Hanı bu sosial şəbəkənin zəncəfili, istiotu...
Müasir
ailələrin qlobal miqyasda yaranan tendensiyaların təsirinə məruz qalması və
aşınması, əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir. Burada sosial-psixoloji,
eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli
problemlər kontekstindən araşdırmalar aparılmalıdır. Elm və texnikanın inkişaf
etməsi, internet məkanın genişlənməsi kimi amillər insanların işini müəyyən
qədər yüngülləşdirsə də, bunlar ailədaxili problemlərin yaranmasından yan
keçmir. Qeyd etmək lazımdır ki, son illərdə bütün dünyada
geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı,
cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Tez-tez "sosial şəbəkədə
tanış olduğu yeniyetməni zorladı", "qətlə yetirdi", "sosial
şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərlərin yayılmasının şahidi
oluruq. Ancaq təəssüflər olsun ki, beynəlxalq təcrübədə sosial şəbəkələrin bu
cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr
yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti
tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrin qadağan edilməsi insan
azadlıqlarının boğulması kimi qiymətləndirilir. Bəzən sosial şəbəkələr
cəmiyyətlərdə həlli olduqca çətin, bəlkə də mümkün olmayan problemlər yaradır.
Ancaq buna baxmayaraq, bu
problemlərin həlli edilməsi üçün zaman-zaman müxtəlif təkliflər irəli sürülür. Belə
ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan
qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır. Trend-in
məlumatına görə, H. Hüseynova bildirib ki, ailə dəyərlərimizin təbliğində
KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Komitə sədri bir çox
hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ
tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib: "Halbuki bizim
çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini
işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən
biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki,
bu da qarşısı alınmaz bir prosesdir. İnsanlar ailə üzvləri ilə müqayisədə
virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən
uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu,
böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq
yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Buna görə
də milli sosial şəbəkələrin, portalların yaranmasına və saylarının
artırılmasına ehtiyac yaranır. Eyni zamanda, biz uşaqları onların sağlamlığına
və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq".
Komitə sədri bildirib ki, internetin, sosial şəbəkələrin
görünmədən, lakin çox sürətlə ailələrə daxil olması ən təhlükəli məsələlərdən
biridir: "Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual
məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır,
valideyn-övlad ünsiyyətində soyuqluq yaradır. Bu hal xüsusən böyüməkdə olan
gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona
görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran
informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər
keçirir, texnologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk”.
Mövzu ilə bağlı bir müddət
əvvəl eyni fikirlə çıxış edən millət
vəkili Musa Quliyevin mövqeyini öyrəndik. O qeyd etdi ki, sosial şəbəkələrdə
olan təhdidlər, təhqirlər və bu kimi digər
təhlükəli hallar mütləq şəkildə tənzimlənməlidir: "Bəli, bir müddət
əvvəl mən də bu məsələni qaldırmışdım. Lakin elə sosial şəbəkələrdə, bu, yanlış
anlaşılmışdı. Milli sosial şəbəkə yaratmaq o demək deyil ki, digər bütün beynəlxalq şəbəkələri bağlayırıq. Əslində,
bildirmək istəyirdim ki, sosial şəbəkələrin ölkədaxili tənzimlənməsi olmalıdır
və imkan varsa, öz şəbəkəmizi yarada bilərik. Amma bunun texniki baxımdan
mümkünlüyü, nə qədər maliyyə vəsaitinin lazım olması haqqında bu sahənin
mütəxəssisləri məlumat verə bilər. Məncə, milli şəbəkənin yaradılmasının heç
bir ziyanı yoxdur. Belə ki, informasiya təhlükəsizliyi istənilən dövlət üçün
vacib məsələlərdən biridir və biz də bununla bağlı müvafiq addımlar atmalıyıq.
Sosial şəbəkələrdə olan təhdidlər, təhqirlər və bu kimi digər təhlükəli hallar mütləq şəkildə
tənzimlənməlidir. Məsələ ilə bağlı müvafiq işlər görülməlidir. Amma təəssüf ki,
bu istiqamətdə adekvat addımlar atılmır. Fiziki təhqirə və zorakılığa görə
müəyyən cəzalar var. Düşünürəm ki, virtual aləmdə olan bu kimi halların
qarşısını almaq üçün müəyyən cəzalar tətbiq edilməlidir”.
"Sağlam
Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyir
ki, beynəlxalq sosial şəbəkələr bizim həqiqətlərimizi dünyaya çatdırmağımıza
yardımçı olur: "Açığı, belə bir təklifin verilməsi mənə təəccüblü gəldi. Hətta
iddia olunur ki, sosial şəbəkələr ailə, valideyn-uşaq münasibətlərini korladığı
üçün milli sosial şəbəkələr yaradılmalıdır. Ailələrlə münasibətin
istiləşməsinə, yaxınlaşmasına milli şəbəkənin təsiri olacaq? Bəzən ailələrdə
problemləri, tərəflərin sosial şəbəkələrdə çox vaxt keçirməsi ilə əlaqələndirirlər.
Maraqlıdır, milli sosial şəbəkələr insanların vaxtını almayacaq? Bu, mənə
qaranlıq qaldı. Düzdür, milli sosial şəbəkələrin olması bizim texniki uğurumuz,
informasiya sahəsində bacarığımız ola bilər. Amma bunun ailələrlə əlaqələndirilməsinin
yersiz olduğunu düşünürəm. Çünki əgər bir insan sosial şəbəkələrə üzv olub
vaxtını orada keçirmək istəyirsə, bu, yerli, yaxud da beynəlxalq sosial
şəbəkələr olsun, fərq etməyəcək. Gəlin ailələrdə istiliyi, münasibəti, anaların
övladları ilə səmərəli vaxt keçirməsi, kişilərin öz ailəsinə diqqətli olması
üçün başqa təkliflər irəli sürək. Sosial şəbəkələr insanlar üçün bir hədə,
təhlükə mənbəyi olmamalıdır. Bu şəbəkə vasitəsi ilə biz dünyaya çıxış əldə
edirik, həqiqətlərimizi çatdırırıq. Belə ki, bir müddət əvvəl Xocalı barədə həştəq
yaratdıq. Dünyanın neçə ölkəsində o həştəqləri nə qədər xarici dostlarımız
paylaşdı. Amma milli sosial şəbəkədə bu imkanlarımız olmayacaq”.
İT
sahəsi üzrə ekspert Tural Mustafayev təklif
edir ki, yenisini yaratmaqdansa, hazırda mövcud olan bəzi təhlükəli qrupları
bağlamaq və ya nəzarətə götürmək olar: "Milli sosial şəbəkə yaratmaq üçün çoxlu
mütəxəssis cəlb edilməlidir. Bundan əlavə, xeyli avadanlıq alınmalıdır. Bunlar
hamısı ciddi maliyyə resursu tələb edir. Digər tərəfdən, bu şəbəkələrə nəzarət
edəcək şəxslər olmalıdır. Yəni bu işin ərsəyə gəlməsi üçün təxminən 150-200
nəfərlik bir komanda yığılmalıdır. Həmçinin bu komandada çalışanların alacağı
məvacib də kifayət qədər böyük rəqəmlər olacaq. Mən düşünürəm ki, milli sosial
şəbəkəni yaratmazdan əvvəl bunun nə qədər effektiv olacağını hesablamaq
lazımdır. Tutaq ki, bu şəbəkəni yaratdıq, sizcə, hazırda özünə kifayət qədər
auditoriya toplamış beynəlxalq sosial şəbəkələri qoyub, milli şəbəkədən kim istifadə
edəcək? Üstəlik, milli şəbəkədə nəzarətin güclü olacağını da nəzərə alsaq, məncə,
kiminsə ondan istifadə etməyə meyilli olacağını düşünmürəm. Təklif edirəm ki,
yenisini yaratmaqdansa, hazırda mövcud olan bəzi təhlükəli qrupları bağlamaq və
ya nəzarətə götürmək olar”.
Günel Azadə