Hansı sosial şəbəkə, hansı məqsəd üçün daha faydalıdır? – Gənclərə məsləhət
Fikir veribsinizsə, bir qrup insan oturub söhbət edərkən
belə, fikri telefonda, əsasən isə sosial şəbəkədə olur. Sosial şəbəkələr əslində
günümüzün tələbidir və bundan qaçmaq da olmur, amma baxır necə istifadə edirsən.
Hər bir işdə olduğu kimi, bunun da mənfi və müsbət tərəfləri var. Doğru istifadə
etdikdə, faydası çoxdur, əks halda, sadəcə, vaxt itkisidir... Maraqlıdır,
sosial şəbəkələri təyinatına uyğun olaraq necə istifadə etməliyik?
Bu mövzunun incəliklərini PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov bizimlə bölüşdü. Bildirdi ki, sosial şəbəkələr populyarlaşmağa başladıqdan sonra
internetin özündə olan öncəki kommunikasiya alətlərini kölgədə qoydu: "İnsanlar
əvvəllər "Hotmail mesencer” xidmətindən istifadə edirdilərsə, indi o şəbəkə yalnız
uzaq xatirədir. Eyni zamanda, "Skype”dan daha geniş istifadə olunurdusa,
hazırda o da öz yerini itirməkdədir. Özündən əvvəlki internet kommunikasiya alətlərini
üstələyən və qabaqlayan sosial şəbəkələrə isə "Facebook”, "Tvitter”,
"Instagram”ı misal göstərmək olar. Məhz "Facebook” özündə mətn, foto, video
materialların paylaşılması ilə yanaşı, audio zəng, video zəng, canlı yayım kimi
bir çox yeni funksiyaları da cəmləyib.
Texniki
olaraq isə sosial şəbəkələr iki tipə bölünür: horizontal və vertikal olanlar.
Horizontal olan sosial şəbəkələrdə insanlar xüsusi ortaq maraq dairəsi olmadan
toplaşırlar, ünsiyyət qururlar, tanış olurlar. Məsələn, "Facebook”da bir-birindən
fərqli maraq dairələri olan insanlar dostlaşa bilir. Vertikal sosial şəbəkələrdə
isə ierarxiya mövcuddur. İnsanların ortaq maraq dairəsi olur və öz maraq dairələrinə
uyğun olaraq ünsiyyətə başlayırlar. Məsələn, "Linkedin”də bir PR mütəxəssisi öz
həmkarları ilə əlaqə qurur, çünki onların ortaq marağı var. Sosial şəbəkələrdə
kommunikasiya barədə danışdıqda isə 2 növə bölməliyik: birinci fiziki,
individual şəxslərin kommunikasiyası, ikinci isə korporativ kommunikasiya. Bu
sosial şəbəkələrin demək olar ki, hər birini, hər iki məqsəd üçün də istifadə
etmək olur”.
A.Nəzərov
deyir ki, hazırda sosial şəbəkələr bazara uyğunlaşmaq üçün biri digərində
gördüyü yeniliyi özündə tətbiq etməyə çalışır: "Bildiyiniz kimi "Instagram” şəbəkəsi
daha çox fotolar və qısa videoların paylaşılması üçün faydalıdır. Kifayət qədər
biznes qurumları, aktyorlar, təşkilatlar da görürük ki, bu imkanlardan istifadə
edərək, video və fotolarla uğurlu satış həyata keçirir, məşhurlaşır və ya
ictimaiyyətlə əlaqənin qurulmasına nail olur. Azərbaycanda "Tvitter”
"Instagram” və "Facebook” sosial şəbəkələrindən istifadəçi sayına görə geri
qalmış olsa da, maksimum 140 işarədən ibarət olan paylaşımlarla xəbərin
çatdırılması, qısa məlumatların və fikirlərin lakonik, sürətli ötürülməsində əvəzsizdir.
Burada məxsusi yer "Facebook”undur ki, Azərbaycanda kifayət qədər populyardır.
Geniş istifadə olunma imkanlarını özündə cəmləyir”.
A.Nəzərov
bildirdi ki, sosial şəbəkələrdə həm ünsiyyət, həm də maariflənmək üçün imkanlar varsa, bunlardan
istifadə etmək lazımdır: "Facebook”un özündə kifayət qədər səhifələr vardır ki,
həmin səhifələrin məqsədi maarifləndirici materiallar yayımlamaqdır. Biz eyni
zamanda sosial şəbəkələrdə dil öyrənmək üçün səhifələr, yemək səhifələri
görürük. Ünsiyyətə gəlincə, bunun hansı formada olmasının fərqi yoxdur, əylənmək
və ya yeni dostlar tapmaq üçün ola bilər. 3-4 il öncə daha böyük qisim istifadəçilərin
məqsədi yeni tanışlıqların qurulması və əyləncə xarakterli idisə, indi artıq bu,
özünü daha çox maariflənmə, maarifləndirmə və ictimaiyyətlə əlaqələr, marketinq
işinin qurulmasına gətirib çıxarıb. Bunun əsas səbəblərindən birincisi sosial şəbəkələrin
geniş kütlə arasında populyarlaşmasıdır.
Burada
çoxlu istifadəçilərin yığışması biznes qurumları və marketinq işini qurmaq istəyənlər
üçün imkana çevrilir. Hər kəs oradadır və onlara əlçatanlıq, onlarla ünsiyyət
artıq asandır. İkinci imkan isə sosial şəbəkələrin özlərinin bu yeniliyi başa
düşmələri və yeni texniki həlləri tətbiq etmələridir. Misal üçün, "İnstagram”
üzərindən əvvəllər yalnızca 15 saniyəlik video yayımlamaq mümkün idisə, bu
imkan artıq 1 dəqiqə olub, hətta artıq canlı yayım etmə imkanı da əlavə olunub.
Bu yeniliklər təbii ki, digər bir neçə
sosial şəbəkələrdə də tətbiq olunub”.
Müsahibimiz
sosial şəbəkələrin ictimaiyyətlə əlaqələr işini qurmaq istəyən hər hansı şirkət,
kurs, təşkilat üçün də faydalı olduğunu qeyd etdi: "Facebook” tez-tez tətbiqlərində
dəyişiklik edir. Bu dəyişikliklərin tətbiqi hər nə qədər marketinq addımı olsa
da, eyni zamanda, istifadəçilərin yeni kommunikasiya imkanlarından
faydalanmasına gətirib çıxarır. Misal üçün, artıq bir restorana gedəndə,
insanların bu restoran haqqında fikirlərini kimdənsə soruşmaqdansa, sosial şəbəkələrdə
həmin məkan haqqında qiymətləndirmə, rəylərlə
tanış olmaqla kifayətlənirlər. Buna görə də xidmət sektorunda çalışanlar səy
göstərirlər ki, sosial şəbəkələrdə imicləri yüksək səviyyədə olsun və imiclərini
qorusunlar. Elə ona görə də, bu gün peşəkar sosial media menecerlərinə tələbat
var. Biz hər gün hansısa şirkətin sosial media meneceri axtardığını görürük. Bu
o deməkdir ki, qurumlar sosial şəbəkələrin kommunikativ təyinatını dərk edir və
öz işlərində birbaşa tətbiq edirlər”.
Günel Azadə