• şənbə, 20 Aprel, 18:25
  • Baku Bakı 24°C

«Harda bir quru yarpaq görsən qaldır öp, oxşa... bil ki, o mənəm...» Müsahibə

23.05.13 09:09 2914
«Harda bir quru yarpaq görsən qaldır öp, oxşa... bil ki, o mənəm...»  Müsahibə
...qəribə qızdı bu qız. Fəqlidi, şəndi. Onun qırmızı geyimlərinin, həmişə gülən üzünün qarşısındakı hər kəsi sevincə boğduğunun dəfələrlə şahidi olmuşam. Sanki bu qız adamın dərdini-sərini silib aparmaq üçün doğulub. Bir də bir ürəyi var ki...
...bu qız mənim rəfiqəmdi. Qızlardan acığı gələn "mən"in kiməsə rəfiqə deməyi bir az çətin məsələdi amma Könül başqadı. Mən Könülün "könlünə" dostam, ona aşiqəm.
...bu gün onun doğum günüdür. Bu dünyası gözəl qıza bir hədiyyə də bizdən olsun deyib, ona tutduq üzümüzü.
...fərqli, kədərli, sevimli cavabları ilə gənc yazar Könül Səid qonağımızdı:

- Zamanın bəxş etdikləri bir yazarın dünyasından daha ağır süzülüb keçir. Könül xanıma görə Könül Səid kimdir?
- Zaman heç də hər kəsə öz işığını, ya da sevgisini eyni dərəcədə paylamır. Mizan-tərəzisində birinə daha çox sevgi, birinə də daha ağır dərd, əzab yükləyir. Deyirlər tərəzidə qızıl, var-dövlət daha ağır gəlir, amma məncə dərddən, kədər burulğanından, ən əsas da insan münasibətlərinin ziddiyyətindən daha ağır heç nə ola bilməz. Hətta heç bir metal belə onunla müqayisə oluna bilməz. Qiyməti bazarda çox yüksək olsa belə.
Yazarlar bəzən çox şəffaf bir suya, bəzən də bulanıq, seldən, daşqından sonra fərqli bir hal alan çaya bənzəyir. Həyatın verdiyi bu dəyişkənlik də zaman-zaman öz mövqeyini gah bir səmtə, gah da ayrı bir səmtə yönəldir. Bəzən isə özümüzü bax beləcə çıxmazların, yol ayrıclarının ağuşunda, ya da sözün kəskin anlamında dar ağacında hiss edirik. O an isə elə bilin ki, göz bəbəklərimiz gah böyüyür, gah da kiçilir. Beynimizdə olan siqnallar gah vurur, gah da dayanır. Eynən düşüncələrimiz kimi yazılarımızda da get-gəldə oluruq, amma sonda misralara, ya da cümlələrə süzülən duyğularda öz ölümümüzü, intihar ehtirasımızı tamamlamış oluruq. Beləliklə o səhifə bir günlük bağlanıb öz yerini bir gün sonrakı intihara, ya dar ağacına yönələn günə verir. Bax beləcə həyatla birgə biz də addımlayırıq, yaşayırıq, ya da yaşamasaq da yazılarımızda öz istədiyimiz, amma yaşaya bilmədiklərimizi canlandırırıq.
Keçək sualın əsas məğzinə, bilirəm giriş sözlərim bir az ağır ittihamlarla bol oldu, amma əsas Könül Səid elə bu fikirlərində duyğularında gizlidir. Yazarı, şairi onun yazılarında tapmaq, kəşf etmək olar. Həm də hər bir müəllif öz həyatının özünə belə qaranlıq qalan məqamlarını bəzən öz yazılarında tapa bilir.
Mən də bəzən çılğın, bəzən sakit axan çay kimiyəm, bəzən ölüm saçıram, bəzən də çox mülayim bir ana, həyat yoldaşı, yazar Könül Səid oluram. Bu qədər bəsit və çətin bir kələfin ucunu açdım, ardını az da, çox da olsa oxucularım deyər.
Amma işin əslini desəm hər birimiz əsil üzümüzü gecə yatmazdan düz beş dəqiqə əvvəl geyinirik, o da günün hesabatını özümüzə verəndə!
-Bəzən üzügülər adamların dərdi-qəmi yoxdur deyirlər, amma bilənlər bilir ki, bu gülüş daha çox qürurun göstəricisidir. Sizdə necə? Qürur harda gəlir?
-Mən hər zaman şən əhvalda oluram, bunu həm dostlarım, həm də iş yoldaşlarım təsdiq edə bilər. Daima çalışıram ki, ətrafımda olan insanlar məni xoş əhvalda görsünlər, hətta bir neçə dəqiqə əvvəl səssizliyə, özümə qapanıb ağlasam belə o göz yaşlarının ardından üzümdə günəşin əksini, parlayan təbəssümü, ya da ən sadə şəkildə desək xoş bir auranı hiss edə bilsinlər. Hərdən düşünürəm ki, nə yaxşı mən belə həyat dolu və müsbət aura ilə bu dünyaya gəlmişəm. Vay o gündən ki, mənim xasiyyətimə vampirlərə məxsus o xoş auranı sorub aparmaq xüsusiyyəti sirayət etsin, vay o gündən, amma yenə də bunun olacağına heç sıfır rəqəmi qədər ehtimal yoxdur.
Amma dərindən baxsaq üzüm gülür, içim qan ağlayır. Deyərlər ki, gənc bir xanım necə bu sözləri deyə bilər? Bəzən həyatın verdiyi sınaqlarlar yaşla ölçülmür, təəssüf ki. O kədər də gəldisə getmək bilmir.
Keçək qürur məsələsinə, bəli, iddialı şəkildə deyə bilərəm ki, mən çox qürurlu insanam. Bəzən bu qürur mənə ilk addımı atmağa da mane ola bilir. Amma qeyd edim ki, gülüş obyektimin, ya da mənbəyimin qürurla heç bir əlaqəsi yoxdur.
Qürurda da, digər keçilməz sərhədlərdə də mənim üçün orta bir yol yoxdur. Mən ya sevirəm, ya da sevmirəm, ya yerdəyəm, ya da göydə, ən yaxşı və ən pis halda ya yaşayacam, ya da öləcəm. Bu qədərdir mənim sərhəd tanımayan dünyam. Yenə də vurğulayım ki, mən gülürəmsə bu dərin bir kədərin məni daxilən silkələyən bir göstəricisidir. Amma əsla qürur deyil.
Bəzən bu qatı rəngdə olan qürurum həyatımdan dost dediklərimi də silib apara bilir.
- Sizi görəndə adamın ürəyi açılır. Bu genetikadanmı, həyat eşqindənmi qaynaqlanır?
- Bəlkə də mən insanlara daima xoş əhval bəxş etmək üçün gəlmişəm bu dünyaya, bilmirəm, amma uşaqdan böyüyə qədər kimsənin əsla qəlbini qırmaram, xətrinə dəymərəm. Hətta yerdə bir quru yarpaq belə görsəm götürüb əzizləyərəm.
Şeirlərimin birində də sevgilimə xitabən vurğulamışam ki, harda bir quru yarpaq görsən qaldır öp, oxşa... bil ki, o mənəm...
Həyat eşqi ilə də aşıb daşıram, buna görə oğlum Səidə daha çox minnətdaram. Nə zaman bir az kədərli olsam onun gülən siması gözümün önünə gəlir və bu doğma varlıq məni hər gün daha da güclü şəkildə bu həyatın tüstü qoxan yaxasından yapışmağa, yaşamağa, qalib olmağa, dirənməyə səsləyir. O nəinki həyatımın parasıdı, hətta imzamın da yarısıdır. Etiraf edim ki, onun adı imzamla yanaşı addımlayan gündən bu günə uğurlarımın sayı artıb. Hətta daha bir neçə il öncəyə gedib onun həyata gəldiyi günü də bura əlavə edərdim. Tam beş il yarımdır ki, bu pozetiv enerji qaynağım məni həm yaradıcılıq, həm də həyat eşqi baxımından zənginləşdirir. Bu həyat eşqi mənə yəqin ki, anamdan keçib, çox güman ki, məndən də övladıma...
- Qayıdaq payız fəslinə, qurumuş yarpaqlara. Payız fəsli sizin üçün hansı səbəbdən bu qədər önəmlidir?
- Mən də bir çox yazarlar kimi romantikəm, baxmayaraq ki, şeirlərimdə, yazılarımda reallıq da öz yerini israrla ala bilib. Amma tam da olmasa 99 faiz romantik, duyğulu bir yazaram. İlk dəfə bu payız sevdasını özümdə tələbəlik illərində O. Henrinin “Son yarpaq” əsərini oxuyanda kəşf etdim. O əsər mənə o qədər təsir etmişdi ki, bir müddət həyatımda olan hər kəsə orda olan rəssam obraz kimi kömək etmək eşqində idim. Hətta dörd misralıq bir parçanı da o əsərə həsr etmişdim:
"Düşmə, son yarpaq, ağacdan düşmə,
Bu günü sabaha calayım gərək.
Sən külək sehrinə aldanıb düşmə,
Bir insan ömrünə can verim gərək..."
Sonralar pazıya, onun rəngsiz görünsə də mənim üçün rəngli olan dünyasına münasibətim bir balaca dəyişdi. Hətta onu, məni yaradanı da bu işə qatıb iddialı şəkildə ona “Payızı gözlərimdə öldürdün, onun göz yaşları axdı gözlərimdən “ misralarını yazdım.
Bir şeirimdə isə özümü ağacda titrəyə-titrəyə qalan son yarpağa bənzədirəm.
Hətta bir essemdə qadınların hündürdaban ayaqqabılarının dabanlarını qırmaq eşqinə belə düşmüşdüm. Onlar o yaralı yarpaqları görmədən tapdayıb keçdikəri üçün. Bu misallar sonsuzdur, çünki yaradıcı dünyamın məhsullarının başında daima şah kimi payız fəsli durur. Hətta 30 yaşın kandarında olsam belə payız fəsli yanımdadır, canımdadır. Amma bu 30 yaşda payızın daha fərqli tərəfini özüm üçün kəşf etdim. Sən demə o qəm, kədər deyil, əksinə bir şair yetişdirən qüvvətli bir ana imiş, mən də onun övladı...
- Könül ətrafındakı hamıya dostdur, bəs Könülə dost kimdir?
- Mən yaxşı dostam? Bax bu sual çox vaxt məni düşündürüb. Bəzən olub ki, dostlarımın köməyinə əlim yetməyib saatlara oturub ağlamışam. Amma yenə də bu mənə imkan vermir ki, özümə yaxşı dost deyim. Bəzən də olub ki, dəqiq də bilirəm ki, mənim dostlarım bu halı yaşayıb. Bax beləcə bir-birimizdən gizli şəkildə dostluqlarımız davam edir. Mənim üçün dost ancaq mənim istəklərimi yerinə yetirən insan deyil, əsla o deyil. Mənim üçün dost sadəcə çiyninə başımı qoyub səssiscə ağlaya biləcəyim bir insandır. Mənim dostlarım çoxdur, amma can dostlarım çox azdır, bax o az olan insanlar bu misraları oxuyanda inanıram ki, elə həmin dəqiqə məni axtarıb çiyinlərini göstərəcəklər. İndi bu sözləri oxuyan dostlarıma demək istəyirəm ki, “nə yaxşı ki, siz mənim həyatımda varsınız”...
- Siz eyni zamanda Yazarlar Birliyinin də üzvüsünüz...
- Bəzi insanlardan, həmkar dostlarımdan fərqli olaraq mən hələ də düşünürəm ki, ədəbiyyat hündür dağlar arxasındadır. Ona çatmaq üçün xeyli məsafə qət etmək lazımdır.
Gələk Azərbaycan Yazıçılar Birliyinə üzvlük məsələsinə, düzdür bu birlik istedadı olmayana istedad paylaya, ya da bir sehir edib kiməsə istedad bəxş edə bilməz. Amma ən azından o mühitin bir insanı olmaq sənə yol aça bilər.
Mən də bu birliyin yeni üzvlərindən biriyəm, yaradıcılığıma başlamaq anlarım o birliklə bağlı olmasa da kim zəmanət verə bilər ki, davamı ora ilə bağlı olmayacaq? Həyatdır, hər şey ola bilər...
Qırmızı üzvlük vəsiqəm də var, o da bilirsiz nəyə bənzəyir? Sanki uşağa yenicə allı-güllü bir don alıblar, ondan vaz geçə bilmir, hər gün geyinir, mən də eləcə o vəsiqəni daima çantamda gəzdirirəm. Bu da sualınıza bir az zarafat, bir az da həqiqət dolu bir cavab idi.
- Və gələk doğum gününüzə. Gedən yaşların verdikləri və gələn yaşdan gözlədikləriniz...
- Otuz yaşa çatdım, amma bir dəfə də olsun xatırlamıram ki, təmtəraqlı, gurultulu bir doğum günü qeyd edim. Düzdür, uşaq olanda, orta məktəb illərində və beləcə sıralama olub ki, qeyd etmişəm. Amma ürəyim istəyən kimi olmayıb.
Nədəndir bilmirəm bu 30 yaşı fərqli bir coşqu ilə qarşılayıram. Bilmirəm məni sevindirən nədir? Bu suala bir neçə gündür ki, cavab axtarmağa çalışıram.
Gedən yaşlar təbii ki, həyatımdan nələri, kimləri isə alıb çox uzaqlara, göylərə aparıb, amma bunun da əvəzində dərdimin azalması üçün sevgi qaynağım olan oğlumu verib. Həyatımdan razıyam.
Gələn illərdən də nə deyim bilmirəm. Bəlkə onlar da nələri isə verib, nələri isə məndən alacaq. Amma qəti şəkildə əminəm ki, o gələn illər məndən “MƏN”i, dəyişməyən kimliyimi, varlığımı ala bilməyəcək. Məndən Könül Səidi ala bilməyəcək...
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər