• cümə, 19 Aprel, 22:10
  • Baku Bakı 24°C

Hansı daha çətindir: pulu qazanmaq, ya xərcləmək? – Polemika

21.05.16 11:09 3570
Hansı daha çətindir: pulu qazanmaq, ya xərcləmək? – Polemika


Pulun müasir dövrdəki əhəmiyyətini heç kim inkar etmir. Bir çoxları iddia edir ki, pulun çox olması insanın daha da xoşbəxt olmasına səbəb olur. Elə biz də öz xoşbəxtliyimizi daha da artırmaq üçün daha çox pul qazanmaq və xərcləmək istəyirik. Məşhur mağazalardakı paltarlara, eynəklərə pul xərcləmək bir çoxlarının, ələlxüsus da qadınların ən məşhur hobbilərindən hesab olunur. Digər tərəfdən, bir çox araşdırmaların nəticələrinə əsaslanıb demək olar ki, təməl ehtiyaclarını qarşılaya bilən, kənara yaxşı miqdarda pul qoya bilən insanlarla milyarderlər arasında xoşbəxtlik baxımından haradasa fərq yoxdur. Çünki pul xoşbəxtlik gətirir. Ancaq doğru xərclədikdə.Bəs ümumiyyətlə, pulu qazanmaq, yoxsa xərcləmək daha çətindir? Hansı məqamda daha diqqətli olmalıyıq; pul qazanarkən, yoxsa xərcləyərkən? Gənclərimizi dinləyək...

Pul xərcləməyə yer çox, qazanmağa isə az
Azər Ağabəy, tələbə


Azər deyir ki, pulu qazanmaq xərcləməkdən daha çətindir: "Əlbəttə, pulu qazanmaq hər zaman daha çətindir. Çünki bir göz qırpımında xərclədiyimiz pullar əslində bizim bir ay ərzində çəkdiyimiz zəhmətin nəticəsidir. Bir ayda qazanacağımız müəyyən məbləğ pul üçün bizim təqribən gündəlik 8-9 saat vaxtımız gedir. Bu gün dünyada milyonlarla insan işsizdir, yaxud gəliri yaşayış minimumu səviyyəsindən dəfələrlə aşağıdır. Bir çox ölkələrdə azyaşlı uşaqlar gün ərzində 1 dollar üçün səhərdən axşama kimi maşın şüşələri yuyur, ayaqqabı təmizləyir. İmkansızlıq onları təhsildən yayındırır, öz uşaqlığını yaşamağa imkan vermir. Həmçinin bir uşaq işləməyə, pul qazanmağa məcbur edilir. Əslində pul qazanmağın necə çətin bir şey olduğunu onların timsalında görmək olar”.
Həmsöhbətimiz deyir ki, pul xərcləmək üçün məkanların sayı çox olsa da, pul qazanmaq müşkül məsələyə çevrilib: "Əslində pulu xərcləmək ona görə asandır ki, addımbaşı qarşımıza pul xərcləmək üçün yerlər çıxır. Bir yandan sual oluna bilər ki, biz gündəlik, yaxud aylıq qazancımızı daha əlverişli üsulla daha tez qazana bilərik? Lakin belə şanslar hər zaman qarşımıza çıxmır. Bir çoxları ay ərzində əziyyət çəkib alın təri ilə qazandığı pulu bir günün içərisində elə mənasız şeylərə xərcləyir ki, elə bil bunun üçün o, bir ayını hədər etməyib. Odur ki, zəhmət çəkib qazandığımız pulun qədrini bilməli, onu nəyə və necə xərclədiyimizə diqqətlə fikir verməliyik. Düzdür, bunu bəziləri xəsislik adlandırır. Əslində bu, heç də belə deyil. Xəsislik pulunu heç nəyə xərcləməməkdir. Qənaət isə pulu diqqətlə xərcləyə bilmək bacarığıdır. Pulu qazanmaq və doğru şəkildə xərcləyə bilmək insandan böyük məharət tələb edir. Pulu xərcləmək o zaman asan ola bilər ki, sən milyonçu olasan”.

İnsan pulun dəyərini özü qazananda bilir...
Səidə Nurməmmədli, tələbə

Səidə deyir ki, pulu qazanmaq daha çətindir. Yalnız pulu özü qazanmayan insan onun dəyərini bilmədən sağa-sola xərcləyir: "Mənim fikrimcə, pulu qazanmaq hər zaman ən çətin olan mərhələdir. Mən özüm tələbəyəm və hələlik pul qazanmıram. Maddi dəstəyi hər zaman ailəmdən almışam. Hesab edirəm ki, bu, insanda bir qədər rahatlıq hissi formalaşdırır. Buna görə də pulumuzun dəyərini bilmirik. Ümumiyyətlə, deyə bilərəm ki, bu kimi nüanslar insanda bədxərclik hissi formalaşdırır. Valideynlərimiz o pulu qazanana kimi min bir zəhmət çəkir. Biz isə bunu dərk edə bilmirik. Elə buna görə də evdən aldığımız pulun dəyərini anlamadan hara gəldi, necə gəldi xərcləyirik. Hələ bir çox hallarda isə evdəkilərə verdikləri pulun az olduğunu deyirik. Əslində özümüz pul qazansaq, qəpiyimizin də qədrini bilərik”.
Həmsöhbətimiz deyir ki, insan yalnız öz gəlirini xərcləyəndə pulun dəyərini bilir: "Hələlik tələbə olduğuma görə, dərslərimdən vaxt tapıb işləyə bilmirəm. Ailəmin dəstəyindən əlavə, universitetdən də təqaüd alıram. Lakin təqaüdü xərcləyəndə elə xəsis davranıram ki, hərdən özümə də qəribə gəlir. Çünki bu, mənim öz zəhmətim sayəsində qazandığım gəlirdir və çalışıram ki, təqaüdümü "havaya sovurmayım”. Hələ təqaüdü alacağımız günü bir ay ərzində elə həvəslə gözləyirik ki, bu, insana pulun və zəhmətin dəyərini aşılayır. Onda başa düşürəm ki, əgər zəhmət çəkib işləsəm və gəlirim olsa, mən öz pulumu xərcləməyə qıymaram. İnsan zəhmətin qədrini məhz belə anlarda daha dərindən dərk etməyə başlayır”.

"Pulu xərcləmək qazanmaqdan qat-qat çətindir”
Həsən Əsgəri Namazov, tələbə


Həsən Əsgəri digər müsahiblərimizdən fərqli olaraq, fikirləşir ki, pulu xərcləmək qazanmaqdan daha çətindir: "Mən hesab edirəm ki, pulu xərcləmək qazanmaqdan qat-qat çətindir. Belə düşünmək üçün mənim öz əsasım var. Əvvəla, onu qeyd edim ki, bir neçə gündən sonra Gəncə Dövlət Universitetinin IV kursunu bitirəcək, müstəqil həyata qədəm qoyacağam. Bu günə qədər ali təhsil almaqla paralel, yaşadığım Goranboy rayonunun Qaradağlı kəndində atama təsərrüfat işlərində yaxından kömək etmişəm. Kənd yerində kəndlinin ruzisi əkin-biçindən çıxdığı üçün biz də ailə olaraq dolanışığımızı torpaqdan əldə edirik. Amma bu, o qədər də asan başa gəlmir”.
Müsahibimiz deyir ki, pulun dəyərini və necə xərcləməyi o insan başa düşür ki, öz üzərində məsuliyyət hiss edir: "Çəkdiyimiz böyük əziyyət müqabilində normal qazanc götürə bilirik. Əgər bu qazancı düzgün bölüb xərcləməsək, əmək məşğulluğumuzu daimi edə bilmərik. Çünki təbii olaraq əldə etdiyimiz gəlirin bir qismi yenidən torpağa, toxumluğa, əkin-biçinə xərclənir. Yerdə qalan qazancın digər hissəsi isə xeyir-şər işləri, ailənin, evin saxlanması, qida və s. üçün nəzərdə tutulur. Bədxərclik edilərsə, israfçılığa yol verilərsə, il ərzində çəkdiyin zəhmət müqabilində əldə etdiyimiz qazanc bir neçə günün içində xərclənər, qalan günlər, aylar üçün kimlərdənsə borc almaq məcburiyyətində qalarıq. Məhz bu amili nəzərə alaraq qeyd edirlər ki, pulu xərcləmək qazanmaqdan qat-qat çətindir”.

Şəbnəm MEHDİZADƏ

banner

Oxşar Xəbərlər