“Harada kino görürlərsə, elə bilirlər mən çəkmişəm” - Mənim balam
Tanınmış film və serial rejissoru Rüfət Şahbazov "Mənim balam”
rubrikamızın qonağı oldu. Rejissor bizimlə söhbətində övladlarından və onların
təlim-tərbiyəsindən danışdı.Rüfət Şahbazovu rejissor kimi yaxşı tanısaq da, bu layihədə onu həm də
ata kimi tanımış olduq. Rejissorun 2 oğlu var. Böyük oğlu Kamal 5, kiçik oğlu
Mübariz isə 2 yaşındadır.
- Rüfət bəy, uşaqları tərbiyə
edərkən hansı üsuldan yararlanırsınız?
- İki 2 oğlum var. Onların tərbiyəsində müxtəlif üsullardan istifadə
edirik. Bura dədə-babadan gələn və öz üsullarımız aiddir. Elə vaxt olur ki,
müasir metodlardan da istifadə edirik. Hərdən olur ki, özüm də uşaqlaşıram. Bir
də onda ayılıram ki, saatlardır onlarla birlikdə oynayıram.
- Uşağı böyüdərkən nədənsə çəkinmələri
üçün onları hədəyir və yaxud yüngül döyürsünüzmü?
- Əsla. Uşağı vurmağın qəti əleyhinəyəm. 7 yaşı çatana qədər uşağa
"olmaz” demək düzgün deyil. Sadəcə, yaranan təhlükələrin qarşısını almaq üçün
yüngül tədbirlər görmək lazımdır. Əgər uşağa "bunu etmək olmaz” desəniz, bu ona
maraqlı gələcək və uşaq gedib onu edəcək. Uşağı bir dəfə vurdunsa, ikinci dəfə
ona göz ağardanda, o səndən qorxmayacaq. Çünki o artıq səndən ona gələ biləcək ən
şiddətli şeyin dadını bilmiş olacaq. Uşaqla o qədər mehriban və dost olmalısan
ki, ona bir dəfə göz ağardanda, bu ona vurmaqdan da ağır gəlsin.
- Övladlarınız sizdən
qorxurmu?
- Qorxmurlar. Hətta bazar günləri onları gəzməyə aparanda deyirlər
ki, "sən bu gün əsl kişisən” (gülürük). Nə vaxt onların xeyrinə nəsə edirəmsə,
mənə bu sözü deyirlər. Qalan vaxtlarda bilmirəm mənə necə baxırlar (gülür).
- Zəmanə uşaqlarıdırlar,
zamanın nəbzini tutmağı bacarırlar.
- Elədir. Axşam evə gələndə
uzaqdan mənə tərəf sürətlə qaçırlar. O zaman elə düşünürəm ki, bütün günü mənim
üçün darıxıblar və qucağıma qaçırlar. Türk kinolarındakı o təsirli səhnələr kimi. Amma mənə çathaçatda əlimdəki paketi
alıb qaçırlar, özüm heç yada da düşmürəm.
Balaca oğlum işi düşəndə qaçır qucağıma, istədiyini əldə edəndən sonra nə qədər
çağırsam da yanıma gəlmir.
- İşinizin çoxluğundan xəbərdarıq.
Hətta bəzi gecələri montajda keçirdiyinizin də şahidi olmuşuq. Bu qədər işin
içində uşaqlara zaman ayıra bilirsinizmi?
- Həftənin bazar günlərini uşaqlara həsr edirəm. Evə gec gedəndə belə,
böyük oğlumun oyaq olduğunu görürəm. Oturub onunla söhbət edirik. Balaca oğlum
hələ çox uşaqdır, tez yatır və səhər tezdən durur. Ona görə onu az görürəm. Səhər
tezdən anası Mübarizi bağçaya aparır. İş qrafikimiz elədir ki, onunla söhbət
etmək, oynamaq imkanım olmur. Mübarizi yalnız həftə sonları görə bilirəm. Gec
görəndə daha şirin olur, onda gözdən düşmürəm (gülürük). Yeni il tətilində 3-4
gün evdə oldum, bütün günümü onlarla keçirdim. Tətil bitəndən sonra gördüm ki,
uşaq artıq məndən doyub.
- Övladlarınız çəkdiyiniz
seriallara, filmlərə baxırlarmı?
- Hansı filmə baxıramsa, Kamal yaxınlaşıb deyir ki, bu filmi sənmi çəkmisən?
Kamal 18 nömrəli məktəbin məktəbəqədər hazırlıq kursunda oxuyur. Bir gün təsadüfən
Xəzər televiziyasının proqramlarından biri üçün ora gedib uşaqlardan müsahibələr
götürmüşdülər. Uşaqlar demişdi ki, biz "Ata ocağı” serialına baxırıq. Bu da
televiziya işçilərinə təəccüblü gəlmişdi. Müəlliməsi məsələyə aydınlıq gətirmişdi
ki, Kamalın atası o serialın rejissorudur deyə burda, valideynlər və bəzi
uşaqlar o serialı izləyirlər. Kamal oxuduğu məktəbdə mənim çəkdiyim serialı təbliğ
edir. O mənim təbliğatçımdır.
- Yəqin ki, atası rejissor
olduğu üçün məktəbdə bir az qürrələnir də.
- Açığını deyim ki, hələ o hisslərlə tanış deyillər. Çox
balacadırlar. Ancaq film çəkmək o qədər
gözlərində adiləşib ki, artıq buna normal baxırlar. Hətta Kamal deyir ki, mən də
istəyirəm böyüyəndə çəkiliş komandam olsun. Mübarizin isə dünya-aləm vecinə
deyil. Onun öz dünyası var.
- Özünüz rejissorsunuz.
Övladlarınızı tanınmış, məşhur etmək sizin üçün asan olar. Bəs nə üçün
uşaqlarınızı filmə çəkmirsiniz?
- Əslində işlərim o qədər çox olur ki, buna ayırmağa zamanım qalmır.
Ancaq sizə deyim ki, kiçik oğlum Mübariz bundan əvvəl rejissorluq etdiyim "Bir
ailəm var” serialında Səma ilə Orxanın övladını canlandırırdı. Onda Mübariz 1
aylıq idi. Uşaqlar hərdən çəkiliş məkanına gəlirlər, yaxud da işlərim o qədər
çox olur ki, evdə də bəzi hissələri işləyirəm. Ona görə də bütün prosesləri
bilirlər. Mən Mübarizi bir aylığından çəkiliş məkanına apardım. O, 9 aylığına qədər
çəkiliş məkanında oldu.
Uşaqlar hərdən mən efirə çıxanda televizorun qarşısında otururlar ki,
atamızı görəcəyik. Harda kino görürlərsə, elə bilirlər mən çəkmişəm.
- Mübarizin gələcəyini
indidən təsəvvür etmək olar. Əgər aktyorluq sənətini seçsə, deyəcək ki, "mən səhnədə
böyümüşəm”.
- (Gülürük) Mübariz gələcəkdə aktyor olsa, deyə bilər ki, "mən bir
aylığımdan bu sənətdəyəm”. Hətta "mən bu sənətə Həmidə Ömərovanın qucağında gəlmişəm.
Xalq artistləri ilə eyni serialda rol almışam” və sair sözlər də işlədə bilər.
Çünki bunlar həqiqətdir.
- Uşaqlarınızı gələcəkdə
necə görmək istərdiniz?
- Orta məktəbi oxuyanda yəqin hiss edəcəyəm ki, onların meyli və
istiqaməti haradır. Böyük oğlumun yaxşı rəssamlıq qabiliyyəti var, gözəl şəkillər
çəkir. Mübariz hələ çox balacadır. Orta məktəbdə onlar öz istiqamətlərini təyin
edəcəklər. Böyük siniflərdə hiss edəcəyəm ki, qabiliyyətləri hansı sahədə daha
yaxşıdır. Bizim işimiz onlara doğru istiqaməti göstərməkdir. Seçimlərini özləri
edəcəklər, mən onların seçimlərinə müdaxilə edə bilmərəm.
- Gələcəkdə rejissor, yaxud
aktyor olmalarını istərdinizmi?
- Aktyorluq və rejissorluq şərəfli peşədir. Əgər bu sənəti seçsələr,
heç də mane olmaram. Elə götürək məni, ailəmdə aktyor və rejissor yox idi. Mən
özüm bu sənəti sevmişəm və bu istiqamətdə çalışmışam. Uşaqların gələcəkdə hansı
peşənin dalınca qaçacaqları bəlli deyil. Ona görə də indidən nəsə danışmaq
tezdir. Bəlkə onlar elə sənət seçəcək ki, indi o sənət bizim ağlımızın ucundan belə keçmir. Bunu özləri təyin
edəcəklər.
Mən şagird olanda valideynlərim deyirdilər ki, həkim, yaxud da
iqtisadçı olmalısan. Mən İqtisad Universitetini bitirdim, ancaq rejissor oldum.
Yəni deməyim odur ki, hansı peşəni seçirlər-seçsinlər, əsas odur ki, öz sənətlərini
sevsinlər.
- Uşaqların tərbiyəsi ilə daha
çox siz, yoxsa anaları məşğul olur?
- Uşaqların təlim-tərbiyəsi ilə anası məşğul olur, onların bütün
qayğılarını anaları çəkir. Çünki uşaqların anaları onların dilini daha yaxşı
bilir. Mübarizin müəlliməsi deyir ki, onu atası bağçaya gətirməsin. Mən onu
bağçaya aparanda getmək istəmir, dalımca ağlayır. Bilir ki, mən ürəyiyumşağam,
bir az ağlasa, onu özümlə aparacağam. Ancaq anası ilə gedəndə gülə-gülə gedib gəlir,
heç ağlamır da.
Xəyalə Rəis