• cümə axşamı, 28 mart, 18:02
  • Baku Bakı 13°C

Haruki Murakaminin musiqi dünyası

18.03.19 16:00 1437
Haruki Murakaminin musiqi dünyası
Əsərləri əllidən çox dilə tərcümə olunan Haruki Murakami çağdaş yapon ədəbiyyatının görkəmli simalarından biri kimi dünya ədəbiyyatında önəmli yer tutur. H.Murakaminin yaradıcılığının formalaşdığı dövr Yaponiyanın Qərb, xüsusilə də Amerika təsirlərinə məruz qaldığı mərhələyə təsadüf edir ki, həyatının uşaqlıq və yeniyetməlik illərini Kobe kimi liman şəhərində keçirən yazıçı yeni mədəniyyətləri böyük həvəslə qarşılamışdır.
H.Murakaminin dünyagörüşünün formalaşmasında Qərb musiqisinin rolu əvəzedilməzdir. Bütün romanlarında qəhrəmanlar musiqini həyatda mövcudluğun ayrılmaz hissəsi kimi qəbul edirlər. Yeniyetməlik illərindən radioda Amerika musiqisini – Elvis Presley, Rick Nelson, The Beach Boys kimi simaları dinləyən gənc Haruki 1964-cü ildə - 15 yaşında "Art Blakey and The Jazz Messengers” caz qrupunun canlı konsertini dinləmişdir. 1964-cü ilin yanvar ayında Kobedə baş tutan möhtəşəm caz konsertində tenor-saksafonda Wayne Shorter, trumpetdə Freddie Hubbard, trombonda Curtis Fuller və barabanda İnter Blakey ifa edirdi. Bu mükəmməl canlı konserti ilk dəfə dinləyən gənc Haruki ömürlük caza aşiq olmuşdur. Bu hadisədən sonra Haruki tez-tez nahar etməkdən yayınaraq, caz kasetləri almaq üçün pul yığmağa başlamışdır. Haruki Murakaminin əsərləri bütün digər məziyyətləri ilə yanaşı, müasir və klassik musiqi sahəsində də əhəmiyyətli məlumatlar verir. Təsadüfi deyil ki, yazıçının "Norveç meşəsi” – "Norwegian wood” (Beatles musiqisi), "Rəqs, rəqs, rəqs”)– "Dance, Dance, Dance” (Steve Miller Band musiqisi), "Sərhəddən cənubda, Günəşdən qərbdə”("South of the Border” (Nat King Col musiqisi) romanlarının, "Maşınımı sür”( "Drive my Car” (Beatles musiqisi), "Dünən” – "Yesterday” (Beatles musiqi) kimi bir çox hekayələrinin adları musiqi əsərlərinin adlarından götürülmüşdür. Yazıçının bütün əsərlərində onun musiqi heyranı olduğu aydın şəkildə görünür, Murakaminin qəhrəmanları daim dinlədikləri musiqi ilə yaşayırlar. Musiqi yazıçının həyat və yaradıcılığının mərkəzində dayanır. 1979-cu ildə yaradıcılığa başladığı ilk romanı ilə oxuculara müraciət edərək "Küləyin nəğməsini dinlə” deyirdi. Philip Stevick "The theory of the novel” (Roman nəzəriyyəsi) adlı kitabında roman dünyasını araşdırarkən Henry Jamesin "The Portreait of a Lady” (Bir qadının portreti) əsərinin ön sözündən belə bir nümunə gətirmişdir: "Roman dünyasını bir tikili olaraq düşünsək, bu tikilinin bir deyil, milyonlarla və ya saysız qədər pəncərəsi olduğunu deyə bilərik. Bu pəncərələr, tikilinin möhtəşəm ön divarında, roman yazarının dünyasına açılan, açılması mümkün olan və onun öz dünyagörüşünü əks etdirmə istəyinin yaratdığı saysız dəliklərdir”. Henry Jamesin qeyd etdiyi kimi, H.Murakaminin ilk qələm təcrübəsi olan "Küləyin nəğməsini dinlə” romanında yazarın dünyasına açılan saysız pəncərələrlə qarşılaşırıq. Murakaminin dünyagörüşünü formalaşmasına təsir göstərən Qərb musiqisi, xüsusilə, caz və rok yaradıcılığı ədibin yaratdığı qəhrəmanların bəhrələndiyi əsas mənbədir. H.Murakami romanlarını unudulmaz edən əsas xüsusiyyətlərdən biri bütün filmlərdə olduğu kimi, yazıçının hər bir əsərinin özünəməxsus saundtrekinin olmasıdır. Sözügedən romanın saundtreki isə amerikan rok qrupu Beach Boysun "Koliforniya qızları” (California Girls) musiqidir. Musiqinin hər şeyə qadir olduğunu düşünən müəllifin romanın on birinci bölməsində qələmə aldıqları olduqca diqqətəlayiqdir: "Bu gün bayır od tutub yanır – qoy rok onu sərinlətsin! Musiqi elə onun üçün yaranıb. Bizim gözəl qızlarımız kimi. Okay, birinci mahnı! Sakitcə ona qulaq asın, əla mahnıdır. İstini yaddan çıxarın! Beləliklə, Bruk Benton "Gürcüstanda yağışlı gecə”.
H.Murakami yeddi il caz klub işlətmişdir. Bu illər ərzində H.Murakaminin musiqiyə, xüsusi ilə də caza olan marağı daha da güclənmişdir. Yazıçının caza olan dərin sevgisi heç vaxt arxa plana keçməmiş, hətta bir çox mənbələrdə onun on mindən çox caz kolleksiyası olduğu göstərilmişdir. Con Reylə müsahibəsində "Caz yaradıcılığınıza necə təsir göstərir?” sualına yazıçının cavabı belə olmuşdur: "On üç-on dörd yaşımdan caz dinləyirəm. Musiqi böyük qüvvədir; akkordlar, melodiya, ritm kimi təsirlər mənim yaradıcılığıma böyük təsir göstərir. Mən musiqiçi olmağı istəyirdim, lakin alətlərdə ifanı bacarmırdım və yazıçı oldum. Kitab yazmaq da musiqi ifa etmək kimidir. Əvvəl mövzunu çalırsan, sonra improvizə edirsən və nəticə mükəmməldir”.
Caza olan ehtirasına baxmayaraq, Haruki Murakami qaçış zamanı rok musiqisi dinləməyə üstünlük verir: "Qaçış zamanı əksər hallarda rok musiqisi dinləyirəm. Nadir hallarda caz dinlədiyim də olur. Lakin qaçış ritminə uyğunluğunu düşünsək, zənnimcə qaçışa yoldaşlıq edəcək ən yaxşı musiqi rok musiqisidir. Red Hot Chili Peppers, Gorillas, Beck, Creedence Clearwater Revival, hətta Beach Boys kimi qədim musiqilər. Və mümkün olduğu qədər sadə ritimlər”.
Qeyd etmək lazımdır ki, yazıçının ən sevimli rok qrupu isə John Lennon, Paul McCartney, George Harrison and Ringo Starrı özündə birləşdirən, 1960-cı illərin məşhur ingilis rok qrupu Beatles qrupudur. Məqalənin əvvəlində qeyd olunduğu kimi, bir çox əsər adları ilə yanaşı, romanlarda ən çox dinlənilən ifa məhz Beatles qrupuna məxsusdur.
Haruki Murakaminin ən musiqili hekayəsi erkən yardıcılıq dövründə qələmə aldığı "1963/1982 İpanemalı qız” (1963/1982 1982) əsəridir. Bir neçə səhifəlik qısa hekayə brazilian bossa nova cazı "Garota de Ipanema” musiqisinin sözləri ilə başlayır:
Yanımdan keçir İpanemalı qız,
Necə yaraşıqlı, gözəl qamətli,
Samba ritmiylə
Asta-asta yırğalanıb gedir.
Amma... niyə belə kədərliyəm?
Oh... ona ürəyimi açmalıyam
Bəli!... Ona hər şeyi deməliyəm.
Amma o mənə baxmır
Yalnız dənizə zillənib gözləri.
H.Murakami üslubuna xas olaraq hekayənin adsız təhkiyyəçisi "Mən”in solist Astrud Gilberto və tenor-saksafonçu Stan Getz ifasında dinlədiyi musiqidəki İpanemalı qızın siluetinin peyda olması ilə məktəb dəhlizindəki xatirələri canlanır: "Mən patefonu yandırıb cihazın iynəsini plastinkanın üstünə qoyuram və bir anda İpanemalı qızın silueti peyda olur. Bu mahnını hər dəfə eşidəndə mən məktəbimizin dəhlizini xatırlayıram”.
Əsərin adından da bəlli olduğu kimi, iki zaman – 1963 və 1982-ci il və bu zaman çərçivəsində dəyişməyən İpanemalı qız – metafizik qız obrazı mövcuddur: "Beləcə İpanemalı qız altmış üçüncü ildə dənizə baxırdı. İndi də səksən ikinci ildə bu qız eynən o vaxtkı kimi yenə dənizə baxır. O zərrə qədər də böyüməyib. Öz obrazına həkk olunaraq zamanın dənizində sakitcə üzür”.
Musiqinin sehrinə qapılan "Mən” materiya ilə yaddaş arasında metafizik uçurumda altmış üçüncü ilin İpanemalı qızı ilə səksən ikinci ildə çimərlikdə pivə içərək söhbətləşir. Bu söhbətdən sonra fərqli məkanlarda rastlaşdığı İpanemalı qızla hansısa bir uzaq sirli aləmdə qəlblərinin bir-birinə bağlı olduğunu hiss edən təhkiyəçi o uzaq aləmdə öz-özüylə görüşəcəyinə inanır. "İpanemalı qız” isə plastinka dinlənilməkdən deşilənə qədər çimərlikdə gəzəcək.
Qeyd etdiyimiz kimi, H.Murakami musiqiçi ola bilmədiyini söyləyir, bununla yanaşı, əsərlərinin təhlili göstərir ki, o musiqini dərindən bilmişdir. Ritm yazıçının nəsrində ən əsas elementlərdəndir. H.Murakami musiqinin sözlərindən həzz alaraq yazır, yazıçının yazı ritmləri ilə caz arasında yaxınlıq hiss olunur. Təsadüfi deyildir ki, H.Murakami "Caz portret” "Caz portret 2”, "Caz dinləyirsinizmi?”("Caz müjdəçisi” (Jazz Messenger, 2007) kimi bir çox esselərini musiqiyə həsr etmişdir. "Caz müjdəçisi” essesində müəllif cazla ilk tanışlığından, daim artan musiqi sevgisindən bəhs edərək əsərlərindəki ritm, melodiya və harmoniyanı musiqidən, xüsusilə də cazdan öyrəndiyini bildirir. H.Murakami praktik olaraq yazmaq haqqında bildiyi hər şeyi o vaxtlar musiqidən öyrəndiyini etiraf edirdi: "Bu paradoksal səslənə bilər, lakin musiqiyə bu şəkildə bağlılığım olmasaydı, roman yazarı ola bilməzdim. Hətta indi – 30 il sonra da yaxşı musiqidən yazmaqla bağlı öyrənməyə davam edirəm. Mənim üslubum F.Scott Fitzgeraldın zərifcə axan nəsri kimi, Charlie Parkerin təkrarlanan sərbəst rifflərindən dərindən təsirlənir. Və hələ də Miles Davisin musiqisində davamlı özünü yeniləmə keyfiyyətini ədəbi bir model olaraq mənimsəyirəm”.
H.Murakamini dünyaya tanıdan "Norveç meşəsi” romanının ana motivi "Norwegian wood” musiqisidir ki, insanın daxili dünyasına səyahətin əlaqələndiricisidir. Naokonun sanatoriyadakı otaq yoldaşı Reyko daim gitarada gözəl mahnılar ifa edirdi. Lakin, Naoko daxili aləminə həqiqi mənada səyahət etmək istəyəndə "Norwegian wood”un ifası üçün Reykoya yüz en pul verirdi. Bu musiqini dinləyəndə dəhşətli dərəcədə qəribə hiss keçirən Naoko kimsəsiz meşəyə - öz daxilindəki tənhalığa səyahət edirdi. Toru Vatanabe də bütün əhvalatı Bitlsin "Norwegian wood” melodiyasını eşidərək beynindəki bərk silkələnmədən sonra nəql edir. Romanın sonunda ikilikdə Naokonun yas mərasimini keçirən Reyko Vatanabenin evində bir-birinin ardınca Naokonun sevdiyi əlli musiqini səsləndirir. Sonda isə iki dəfə ardıcıl ifa olunan, Naokonun ən sevdiyi "Norwegian wood” ilə mərasim tamamlanır. Bundan başqa, sözügedən romanda yazıçınıın musiqi dünyasının Henry Mancini "Dear heart”, Beatles "Yesterday”, "Michelle”, "Something”, "Here comes the Sun”, "Full on the hill”, "Black bird” və digərləri, Ravel "Pavane pour une infante defunte”, Baraka "Close to you”, "Walk on by” "Wedding bell blues”, Richard Rodgers, Lorenz Hart, George Gershwin, Bob Dylan, Ray Charles, Kerala Kings, Stevie Wonderə qədər budaqlandığı görünür.
H.Murakaminin bədii yaradıcılığında Qərb musiqisinin rolu çox böyükdür. Hər bir əsərin özünəməxsus saundtreki vardır ki, bununla da yazıçının bədii nümunələri oxucularının yaddaşında daha dərin izlər buraxır. Musiqi vurğunu H.Murakaminin 2011-ci ildə nəşr olunan "Seiji Ozava ilə musiqi haqqında” adlı publisistik kitabı olduqca diqqətəlayiqdir. Kitab H.Murakami ilə Boston simfonik orkestrinin keçmiş drijoru Seiji Ozava arasında musiqi və yazı haqqındakı dərin, səmimi söhbətlərdən ibarətdir. İki il ərzində Murakami və Ozava Brahmsdan Beethovenə, Leonard Bernsteyndən Glenn Goulda, Bartokdan Mahlerə və pop-up orkestrlərindən operaya qədər bir çox məsələləri müzakirə edirlər. Musiqi və bədii yaradıcılığın ümumi xüsusiyyətləri haqqında dərin təəssüratlarını bölüşən iki maestronun özünəməxsus nəzəri baxışlarını əks etdirən əsər mükəmməl xarakter daşıyır.
Göründüyü kimi, H.Murakaminin musiqi ilə bağlı zəngin və özünəməxsus dünyagörüşü ayrı-ayrı əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Hətta söyləmək mümkündür ki, musiqi və ədəbi yaradıcılığın əlaqəsini əsərlərində güclü şəkildə əks etdirən H.Murakaminin əsərlərinin saundterkləri olmasaydı, bəlkə də o əsərlər bugünkü uğurlarını qazanmayacaqdı, yazılmış, lakin mövcud olmayan əsərlər olaraq qalacaqdılar.

Gülnar Yunusova


banner

Oxşar Xəbərlər