AZE | RUS | ENG |


“Haqq səsimizi hər zaman yəhudi xalqına çatdırırıq” - Fotolar

“Haqq səsimizi hər zaman yəhudi xalqına çatdırırıq” - Fotolar
Rövşən Yarıyev: “Mənim üçün önəmli olan, Azərbaycan adına gücüm çatan qədər işlər görməkdir”

Ölkədən kənarda yaşayan həmyerlilərimizdəndir. Deyir ki, ölkəmizdən kənarda olsa da, onun və digər ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan üçün edə biləcəkləri çox şeylər var. Onun haqqında danışanda bildirmişdilər ki, vətəndən uzaqda olsa da, ürəyi Azərbaycanla döyünür, ölkəsinin adı gələndə hər bir işdə can-başla iştirak edir. Biz də onunla əlaqə saxlayıb, söhbət etmək qərarına gəldik. Müsahibimiz İsrailin Təl-Əviv şəhərində yaşayan həmyerlimiz Rövşən Yarıyevdir. Hərbi xidmətdən sonra İsrailə gəlib. Azərbaycanda 3 il hərbi xidmət edib, tərxis olunduqdan sonra, 1999-cu ildə valideynləri ilə birgə İsrailə köçüblər. Elə o vaxtdan bu ölkədə yaşayır. 

- Yəhudilər spesifik bir xalqdır. Düşdüyünüz mühitə necə öyrəşdiniz?
- Düzdür, yəhudilərin spesifik xüsusiyyətləri çoxdur. Onlardan ən yaxşısı bura gələn xalqları çox yaxşı qarşılayıb, köməklik göstərmələridir. Hansısa bir iş quranda dəstək verirlər. Məsələn, başqa ölkədən gələnlərə kömək edirlər, mane olmurlar. Onların bu xüsusiyyətləri bizə mühitə uyğunlaşmada problemi yaşatmadı.

- Azərbaycanlılar o ölkənin sosial həyatına, mədəniyyətinə necə uyğunlaşıblar?
- Bu dövlətdə mədəniyyət çox yüksək səviyyədədir. İnsanlarla davranışları çox yaxşıdır. Buna görə də, biz azərbaycanlılarla onlar arasında heç bir çətinlik olmadı. Ümumiyyətlə, yəhudi xalqı azərbaycanlılara çox böyük hörmət bəsləyir.
 
 

- Bəs Azərbaycanla bağlı nə dərəcədə məlumatlıdırlar?  
- Azərbaycanlılara qarşı yəhudı xalqının çox müsbət fikirləri var. Bunu onlarla söhbət edəndə, ümumi yanaşmalarında aydın şəkildə hiss etmək olur. Onlar azərbaycanlılarla sıx təmasda olurlar. Azərbaycanda gedən inkişafla daim maraqlanırlar. Ölkəmiz haqqında kifayət qədər məlumatları var. Amma buna baxmayaraq, yenə də biz burda yaşayan azərbaycanlılar olaraq vətənimizdə gedən yenilikləri onların diqqətinə çatdırmağa çalışırıq. Ölkədə görülən işlər, keçirilən böyük layihələrlə bağlı yeri gəldikcə məlumat veririk. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin dünyada daha da tanınmasına şərait yaradıb. Hər il burdan xeyli sayda yəhudi Azərbaycana istirahətə gedir. Quba, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və digər bölgələrimizə gedirlər, gələndə də xoş təəssüratla qayıdırlar.

