• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Hanı o səyyar kinolar?

24.04.18 09:00 1793
Hanı o səyyar kinolar?
Təsəvvür edin, sovet dövrünün sonları, türk, hind, amerikan filmlərinin qapalı cəmiyyətə ayaq açdığı o illər... Sahələrdə işləyən kolxozçular «axşam kəndə kino gələcək” deyərək, ən yaxşı paltarlarını geyinib kinoya baxmağa gedərmişlər. Bu gün köhnə filmlərə baxdıqca, ailələrimizdəki yaşlılar onları könül xoşluğu ilə xatırlayır, həmin filmləri rayonlara, kəndlərə gələn səyyar kino vasitəsilə izlədiklərini deyirlər. Yadımdadı, nənəm deyirdi: "9 uşağımın yeməyini yedirib rahatlayırdım, işlərimi tamamlayıb axşam uşaqları da yanıma alıb xarici filmlərini izləməyə gedirdim. Bu gün sizin həvəslə izlədiyiniz o filmlər bizim qapımızın ağzına gəlirdi...”
O gündən bu günə çox şey dəyişib. İndi kompyuter, internet əsridir. Bu gün Azərbaycan kino sahəsində də böyük irəliləyiş nəzərə çapır. Yerli filmlərimiz nəinki kinoteatrlarımıza ayaq açır, bu aləmdə xarici filmlərlə rəqabətə belə girirlər. Danılmaz faktdır ki, bu gün yerli filmlərimizə maraq kifayət qədərdir. Onlar daha çox izlənilir və baxılır. Hətta çəkilən filmlər öz büdcəsini kinoteatrlarımızdan çıxara bilirlər. Əlbəttə ki, bu, sevindirici haldır, di gəl ki, bu filmlər bölgə kinoteatrlarına gedib çata bilmir. Bəs bu gün o nostalji hisslərlə xatırlanan səyyar kino industriyası niyə yoxdur? Onun bərpa olunması üçün hansı prosedurlardan keçmk gərəkdir?
Məsələ ilə bağlı ekspertlərə müraciət etdik. Onlar səyyar filmləri XXI əsr üçün o qədər aktual hesab etməsələr də, çəkilən filmlərdən bölgədə yaşayan vətəndaşların xəbərdar olmasını vacib saydılar.
Səyyar kino xidmətini təşkil etmək hazırda aktual mövzu deyil
Mədəniyyət Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bizimlə söhbətində sovet dövründə səyyar kinoteatrların mövcud olduğunu və onların bu günə qədər insanların yaddaşlarında xoş xatirə kimi qaldığını vurğuladı: "Əvvəllər Gəncədə, Naxçıvanda, Lənkəranda və digər inkişaf etmiş bölgələrimizdə stasionar kino olub. O dövrün səyyar kinodaşıma nəqliyyat vasitəsi mövcud idi ki, onun vasitəsi ilə bu filmlər kəndlərə daşınırdı. Yeni çəkilən xarici və yerli filmlər kəndlərdə nümayiş olunurdu. Kənd camaatı da həmin filmləri həvəslə izləyirdi. Sovet dövrünün sonlarında Azərbaycanda 220 səyyar kinoqurğu var idi. Onlar UAZ-69, QAZ-51, QAZ-53 maşınları bazasında olurdu. Yaylaqlara, uzaq fermalara aparılır, orada vətəndaşlara yeni filmləri göstərirdilər. Məhsul yığımı vaxtı tarlada işləyənlər üçün axşamlar səyyar filmlər göstərilirdi. Əlbəttə, bu, dövrün tələbatından irəli gəlirdi”.
Y.Şeyxov indiki dövrdə peyk televiziyasının mövcudluğunu, zəmanənin dəyişdiyini və bölgələrimizin belə internetə çıxışı olduğunu, tamaşaçıların istədikləri informasiyanı rahat şəkildə əldə etdiklərini bildirdi: "Bu gün yetəri qədər televiziya kanallarımız mövcuddur. Onlar vasitəsi ilə gün ərzində minlərlə seçim aparmaq olar. Təkcə paytaxtda deyil, uzaq bölgələrimizdə də. Güman etmirəm ki, indi səyyar kinoteatrlara ehtiyac var. Əvvəllər kinolaşdırma deyə bir şey vardı. Yəni kinonu ən ucqar yerlərə çatdırmaq üçün kinoşəbəkə mövcud idi. Bundan başqa, radiolaşdırma adlı termindən də istifadə edilirdi. Onlar indi öz əhəmiyyətini itirib. Çünki radionu ən ucqar bölgələrdə belə tutmaq olur. Bunun üçün xüsusi naqillər vasitəsi ilə xətt çəkməyə ehtiyac yoxdur. Oxşar vəziyyət kino ilə də bağlıdır. Səyyar kino xidmətini təşkil etmək hazırda aktual mövzu deyil”.
Kinonun tamaşaçının ayağına getməsi daha effektlidir
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli bizimlə söhbətində hazırda Lənkəranda səyyar kinoteatrların olmadığını və buna zərurətin yaranmadığını vurğuladı: "Lənkəran Mədəniyyət evlərinin şəraiti olan zallarında yerli filmlərimiz nümayiş etdirilir. Ancaq açığını deyim ki, səyyar şəkildə filmlərimizin tamaşaçılara nümayiş olunmasının şahidi olmamışam. Bilirsiniz ki, ötən il mədəniyyət nazirimiz Əbülfəs Qarayev əmr imzaladı ki, bölgələrdə milli filmlərimiz nümayiş olunsun. Biz də tapşırılan göstərişə əməl edirik və həftədə 3 dəfə olmaqla mədəniyyət müəssisələrimizdə milli filmlərimizi nümayiş etdiririk. Hansı mədəniyyət müəssisələrimizdə filmlərimizi göstərmək üçün şərait və proyektorlar varsa, Lənkəran tamaşaçılarına milli filmlərimiz nümayiş olunur. Bu ənənə bu gün də davam edir. Sentyabr ayından bu günə qədər 5-6 məkanda milli kinolarımız nümayiş olunub. Ancaq səyyar film nümayişi ilə bağlı bir layihəmiz olmayıb və bunun üçün heç bir təlimat da almamışıq”.
V.Nəsirli səyyar kinoteatrın tamaşaçı cəlb etməyin ən yaxşı vasitələrindən biri olduğunu da gizlətmədi: "Çünki hər hansı bir məkanda film nümayiş olunanda insanlar vaxt ucbatından filmə baxmağa gələ bilmir. Ancaq filmin tamaşaçının ayağına getməsi, onun evinin yaxınlığında nümayiş olunmasının daha effektli olacağını düşünürəm. Bunun nəticəsi də olar ki, tamaşaçı həmin filmlə tanış olar. Lənkəran tamaşaçıları kinosevərdilər. Yerli filmlərimizi nümayiş etdirərkən mərkəzlərdə zalın yarısı dolu olur. Hər dəfə də fərqli-fərqli tamaşaçılar gəlir. Uzun illərdir ki, insanlar kinoteatrlara getməyiblər. İndi insanlar kompyuterdən ayrılıb kinoteatrda film izləmək istəyir. Çünki kinoteatrda baxılan filmin effekti tamaşaçı üçün daha maraqlı olur”.
"Desəm ki bu filmlərə böyük maraq var, yalan olar”
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova bir ildir ki, Şəkidə mədəniyyət ocaqlarında yerli filmlərin ödənişsiz şəkildə nümayişlərinin keçirildiyini bildirdi: "Bir ildir yerli filmlərimizi kino göstərmək üçün şəraiti olan mədəniyyət ocaqlarımızda göstəririk. Heç bir bilet satışı yoxdur. Şəki tamaşaçılarının teatra və kinoteatra böyük marağı var. Səyyar şəkildə rayonlara gedib orda filmlər nümayiş etdirmək təbii ki, mümkündür, ancaq tələbat olan yerdə. Əvvəllər səyyar klublar olurdu və müğənnilər gedib orada konsertlər verirdi, köhnə kinolar göstərilirdi. Bu gün sizə desəm ki bu filmlərə böyük maraq var, yalan olar. Biz özümüz də Şəkidə mədəniyyət mərkəzində həftədə iki dəfə Azərbaycan filmlərini nümayiş etdiririk. Nazirlik tərəfindən bizə filmlərin disklərini göndəriblər və biz də mədəniyyət evlərində nümayiş etdiririk. Ancaq bunlar səyyar filmlər deyil. İndiki zəmanədə hamının əlində telefon var və kiçik alətlə dünyaya açılmaq imkanı əldə edirlər. Hər kəs istədiyi filmə telefonda baxır. İstədikləri filmlərə evlərində rahat şəkildə oturub izləmək imkanları əldə edirlər. Bunun üçün də sizə deyə bilmərəm ki, səyyar filmlərə yüksək səviyyədə maraq ola bilər”.
Lənkəranlı əməkdar jurnalist Təranə Məhərrəmova keçmişdə fəaliyyət göstərən səyyar kinoteatrları belə xatırlayır: "Uşaqlıqdan Lənkəranda belə səyyar kinoteatrların olduğunu xatırlayıram. Axşamlar xarici kinolar nümayiş olunurdu və başqa kəndlərdən də həmin filmləri izləməyə tamaşaçılar gəlirdi. Hind, türk, meksikan filmləri nümayiş olunurdu. Beləliklə, rayon camaatı həm kinonu sevir, həm də xarici filmlərdən xəbərdar olurdu. Bu gün o ənənə təəssüf ki, yoxdur. Bəlkə həmin yay kinoteatrı fəaliyyət göstərsəydi, insanlar yenə də gedib, mənəvi ehtiyacını təmin edərdi. Mənim kinonu sevməkdə əsas səbəblərimdən biri məhz o səyyar kinoteatrlar olub. Evimiz həmin kinoteatra yaxın yerləşdiyindən orada göstərilən filmlərin səsi həyətimizə qədər gəlib çatırdı”.
Qeyd edək ki, həmin illər paytaxtımızda 24, bölgələrdə 60-a qədər qış kinoteatrı olmaqla, ümumilikdə ölkənin şəhər, kənd və qəsəbələrində 2000-dən çox səyyar və stasionar kino qurğusu mövcud olub.Qədim kinoteatrlardan "Dostluq”, "Pioner”, "Moskva”, "Nizami”, "Azərbaycan”, "Bakı”, "Vətən”, "Sevil”, "28 Aprel”, "Cəfər Cabbarlı”, "Sülh”, "Oktyabr”-ı göstərmək olar. Sovet dövründə yaşayan kinomanlara bu adlar yaxşı tanışdır. İllər əvvəl insanların hind, türk, rus, eləcə də yerli filmlər daxil olmaqla bir çox sənət əsərlərinə baxdıqları bu məkanların indi demək olar ki, heç biri işləmir. Bu isə müzakirə ediləsi ayrı bir mövzudur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər