• çərşənbə, 24 Aprel, 08:23
  • Baku Bakı 13°C

Hansı dövlət orqanlarının qəzetləri nəşr olunur?

07.01.19 13:16 917
Hansı dövlət orqanlarının qəzetləri nəşr olunur?
Bu yaxınlarda Vergilər Nazirliyinin orqanı olan "Vergilər” qəzeti oxuculara müraciətində bildirib ki, 2019-cu ildən "vergilər.az” oxucuların görüşünə onlayn qəzet formasında gələcək: "Bu, "Vergilər” qəzetinin çap variantının sizinlə yolayrıcında görüşüdür. Lakin heç də yolun və sözün sonu deyil. Sizinlə yol yoldaşlığımız, ünsiyyətimiz bundan sonra da davam edəcək. Çünki bu ünsiyyətin başlıca missiyası biznes adamının biznes maraqlarına, vergi orqanı işçilərinin peşəkar fəaliyyətinə, adi oxucunun informasiya almaq istəklərinə, ümumiyyətlə, daim dəyişməkdə olan, dinamik həyat yaşayan cəmiyyətimizin mənafeyinə xidmət etməkdir. İndi biz yeni bir yolun başlanğıcındayıq: 2019-cu ildə "vergilər.az” oxucuların görüşünə onlayn qəzet formasında gələcək. Hər yolayrıcında irəliyə baxmaq, gələcəyi göz önünə gətirmək istəyi olduğu kimi, keçmişə baxmaq, görülən işləri təhlil etmək, ən azından özünə hesabat vermək istəyi də yaranır. "Vergilər” qəzetinin çap variantının dizaynı da yəqin ki, mətbuat tariximizin yaddaşında fərqli bir hadisə kimi qalacaq. Biz indi yolayrıcındayıq. Qəzetimizin çap variantında sizinlə vidalaşırıq. Ancaq biz sizdən ayrılmırıq. İlin əvvəlindən görüşünüzə «vergilər.az» onlayn qəzeti ilə gələcəyik. Qarşıda bizi daha operativ, daha hərəkətli ünsiyyət gözləyir”.
Beləcə, Vergilər Nazirliyinin qəzeti öz fəaliyyətini dayandırdı. Maraqlıdır, hazırda hansı dövlət orqanlarının qəzeti nəşr olunur, informasiyalar hansı formada verilir?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Babayev nazirliyin 3 qəzetinin adını çəkdi: "Həftədə bir dəfə "Mübariz keşikdə” qəzeti dərc edilir. Bu qəzet 1933-cü ildə təsis edilib. "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir.Bundan başqa, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş "Polis" qəzeti 5 minə yaxın nüsxə ilə həftədə bir dəfə, cümə günü Azərbaycan dilində, A2 formatında, iki rəngdə nəşr edilir. "Polis” qəzetinin redaksiyası polisin fəaliyyət prinsiplərini və istiqamətlərini əsas götürərək polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edir. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan «Əsgər» qəzeti ölkəmizdə çap olunan ilk hərbi qəzetlərdən biridir. Daxili Qoşunların mətbu orqanı olan «Əsgər» qəzetinin ilk sayı 1992-ci il dekabr ayının 15-də dərc olunmuşdur. Qəzet səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi, döyüşçülərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır”.
İ. Babayev bildirdi ki, nazirliyin informasiyalarının yayıldığı saytları da var. Amma hələ ki qəzetlərin nəşrini dayandırıb, yalnız onlayn formaya keçməyi düşünmürlər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov qeyd edir ki, komitənin "Gömrük xəbərləri” adlı qəzeti nəşr olunur: "Hazırda nəşrimizi dayandırmaq kimi bir planımız yoxdur. Qəzetimiz həftədə bir dəfə çıxır, gömrük orqanlarında baş verənlərlə bağlı insanları məlumatlandırırıq. Bundan başqa, bəzi ciddi əhəmiyyət kəsb edən materiallar ingilis və rus dillərinə tərcümə olunaraq dərc edilir. Xəbərlərimiz əsasən gömrükdə baş verən innovasiyaları, həyata keçirilən layihələri əks etdirir. İstəyən hər kəs köşklərdən qəzetimizi əldə edib xəbərlərimizi oxuya bilər”.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov təəssüf hissi ilə qeyd edir ki, komitənin qəzeti yoxdur: "Çox təəssüf ki, hazırda bizim komitənin qəzeti dərc edilmir, amma "Ailə, qadın, uşaq” adında hər 3 aydan bir nəşr olunan jurnalımız var. Komitə ilə bağlı informasiyalar çap şəklində olmasa da, saytımızda onlayn şəkildə mövcuddur. Qəzetimizin olmamağı isə daha çox büdcə ilə əlaqəlidir. Yəni komitənin büdcəsində qəzetlə bağlı məsələ əks olunmayıb. Amma çox istərdik ki, komitəmizin heç olmasa həftədə bir dəfə çap edilən qəzeti olardı”.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirir ki, komitənin "Mülkiyyət” adında qəzeti və "Daşınmaz əmlak” jurnalı nəşr edilir: "Özəlləşmə haqqında qanuna əsasən, özəlləşməyə çıxarılan müəssisələr mətbuatda dərc olunmalıdır. Bizim "Mülkiyyət” qəzeti də hər həftənin 5-ci günü çap edilir və orada həmin müəssisələr, hərraca çıxarılanlar, hərracların nəticələri haqqında məlumat olur. Onu da qeyd edim ki, bizim komitənin saytı da fəaliyyət göstərir və hələ ki qəzetimizin nəşrini dayandırıb, yalnız elektron versiyaya keçmək kimi bir planımız yoxdur”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin "Tibb”, Təhsil Nazirliyinin "Azərbaycan müəllimi”, Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu”, Fövqəladə Hallar Nazirliyinin isə eyniadlı qəzeti nəşr olunur. İqtisadiyyat Nazirliyinin çap mətbuat orqanı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Pensiyaçı” qəzeti isə öz fəaliyyətini 2016-cı ildən dayandırıb.
Günel Azadə
banner

Oxşar Xəbərlər