- Sizin haqqınızda danışanda, dostlarınızdan biri dedi ki, Azərbaycanla bağlı İsraildə nə isə olsa, mümkün qədər orda olacaq...
- Ölkədən uzaqda yaşamağım mənim azərbaycanlı olmağımı dəyişmir, Azərbaycanla bağlı təbii ki, nə lazımdırsa, orda olmağa çalışıram. Ola bilsin ki, bunu kimsə görsün, bilsin, amma mənim üçün daha önəmli olan Azərbaycan adına gücüm çatan qədər işlər görməkdir, bunu özümə borc bilirəm. Burdakı diasporumuzla bir yerdə hər il Xocalı soyqırımını, 20 Yanvar hadisəsini İsrail xalqına tanıtmaq üçün nümayişlər edirik. Torpaqlarımızın ermənilər tərəfindən işğalı haqqında dəfələrlə məlumatlandırıcı toplantılar keçiririk. Burada güclü erməni lobbilərinin olmasına baxmayaraq, haqq səsimizi hər zaman yəhudi xalqına çatdırırıq. Bəzən ermənilər mitinqlər etmək istədikdə, buna imkan vermirik. Azərbaycan üçün ölkədə yaşayanlarla yanaşı, digər ölkələrdə olanların edə biləcəkləri çox şey var, ölkəmizin tanıdılması, həqiqətlərimizin çatdırılması baxımından, xaricdə yaşayan biri olaraq aktiv olmalıyıq.
 
 

- Orda öz işinizi qurmağa da nail olubsunuz. Başqa ölkədə iş qurmaq çətin olmadı?
- Əlbəttə, hər bir işdə olduğu kimi, bu işdə də çətinlik olub. İstənilən halda hər hansı işi ərsəyə gətirmək üçün çətin və uzun yol keçirsən. Amma nəyəsə nail olmaq üçün daim məqsədlər olmalı, mübarizə aparılmalıdır. Məqsədim olduğu üçün çətinlikləri keçib, istədiklərimə nail oldum.

- Cəmiyyətimiz, insanlarımızı heç müqayisə edirsinizmi? Hansı fərqlər ortaya çıxır?
- Hər bir xalqın mədəniyyəti, adət-ənənələri olduğu kimi, yəhudi xalqının da özünəməxsus adət-ənənələri və gözəl mədəniyyəti var. İnsanlara qarşı səmimi və çox mehribandırlar. Müqayisəyə gəldikdə, heç bir fərq görmürəm. Burada dediklərim Azərbaycan xalqına da aiddir. Bunu tək biz demirik, yəhudilər Azərbaycana istirahətə gəlib qayıdarkən, ölkəmizdəki qonaqpərvərlikdən, mehribanlıqdan söz açırlar. Bu xoş sözlərə görə, biz hər zaman qürur hissi duyuruq.

- Yəhudilərdə bəyəndiyiniz xüsusi cəhətlər varmı?
- Bəli, bunu xüsusi vurğulamaq istərdim. Kiminsə çətinliyi olarsa, kömək əsirgəməzlər. Birinin çətin anı olursa, yanında olurlar, lazım olan köməyi edirlər. Yalanı sevmirlər və kim üçünsə nəsə bir yaxşılıq edirlərsə, bunu bildirməzlər. Söz verdikləri işi edərlər. Məncə, bunlar insanda ən böyük müsbət cəhətdir. İşdə düzgünlüyü, dəqiqliyi çox sevirlər. Bu kimi xüsusiyyətlərini bəyənirəm.
 
 

- Yəqin ki, bu kimi xüsusiyyətləri olan adamlarla dostlaşmaq cəhətdən də problem olmaz. Artıq xeyli vaxtdır ordasınız, dostlarınız çoxdurmu?
- Əlbəttə, düzgün, dəqiq xarakterli insanlarla dost olmaq heç bir problem yaratmaz. Mənim də burda bir neçə yaxın dostum var. Yaxın dostlarım arasında yəhudilər də var, azərbaycanlılar da. Amma azərbaycanlılar bir az üstünlük təşkil edir. Burda bizim eyni xalqın nümayəndəsi olmağımızın rolu da ola bilər, amma azərbaycanlılar da yaxşı dost ola biləcək yüksək keyfiyyətlərə malikdirlər. Burdakı dostlarım da Azərbaycanı təbliğ etmək üçün daim çalışırlar, nəsə lazım olanda geri çəkilmirlər. 

- Dünyanın ən sağlam mətbəxi siyahısında İsrailin də adı var. İstəyərdim bir az oranın mətbəxindən danışasınız. Necə qidalanırlar?
- Hər ölkənin özünəməxsus mətbəxi olur, hərəsi də fərqli xüsusiyyətlərlə seçilir. İsraili bu cəhətdən zəngin mətbəxi olan ölkələrdən hesab edə bilərik. Mətbəxlərinin böyük hissəsini balıqdan hazırlanmış yeməklər, tərəvəzlər və italyan yeməkləri tutur. Bu da, artıq onların mətbəxinin sağlam olması haqqında fikir formalaşdırmış olur, yəqin ki.
 
 

- Siz orda əsasən, hansı mətbəxin nümunələrinə üstünlük verirsiniz? Azərbaycan, yoxsa İsrail?
- Biz Azərbaycanda doğulmuşuq, oranın yeməkləri ilə böyümüşük. Artıq bizim uşaqlıqdan öyrəşdiyimiz ağız dadı var.   Ona görə də, əsasən, Azərbaycan mətbəxinin yeməklərindən istifadə edirik. Süfrələrin şahı olan plovu, yarpaq dolmasını, xəngəli və s. sevirik və burda da bişiririk.

- Yemək məsələsindən belə başa düşdüm ki, xanımınız da azərbaycanlıdır...
- Bəli, mənim həyat yoldaşım öz elimdən-obamdan – Azərbaycandandır.

- Orda insanların yaşamı necədir? Günləri necə keçir? 
- Ümumi mənzərədən danışsaq, burda həyat çox gözəldir. İnsanların həyat tərzi, yaşamı yaxşıdır. Gərgin bir mühit deyil. Hər kəs öz işinə sərbəst gedib-gəlir.

- İsraildə tibb sahəsi yüksək səviyyədədir, müalicə üçün bu ölkəyə üz tutanların sayı çoxdur. Bəs bunu təhsil sahəsində də aid etmək olarmı?
- Tibbin inkişaf etməsinin məncə, elə əsas səbəbi təhsilin inkişafından xəbər verir. Təhsil güclü olduğu üçün bu, özünü tibdə də göstərib. Burda vətəndaşların sağlamlığına çox diqqət yetirilir, tibbi sığorta çox aktualdır.
 
 

- Ölü dənizin möcüzəsinə inanırsınız?
- Bəli, inanıram. Ölü dənizə hər il çoxlu sayda turist gəlir və bunun da müsbət nəticəsini görürlər. Hətta Ölü dənizin suyundan, duzundan Azərbaycana müalicə üçün paketlənmiş formada göndərirlər.

- Uzaqda yaşasanız da, vətənə bağlı olduğunuz hiss olunur. Yəqin ki, tez-tez gələrsiniz Azərbaycana...
- Təbii ki, hər il gəlirəm. Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonundan olduğum üçün hər il ora gedirəm. İsmayıllının çox gözəl təbiəti var, mən oranın vurğunuyam.

- Nə vaxtsa birdəfəlik ölkəyə qayıtmaq fikriniz var?
- Əlbəttə, sağlıq olsun. Nə vaxtsa gəlmək fikrim var. Çünki orda qohumlarım, yaxşı dostlarım var. Yaxın dostlarımdan biri Nadir Adilovdur. Bu günlərdə işıq üzü görən ,”Gəncsən? Başla!” kitabının təqdimatı oldu. Ona uğurlar arzu edirəm. Orda yaşamasam da, proseslərdən xəbərdaram, baş verənlərdən uzaq deyiləm.

Aygün Asimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6760
GBP 1 İngilis funt sterlinqi 2.3852
TRY 1 Türk lirəsi 0.4514
KWD 1 Küveyt dinarı 5.6645
SEK 1 İsveç kronu 0.2127
EUR 1 Avro 2.0948
CHF 1 İsveçrə frankı 1.7804
USD 1 ABŞ dolları 1.7001