• çərşənbə axşamı, 23 aprel, 14:28
  • Baku Bakı 24°C

Hansı xəstəlikləri olanlara oruc tutmaq olmaz?

20.06.15 10:46 7268
Hansı xəstəlikləri olanlara oruc tutmaq olmaz?
Ac qalmaq sağlamlıq üçün əks göstəriş olduğu halda, oruc tutub orqanizmə ziyan vurmaq onu batil edir
Müqəddəs Ramazan ayının ilk günləri yaşanmaqdadır. Bu ayda hər bir müsəlman nəfsinə sahib çıxıb bir ay oruc tutmalıdır. Lakin oruc tutmaq hər bir müsəlman üçün borc olsa da, burada insanların vəziyyəti də nəzərə alınır. Belə ki, bir qrup insanlara oruc tutmaq olmaz. Onlar səfərdə olanlar, hamilə qadınlar, uşağa süd verən analar, qocalar və sağlamlığı oruc tutmağa imkan verməyən şəxslərdir. Qeyd etdiyim vəziyyətlərin hamısı konket olsa da, sağlamlıq durumu ilə bağlı oruc tuta bilməmək o qədər də dəqiq deyil.
Belə ki, bu gün bir çox insanlar sağlamlıqlarının qaydasında olmadığını əsas gətirərək oruc tuta bilmədiklərini deyirlər. Bu sözün artıq adətə çevrildiyi, çoxlarının sağlamlığını bəhanə gətirərək oruc tutmaq istəmədiyi fikirləri də formalaşıb. Bəs əslində “Sağlamlıqda problem olduğu zaman oruc tutmaq olmaz” deyərkən nə nəzərdə tutulur? Bu hansı xəstəlikləri olanlara aid edilir?
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev qəzetimizə açıqlamasında bildirdi ki, oruc tutmaq tam şəkildə sağlam olan insanlara əmr edilib. Ona görə də sağlamlığı imkan verən şəxslər bu ibadəti yerinə yetirməlidirlər: “Ramazanda sağlamlıqdan söhbət gedəndə, dini yanaşmada deyilir ki, insan özünün həkimidir. Amma insanın orqanizminin oruc tutmağa imkan verib-vermədiyi haqda həkimin qərarı olmalıdır. Ac qalanda insanın orqanizmi üçün təhlükə yaranma ehtimalı varsa, oruc tutmaq olmaz. Bəzən ürək-damar sistemində, təzyiqində müəyyən problemlər olan insanlara həkim deyir ki, qidalanmasa ürəyi dayana bilər, yaxud qan təzyiqi həyat üçün təhlükəli hala gələr. Bəzi xəstələrə həkim gün ərzində bir neçə dəfə qidalanmağı məsləhət görür. İnsan şəkər xəstəsidirsə, o tez-tez maye, qida qəbul etməlidir. Həkim buna da oruc tutmağı əks göstəriş hesab edir. Oruc tutan zaman şəkəri düşə bilər, yaxud iftar, imsak vaxtı birdən yeyəndə şəkər qalxar və orqanizmə mənfi təsir edər. Mədə xəstəlikləri olanlara da həkim oruc tutmağı əks göstəriş hesab edir”.
F.Nurullayev deyir ki, əgər ac qalarkən sağlamlığa təhlükə yaranma ehtimalını dərmanla tənzimləmək mümkündürsə və həkim icazə versə, belə şəxslər oruc tuta bilərlər. Yaxud insan sağlamlığında problem olduğu halda öz orqanizminin aclığa davamlılığını yoxlayırsa və bir neçə gün o xəstəliyini tənzimləyərək oruc tuta bilirsə, nəzarət altında davam etdirə bilər. Amma mütləqdir ki, şəxsin həmin istəyini həkim də təsdiqləyib, icazə versin.
F.Nurullayev deyir ki, insan gün ərzində 3-5 dəfə iynə vurdurmalıdırsa, bunlar müxtəlif vitaminlər, ampulalardısa, həmin şəxs oruc tuta bilməz: “Bəzi iynələri gün ərzində vurmaq olar. Amma həb şəklində qəbul etmək olmaz. Bədəni, dərini qidalandırmayan, ağrıkəsici məlhəmlər, mazlardan istifadə etmək olar. Gün əleyhinə istifadə olunan kremləri, dəriyə vurulan vitaminli mazları Ramazanda istifadə etmək olmaz. Yalnız ağrıkəsicilərdən istifadə etmək olar”.
İlahiyyatçının sözlərinə görə, oruc tutmağın əks göstəriş olub-olmadığını həkim daha dəqiq təyin edir: “Bu həkim isə orucluğun nə olduğunu anlayan biri olmalıdır. O, müraciət edən şəxsin vəziyyətini dəyərləndirib, oruc tuta bilib-bilməyəcəyinə qərar verməlidir. Əgər həkim insanın sağlamlığı üçün oruc tutmağın əks göstəriş olduğunu deyirsə, şəxs buna fikir vermədən oruc tutub, özünə ziyan verirsə, orucu batil olur”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, ilk öncə hər kəs orqanizminin həkimi olmalıdır və sağlamlığının oruc tutmağa imkan verib-vermədiyini özü bilməlidir: “Hər kəs ac qalarkən orqanizmdəki vəziyyətə baxmalıdır. Elə insanlar var ki, ac qalanda başı ağrıyır. Mədəsi, qarnı ağrıyanlar olur, başı gicəllənənlərə də rast gəlmək mümkündür. Əgər ac qalan insanda hansısa narahatçılıq yaranırsa, bu, problem olduğunun göstəricisidir. Bu zaman şəxs oruc tutmaq istəyirsə, həkimlə məsləhətləşməlidir. Həkim ondakı problemin ac qalmaqla əlaqəli olub-olmamasını müəyyənləşdirir. Əgər aclıqla əlaqəsi varsa, o zaman oruc tutmamalıdır. Amma aclıqla əlaqəsi yoxdursa, rahatlıqla oruc tuta bilər”.
Həkimin sözlərinə görə, xroniki xəstəliklərdən, qan xəstəliyindən əziyyət çəkənlərə, mədəsində problem olanlara oruc tutmaq olmaz: “Çünki bu zaman oruc tutmağa orqanizmin gücü yetməyə bilər. Mədəsində yara olan insanların da oruc tutmaları mümkün deyil. Çünki bu onların sağlamlıqları üçün daha da təhlükə yaratmış olur. Müalicə alan insanlara da oruc tutmaq olmaz. Əgər bu ay mütləq müalicə getməlidirsə, o zaman oruc tutmamalıdırlar. Çünki oruc sağlam insanların öz nəfslərini sınağa çəkməsi deməkdir. Sağlamlığa təhlükə yaradacağı təqdirdə oruc tutmaq düzgün deyil”.
M.Abbasova deyir ki, oruc tutmağın sağlamlıq üçün bir çox faydaları var: “11 ay mədə-bağırsaq fasiləsiz işləyir və cəmi bir ay fasiləyə çıxmış olur. Bu, bir il çalışan insanın yayda istirahətə ehtiyacı olması kimidir. Orucluq insanın ruhunun qidasıdır. O mənada ki, bu ayda insanın ruhu möhkəmlənir. Yemək var və mən bundan imtina edirəm. Bununla insan nəfsinin çəkdiyi bir çox şeylərdən imtina etməyi bacarır”.
Həkim onu da bildirdi ki, oruc tutmağa həvəs göstərənlər arasında uşaqlar da çoxluq təşkil edir. Amma onların yaşları uyğun gəldiyi təqdirdə oruc tuta bilərlər: “Qızlar 9, oğlanlar 15 yaşından sonra oruc tuta bilərlər. Əgər sağlamlıqlarında heç bir problem yoxdursa, oruc tutmaq onlara heç bir əks göstəriş ola bilməz. Amma yaş qeyd etdiyimdən azdırsa, o zaman olmaz. Bu sonra onların sağlamlıqlarına mənfi təsir də göstərə bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər