AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hansı müğənnilər haqlıdır: Yaşlılar, yoxsa gənclər?

Hansı müğənnilər haqlıdır: Yaşlılar, yoxsa gənclər?

Mədəniyyət
13 Aprel 2013, 10:59 1845
Çox zaman efirə çıxan yaşlı nəslin nümayəndələri gənc müğənnilərin səhnə mədəniyyətinin olmamasından şikayətlənirlər. Gənc nəslin nümayəndələri də çox zaman həmin müğənnilərin fikirləri ilə razılaşmır, özlərini indiki dövrün tələblərinə uyğun apardıqlarını və efirdə də zamanın tələbinə uyğun performans göstərdiklərini bildirirlər. Bir sözlə, yeni nəsil müğənnilər özlərindən yaşda böyük sənətkarların onlardan tələb etdikləri səhnə qaydalarını qəbul etmirlər. Gənc müğənnilərlə söhbətimizdən bunun bir daha şahidi olduq.

Yaşının az olmasına baxmayaraq, böyük sənət təcrübəsi olan Leyla Ramazanlı yaşlı nəsl müğənnilərin gənclərə dəstək olmalarının vacibliyini və gələcək nəslin yetişməsində onların böyük rolu ola biləcəyini qeyd etdi: “İncəsənət aləmində gənc müğənnilərə dəstək olan və olmayan müğənnilərimiz az deyil. Ancaq istəyərdim ki, onların hamısı bizə dəstək olub, qanadları altına alsınlar. Bizdən yaşca çox böyük olan müğənnilərimizin efir mədəniyyətini bəyənirəm. Ancaq elə yaşlı nəslin nümayəndələri də var ki, onların səhnədə rəftarını görəndə doğrudan da utanıram. Vaxtilə onlar da gənc olublar. Hazırda gənc müğənnilərə dəstək olanlar azlıq təşkil edir. Elə sənətkarlarımız var ki, neçə illərdir sənətdədirlər. Onların içində gənclərə qısqanclıqla yanaşanlar da az deyil. Amma gərək onlar reallıqla barışsınlar. Heç bir müğənni başqasının yerini tutmur. Hər kəsin öz ad-sanı, dəst-xətti var. Bizim də vaxtımız çatacaq, yaşlanacağıq və yerimizə başqaları gələcək. Heç kim dünyanı tutub getməyəcək”.

Estrada müğənnisi Roza Zərgərli müəllimlərindən çox şey öyrəndiyini və onların göstərdiyi yolla sənətini davam etdirdiyini bildirdi: “Bizim yaşlı nəslin sənətçiləri gündəmdə nə zamana kimi qalmaq lazım olduğunu yaxşı bilirlər. Nə öyrənmişəmsə, mənə dərs deyən həmin nəslin nümayəndələrindən öyrənmişəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Alim Abdullayev, Akif Quliyev kimi müəllimlərdən dərs almışam. Onlar bu yolu çoxdan keçib və biz də onlardan öyrənirik. Ümumiyyətlə, yaşlı nəslin sənətkarlarından nümunə götürən gənclər çox xeyir tapır. Biz sənətkarlardan çox şey görüb götürmüşük. Səhnədə bir söz deməmişdən öncə onları düşünürəm ki, bu sözü desəm onlardan ayıb olar. Yaşlı nəslin nümayəndələri gənc nəsli heç də qısqanmır. Özümə qarşı bütün yaşlı sənətkarlardan ancaq hörmət görmüşəm. Bir də ki, əgər hansısa insanın tərbiyəsi yoxdursa, nə qədər yaşlı nəslin tərbiyəsini almasının xeyri yoxdur, onlardan heç nə götürə bilməyəcək”.

Gənc müğənni Yaşar Cəlilov isə sənətdə qəbul olunanadək qalmağa üstünlük verdiyini və zamanın nəbzini tutmağa çalışdığını söylədi: “Elə yaşlı nəslin müğənniləri var ki, onlardan nəsə öyrənmək mümkün olmur. Ancaq eləsi də var ki, səhnə mədəniyyətini, səhnədə özünü aparmaq qaydasını onlardan nümunə götürürük. Xalq artisti Ağaxan Abdullayev, Arif Babayev kimi müəllimlərim olub. Onlardan nümunə götürmüşəm və yaradıcılıqlarından bəhrələnmişəm. Zaman keçdikcə müğənnilərə olan maraq da dəyişir. Bir neçə il əvvəlin tələbi tamam başqa idi, indiki zamanla uyğunlaşmır. Əvvəllər səhnədə performans göstərmək elə də önəmli deyildi. O zaman hamı ağır oturub, səliqəli kostyum geyinərək mahnı ifa edirdi. Ancaq indi səhnə üçün bunlar kifayət etmir. İndiki gənclər o zamankı şəkildə oxusa, heç kim onları qəbul etməz, bəlkə də oxumağını qəbul edərlər, ancaq səhnə mədəniyyətini qəbul etməzlər. İndi isə tələb tamam başqadır, səhnə zarafatı, mahnıya uyğun hərəkət etməyi sevir. O zaman açıq-saçıq geyimlər azlıq təşkil etdiyi halda, indi açıqlığa üstünlük verilir. Və ya sənədə köhnə kişilərin və ya müğənnilərin oynamağını görməmişəm. Amma mən özüm yeri gələndə səhnədə oynayıram”.

“Şipşirin” ləqəbi ilə tanınan gənc estrada müğənnisi Elçin Cəfərov yaşlı nəslin nümayəndələrinin mahnı ifa edərkən yerindən tərpənmədiklərini və ancaq əllərini tərpətməklə kifayətləndiklərini söylədi: “Mənim babam indiki sənətçilərin müəllimi olub. 40 yaşında tədbirlərin birində kimsə yerindən deyib ki, “dayı, hansısa mahnını ifa elə”. O da bu sözdən sonra sənətini atıb, müəllimliklə məşğul olub. Mirzə Babayev qoca vaxtında da oxuyurdu, ancaq səsində heç bir problem yox idi. Səsin oynamayan vaxtına kimi oxumaq olar. Tükəzban İsmayılova, Tələt Qasımov, İslam Rzayevdən çox şey öyrənmişəm. Yaşlı nəsil yəqin ki, gənc nəslin müğənnilərini qısqanır. Yaxşı oxuyan gənc ifaçılara dəstəyə ehtiyacı var. Bu da o demək deyil ki, mahnını onların ifa etdiyi kimi ifa etməliyik. Zaman keçdikcə hər şey dəyişir. Yaşlı nəslin bu fikirləri razı deyiləm. Bu gün tələbat onların dediyi fikirlərə deyil. Bizdə daha çox inkişaf gedib. Köhnə kadrlara baxanda görürük ki, müğənnilərimiz düp-düz durub tərpənmədən oxuyurlar. Mahnını tamaşaçıya çatdırmaq əsas məsələdir”.

Meyxanaçı Namiq Qaraçuxurlu isə mətbuata açıqlamasında yaşlı nəslin nümayəndələri olan müğənnilər haqqında fikir bildirərkən deyib ki, adam özünü yaşına uyğun aparmalıdır: “Cavanlar kimi geyinmək və tullanmaq olmaz. Mən özümü necə aparmaq lazım olduğunu bilirəm. Öz qanunlarımla yaşayıram. Mənə nə pul, nə də şöhrət lazımdır. Bu səbəbdən yalnız seçilmiş verilişlərdə efirə çıxıram. Artıq toylarda da meyxana demirəm”.

Gənc sənətçilərin sənətə baxışlarında müəyyən fərqlilik var. Amma əksər sənət adamları bu fikirdədir ki, insan yaşına və sənətinə hörmət etməlidir. Ən azı, özünü muğam ifaçısı kimi təqdim edib, 80 yaşında səhnədə “Gangnam style” oynamamalıdır.

Xəyalə Rəis