• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

Hansı sənət yaxşıdı?

25.02.14 09:00 12739
Hansı sənət yaxşıdı?
Peşə seçimi insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Çünki, düzgün peşə seçimi gələcək uğurun başlanğıcı hesab olunur. Psixoloqlar hesab edir ki, insanın gələcəkdə xoşbəxt və ya bədbəxt olmasında seçdiyi peşənin rolu var: “Peşə seçimi insanın həyatı boyunca davamlı bir iş sahibi olub və ya ola bilməyəcəyini təyin edir, müvəffəqiyyətli və ya müvəffəqiyyətsiz bir adam olmasında əhəmiyyətli rol oynayar”. Bəs gənclər öz seçimini necə edir və peşə seçərkən nəyi əsas götürürlər?
“Hər insan cəmiyyətə xeyir verməyi bacarmalıdır”
Əligül Ağayev, “Fərq” gənclər ictimai birliyinin sədri.
Əligül deyir ki, 5 yaşından sonra, həyatında bütün seçimlər özünə aid olub: “Mən ailənin ən balaca övladıyam, hələ 5-ci sinifdə oxuyanda anamla söhbət edirdik və ona mənə tarix və coğrafiya fənlərinin daha maraqlı olduğunu, gələcəkdə bu istiqamətdə ixtisas seçəcəyimi demişdim. Anam o zaman bu fənlərin çox çətin olduğunu və güclü yaddaş tələb etdiyini söyləyirdi. Valideynlərimin təhsilimlə bağlı verdiyi son istiqamət məni 5 yaşında məktəbə qoyarkən olub. Bundan sonra həyatımda olan bütün seçimlər hamısı özümə aid olub”.
Həmsöhbətimizin sözlərinə görə, o öz ixtisasını 16 yaşında seçib: “İxtisasımı seçəndə 16 yaşım var idi. Bakı Dövlət Universitetinin Fəlsəfə ixtisasına qəbul olmuşdum. İlk olaraq, yəni təhsilə başlayana qədər ixtisasımın mahiyyətini dərk etmirdim. Daha sonra hər şey dəyişdi, fəlsəfəni sevdim, özümü bu aləmin tərkibinə qata bildim. Bir az da yaradıcı ruhlu olmağım məni bu cığıra saldı. Eyni zamanda başa düşmüşdüm ki, təhsil aldığım istiqamət bir peşə deyil, dünyagörüşüdür, hamının görə bilmədiyini görmək bacarığıdır. Bakalavr təhsilmi başa vurana qədər artıq ictimai sektorda müəyyən fəaliyyətim var idi, hazırda da bunu davam etdirirəm. Fikrimcə, bu cəmiyyətdə daşıdığımız bir funksiyadır, insanlara, ətrafına xeyir vermək bir insanlıq borcudur”. 20 yaşında yeni peşə seçən müsahibimiz vurğuladı ki, peşəsindən asılı olmayaraq hər kəs cəmiyyətə xeyir verməyi bacarmalıdır: “20 yaşım olanda daha praktik, zamanın tələbinə cavab verən və ən əsası maraq dairəmdə olan, sevərək görə biləcəyim iş seçməyi qərarına gəldim. Bu turizm menecerliyi idi və peşəkarlığımı artırmaq məqsədi ilə, hazırda bu istiqamətdə magistr təhsili alıram. Düşünürəm ki, peşəsindən asılı olmayaraq hər bir insan cəmiyyətə xeyir verməyi əsas götürməli və bunu bacarmalıdır”.
“Peşə seçərkən əmək bazarının qaydalarını nəzərə almaq lazımdır”
Murad Həsənli, Gənc dövlət qulluqçusu
Murad düşünür ki, peşə seçərkən diqqət edilməli olan ən önəmli məsələlərdən biri sabah işsiz qalmamaqdır. Onun sözlərinə görə, kapitalist cəmiyyətdə yaşadığımız üçün əmək bazarının qaydalarını mütləq nəzərə almaq lazımdır: “Peşə seçimi çox önəmli məsələdir. Dəfələrlə müşahidə etmişəm ki, ailələr övladlarına onların bacaracağından daha çətin ixtisaslara yiyələnməsinin tərəfdarı olurlar. Bu, yaxşı tendendisya deyil. Gərək elə ixtisasa yiyələnəsən ki, sabah işsiz qalmayasan. Peşə seçərkən bunu mütləq nəzərə almaq lazımdır”.
Murad deyir ki, 9-cu sinifdən onda məmurluğa, ictimai işlərə maraq oyanıb: “Mən peşə seçimimi universitetə sənəd verdiyim il seçməmişəm. Bu, uzun bir prosesin nəticəsində olub. Əvvəldən məni vətənpərvər ruhda böyüdüblər. 9-cu sinifdə oxuyanda düşünürdüm və bilirdim ki, peşə seçmək dövlətə, millətə xidmət adına böyük məsuliyyət daşıyır. İqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsilimi başa vurduqdan sonra doğulduğum Sabirabad rayonuna qayıtdım və gənc dövlət qulluqçusu kimi fəaliyyətimi davam etdirirəm”.
“Qəhrəman olmaq istəyirdim”
Ülkər Əkbərli, jurnalist
Ülkər uşaqlıqdan jurnalist olmaq xəyalları ilə yaşayıb. Lakin qızının jurnalist olması və bu peşəni icra etməsi atasının ürəyincə olmayıb və ona mane olmağa çalışıb. Həmsöhbətimiz deyir ki, o uşaqlıqdan arzuladığı peşəyə böyük çətinliklərlə nail olub: “Uşaqlığım müharibənin qızğın çağlarına düşmüşdü. Qarabağ müharibəsi mənim bu peşəyə gəlməyimin əsas səbəbkarı idi. Çünki, o vaxtlar Çingiz Mustafayevin çəkdiyi kadrlara baxanda müharibə şəraitində olan insanlara kömək etmək üçün həmin yerlərə getmək, ehtiyacı olanlara köməklik göstərmək. Çingiz Mustafayev kimi qəhrəman olmaq istəyimin nəticəsində hərbi jurnalist olmağı arzulayırdım. Uşaqlıqdan jurnalist olmağın xəyalı ilə böyüyürdüm. Lakin, peşə seçmək yaşım gələndə, atam mənə mane olurdu. Çünki, jurnalist olmağımın qəti əleyhinə idi”.
Jurnalist olmasına icazə verilmədiyi üçün Ülkər həvəssiz şəkildə sənədlərini rejissorluğa verib. Müsahibimiz deyir ki, “xoşbəxtlikdən” balı az olduğu üçün bu ixtisasa qəbul ola bilməyib: “İmtahandan kəsildikdən sonra, atam jurnalistikanı sevdiyimin fərqinə vardı və mənə dəstək olmağa başladı. İkinci il çalışdım və nəticədə arzuladığım peşədə təhsil almağa nail oldum”.
Ülkər sonda vurğuladı ki, valideynlər istədikləri sənəti seçməkdə uşaqlarına azadlıq verməli və ona dəstək olmalıdırlar. Populyarlıq xatirinə peşə seçimi, onların övladlarının həyatda öz yerini tapa bilməməsinə gətirib çıxara bilər.
Aygün Əziz
banner

Oxşar Xəbərlər