Hasar - Hekayə

Hasar - Hekayə

15 İyul 2019, 14:08 33509
Ətrafı beyinləri çatladan üfunət iyi bürüməsəydi, qonşumuz Fərman kişinin öldüyünü heç kim bilməyəcəkdi. Qoxu hiss edəndə əvvəlcə onların heyvanlarının murdar olduğunu zənn etdik. Üfunətə iki gün birtəhər, ölüm-zülm dözdük. Aramızdakı hasar hündür olduğundan onların həyətinə baxmaq mümkün deyildi. Son günlər o tərəfdən səs-səmir də gəlmirdi, deyəsən, harasa getmişdilər. İyiyə güclə dözüb qorxumuzdan Fərman kişiyə bir söz deyə bilmirdik. Axır ki atam deyəndən sonra ürəklənib onların həyətlərinə baxmaq üçün uzun nərdivanı hasara söykəyib yuxarı dırmaşdım. Gördüyümə inanmağım gəlmədi. Fərman kişi arxası üstə yerə yıxılmışdı. Yan-yörəsində də bir neçə kiçik qan gölməçəsinin qara ləkələri qalmışdı. Hasardan qopmuş daşlar başına düşüb onu öldürmüşdü. Hadisədən dörd-beş gün keçdiyinə görə sir-sifəti də tanınmaz halda idi. Meyitin üstündə milçəklər, arılar vızıldaşırdı.  

Qonşumuzun ölüm xəbəri ildırım sürəti ilə kəndə yayılanda camaat dərindən nəfəs alıb rahatlandı. Onun ölümünə kimsə nə təəssüfləndi, nə də kədərləndi. Elə bil elə bu cür də olmalıydı. Fərman kişinin basdırmaq elə də asan deyildi. Əvvəlcə hündür hasarı o tərəfə aşıb, meyiti bu üzə keçirmək lazım idi. Qonşumuz hasarı o qədər hündürə qaldırmışdı ki, evinin damı güclə görünürdü. Hasarın o biri tərəfinə keçmək üçün camaat ya uzun bir nərdivan tapmalı, ya da kran çağırmalı olacaqdı. Hündür darvazalarını çox döysələr də, içəridən cavab gəlmədi. Qapılarının ağzındakı supermarket də neçə gün idi bağlı qalmışdı. 

Ağsaqqallar qonşumuzu dəfn etmək üçün bir yerə yığışıb xeyli məsləhətləşdilər. Hərə bir söz dedi, bir təklif verdi. Bəziləri onun oğullarının qorxusundan deyirdilər ki, gəlin, heç Fərman kişini dəfn eləm’yək. Övladları gəlib atalarını onlarsız basdırdığımıza görə dərimizə saman təpər, şərləyərlər ki, onu camaat öldürüb. 

İki gündən sonra fikirlər dəyişdi, qərara alındı ki, meyit basdırılsın. 

Çox soraqlasalar da kran tapılmadı. Darvazanı sındırmağa da qorxdular. Meyiti həyətdən qaldırmaq üçün bir uzun nərdivanla çətin də olsa, üç-dörd kişi hasardan həyətə adlaya bildi. İylənib tanınmaz hala düşməyə başlamış meyiti kəndirlə bir neçə yerdən bağlayıb yuxarı qaldırdılar. Yuyub kəfənləmək mümkün olmadığından qonşumuzu köhnə-möhnə bir palaza büküb basdırdılar. Onun üstündə elə bir ağlayan-zad da olmadı. Böyük bacısı Mələk bir-iki ağız nə isə mızıldanıb özünü qəmli göstərməyə çalışdı. Qardaşı İsmixanın səsi də çıxmadı. Elə bil basdırılan onun dost-doğma qardaşı deyildi. Molla Mürvət də «Yasin»i çox könülsüzcəsinə oxuyub qurtarandan sonra camaat dağılışdı. Ehsan-zad da verən olmadı. 

Qonşumuzun bu cür urvatsız dəfn olunmasının günahı özündəydi. Fərman kişi əvvəllər nə belə varlı-hallı, nə də bu cür ev-eşiyi var idi. O ailəsi ilə uçuq-sökük bir daxmada yaşayırdı. Həyət-bacasının cındırından cin ürkürdü. Heç fərli-başlı bir çəpəri də yox idi. Yoldan ötən it də, pişik də onun həyətindən keçib gedirdi. Bir sözlə, çox kasıb yaşayır, demək olar ki, güclə dolanırdılar. Fərman kişi ha özünü oda-közə vursa da, gün ərzində qazandığını ailənin ehtiyacı bir anda əlindən alırdı. Kasıbın pulu az olsa da, uşaq sarıdan korluq çəkmir. Onun dörd uşağı – iki qızı, iki oğlu var idi. Ailəsini saxlamaq üçün səhər ertədən şər qarışana qədər onun-bunun qapısında fəhlə işləyirdi. Hamı qonşumuzun vəziyyətini başa düşür, imkan daxilində hörmət edib ona pulu bir az çox verirdi. Heç kim xətrinə dəyib, qonşumuza güldən ağır bir söz demirdi. 

Çəpərləri uçulub dağıldığından yoldan keçənlər onların həyətlərini açıqca görürdülər. Kasıb olduğuna görə Fərman kişinin kənd-kəsəkdə hörməti-zadı da yox idi. Məclisə girəndə heç kim qonşumuza oturmağa yer göstərməzdi. Oturmuş olsaydı, hörmətli bir adam gələn kimi birinci onu yerindən qaldırardılar. Çoxları ona salam verməyə də, hətta verdiyi salamı almağa da ərinirdi. Əyninə geyindiyi paltarı nə vaxt aldığını bəlkə özü də yaddan çıxarmışdı. Gec-gec qırxıldığından həmişə sifəti tüklü olurdu. Özünə baxmaqla da heç arası yox idi. Xeyirdə, şərdə həmişə əl-ayaqda işləyər, odun yarıb çay qoyar, bulaqdan su daşıyıb gətirərdi. Lap lazım olanda qab-qacaq da yuyardı. Fərman kişi uşaqla uşaq, böyüklə böyük idi. Hamıyla şirin dillə danışar, mehriban davranardı. 

Sifətdən çox da gözəl-göyçək olmayan arvadı Qələmnaz da uşaqlarını dolandırmaq üçün ərindən geri qalmazdı. İş üçün qapıları gəzər, gah yun əyirər, gah paltar yuyar, gah ev-eşik yığışdırar, gah da yorğan-döşək sırıyardı. Axşamlar evə ya pulla, ya da pay-pürüşlə qayıdardı. Çətinliklə də olsa, ər-arvad baş-başa verib balalarını dolandırardı. Kasıblıq onları əldən-dildən salsa da, uşaqlarını saxlayıb böyütmək xatirinə dözüb səbir etməkdən başqa çıxış yolunun olmadığını görürdülər. 
Günlərin birində Fərman kişinin kasıb bəxti az-maz üzünə gülümsədi. Həyat yollarının qaranlıqlarına işıq düşdü. Şəhərdə yaşayan imkanlı uzaq bir qohumu evinin qabağında iri bir supermarket tikdirdi. Onu işlətməyi də Fərman kişiyə tapşırdı. Bu sahədən başı o qədər çıxmasa da, qonşumuz dolanışıq xətrinə qollarını çırmayıb işə başladı. Daha kimsənin qapısına getməyib canı dildən alverə girişdi. Səhər ertədən kənd yatana qədər mağazada əlləşdi. Yavaş-yavaş işə alışdı, alverin çəmini, fəndini yaxşı-pis  öyrəndi. Günlər keçdikcə həmişə pul üzünə həsrət qalan Fərmanın ciblərində əlliliklər, yüzlüklər oynamağa başladı.

Alveri yaxşı getdikcə Fərman kişi varlanırdı. Pulu artdıqca adamlığı azalır, insanlıq duyğusu yavaş-yavaş ciblərində əriyib buxarlanırdı. Varlandıqca kənddə hörmət-izzəti artırdı. Əynindəki nimdaş paltarını da çoxdan təzə kostyumla əvəzləmişdi. Qonşumuz bu geyimdə əməlli-başlı adama oxşayırdı. Daha özünə yaxşı baxır, hər gün üzünü qırxır, ətirlənib duxulanırdı. Puluna, var-dövlətinə görə camaatın da ona münasibəti doxsan dərəcə dəyişmişdi. Bir vaxtlar Fərman kişini adam sayıb salam verməyənlər, salamını almayanlar indi qabağına yüyürüb onunla ikiəlli görüşürdülər. Getdikcə hər şey tərsinə olurdu. İndi də Fərman kişi camaata salam verməyə, verilən salamları almağa ərinirdi. Pulu bir az da artandan sonra əyninə bahalı, par-par parıldayan kostyum geyindi, hələ utanıb eləmədən qalstuk da taxdı. Həmin gündən sonra hamı ona «Fərman müəllim» – dedi. Məclislərdə onun yeri lap yuxarı başda olurdu. Heç kim onun stolunda oturmağa cürət etməz, nə də hörmətli bir adam gələndə onu qaldıra bilməzdi. İndi məclisə gələndə hamı ayağa qalxıb ona yer göstərirdi. Bir vaxtlar qapısında işləyib çörəkpulu aldığı adamlara Fərman kişi indi üstdən aşağı baxırdı. Yeri gələndə bəzən heç onları adam yerinə də qoymurdu.

Marketin hesabına qonşumuz gündən-günə varlanırdı. Varlandıqca da kobudlaşır, qazandığı pullar əvvəlki şirin dilinə acılıq qatırdı. Günlər keçdikcə daxilindəki başqa eybəcərliklər də üzə çıxırdı. Bir dəfə toyda oynamaq üstündə dava saldı. Özündən xeyli yaşlı olan Hətəm kişini vəhşicəsinə basıb döydükdən sonra daşla vurub başını yardı. Kişi ölümcül hala düşdü. Döyülən qocanın oğlanları qonşumuzu polisə verdilər. Orqan işçiləri bir neçə gün onlara gəlib-getsə də qonşumuzu həbs etmədilər. Hər şey tərsinə oldu. Bütün günahları döyülən Hətəm kişinin üstünə atdılar. Hələ az qaldı ki, yazığı tutub dama bassınlar. Polislərlə aranı sazlayandan sonra Fərman kişi yetənə yetdi, yetməyənə də bir daş tulladı. Kimdən xoşu gəlmədi, onu yumruqlayıb kəllə atdı, baş yardı, qan tökdü. O toy olmurdu ki, qonşumuz orada dava salıb kimisə döyməsin. Kənd camaatı onun əlindən cana yığılmışdı. Daha sakinlər ondan heç yerə şikayət eləmirdi. Yaxşı bilirdilər ki, Fərman kişi yumruğu ilə tökdüyü qanı pulları ilə asanlıqla yuyub üstünü ört-basdır edəcəkdi. Pul gözünü tutduğundan qonşumuz ayağının altını görmürdü. Son vaxtlar lap kəndin ortasındaca qız-gəlinə söz atırdı. Bir vaxtlar fağır, yazıq olan Fərman kişi varlanandan sonra qoçuluğa başladı, yavaş-yavaş camaat üçün çarəsiz bir bəlaya çevrildi. Yarı zor, yarı xoş bəzi adamların torpağını əlindən alıb özü üçün geniş bağ saldı. Hətta qardaş-bacısının da yurdlarına sahib çıxdı. Yaxınları ilə dalaşdı, söyüşüb döyüşdü. Yavaş-yavaş aralığa düşmənçilik saldı. Bir az da özünü tutandan sonra qonşumuz qohumunun da mağazasına sahib çıxdı. 

Kənddə hamının Fərman kişidən zəhləsi getməyə başladı. Qapısını açan da yox idi. O da heç kimlə get-gəl eləmirdi. Pulu artandan sonra ikimərtəbəli ev tikdirdi. Köhnə çəpərin yerindən daş hasar qaldırdı. Hasarı hörəndə bir az da biz tərəfdən qamarlayıb həyətinə qatdı. Bunun üstündə atam onunla dava-dalaşa çıxsa da xeyri olmadı, qonşumuz bildiyini elədi. Çəkdiyi xətdən də hasarını qoydu. Hamı kimi bizimlə də qanlı-bıçaq oldu. Əvvəlcə hasar çox da hündür deyildi. Onun tikdiyi evi, həyət-bacanı görmək olurdu. Sonra Fərman kişi yavaş-yavaş hasarı qaldırdı. Demək olar ki, hər gün hasarın üstünə bir daş hörürdü. Qonşumuz hər gün bir daş boyu camaatdan uzaqlaşıb tısbağa kimi qınana çəkilirdi. Qınına çəkildikcə sanki o yavaş-yavaş insanlığından da uzaqlaşırdı. Pul yavaş-yavaş başını pozub kor edirdi. Ağlını və olub-qalan adamlığını əlindən alırdı. Camaatın onu, onun da camaatı görən gözü yox idi. Bəlkə də qorxusundan hasarı belə hündürə qaldırırdı ki, gecələr həyətinə girib onu öldürüb var-dövlətinə sahib çıxmasınlar. Market işlədikcə qonşumuzun pulu aşıb-daşırdı. Var-dövləti başından aşırdı. Heç bilmirdi ki, qazandığı pulları hara, nəyə və kimə xərcləsin. 

Axı bu hündürlükdə hasar qonşumuzun nəyinə lazım idi? Arada bu divar oldu-olmadı onsuz da, camaat onu gözəl tanıyırdı. Hansı yuvanın quşu olduğunu yaxşı bilirdi. Keçmişdə kim olduğundan, hansı işlər gördüyündən hamı xəbərdar idi. Nə qədər çalışsa da indiyə qədər elədiklərini qaldırdığı hasarın arxasında gizlədə bilməzdi. Qonşumuzun əlindən bezmiş camaat gecə-gündüz ona da, oğullarına da qarğış edib deyirdi ki, Fərman, görüm tikdiyin hasar başa uçsun, balaları xeyrin görməyəsən. Yığdığın pulu sağ-salamat yemiyəsən. Bəziləri də, qonşumuzun arxasınca gileylənib deyirdilər ki, pulun belə çoxdur kəndə su çəkdir, yollara asfalt döşətdir, məscid tikdir, kasıb-kusuba əl tut. Axı nəyinə lazımdır bu hündürlükdə hasar?

Fərman kişinin bir vaxtlar ac-yalavac böyüyən uşaqları da ataları kimi qudurub cızıqlarından çıxmışdılar. Kasıb olanda qapımızdan əl çəkmirdilər. Bir az pullanandan sonra isə həyətimizə ayaq basmadılar. Fərman kişinin özünün də, oğlanlarının da maşınları var idi. Bəlkə də onlar pullarının sayını itirmişdilər, amma həyətlərinə çörəkpuluna gələnləri döyüb qovurdular. 

Fərman kişini dəfn edəndən sonra camaatın gözü yolda, qulağı səsdə qalmışdı. Hamı qorxurdu ki, oğlanları qayıtdıqdan sonra hasarlarını aşıb həyətlərinə girən adamları döyüb incidəcək, polisə verib tutduracaqlar. Günlər ötüb keçirdi. Hələ ki, onun nə arvadından, nə də uşaqlarından xəbər çıxırdı. Kənddə sakitlik hökm sürürdü. Heç kim döyülüb-söyülmürdü, həbs olunmurdu. Qurd quzu ilə dinməzcə otlayıb yola gedirdi. 

Qonşumuzun uşaqları kəndə qayıda bilmədilər. Fərman kişinin dəfnindən on gün sonra televizorda istirahətdən qayıdarkən onların yolda qəzaya düşüb ailəliklə həlak olduqları barədə məlumat verdilər. Üç gündən sonra Fərman kişinin övladlarının və arvadının meyitlərini kəndə gətirdilər. Camaat yığışıb onları da dəfn etdilər. Qəbiristanlıqda yalnız molla Mürvətin səsi eşidilirdi. Pul verən olmadığına görə o da «Yasin»i çox zəif səslə oxuyurdu.

Bir neçə gündən sonra sakinlər yığışıb kəndin əvvəlki gözəlliyini, yaraşığını özünə qaytarmaq üçün Fərman kişinin bir vaxtlar tikib qaldırdığı hasarı sökdülər. 

İndi kənd hasarsız, Fərman kişisiz daha gözəl görünürdü…    

Vahid MƏHƏRRƏMOV