• cümə, 19 Aprel, 06:32
  • Baku Bakı 13°C

Harada qaldın, ay qurultay?

13.02.14 09:09 1395
Harada qaldın, ay qurultay?
Müsavat Partiyası uzun müddətdir ki, müxtəlif bəhanələrlə keçirməli olduğu qurultayı təxirə salır. Bir çoxları əmindirlər ki, tərəfdarları bu yolla İsa Qəmbərin başqanlıqda qalmasını təmin edirlər. Çünki onlar qurultayın baş tutacağı halda partiya nizamnaməsinə əsasən hazırkı başqanın vəzifəsindən getməli olduğunu yaxşı bilirlər. Tədbiri təxirə saldıqda hakimiyyətin qurultayın keçirilməsi üçün müvafiq yer ayırmadığını bəhanə edirlər. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti onlara bir neçə yer təklif edib. Onu da deyək ki, Müsavatın qurultay problemi 2010-cu il parlament seçkilərindən sonra gündəmə gəlmişdi. Bu günlərdə məsələnin yenidən aktuallaşması başqa məqamları üzə çıxarıb. Belə ki, partiya daxilində başqanlıq uğrunda mübarizəyə qoşulan qruplaşmaların xüsusi fəallıq nümayiş etdirdikləri heç kimə sirr deyil. Bu qruplaşmaların başladığı müzakirələr İsa Qəmbərin qurultayla bağlı açıqlama yaymasına da səbəb olub. Əslində, həmin açıqlama Müsavatın hakimiyyətin qurultay üçün yer ayırmaması barədə verdiyi bəyanatların əsassız olduğunu bir daha göstərmiş oldu. Aydın oldu ki, Müsavat daxilində başqanlıq mübarizəsi pik həddə çatıb. Belə görünür, həmin qruplaşmalar İsa Qəmbəri qurultayı keçirməyə məcbur etmək istəyirlər. Belə desək, bu dəfə İsa Qəmbər daha çıxılmaz vəziyyətə düşüb. İndi ictimaiyyəti düşündürən əsas məsələ Müsavatın heç olmasa bu dəfə qurultayı elan etdiyi vaxtda keçirib-keçirməyəcəyi ilə bağlıdır.
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə açıqlamasında Müsavat Partiyasının qurultay keçirmək fikrinin ciddi olmadığını dedi: “Nizamnaməyə görə, qurultay beş ildən bir keçirilməlidir. Ancaq dörd ildir ki, müxtəlif bəhanələrlə tədbirin baş tutması yubadılır. Guya ki, onların nümayəndələrinin sayına uyğun olan yer tapa bilmirlər. Qeyd edim ki, Bakı şəhər İcra Hakimiyyətinin balansında olan yerlərlə yanaşı, kifayət qədər çox sayda özəl yer var. Onlardan birini icarəyə götürə bilərdilər. Sadəcə qurultayı keçirməməyin səbəbini dövlətin üstünə yıxmaqla Müsavat Partiyası reytinq qazanmaq istəyir. Həm Azərbaycanda, həm də beynəlxalq aləmdə özlərini təzyiqə məruz qalan və fəaliyyətlərinə imkan verilməyən bir təşkilat kimi göstərmək istəyirlər. Əslində isə qurultay keçirməməyin bir səbəbi var. Nizamnaməyə görə, indiki partiya rəhbəri İsa Qəmbər səlahiyyətini çoxdan başqa bir şəxsə təhvil verməli idi. Qaydalar bir şəxsin iki dəfədən artıq partiya rəhbəri seçilməsinə imkan vermir. Hamıya məlumdur ki, 23 ildir partiya rəhbəri olan bir şəxs artıq dörd ildir ki, Müsavata qeyri-qanuni şəkildə rəhbərlik edir. Belə başa düşülür ki, İsa Qəmbər postunu kiməsə vermək fikrində deyil. Perspektivlər onu maraqlandırmır”.
A.Mirzəzadə hesab edir ki, bu hal sonda Müsavat Partiyasının özündə böyük qalmaqala səbəb olacaq: “Qurultayın heç olmasa bu dəfə vaxtında keçiriləcəyinə inananlar azdır. Çünki yenə əvvəlki bəhanələr ortaya atılır. Ona görə də qurultay bu dəfə də təxirə salına bilər. Çünki bu, İsa Qəmbərin maraqlarına cavab vermir. Onlar maksimum çalışacaqlar ki, partiyanı bu relsdə saxlasınlar. Onu da deyim ki, əgər başqa bir şəxs Müsavata başqan seçilərsə, ondan xüsusi yenilik gözləməyə dəyməz. Çünki oradakı şəxslər İsa Qəmbər dövründə formalaşıblar. Bu səbəbdən də fərqli siyasət yeridilməsi mümkün deyil”.
Digər millət vəkili Zahid Oruc hazırkı bazar iqtisadiyyatı şəraitində hansısa siyasi qüvvənin özünə tədbir keçirmək üçün ərazi, ünvan tapmaqda problem yaşadığına inanmır: “Ölkəmizdə xeyli sayda məşhur binalar, yerlər var. Bir təşkilat daxili proseslərini tənzimləmək, görülən işləri qiymətləndirmək istəyirsə, bunu istənilən yerdə gerçəkləşdirə bilər. Yaxşı xatırlayıram ki, Müsavatın da daxil olduğu Mili Şura tədbirlərini bəzən Müsavat Partiyasının qərargahında keçirirdi. Ora indiki məqamda onları qane etmirsə, özəl qurumlardan icarəyə yer götürə bilərlər. Ona görə də düşünmürəm ki, Müsavatın qurultayının keçirilməməsi və ya uzun müddət bu şəkildə təxirə salınması sırf inzibati amillərlə bağlıdır”.
Z.Oruc da İsa Qəmbərin başqanlıq dövrünün başa çatdığını, dörd ildir ki, qeyri-hüquqi şəraitdə quruma rəhbərlik etməsini xatırlatdı: “Bu gün qurultay keçirilərsə və İsa Qəmbər başqanlıqdan gedərsə, təşkilatın gələcəyi sual altında düşə bilər. Müsavatın tədbirinin harada olması deyil, necə keçiriləcəyi deyil, onun təşkilat kimi gələcəkdə Azərbaycan siyasi həyatında hansı rolu oynayacağı müəyyənləşməlidir. Ona görə də məsələnin texniki, formal tərəfini cəmiyyətə qabartmaqdansa, əsas siyasi məsələlərin üzərində qərarlaşsalar daha yaxşı olar. Görünür, bu mövzunu gündəmə gətirməklə onu əsas problem kimi təqdim etməyə çalışırlar. Xarici dairələrə iqtidarın onlara guya mənfi münasibət göstərdiyini nümayiş etdirmək istəyirlər. Deməli, bu durumdan xeyli dərəcədə siyasi “xaltura” əldə edirlər. Əminəm ki, onları düşündürən partiyanın ölkə miqyasında fəaliyyətinə yenidən baxmaq, gələcək planlarını dəqiqləşdirmək, hesabatlılıq, kadr islahatları və s. məsələlər deyil. Çünki onlar buna meylli deyillər. Nizamnamənin pozulması formatında fəaliyyət göstərirlər. Belə görünür, bu, artıq onların həyat tərzi, siyasi mövcudluq formasıdır”.
Millət vəkili onu da dedi ki, Müsavat Partiyası İsa Qəmbərin siyasi iddiasına, boyuna biçilib və uzun illərdir onun imkanları şəraitində yaşayır: “Belə şəxslər heç bir halda, illərlə az qala, siyasi super-market kimi istifadə etdiyi təsisatı başqalarına ərməğan etmirlər. Azərbaycanda 90-cı illərdəki partiyalaşma prosesinin xarakteri bu cür olub. Nizamnamə kapitalını bir adam verir, onun əsasında da kollektiv deyil, fərdi qərarlara söykənərək yaşayırlar. Ona görə də düşünürəm ki, hətta, formal olaraq başqa bir adam Müsavata rəhbər seçilsə belə, liderlik yenə də İsa Qəmbərin əlində olacaq. Yəni, o, başqa bir statusla partiya fəaliyyətində özünün önəmini qoruyub saxlamağa çalışacaq. Çünki partiyanın saxlanması xərcləri heç kimin yox, məhz İsa Qəmbərin cibindən gedib. Bu səbəbdən, o, asanlıqla hüquqi varisliyini kiməsə tapşıran deyil”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər