• cümə, 26 Aprel, 00:33
  • Baku Bakı 16°C

“Hansı bəhanə ilə bizi partiyadan çıxara bilərlər?”

11.02.15 05:48 1630
“Hansı bəhanə ilə bizi partiyadan çıxara bilərlər?”
Müsavat Partiyasının heç kimin şəxsi mülkü olmadığını deyən Tural Abbaslı Arif Hacılının idarəetmə metodundan narazıdır
Ötən ilin sentyabrında keçirilən qurultaydan sonra Müsavat Partiyasında narazılıqlar, ciddi fikir ayrılıqları, qarşılıqlı ittihamlar, istefalar səngimək bilmir. Yeni başqanın legitimliyini tanımayan, onun idarəçiliyini təqdir etməyən bir çox partiya funksionerləri artıq istefa verməklə Müsavatla yollarını ayırıblar. Partiyada qalaraq Arif Hacılı və komandasının atdığı addımları sərt tənqid edən, onlara qarşı müxalif mövqedə dayananlar isə ardıcıllıqla cəzalandırılırlar. Bu günlərdə daha iki müsavatçı eyni aqibəti yaşayıb. Onlardan biri Müsavatın Ağdam rayon təşkilatının üzvü Əlövsət Sadıqlıdır. O, partiyanın VIII qurultayının nəticələrini şübhə altına aldığına, partiya strukturlarının legitimliyini qəbul etməməsi barədə açıqlamalarına görə Müsavat sıralarından xaric edilib. Haqqında “qovulma hökmü” çıxarılan digər şəxs partiya başqanlığına sabiq namizəd Qubad İbadoğludur. Q.İbadoğlu da partiya sədrliyinə keçmiş namizəd Səxavət Əlisoy kimi yeni başqan A.Hacılıya qarşı çıxdığı üçün Müsavatdan xaric edilib. Sosial şəbəkədə Müsavatdaxili proseslərə aid status paylaşan, əqidədaşlarının yazdığı rəyləri bəyənən partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə ciddi xəbərdarlıq alıb.
Müsavat Partiyasında baş verən hadisələr, fəal müsavatçıların partiyadan kənarlaşdırılması, müxalif fikrə qarşı dözümsüzlük və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını sözügedən partiyanın üzvü, başqanlığa sabiq namizəd Tural Abbaslı cavablandırır.
- Tural bəy, son günlər partiya üzvlərinizin cəzalandırılmasını, hətta bəzilərinin Müsavatdan xaric edilməsini necə dəyərləndirirsiniz? Onlara qarşı atılan bu addımlar nə dərəcədə əsaslıdır?
- İstənilən halda başqanlığa keçmiş namizədlərin, eləcə də sıravi üzvlərin indiki məqamda partiyadan bu və ya digər səbəblərdən xaric edilməsinin tərəfdarı deyiləm. İndiki durumda müxalifətdə elektorat onsuz da zəifdir. Zəif elektoral bazanı xaricetmələrlə daha da zəiflətmək heç kimə uğur gətirmir. Bu xaricetmələr partiya daxilində gərginliklərin olması barədə kənara mesaj ötürür. Bu da seçkiöncəsi istənilən partiya üçün arzuedilən məqam deyil. Əgər partiyadan xaric edilənlər arasında başqanlığa keçmiş namizədlərin olduğunu, onların da hər birinin partiya daxilində özünəməxsus nüfuzlarının olduğunu nəzərə alsaq, təbii ki, bu xaricetmələrə yalnız sıradan bir iş kimi yanaşmaq düzgün olmazdı. Həmin insanların partiya daxilində dəstəkçiləri, onların fikirlərini və mövqelərini bəyənənlər var. Başqanlığa sabiq namizədlərin partiyadan xaric edilməsi onları dəstəkləyənlərin Müsavatdakı fəaliyyətinə də ciddi təsir edir, qurultay öncəsi və sonrası partiyada yaranan gərginliyin davamlı olması zəminini yaradır. Ona görə də mən bu qərarları yanlış hesab edirəm. Düşünürəm ki, məlum şəxslərin partiyadan xaric edilməsi üçün ümumiyyətlə səbəb yox idi. Düzdür, Divanda Nizamnamənin hansısa bəndləri əsas gətirilib. Amma mən bunu ciddi əsas saymıram. Bunlar sırf partiyadaxili qrup maraqlarının təmin olunması naminə atılan addımlardır. Ümumi fonda bu addımlar partiyanın zəifləməsinə təsir edir.
- Q.İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Divanın qərarından Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) şikayət etmisiniz. Tələb edirsiniz ki, Divanın qərarı Nizamnaməyə zidd olduğu üçün MNTK bunu ləğv etməli və Q.İbadoğlunun partiya üzvlüyü bərpa olunmalıdır. Sizcə, indiki durumda bu tələbinizin reallaşması nə dərəcədə mümkündür?
- Qurultaydan sonra partiyadaxili strukturlarda təmsilçiliyə baxsaq, görərik ki, istər Məclisdə, istərsə də MNTK-da Arif Hacılının tərəfdarlarının böyük əksəriyyəti təmsil olunur. Mənim MNTK-ya şikayətim prosedur qaydalara riayət etmək niyyəti güdür. Bu, eyni zamanda Arif Hacılıya və onun qrupuna da bir şansdır ki, yol verdikləri yanlışlığı aradan qaldırsınlar. Lakin mən inanmıram ki, MNTK özündə cəsarət tapıb Divanın qərarını ləğv etsin. Çünki bu məsələlər Nizamnamə çərçivəsində həll olunmaqdan keçib. Hazırda baş verənlər siyasi qərarlardır. Siyasi qərarlar isə həmin siyasi qrupun rəhbəri tərəfindən verilib. Sadəcə, istərdim ki, MNTK şikayətimi araşdırsın, prosedur qaydalara uyğun olaraq, əsaslandırılmış şəkildə cavab versin. Bəlkə yazılı şəkildə nə isə əsaslandıra bildilər.
- Qadınlar Birliyinin sədri E.Məmmədliyə edilən xəbərdarlığa səbəb sosial şəbəkədə Müsavatdaxili proseslərə aid status paylaşması, əqidədaşlarının yazdığı rəyləri bəyənməsi, şəxsi fikrini bildirməsi olub. Bu barədə özü mətbuata açıqlamasında bildirib. Demokratik idarəetməni özü üçün prioritet saydığını bəyan edən partiyada belə halların baş verməsi nəyin göstəricisidir? Nə üçün partiyada əks fikrə qarşı bu qədər dözümsüzlük var?
- Hər bir şəxs partiya sıralarına daxil olarkən öz siyasi hüquqlarının bir hissəsini təmsil olunacağı təşkilata həvalə etmiş olur. Dolayısı ilə özünün bəzi hüquq və azadlıqlarının partiya tərəfindən müəyyən edilməsinə razılıq verir. Məsələyə bu prizmadan yanaşsaq, son baş verən hadisələr Nizamnamə pozuntusu sayılmır. Lakin Müsavat Partiyasının Nizamnaməsində xüsusi bir qeyd var və orada bildirilir ki, hətta partiyanın qərarından sonra belə, hər bir üzvün o qərarı tənqid etmək hüququ var. Nizamnamədəki başqa bir maddədə isə qeyd olunur ki, heç bir partiya üzvü istər mətbuatda, istərsə də ictimaiyyət arasında söylədiyi tənqidə görə cəzalandırıla bilməz. Məsələyə bu prizmadan yanaşsaq, Ellada xanımın söylədiyi, yaxud bəyəndiyi fikirlər hətta tənqidi ruhda olsa belə, o, cəzalandırıla bilməzdi. Hesab edirəm ki, parlament seçkilərinə 10 aydan da az bir müddət qaldığı dönəmdə partiya daxilində nüfuzu olan insanların bu cür cılız məsələlərə görə cəzalandırılması, onlara xəbərdarlıq, töhmət verilməsi, partiyadan xaric edilməsi ümumi prosesə, Müsavata ziyandır. Tutalım ki, kiminsə fəaliyyətində Nizamnamənin cüzi pozuntusunu tapmaq olar, ancaq bunu bəhanə edib qrup maraqlarını ümumi maraqlardan üstün tutmaq olmaz.
- Hansısa partiya üzvünün tənqidi fikrinə görə cəzalandırılmasının Nizamnaməyə uyğun olmadığını bildirdiniz. Belə nəticə çıxır ki, Divan Partiyanın Nizamnaməsinin tələblərini pozur?
- MNTK-ya etdiyim şikayətdə də mən bunu açıq şəkildə bildirmişəm. Qanun şah olduğu kimi, partiyanın Nizamnaməsi də qəbul edilən qərarlardan üstündür. Partiyada kimliyinə və hansı strukturda təmsil olunmağına baxmayaraq, Nizamnamə qarşısında hamı bərabərdir. Bu gün hansısa say üstünlüyündən yararlanıb nələrə isə nail olmaq mümkündür. Ancaq unutmaq olmaz ki, istər tarix qarşısında, istərsə də gələcək nəsillər qarşısında indi baş verənlərlə bağlı bir məsuliyyət olacaq.
- Başqanlığa namizəd olmuş iki nəfər A.Hacılıya qarşı fikir bildirdiyinə görə artıq partiyadan kənarlaşdırılıb. Sizin də vaxtilə başqanlığa namizəd olduğunuzu və yeni başqanın idarə metodunu təqdir etmədiyinizi nəzərə alsaq, özünüzə qarşı da belə bir cəzanı gözləyirsinizmi?
- Nəzəri baxımdan hər şey, o cümlədən Müsavatdan mənim xaric edilməyim də mümkündür. Bunun mexanizmləri də var. Mən əvvəllər də qeyd etdiyim kimi, Arif Hacılının qurultayda başqan seçiləndən sonra göstərdiyi fəaliyyətdən narazıyam. Baxmayaraq ki, qurultayı da, orada keçirilən seçkinin nəticələrini də tanıyıram. Ancaq Arif Hacılının idarəetmə metodundan narazıyam. Bu idarəçilik Müsavat Partiyasında olması gərəkən idarəçilik metodu deyil. Bu günə qədər bu barədə söylədiyim fikirlərin üstündə qalıram. Bundan sonra da bu barədə fikirlərimi açıq şəkildə bildirəcəyəm. Ancaq nə mən, nə də mənim ətrafım partiya Nizamnaməsinin əleyhinə bir iş görüb. Bundan sonra da partiya Nizamnaməsinin tələblərinə zidd fəaliyyət göstərməyəcəyik. Əgər Nizamnamə əleyhinə fəaliyyət göstərməyəcəyiksə, hansı bəhanə ilə bizi partiyadan çıxara bilərlər? Müsavat Partiyası heç kimin şəxsi mülkü deyil.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər