdə nəzərəçarpacaq dərəcədə irəliləyişlərə nail olunmayıb.
Sənəddə tövsiyə edilir ki, turizm sektoruna özəl və xarici
investisiya qoyuluşlarının artırılması istiqamətində işlər gücləndirilməlidir.
Bu sahədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən
görülən işlər və əldə edilən nəticələr barədə rüblük əsasda hesabat hazırlana
və aidiyyəti üzrə təqdim edilə bilər.
Növbəti mərhələdə bunun turizmin inkişafına necə təsir edəcəyini və
investisiya qoyuluşunu necə artırmağın mümkün olduğunu öyrənməyə çalışdıq.
İqtisadçı Könül Nuriyeva bildirir ki, bu liberallaşma iqtisadi cəhətdən də inkişafa səbəb
olacaq: "İndiki dövrdə daha çox hansı ölkələrə tələb varsa, həmin ölkələrə
uçuşlar təşkil olunur. Əvvələr hansısa ölkəyə getmək üçün ucuz reyslər
axtarırdıq. Artıq düşünürəm ki, yeni sazişin imzalanması ilə prioritet seçilmiş
ölkələrə uçuş qiymətinin aşağı salınmasına və onlara marağın artmasına səbəb
olacaq. Belə deyək, maraq və tələbin artması nəinki Azərbaycana, digər ölkəyə
də müsbət təsir göstərəcək. İqtisadi mənfəəti artacaq. Bunların hamısı günün
tələbinə uyğun seçilir. Amma bir şey də var ki, ölkədən turistin çox getməsi
yox, gəlməsi vacibdir. Ona görə biz öz ölkəmizi də bu sazişə prioritet
ölkə kimi daxil etməliyik. Düşünürəm ki,
Azərbaycanda investisiya məkanının formalaşdırılmasına, sahibkarlığın
inkişafına daha çox önəm verilməlidir. Dövlətin bununla bağlı kifayət qədər
layihələri var. Həmçinin yetəri qədər dəstək olur. Ona görə də Azərbaycanda
investisiya mühiti formalaşdırılmalıdır ki, xarici sahibkar gəlib investisiya
qoysun. Burada hər iki tərəf qazanc əldə edir. Həm ölkə qazanır, həm də
sahibkar. Həmçinin bu, yeni iş yerlərinin
yaranmasına və turizmin inkişafına səbəb olacaq. Xarici investisiyanın gəlməsi bizim xarici təcrübədən də yararlanmağımıza
şərait yaradacaq”.
Azərbaycan Turizm və
Menecment Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov deyir ki, görülən bu işlər ölkəmizi turistlər üçün daha əlçatan
edəcək: "Ölkə prezidenti 6 dekabr 2016-cı ildə Strateji Yol Xəritəsi ilə bağlı
layihəni təsdiq edib ki, orada olan əsas müddəalardan biri ölkəmizdə olan hava
nəqliyyatını daha çevik və turizm mövsümlərinə görə ölkəmizə gələn və gedən
turistlər üçün daha əlçatan etməkdir. Həmçinin digər hava yolu şirkətləri ilə
rəqabət apara biləcək səviyyəyə gətirməkdir. Sizin də bildiyiniz kimi, "Buta”
hava yollarının açılması bu məqsədə xidmət edir. Müəyyən ölkələrdən bizim
regionlara – Naxçıvan, Qəbələ hava limanlarına uçuşların təşkil olunması, hava
məkanının liberallaşdırılması və s. bütün bunların hamısı ilk növbədə ölkəni
xarici turistlər üçün əlçatan edir. Daha rahat uçuş qrafiklərinə yönəlməyinə xidmət edir. Və bunun təsiri çox
yaxşı olacaq. Növbəti mərhələdə hava nəqliyyatının liberallaşdırılması ölkəyə
gələn turistlərin sayını artıracaq. Yay turizmi mövsümü vaxtı ayrı, Novruz bayramı
vaxtı ayrı, qış fəsli üçün fərqli uçuş qrafikləri müəyyənləşdiriləcək. Bunların
hamısı yol xəritəsində nəzərdə tutulmuşdu. Əlimizdə olan həmin Strateji Yol
Xəritəsinin ilk 6 ayının nəticələri göstərir ki, 2016-cı illə müqayisədə çox
ciddi irəliləyişlər əldə etmişik. Bu çox müsbət haldır”.
"Millenium” turizm şirkətinin
rəhbəri Ruslan Quliyev qeyd edir ki, uçuş qrafikinin genişləndirilməsi
ikitərəfli turizm mübadiləsində əvəzsiz rol oynayır: "Rəsmi xronikaya baxsaq
görərik ki, bu gün Azərbaycanda turizm sektorunun inkişafında hava
nəqliyyatında liberal addımın atılması, ən azından dövlət tərəfindən viza almaq
qaydalarının da mərhələli şəkildə sadələşdirilməsi qısa bir zaman içərisində
müsbət nəticələrini verdi. Hətta deyərdim ki, 2016-cı ildə turizm sektoru ən
böyük "bum”unu yaşadı. Və bundan əvvəl də müxtəlif ölkələrin ucuz büdcəli
aviakompaniyaların olması, AZAL-ın özünün uçuş qrafikini genişləndirməsi həmin
ölkələrlə ikitərəfli turizm mübadiləsində əvəzsiz rol oynayır. Bilavasitə
Strateji Yol Xəritəsində də göstərilib ki, bir neçə milli aviadaşıyıcıların
açılması, eyni zamanda bölgələrdə mövcud
olan hava limanlarının da beynəlxalq statusa malik olmaqla müxtəlif ölkələrdən,
əsasən də Rusiya və körfəz ölkələrindən turist qəbul etməsi böyük bir axına
səbəb olacaq. Xüsusilə də 2017-ci ilin sonuna qədər ölkədə çoxlu sayda turistin
şahidi olacağıq. Heydər Əliyev hava limanından qovşaq kimi istifadə
olunmalıdır. Coğrafi olaraq da ölkəmizin əlverişli mövqedə yerləməsi bizim üçün
əlavə üstünlükdür. İnvestisiyanın artırılmasında sahibkarların təşviq
edilməsinin rolu böyükdür. Həmçinin investisiya mühitinin sadələşdirilməsi və
daha da sağlamlaşdırılması şübhəsiz ki, turizm sektorunun inkişafına,
mehmanxana tikintisinin artmasına səbəb olacaq. Sadəcə bunu qeyd edim ki,
investisiya qoyuluşunu artırmaq üçün indikindən də daha çox güzəştlər
olmalıdır. Dövlətin özü də investorlarla
bərabər infrastruktur layihələrində iştirak etməlidir. Və beynəlxalq təcrübədən
yararlanmaq lazımdır. Onu da deyim ki, ölkəyə gələn turistlərin sayının artması
ilə bərabər, yatırım edənlərin də sayı artıb. Azərbaycan stabil ölkədir və bu
da onun üçün böyük üstünlükdür. Çünki hazırda dünyanın inkişaf etmiş bir sıra
ölkələrində qeyri-stabil şəraitin olması turizm sahəsinin inkişafına mane olur”.
Günel Azadə