AZE | RUS | ENG |

Hansı baş redaktor Rauf Arifoğlunu yıxıb-sürüdü?

Hansı baş redaktor Rauf Arifoğlunu yıxıb-sürüdü?
Baş redaktorların fikrincə, hər hansı hadisəyə yanaşma tərzinə görə mətbuat orqanına təzyiq edilməsi yolverilməzdir

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov “Facebook” sosial şəbəkəsindəki səhifəsində təsisçisi olduğu İctimai Palatadan (İP) istefa verməsinin səbəblərini açıqlayıb. O, bildirib ki, uzun tərəddüdlərdən sonra atdığı addımın səbəbi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun İP-nın Koordinasiya Şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən, müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yaymasıdır. Bununla bağlı dərhal mətbuata açıqlama verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu partiyadaşı Y.Sadıqovun hər hansı yazıya görə rəhbərlik etdiyi mətbuat orqanını və onun özünü hədəfə almasını heç cürə başa düşmədiyini dilə gətirib. O, ünvanına söylənilənlərin həqiqətdən uzaq olduğunu diqqətə çatdıraraq, bir təhlilli yazıya görə qəzetə qarşı belə kampaniya aparmağın yolverilməz olduğunu vurğulayıb.

Sözügedən hadisə İP təmsilçiləri arasında fikir müxtəlifliyi yaratmaqla bərabər, bir məqamı da üzə çıxarıb. Məlum olub ki, adətən özlərini demokrat, söz-mətbuat azadlığının cəfakeşi, tolerant kimi qələmə verən şəxslər heç də üzdə görünən kimi deyillər. Hansısa mətbuat orqanında şəxsi mənafelərə toxunacaq kiçik bir xəbər, analitik məqalə yer alan kimi, təpədən-dırnağa kimi silahlanıb həmin kütləvi informasiya vasitəsinin ünvanına sərt ittihamlar səsləndirilir. Bu zaman demokratik dəyərlər, fikir azadlığı barədə söylənilən bəlağətli nitqlər tamamilə yaddan çıxarılır.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bununla bağlı “Kaspi”yə açıqlamasında “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlunun Azərbaycan siyasi dairələrində, hətta müxalifətin var olmasında uzun müddətdir böyük xidmətlər göstərdiyini söyləyib. O, həmkarına və onun rəhbərlik etdiyi qəzetə qarşı olan qərəzli münasibəti arzuolunmaz hal kimi qələmə verib. Bildirib ki, mətbuat orqanının hansısa bir hadisəyə baxışına, yaxud da həmin media qurumunun kollektivinin baxışına görə, kimlər tərəfindənsə təzyiq və təhdidlərə məruz qalması bolşevik təfəkkürünün təzahürüdür:

“Düşünürəm ki, müxalifət mətbuata bu cür münasibət göstərməklə, eləcə də cəmiyyətdəki digər proseslərə neqativ yanaşmaqla, elə yerində saya-saya qalacaq. Bununla onlar öz sıralarına heç bir əlavə qüvvələr cəlb edə bilməyəcəklər. Çünki siyasi partiyaların, müxalifətin zəiflədiyi, heç bir sosial baza yığmadığı vaxtda “Yeni Müsavat” qəzeti onları gündəmdə saxlayıb. Məhz Rauf Arifoğlunun baş redaktor kimi bacarığı və qabiliyyəti sayəsində bir çox müxalifət liderləri üzdədirlər, bu gün də tanınırlar. Ona görə də qəzetə və baş redaktoruna qarşı belə ittihamların irəli sürülməsi ədalətsizlikdir”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
nə İctimai Palata üzvlərini, nə də “Yeni Müsavat” qəzetinin rəhbərini demokratik düşərgə təmsilçisi hesab etmədiyini vurğulayıb. O, adıçəkilən şəxslərin arxaik təfəkkürlü insanlar olduğunu qeyd edib. Baş redaktorun sözlərinə görə, həm Yadigar Sadıqovun özünün mövqeyi, həm də Rauf Arifoğlunun bu hadisəyə münasibət bildirməsi və dərhal Müsavat başqanı İsa Qəmbərdən, eləcə də digər şəxslərdən dəstək istəməsi sübuta yetirir ki, həmin düşərgədə bütövlükdə mənəvi deqradasiya prosesi baş verib:

“Yadigar Sadıqovun açıqlamasında yaydığı məlumatda səsləndirilən fikirlər arqument kimi qəbul oluna bilməz. İstənilən kütləvi informasiya vasitəsinin hadisələrə yanaşması, həmin o mətbuat orqanının öz işidir və özünün yürütdüyü informasiya siyasətidir. Bu siyasətinin nə qədər doğru olub-olmamasını müəyyənləşdirmək ictimaiyyətin, oxucuların işidir. Əgər hər hansı qanun pozuntusu baş veribsə, bununla bağlı məhkəmə orqanlarına müraciət etmək olar. Ancaq mən məsələyə digər tərəfdən də yanaşmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycan mediasına təsir edən ən neqativ mətbuat orqanlarından biri də “Yeni Müsavat” qəzetidir. Amma bu, heç də Yadigar Sadıqovun açıqlamasında olan yanaşma tərzinin dəstəklənməsi anlamına gəlməməlidir. Fikrimcə, Rauf Arifoğlunun özünün də medianın bugünkü durumuna və media ilə bağlı fundamental dəyərlərə yanaşması kökündən yanlışdır. Bu, bütövlükdə həmin o düşərgənin öz daxilində baş verən prosesdir. Bunun kökündə media ilə bağlı məsələlər dayanmır, bunun kökündə həmin İctimai Palatada mövcud olan çox ciddi ziddiyyətlər dayanır. Həmin qurumda tərəflər bir-birilərini qəbul etmirlər, ordakı insanlar birgə yaşayış prinsiplərini mənimsəməyiblər. Eyni yanaşma tərzi Rauf Arifoğlunda da, İctimai Palatada da təmsil olunan digər şəxslərdə də var. Necə ki, Rauf Arifoğlu bu gün fərqli düşüncə qəbul etmir, onun mövqeyinə tənqidi yanaşan insanları qəbul etmir, eyni zamanda da digərləri bunu qəbul etmir. Yadigar Sadıqov da daxil olmaqla digər şəxslər də alternativ fikri qəbul etmirlər. Bu da onu sübuta yetirir ki, o düşərgə ümumiyyətlə demokratik adının verilməsi ümumiyyətlə, yanlışdır. Demokratik insanlar bütövlükdə tənqidə dözümlü yanaşmalı və arqumentlə çıxış etməlidirlər. Anında dəstəyə və yaxud ictimai qınaq məsələsinə əl atmalı deyillər. Bu bir az total kampaniya xarakteri daşıyır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Yeni Müsavat” qəzetinin əvvəllər partiya qəzeti olsa belə, İsa Qəmbər təsisçilikdən imtina edəndən və bu işi Rauf Arifoğluna həvalə edəndən sonra, artıq bu mətbuat orqanının müstəqilləşmək yolunu tutduğunu bildirib. Onun sözlərinə görə, Rauf Arifoğlu Müsavat Partiyasının üzvü və müxalifətin müxtəlif qurumlarındakı təmsilçi kimi müxalifətə qəzetdə daha çox yer verib:

“O, müxalifət funksionerlərinin fikir demək imkanlarını heç cür məhdudlaşdırmadı. Əvvəlki qaydada Müsavat Partiyasının, yaxud da onun müttəfiqlərinin məlumatları da bu qəzetdə əksini tapdı. Ancaq indi özünü demokrat adlandıran insanlar nədənsə mətbuata bir rupor, təbliğat vasitəsi kimi baxırlar. Onların bu yanaşması bolşeviklərin yanaşma tərzindən heç də fərqlənmir. Çünki bolşeviklər də fikirləşirdilər ki, mətbuat yalnız təbliğat və təşviqat vasitəsidir, onlar yalnız hakim siyasi partiyanın təbliğatını aparmalıdırlar. Belə düşüncə tərzi heç bir demokratik dəyərə uyğun deyil. İctimai Palatanın uğursuzluğunu hansısa bir qəzetdə görmək isə qətiyyən düzgün deyil. Onsuz da İctimai Palata özünün son mərhələsini yaşayır. Müşahidələr göstərir ki, Azərbaycandan kənarda qaynaqlanan ideyaların ölkəmizə gətirilməsi özünü doğrultmur. Bu ideyaların ömrü uzağı 1 və ya 2 il çəkir. İctimai Palata da Qərbin Azərbaycanda tətbiq etmək istədiyi bir ideya idi. Lakin bu ideya səmərəsiz şəkildə öz ömrünü başa vurdu. İP ilə bağlı kifayət qədər problemlər var idi. Hətta bu qurum daxilində vahid namizəd məsələsində ortaq mövqeyə gələ bilməmək, qruplararası çəkişmələr də özünü göstərirdi. Bütün bunların səbəbini hansısa mətbuat orqanında görməyi düzgün hesab etmirəm. Əgər onlar ölkədə azad mətbuatın inkişafına təkan vermək istəyirlərsə, heç bir mətbuat orqanı ilə çəkişməyə getməməlidirlər. Uğursuzluqlarının günahını özlərində axtarmalıdırlar”.
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962