• cümə axşamı, 28 mart, 14:49
  • Baku Bakı 16°C

Haqqımda danışılanlar vecimə də deyil Müsahibə

13.06.13 09:18 2299
Haqqımda danışılanlar vecimə də deyil Müsahibə
Belçikadan gəlib qısa bir zamanda Türkiyədə məşhurlaşan, xüsusilə də “Eurovision” yarışmasından sonra atdığı hər addımı izlənilən və haradasa hər gün qəzetlərdə gündəmdə olan Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycana qonaq gələcək. Bakıda 20-ə yaxın mahnı səsləndirəcəyini söyləyən Hadisə Türkiyənin HaberTürk kanalına verdiyi müsahibəsi ilə yenə gündəmi zəbt etməyi bacarıb. Müsahibəni təqdim edirik.
- 2006-cı ildən adınızı türk şou-biznesinə yazdırdınız. O gündən bu günə nələr dəyişib?
- Türkiyəyə 2006-cı ildə gəlmişəm, həmin ərəfələr çox kiçik idim. Böyüyürəm, inkişaf edirəm və inkişaf etdikcə də təcrübəm artır, həyata baxışım dəyişir. İnsanları tanıdıqca da xarakterim dəyişməyə başlayır. İndi özümü daha rahat və sakit hiss edirəm.
Türkiyədə ilk biz etdik
- Özünüzü artıq gənc müğənni kimi deyil, professional müğənni kimimi görürsünüz?
- Bəzi anlar özümü çox yaşlı və yorğun hiss edirəm. Bu çox qəribə hissdir. Ümumiyyətlə, özümə çox dəyər verən insanam. Atdığım hər addımın davamını görə bilirəm. Hər şeyə diqqət yetirməyə çalışıram. Bunun 100/90-nı işimlə bağlıdır. Sevənlərimə, məni izləyən azyaşlı uşaqlara, gənclərə, örnək olmağa çalışıram.
- Bu qədər çərçivəli həyat sizin üçün çətin deyilmi?
- Bəli, çərçivə içərisində yaşayıram. Amma mənim üçün elə də çətin deyil. Bu yola çıxarkən bütün bunları qəbul etməli idim. Bunu qəbul etdiyin zaman insana yaşamaq elə də çətin gəlmir. Özümü bəzən uşaq kimi, bəzən də çox yaşlı hiss edirəm.
- Yeni mahnı yazdırmısınız və həmişəki sözünüzü dediniz: “Türkiyədə ilk biz etdik”...
- Bir az dəyişik bir şey etmək istədik. “Dup step” tərzində ifa olunan, 2000-ci illərdə yaradılan bir mahnı hazırladıq. Bunu Türkiyədə ilk biz etdik. Yeni mahnılara müraciət edib, dəyişiklik etməyi sevirəm. Bunun üçün də özüm üzərimdə çox çalışıram, əziyyət çəkirəm. Bəzən tükəndiyimi hiss edirəm. Bunu da etdim, başqa birisini də etdim, yaxşı bəs növbədə nə var? Mənim üçün tükənməmək çox önəmlidir.
Həddimi aşmaq istəmirəm
- Deyəsən etdiyiniz yeniliklər sizi qane etmir?
- Bəli, təkrarlanan şeyləri xoşlamıram. Ona görə də fərqli üslublardan istifadə edirəm. Hər kəsin alışdığı tərzdə davam edərək 15 il işləyə bilərəm və pulumu da qazanaram. Amma o şəkildə fəaliyyət göstərmək istəmirəm. Çünki bu, həyat deyil. Məşhur olmağı önəmli hesab etmirəm. Bunu hər kəs edir. İndi yeni bəstəkarlarla tanış oluram, onların repertuarlarına müraciət edirəm. Heç işləmədiyim insanlarla çalışmaq məni çox həyəcanlandırır. Tez-tez eyni insanlarla gəzmək, işləmək istəmirəm. Əgər hansısa bəstəkarın mahnısı gözəlsə, yalnız ona müraciət edirəm.
- Özünüz mahnılara söz yazmağı düşünürsünüzmü?
- Söz yazmaq başqa, məntiq başqa bir şeydir. Mahnını yazmağı öyrənmək, hiss edə bilərəm. Amma bu sahənin öz mütəxəssisləri var. Həddimi aşmaq istəmirəm. O qədər dəyərli söz yazarları var ki, hər şeyi də mən etmək məcburiyyətində deyiləm.
- Mahnılara söz yazmaq üçün ağrılı-acılı duyğular yaşamaq lazımdır?
- Mən elə fikirləşmirəm. Yazmaq üçün bir şeylər hiss etmək lazımdır. Misal üçün, ingilis dilində çox rahat söz yaza bilirəm. İngilis dili mənim ana dilim deyil, ancaq yazmağı bacarıram. Mən Belçikada dünyaya gəlmişəm. Flamanca öyrənmişəm. Ancaq flaman dilində bir mahnı yaza bilmərəm. İngilis dilində yaz desəniz, indi 10 dəqiqəyə sizə mahnı sözləri yaza bilərəm. Uşaq vaxtı tez-tez ingilis dilində mahnılara qulaq asırdım. Anamın mənə aldığı ilk musiqi albomu ingilis dilində idi. O albomdakı sözləri əzbərləyər və tez-tez oxuyardım. İngilis dilində rahat söz yaza bilməyim isə o zamanlardan mənə ərməğan qalıb.
- İngilis dilində albom hazırladınızmı? Çünki əvvəllər ingilis dilində oxuyurdunuz.
- Xeyir, hazırlatmamışam. İnşallah, o da olacaq. Hər şeyi zamanın öhdəsinə buraxmaq lazımdır. Mən robot deyiləm ki, hər şeyi bir anda hazırlayım. Zamanla doğru addımlar atmaq, doğru işlərdə imzanın olması çox önəmlidir.
Bu imkansızdır
- Türkiyədə türk mahnıları oxumağa görə, gördüyünüz münasibət sizə bəs edirmi?
- Xeyr, mən tamaşaçı sevgisindən doymuram. İçimdəki Hadisənin nələrə qadir olacağını bilirəm. Nələr edə biləcəyimi də çox yaxşı bilirəm. Tamaşaçılara göstərə bilmədiyim şeylərin fərqindəyəm. Hər kəs bir sahədə mütəxəssisdir. Mən də bir mütəxəssis kimi içimdə nələrin olduğunu və nələrə qadir olduğumu bilirəm. Türk mahnılarımla xoşbəxtəm. Amma təkcə bununla kifayətlənməyəcəyəm. İngilis dilində mahnılarım da olacaq. Allah-təala mənə bu qabiliyyəti də verib. Bunu ifa etməsəm, verilən bu qabiliyyəti istifadə etmədiyim üçün Allahın mənə qəzəbi tutar.
- Tarkan və başqa sənətçilər ingilis dilində mahnı oxumaq üçün vətəndən kənarda yaşayır. Siz Allah vergisi hesab etdiyiniz bu üstünlüyünüzü – qabiliyyətinizi necə istifadə edirsiniz?
- Mənim bu barədə heç bir problemim yoxdur. Tarkan da və onun bərabər bir neçə ifaçılar gedib orada mahnı oxudular. Demək ki, onların xaricdə çıxardıqları albomu hər kəs paketləyib çıxara bilir. Amma alınmır. Orada tək albom çıxarmaqla müğənni tam məşhur olmur. Albom hazırlayıb ekranlaşdırmaqla iş bitmir. Bunun davamını başqa ölkələrdə də aparmaq lazımdır. Bir də ki, həm burada olub dəli kimi işləyə, həm də dünyada ingilis dilində albom hazırlayıb dünyaya səs sala bilməzlər. Bu imkansızdır. Amerikada məni tanımırlar. Əgər tanınmaq istəyirəmsə, hər şeyi sıfırdan başlamalıyam.
- Gözəllik sizin üçün nə qədər önəmlidir?
- Gözəllik işin bir hissəsidir. Mən ofisimdə oturub stol arxasında işləmirəm. Səhnəyə, insanların gözü önünə çıxıram. Televizorda, qəzetlərdə, jurnallarda oluram. Kliplər çəkib fotosessiyalar hazırlatdırıram. Biz müğənnilər xarici görünüşümüzə daha çox vaxt ayırırıq.
- Kənarda sport geyimdə gəzirsiniz. Ancaq səhnədə mini ətəyinizlə hər kəsi heyran qoyursunuz. Özünüzü cəsur hesab edirsinizmi?

- Əlbəttə, özümü cəsur müğənni hesab edirəm. Başqa müğənnilər səhnədə qısa ətək geyinmirlərmi? Geyinsinlər. Özümü sevirəm və səhnədə rahat olmaq istəyirəm. Səhnə mənim iş yerimdir. Fərqli şeylər etməyi xoşlayıram. Tez-tez eyni geyimlərlə səhnəyə çıxsam, özümdən sıxılaram. Əgər özüm-özümə darıxdırıcı gəlirəmsə, təbii ki, bu, tamaşaçıya da darıxdırıcı gələcək. Bir də zorla heç bir şey geyinmərəm. Özümü rahat hiss etdiyim paltarları geyinirəm.
Rekordlara imza atdıq
- Ajda Pekkan kranla uçaraq səhnədə şou göstərdi. Müğənni üçün səhnədə şou göstərmək önəmlidirmi?
- Mənim üçün səhnədə şou çox önəmlidir. Misal üçün, Halil Sezaiyə səhnədə heyran oluram. Ancaq onun nə rəqqası, nə də şousu var. Ajda Pekkan da geyimi ilə, rəqqasələri ilə tez-tez özünü yeniləyən ifaçıdır. Mən özəlliklə o insanı bəyənərək izləyirəm, deyə bilmərəm. Çünki mənim üçün musiqi, sadəcə şou, geyim və rəqs deyil.
- “Eurovision” yarışmasında geyiminiz çox müzakirələrə səbəb oldu. Bu səbəblə Türkiyə sizdən sonra yarışmaya qadın iştirakçı göndərmədi, deyə fikirlər səslənir...
- Geyim problemi yaranmasın deyə bir qadın müğənnini müsabiqəyə göndərmədiklərini düşünmürəm. Çünki bu çox gülüncdür. Yarışmadan öncə geyimlərin şəkillərini çəkdik, TRT-nin əməkdaşlarına yolladıq. Həmin geyimlər təsdiqləndi və biz də geyindik. Yəni mənim tərəfimdən heç bir problem yaranmadı. Komandamla TRT kanalının münasibətlərində bir problem oldusa da, buna mən bir söz deyə bilmərəm. Öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirdim. Biz çox gözəl yarışma yaşadıq. Rekordlara imza atdıq. 177 səs topladıq. O səs indiyə kimi Türkiyənin ən çox topladığı səs idi. Bu mövzuda çox iddialıyam. Mənim qədər kimsə bu şəkildə savaşaraq Türkiyəni “Eurovision” yarışmasında təmsil etmədi. Geyimdən ötrü yarışmaya qadın yollamamaq məndən sonra getmək istəyən qadın sənətçilərə ayıb olar. Türkiyəni yarışmada təmsil etmək böyük bir məsuliyyətdir. Məncə, dəyərləndirmək lazımdır. Yarışmanı çox dəyərli hesab edirəm. Təkrar mənə yarışmada iştirak etmək təklif edilərsə, sevə-sevə qatılaram.
- “O səs Türkiyə” proqramında Murad Bozla çox savaşırsınız. Ekran arxasında münasibətləriniz necə davam edir?
- Sadəcə, Muradla dalaşmırıq, Mustafa və Hülya Avşarla da deyişirik. Dördümüz də bir-birimizi çox sevirik. Oradakı dostlarımla verilişdən sonra da münasibətlərimizə davam edirik. İşlərimiz çox olduğundan onlarla hər gün mesajlaşırıq. Hülya Avşarla mən fərqli insanlarıq. Heç birimiz eyni musiqini hazırlamırıq ki, problemimiz də olsun.
- Ekrandakı yarışmalardan əsl istedad çıxa biləcəyinə inanırsınızmı?
- İnanıram, amma həmişə deyil. Bəzən qazanan insanlar belə uduzur. Mən də səs yarışmasına qatıldım, ancaq finalı keçə bilmədim. Son 25-də qaldım. Bu seçimlərdə mən böyük bir təcrübəyəm. Demək ki, qazanmaq hər şey demək deyil. Yəni şərt qazanmaq deyil. Hər bir insana Allahın yazdığı bir yol var. Həyatda hər kəs qalibiyyətli ola bilmir. Hər kəs çox yaxşı jurnalist, çox yaxşı hüquqşünas, çox yaxşı ifaçı ola bilməz. Qismətimizdə bu yoxdursa, onu məcbur etmək olmaz.
Heç kim pərdənin arxasında nələr baş verdiyini bilmir
- “Aşk kaç beden giyer” mahnınızla bəstəkar Dəniz Ertən ilə yollarınızı ayırdınız. Təkrar bir araya gəlib işləmək istəyərsinizmi?
- Mən bu mövzu ilə bağlı heç zaman problem yaşamadım. Belə oldu, belə ola bilərdi – deyə danışmaram da. Haqqımda tez-tez xəbərlər çıxır. Heç kim pərdənin arxasında nələr baş verdiyini bilmir. Mən hər şeyi danışmaq məcburiyyətində də deyiləm. Mənim heç kiminlə problemim yoxdur. Hər hansı bəstəkarla istədiyim zaman işləyə bilərəm. Çünki musiqi başqa aləmdir. Bu mövzuda mənim çox rahat bir tərzim var.
- Sizin haqqınızda gəzən şayiələrə heç bir cavab verməməklə necə rahatlıq tapırsınız?
- Mən çox duyğusal və güclü insanam. Başqalarının mənim haqqımda danışdığı mənim heç vecimə də deyil. Özgələrin fikirlərinə önəm versəm, həyatda yaşaya bilmərəm. Həyata bir dəfə gəlir və bir dəfə yaşayıram. Haqqımda gəzən şayiələrə önəm versəm, işimi görməyə zamanım qalmaz.
Hazırladı: Xəyalə RƏİS
banner

Oxşar Xəbərlər