• çərşənbə axşamı, 23 aprel, 14:41
  • Baku Bakı 24°C

Hanı bu kinoların musiqisi?

13.02.19 10:30 1433
Hanı bu kinoların musiqisi?
Musiqini sevirik. Hər yerdə - maşında, evdə, yolda, işdə musiqiyə həmişə ayırmağa zamanımız var. Bəzən də izlədiyimiz filmlərdə xoş bir melodiya, musiqi axtarırıq. Film yüksək standartlara cavab versə də, musiqisi düzgün seçilməyəndə, bizim qəlbimizə yol tapa bilmir. "Burda nəsə çatmır” - deyirik. Yəni filmin ən mühüm komponentlərindən biri musiqidir. Çünki musiqi personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. Musiqiyə tələbat kinonun yarandığı ilk illərdən meydana gəlib desəm, yəqin ki, yanılmaram. Uşaqlığımız "Bəxtiyar”, "Qaynana”, "Mən mahnı qoşuram”, "Əhməd haradadır?”, "Ulduz”, "Şir evdən getdi” kimi musiqili filmləri izləyərək keçib. İndi də filmlərdə o musiqini, qəhrəmanların ifasında səslənən mahnıları axtarırıq.
Son bir neçə ildir kinoteatrlarda yerli filmlər boy göstərməyə başlayıb. Kinoteatrlara yol açan filmlərin 90 faizi isə komediya janrındadır. Onların əksəriyyəti bəsit süjetlərə, ucuz gülüşə əsaslanan, peşəkar rejissor işindən və aktyor oyunundan uzaq "kommersiya” filmləridir. Komediya filmi çəkən o rejissorlar isə bəstəkar musiqilərindən, musiqinin kinodakı funksiyasından bixəbərdirlər. Kinonun imkanlarından bəhrələnməklə əsl komediya filmi çəkmək kinematoqrafçıların və özünü kinematoqrafçı hesab edənlərin ağlına gəlmir, bəlkə də bu onlara sərf etmir. Beləliklə də sual: Niyə hazırda musiqili filmlər çəkilmir? Ya da hanı bu filmlərin musiqisi?
Məsələ ilə bağlı ekspertlərə müraciət etdik. Müraciət etdiyim kino əhli sualımı gülərək qarşıladı. "Gorumuz var ki, kəfənimiz də olsun?” - deyərək sualıma sualla cavab verənlər çox oldu.
"Ciddi kino haqqında düşünən yoxdur”
Tanınmış kinorejissorElxan Cəfərov deyir ki, nəinki musiqili filmlərə, ümumiyyətlə komediyadan başqa janrlarda çəkilən kinolara maraq azdır: "Dram, action, dedektiv janrında çəkilən filmlər tamaşaçıların maraq dairəsində deyil. Bu günün tamaşaçısı kinoya baxıb gülmək istəyir. Nədənsə bu tip filmlərə baxıb, özümüzə, qonşuya lağ etməyi sevirik. İnsanlar da yıxılanda özünə baxıb gülməyi xoşlayırlar, nəinki musiqili filmlərə baxıb, ondan zövq almağı. Ciddi kino haqqında isə düşünən yoxdur və onun kütləyə təsiri haqqında danışmaq da əbəsdir. Ancaq onu deyim ki, hər bir peşəkar iş maraq doğurur. Kimsə deyəndə ki dram və musiqili janrda çəkilən filmlər reytinq, kassa gətirməyəcək, o, yanılır. Hər bir keyfiyyətli film öz sözünü deyir, az da olsa tamaşaçı marağına səbəb olur. Musiqili filmlər də istisna deyil. Filmə ciddi yanaşmaq lazımdır. Təsəvvür edin ki, gəmi yoxdur, ancaq bizim ona ehtiyacımız var. Musiqili filmlər də onun kimi bir şeydir”.
"Rejissorlar bütün məsuliyyəti bəstəkarların üzərinə atırlar”
Xalq artisti, bəstəkar Faiq Sücəddinovbizimlə söhbətində müasir dövrdə ciddi, keyfiyyətli filmlərin çəkilmədiyindən gileyləndi: "Düzdür, yeni filmlər istehsal olunur, ancaq çəkilən filmlər yüngül janrlıdır. Filmin ssenarisindən, rejissor işindən çox şey asılıdır. Filmdə musiqi əsas yer tutmalıdır. Bu gün musiqili filmlərin ssenariləri yazılmır. Film çəkərkən rejissorla bəstəkarın müzakirəsi olmalıdır. Musiqiyə yer veriləndə, bəstəkar da onu həvəslə işləyir. Rəhmətlik Tofiq Quliyev həmişə rejissorlara deyirdi ki, xahiş edirəm, filmlərdə musiqini qayçılamayın, qoyun tam getsin. Rejissor musiqinin bir bəndini verə bilirdisə, ikinci bəndini verə bilmirdi. Sonuncu dəfə "Parni iz Baku”nun Cəlil Məmmədquluzadənin "Ölülər” əsərinin motivləri əsasında hazırladığı "XXI əsr” filmində bəstəkar işi vardı. Filmdəki musiqiləri sevərək yazmışam. Həmin musiqilər bu gün də sevilərək dinlənilir. Bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək. Bu çox böyük layihədir. Artıq filmin 50 faiz mahnılarını işləmişəm. Ümid edirəm ki, bu film də böyük maraqla qarşılanacaq”.
F.Sücəddinov qeyd etdi ki, əgər filmin qəhrəmanı oxuyan, səs imkanları olan biri olarsa, təbii ki, filmdə musiqi böyük maraq kəsb edəcək: "Bu gün çəkilən filmlərin əksəriyyəti heç bir məna kəsb etmir. Belə ki, ssenari yox, fikir yox, qəhrəmanlar qışqırır, bağırır, söyüş söyür, bir-birlərini təhqir edir. Film çəkənlərin qəlbini qırmaq istəmirəm. Ancaq anonslardan gördüyüm qədəri ilə, bu filmlər şit zarafatlar üzərində qurulub. Film hazırlayanda rejissorla bəstəkar oturub onu müzakirə etməlidir və film hər ikisinin birgə ərsəyə gətirdiyi bir məhsul olmalıdır. Kino ciddi bir işdir. İndi çəkilən filmlərin demək olar ki, hamısı əldəqayırmadır. Film işinə zarafatcasına yanaşırlar və zarafatcasına yanaşdıqları üçün də biz filmə baxanda sanki rejissorun tamaşaçılarla zarafatlaşdığını görürük. Mən onlara film deyə bilmirəm”.
F.Sücəddinov yalnız rejissorla bəstəkarın birgə işi nəticəsində keyfiyyətli filmin ərsəyə gələ biləcəyini deyir: "17 il rejissor və bəstəkarın iş prosesini tədris etmişəm. Filmlərdə məkan, köməkçi, fon və digər musiqili keçidlər var. Bəzən rejissorlar giley edir ki, bəstəkarlar yazmırlar, işləmirlər. Bunların hamısı ara söhbətləridir. Rejissorlar diqqəti öz üzərilərindən yayındırmaq üçün bütün məsuliyyəti bəstəkarların üzərinə atırlar. Belə bir atalar sözü var: "çörəyi ver çörəkçiyə, birini də üstəlik”.
"O filmlər arxivlikdir”
Kinoşünas Aygün Aslanlı deyir ki, SSRİ dövründə musiqili filmlər daha çox çəkilirdi: "Həmin illər hind filmləri çox nümayiş olunurdu. Ona baxıb bizdə də musiqili filmlər çəkilirdi. İndi musiqili filmlərə o qədər də maraq yoxdur. Keyfiyyətli musiqili filmlər çəkmək üçün böyük maliyyə tələb olunur. Bunun üçün də hazırda bizdə belə filmlər çəkilmir. Rejissorlar da lazım bilmədikləri üçün çəkmirlər. Tələbat olsaydı, yəqin ki, çəkilərdi. Musiqili filmlərə baxmaq istəyənlər öz ehtiyaclarını hind filmləri ilə doldururlar”.
Kinoşünas keyfiyyətli bir iş ortaya qoyulacağı təqdirdə, həmin filmlərin tutarlı olacağını bildirir: "Adını qeyd etdiyiniz "Bəxtiyar” filminin musiqisindən başqa nəyi vardı ki? O filmlər arxivlikdir. Elə bir muzeyə gedib bir eksponata baxdınız. Başqa nə dəyərləri var ki?”
"Musiqili filmlər çox az uğur qazanır”
Prodüser, rejissor Fehruz Şamıyev musiqini sevən xalq olduğumuzu əsas gətirərək musiqiyə olan marağımızın bu tip filmlərin istehsalına daha çox təsir göstərdiyini dedi: "Müasir dövrdə Azərbaycan kinosu müəyyən maliyyə problemləri yaşayır. Musiqili filmlərimiz Sovet dönəmində istehsal olunurdu. Düşünürəm ki, ölkəmizdə musiqili filmlərin istehsalı rejissorların istəklərindən əlavə, həm də milli xüsusiyyətə aiddir. "Bəxtiyar”, "Ulduz”, "Əhməd haradadır?” və başqa filmlərin istehsalını mən bu amillə əlaqələndirirəm. Amma müasir dövrdə bu tip filmlərin istehsalı müəyyən səbəblərdən uğurlu hesab edilmir. Sovet dövründə çəkilmiş filmlərə bənzər məhsul müasir tamaşaçı üçün maraqlı olmaya bilər. Müasir tamaşaçı komediya janrında daha çox bayağılığa öyrəşib, zarafatların istiqaməti dəyişib. Tamaşaçı köhnə filmlərimizi isə televizordan izləməyə daha çox üstünlük verir. Bu tip filmlərin kinoteatrlarda uğur qazanması dediyim kimi, gəlir gətirməyəcək. Bu amil də prodüserləri, istehsalçıları musiqili filmlərdən uzaq durmağa məcbur edir. Yadımdadır ki, "Bakılı oğlanlar” bir neçə il əvvəl "O olmasın, bu olsun” filminin rimeykini çəkmişdi. Orada da musiqili səhnələr var idi. Film isə uğurlu alınmadı. Həm filmin istehsalındakı yanlışlıqlar, həm də ucuz başa gəlsin deyə musiqilərin aktyorların özləri tərəfindən ifa olunmasına görə film yetərincə uğur qazanmadı. Yaddan çıxarmayaq ki, musiqili filmlərdə aparıcı rolu həm də bəstəkarlar oynayır. İndi isə o tip musiqiləri bəstələmək, studiyada yazmaq və s. böyük xərc tələb edir. Bundan başqa, bütün dünyada musiqili filmlərin sayı yetərincə deyil. Dünyada musiqili filmlər arasında son illər uğur qazananı Demyen Şazelin "La la Land”ı oldu. Nəzərə alaq ki, son 5 ildə dünya kino bazarında böyük uğur qazanan ancaq bu film oldu. Bu amili də bir göstərici hesab etmək olar ki, musiqili filmlər çox az uğur qazanır”.
Ekspertlər musiqili filmlərin çəkilməsi üçün ilk növbədə böyük maliyyənin olmasını və bəstəkarlarla birlikdə addım atılmasını vacib hesab edirlər.
Qara Qarayev bəstəkarın yaradıcılığında kinonun rolundan bəhs edərkən kino sahəsində çalışmayan müasir bəstəkar təsəvvür etmədiyini demişdi. Çünki onun baxışı ilə kino öz xarakterinə görə böyük müasir bəstəkarlıq məktəbidir. İstənilən halda kino sənətini yüksək qiymətləndirən görkəmli bəstəkarın istər Azərbaycan, istərsə də xarici ölkə kinofilmlərinə bəstələdiyi musiqilər kino əsərlərinin dramaturgiyasının əsas komponentidir. Bu filmi çəkmək üçün isə ilk növbədə yaxşı maliyyə tələb olunur. Maliyyə ilə də iş bitmir. F.Sücəddinovun da dediyi kimi, rejissorla bəstəkarın sözü üst-üstə düşməli və ikisi bir hədəfə vurmağı bacarmalıdır ki, istənilən nəticəni əldə etmək mümkün olsun. Yaxın gələcək üçün isə buna ümid işığı yoxdur. Görünür, Aygün Aslanlının da dediyi kimi, musiqili filmlərə olan tələbatımızı elə hind filmləri ilə ödəməli olacağıq...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər