• cümə, 29 Mart, 13:10
  • Baku Bakı 14°C

“Hansı işdə olursan ol, orada xarakterini göstərməlisən”

13.05.19 14:57 1406
“Hansı işdə olursan ol, orada xarakterini göstərməlisən”
Bəzən efirin aldadıcı olduğunu deyirlər. Əvvəllər bu fikirlə razı olmasam da, bu gün, aktyor, aparıcı Mehman Piriyevi daha yaxından tanıyandan sonra bu fikirlə razılaşmalı oluram. Onu uşaqlıq illərimdən - Azərbaycan Dövlət Televiziyasının intellektual verilişlərin aparıcısı kimi tanımışam. Daha sonra "Region” ARB24 telekanallarında müxtəlif verilişlər aparıcısı kimi qarşımıza çıxdı. ARB24 kanalında yayımlanan "Gün başladı" informasiya proqramının redaktoru və aparıcılarından biri idi. Onu aktyor kimi tanımağım isə Bakı Uşaq Teatrında oldu. İntiqam Soltanın rejissorluq etdiyi "Sevgi şimşəyi” tamaşasından sonra əsl aktyor olduğunu, 1997-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil aldığını, 2001-2005-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında, 2005-2010-cu illərdə Bakı Uşaq Teatrında çalışdığını öyrəndim. 2010-cu ildən sonra ancaq televiziyada çalışmalı olub. Bir il əvvəl isə yenidən teatra qayıdıb. Yenə də əvvəlki iş yerinə - Bakı Uşaq Teatrına. Bu bir il ərzində bir çox uğurlara sahib olub. M.Piriyevlə söhbətdə əldə etdiyi uğurlardan və onu televiziyadan teatra gətirən səbəblərdən danışdıq.
- Mehman bəy, teatr kontingenti üçün simanız çox tanışdır. Adətən, televiziyada çalışan insanların siması daha çox tanınır və bu da aktyora xüsusi bir üstünlük gətirir.
- Təbii ki, simanın tanınmasında televiziyanın rolu böyükdür. Əgər efirdəsənsə, demək ki, gündəmdəsən. Əgər efirdə deyilsənsə, bir müddətdən sonra yada düşmürsən. Teatrda isə vəziyyət bir qədər fərqlidir. Heç zaman teatra iş yeri kimi baxmamışam. Teatr aktyorun yaşam tərzidir, ikinci evidir.
- İndi siz televiziyada çalışmırsınız və bu da o deməkdir ki, gündəmdə deyilsiniz?
- Hazırda gündəmdə deyiləm.
- Axı, İctimai Televiziyada yayımlanan "Solğun çiçəklər” serialında rol alırsınız.
- O əsgər pis əsgərdir ki, general olmaq istəmir. Heç zaman tanınmaq xətrinə işləməmişəm. Televiziyadan ayrıldıqdan sonra bir çox telekanallardan dəvət aldım. Gündəmdə olmaq, daha da tanınmaq xətrinə dəvəti qəbul edə bilərdim. Ancaq aktyorluq fəaliyyətimi davam etdirmək istədim və buna nail oldum. Çünki teatrda rahatam, burda ruhum dincəlir. Narahat olduğum yerdə nə olur-olsun, qalmıram. Harada rahatamsa, mən ora aidəm.
- Belə görünür ki, aktyorluq sənətindən bir qədər ayrı qalmağınız sizi darıxdırıb. Qayıdışa əsas səbəb nə oldu?
- Əslində mən teatrdan getmişdim və bilirdim ki, nə vaxtsa bura qayıdacağam. Teatrsız qala bilmirdim. Bölgə televiziyalarının birində çalışanda Qazax Dövlət Dram Teatrında tamaşaların məşqlərinə gedirdim. Viktor Hüqonun "Bir edam məhkumunun son günü” əsərində rol aldım. Hara getməyimdən asılı olmayaraq, heç zaman teatrla əlaqələrimi kəsməmişəm.
- Uşaqlıqdan ciddi xəbər, intellektual verilişlərin aparıcısı kimi tanıdığımız birini teatrda aktyor kimi görmək bir qədər təəccüb doğurur.
- Teatrda nəinki dram, komediya tamaşalarında da rol almışam. Elə olub ki, dostlarım teatra gəlib, tamaşaya baxıb və sonda mənə deyiblər ki, sən niyə oynamırdın? Halbuki həmin tamaşada baş rolu mən oynamışam. Səhnəyə çıxanda orada sanki başqa biri oluram. Ciddilik mənim xarakterimdir. Ümumiyyətlə, heç zaman yüngül verilişlər aparmaram. Hansı işdə olursan ol, sən orada xarakterini göstərməlisən. Bir aktyor kimi xarakterin varsa, sənə diqqət daha çox olacaq və insanlar hörmət edəcək. Mən də hər zaman içində olduğum layihələrdə xarakterimi göstərməyə çalışmışam. Kimliyindən asılı olmayaraq, insanın öncə şəxsiyyəti olmalıdır.

- Bakı Uşaq Teatrına nə vaxt qayıtdınız?
- Artıq bir ildir ki, Bakı Uşaq Teatrında çalışıram. Televiziya ilə qarşılıqlı şəkildə yollarımız ayrıldı. Teatra olan sevgim məni yenidən özünə qaytardı. Həyatdır, heç kim heç nədən sığortalanmayıb. Deyə bilmərəm ki, ömrümün sonuna kimi teatrda qalacağam. Teatr mənim üçün ata evi rolunu oynayır.
- Televiziyadan çıxıb teatra gələndə haqqınızda "xəbər aparıcılığı hara, aktyorluq hara?” kimi fikirlər səsləndirdilərmi?
- Əlbəttə. Son illər "camaat nə deyər?” prinsipi ilə yaşamaqdan yorulmuşam. Artıq bu fikirləri kənara atmışam. Çünki bütün gəncliyimi camaatın haqqımda nə düşünəcəyi ilə keçirmişəm. Kim nə deyir, desin, insan həm sənətdə, həm şəxsi həyatında istədiyi kimi yaşamalıdır. Bir şərtlə ki, heç kimə mane olmasın. Təəssüf hissi ilə qeyd edirəm ki, mən bunu gec anladım.

- Teatra gəldikdən sonra dinamik şəkildə uğurlarınız bir-birini əvəzlədi. Əsas qəhrəmanı canlandırdığınız "Sevgi Şimşəyi” tamaşası Türkiyədə festivalda iştirak etdi, Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş festivalda oynanıldı, "Nəsimi ili, Nəsimi dili” festivalında yer tutdunuz və beləliklə, uğurlarınız sizi izlədi. Bəs indi hansı obraz üzərində çalışırsınız?
- Teatrımızın direktoru, rejissor İntiqam Soltanın uşaqlar üçün hazırladığı tamaşada rol alacam. Bundan başqa, rejissorların diqqətindən uzaq, yeni tamaşa hazırlayacağam və bu, mənim rejissor kimi üçüncü işim olacaq. Arzu Soltanın əsərinə müraciət etmişəm. Tamaşa ana-övlad sevgisindən bəhs edir.
- Yaradıcılığınıza nəzər yetirdikdə xoruz, dovşan kimi obrazlar canlandırdığınızın şahidi oluruq. Bu obrazları canlandırmaq sizi narahat etmir?
- Əksinə, xoş təsir bağışlayır. Əgər səhnədəyəmsə, mənim üçün rolun heç bir fərqi yoxdur. Zaman olub ki, səhnədə kloun da, qul da, xoruz da olmuşam. Qeyd etdiyiniz məsələ rejissorların problemidir ki, onlar aktyoru hər zaman eyni ampluada sınayıblar. Məncə, aktyor üçün obraz olmamalıdır. Bizim beynimizdə belə bir şey formalaşıb – dram və komediya aktyoru. Mən İrəvan Dövlət Dram Teatrında işləyən zamanlarda komediya janrında olan bir tamaşada hamilə qadın paltarında oynayırdım. Və bu da normal qəbul olunmuşdu. İnanın ki, ciddi adamın komediyada oynamağı daha gülməli olur. Bakı Uşaq Teatrına yeni gələndə ilk obrazım qul idi. Şah çiynimdə otururdu və mən ağcaqanad öldürürdüm. İrəvan Teatrında "Unuda bilmirəm» tamaşasında Kamranı oynayandan sonra qul obrazını canlandırmışam. Əlbəttə ki, filmdə, serialda rolun fərqi var, ancaq teatrda heç bir fərqi yoxdur.
- İctimai Televiziyada yayımlanan "Solğun çiçəklər” serialında rol alırsınız. Bu gün Azərbaycanda çəkilən serialları tənqid edənlərin sayı günü-gündən artır. Ümumiyyətlə, bu mövzu ilə bağlı sizin fikirlərinizi eşitmək istərdik.
- Bundan əvvəlki illərə baxanda indi serial sistemimiz çox yaxşıdır. Azərbaycanda ilk seriallar çəkilməyə başlayanda "Sirr” serialına çəkildim. Əvvəllər serial çəkilişlərindən imtina edirdim. Mənə dedilər ki, seriallardan çox imtina edirsənsə, bundan sonra səni heç kim seriala dəvət etməyəcək. Açığı, qorxdum və ona görə çəkilməyə başladım (gülürük). Əvvəl Cavid Təvəkkülün Cümhuriyyətin 100 illiyi ilə əlaqədar çəkdiyi "İstiqlaliyyət” filmində Fətəli Xan Xoyskini canlandırdım. Tarixi şəxsiyyəti oynamaq hər bir aktyorun arzusudur. Sənədli filmlərdə bir çox tarixi şəxsiyyətləri oynamışam. Ancaq Fətəli Xan Xoyskini oynamaq başqa bir duyğu idi.
O ki, qaldı tənqidlərə, "100 faiz hər şey əladır” deyilən bir şey yoxdur. Dünyanın ən çox tanınan filmlərində, hətta "Oskar" almış filmlərdə belə hər hansı səhv tutmaq mümkündür. Əgər o işdə səhv yoxdursa, deməli, iş yoxdur.
- Serial təklifi alarkən ən çox nəyə diqqət edirsiniz?
- Ən çox serialın rejissoruna, orada kimlərlə birlikdə çalışacağım insanların ciddiliyinə daha çox önəm verirəm. Əgər çəkilirəmsə, yaxşı bir filmə çəkilmək istəyirəm. «Solğun çiçəklər» serialından böyük zövq aldım. Çünki burada peşəkarlar çalışırdı. Bəzi tamaşaçılar mənə yazırlar ki, bu serialı türklərmi çəkir? Onlar inanmırlar ki, bütün kollektiv məhz azərbaycanlılardan ibarətdir.
- Bu gün şou verilişləri daha çox reytinq verir və simanın tanınması üçün bu verilişlərin müstəsna xidmətləri olur. Belə olduğu halda, televiziyada çalışdığınız 15 il ərzində nə üçün şou verilişi aparmayıbsınız?
- Şou verilişi apararam, ancaq mən istədiyim şəkildə. Bizdə şou verilişi deyəndə, elə bilirlər ki, mütləq şəkildə dar cins geyinməli, saqqalın olmalı, sırğa taxmalısan. Azərbaycan teleməkanında bir şoumen tanıyıram, o da Azər Axşamdır. Hər bir aparıcıya böyük hörmətim var. Ancaq Azərin apardığı əsil şoudur. Zarafatlarının dadı-duzu yerində olur. Mən bunu onun aktyor olmağı ilə əlaqələndirirəm. Onun aktyorluq bazası var. televiziyada əyləncəli veriliş aparacağamsa, bu, tamam başqa bir şey olacaq. Bayağılıqdan uzaq, ciddi bir şey olmalıdır. Şou deyəndə, elə bilirik ki, aləmi qarışdırmaqdır.
- Bəs sizcə, əsl şou nədir?
- Məncə, əsl şounun içərisində hər şey olmalıdır – sənət, musiqi, komediya. Elə bir şey olmalıdır ki, tamaşaçı ondan zövq alsın. Misal üçün, İbrahim Tatlısəsin apardığı veriliş əsl şou idi.

- Bizdə kütləyə nəyi təqdim edirsənsə, onu da qəbul edir.
- Bəzən deyirlər ki, tamaşaçı nə istəyirsə, onu veririk. Xeyr, tamaşaçıya nə verirsənsə, ora köklənəcək. Ola bilər ki, tamaşaçı bayağı bir şey istəyir. Ancaq televiziya elə bir iş təqdim edər ki, insanların şouya münasibəti dəyişər. Teatr niyə etmir onu? Çünki teatr tamaşaçısına "sən mənə tərəf gəl” deyir.
- Bu gün insanlar sosial şəbəkələrə axın edir. Sizcə "Youtube”, "Facebook” və bu kimi şəbəkələr televiziyanı üstələyirmi?
- Sosial şəbəkələr bu gün böyük rol oynayır, ancaq heç nəyi sıradan çıxara bilməz. Dedilər ki, televiziya yaransa, radio sıradan çıxaracaq. Ancaq bu gün bəlkə də radionun dinləyicisi daha çoxdur. Məncə, heç nə heç nəyi sıradan çıxarmır. Necə ki, kino teatrı sıradan çıxara bilmədi. Klassik nə varsa, heç vaxt sıradan çıxmaz, çünki onun kökü var.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.


banner

Oxşar Xəbərlər