• cümə axşamı, 18 aprel, 20:52
  • Baku Bakı 21°C

“Hamıya göstərdik ki, biz də bacarırıq” - Örnək

16.11.18 11:00 1896
“Hamıya göstərdik ki, biz də bacarırıq” - Örnək
O, özünü belə təqdim edir: gözəllik eksperti, menecer, SMM, nişanlı və fiziki məhdudiyyətli sadə bir qız. Amma "sadə bir qız” təqdimatının arxasında güclü, motivasiya dolu, həyatsevər, zövqlü, işgüzar, fiziki məhdudiyyətli insanlara örnək bir qız dayanır. Biz də bu dəfə onunla söhbətləşdik. Rubrikamızın qonağı Ülkər Şərifovadır.
"Ətrafımda zəif insan ola bilməz”
Ağdaşda anadan olub. Orta məktəbi bitirdikdən sonra özəl kollecdə kompyuter operatorluğu üzrə təhsil alıb. 9 il kosmetika şirkətlərindən birində gözəllik eksperti və menecer kimi işləyib. Son 3 ildir sosial şəbəkələrin idarə edilməsi üzrə işləyir. "Arabaçı TV” səhifəsinin idarəçilərindən biridir. Bir müddət isə arabalı əlillərin məşğul ola biləcəyi Boccia idman növü ilə məşğul olub. Hətta ölkə çempionatında 3-cü yerə qədər irəliləyib. Hər zaman həyatsevərliyi ilə həmyaşıdlarından seçilən Ülkər deyir ki, fiziki məhdudiyyəti onun üçün heç vaxt dərd olmayıb: "Hər zaman ən kiçik problemlərdə üsyan edən, yenilən insanlardan qaçmışam. Fikrimcə, onlar zəif insanlardır və mənim ətrafımda zəif insan, əsla ola bilməz. Çünki mən güclüyəm”.

"Əgər çətinlik yaşamışamsa...”
Həmsöhbətimizin xəstəliyi 9 yaşından sonra başlayıb. Əvvəllər normal yerisə də, sonradan bu qabiliyyətini itirib: "Məhdudiyyətim anadangəlmə deyil, "kalsi” sindromu xəstəsiyəm. Bu xəstəlik təxminən 9 yaşımdan başlayıb. Amma ilk sindromlar özünü 1 yaşından göstərib. Özümü çox şanslı hiss edirəm. Çünki mənə dəstək olan çox yaxşı ailəm var. Xüsusilə də anam. İstər təhsil almağımda, istərsə də cəmiyyətdə aktiv iştirak etməyimdə anamın rolu çoxdur. Mən məhdudiyyətlərimə görə, heç vaxt özümə qapanmamışam. Əgər bir çətinlik yaşamışamsa, düşünmüşəm ki, arxasında mütləq daha böyük uğur, nailiyyət məni gözləyir. Bu gün cəmiyyətdə özünə qapanan əlillər var. Bunun ən başlıca səbəbi ailələridir. Ailələr fiziki məhdudiyyətli insanları cəmiyyətdən gizlətdikcə, bu, istər-istəməz özünə qapanmaya səbəb olur”.

"İnsan özü ilə mübarizə aparmalıdır”
Ülkər deyir ki, fiziki məhdudiyyətli insanların özünə qapanmasının ikinci səbəbi cəmiyyətdir: "Bir yerə çıxanda, adi bir toya gedəndə, bizə yönələn elə baxışlar olur ki, ikinci dəfə bir də toyda iştirak etmək istəmirik. Amma bu mənə aid deyil. Mən bundan tam uzaq insanam. Çünki artıq insanların baxışına əhəmiyyət vermirəm. Bu münasibətlərə qarşı özümdə güc toplamışam. Amma elə tanışlarımız var ki, sırf cəmiyyətin ona baxış tərzinə görə həftələrlə, aylarla evdən çıxmırlar. Nə kafe, nə restoran, nə bir çay evi - heç birini tanımırlar. Adi bir mağazaya belə getmirlər. Buna görə də insan ən başlıcası özü ilə mübarizə aparmalıdır. Fiziki məhdudiyyət həyatın sonu deyil. Sənin digər insanlardan fərqin məhdudiyyətin deyil. Sadəcə, başqalarından fərqli olaraq həyata daha möhkəm sarılmaq lazımdır. Bu o demək deyil ki, çətin yaşayırıqsa, nəyisə özümüzə rəva görməyək. İnsan cəmiyyətdə özünü qəbul etsə, cəmiyyət də onu qəbul edəcək”.

"Cəmiyyətə sözüm çoxdur”
Fiziki məhdudiyyətləri olan insanların evə qapanması Ülkəri narahat edir. Onun sözlərinə görə, insan mübarizə aparmaqla həyatda hər şeyə nail ola bilər: "Cəmiyyətin onları qəbul etməsi üçün mübarizə aparsınlar. Lazım gələndə toya da getsinlər, mağazaya da. Mütləq təhsil alsınlar və aktiv olsunlar. Fiziki məhdudiyyətli insan özünü cəmiyyətə qəbul etdirmək istəyirsə, mütləq aktiv olmalıdır. Cəmiyyətə isə, sözüm çoxdur. Yəqin ki, zamanla insanlar bizi də normal qəbul edəcəklər. Biz nə qədər aktiv iştirak etsək, cəmiyyətə özümüzü göstərsək, məncə, onlara da hər şey adi görünəcək. Nə qədər ki biz özümüzə qapanırıq, cəmiyyət bizi qəbul etməyəcək”.

"Ey, yazıq ifadə ilə baxan insan!”
Ülkər deyir ki, arabada olan insana baxıb, qulaq çəkən insanlara açıq etiraz etmək və onlarla söhbət etmək lazımdır: "Biri sizə qulaq çəkirsə, mümkünsə, həmin insana yaxınlaşın və onlarla söhbət edin. Bəlkə də bizim həyatda qazandıqlarımız qulağını çəkən insanların qazandıqlarından daha çoxdur. "Ey, yazıq ifadə ilə baxan insan! Bəlkə də uğurum, savadım, təhsilim səndən də çoxdur” - deyə bilməlisən. Məncə, söhbət etsək, artıq söhbət etdiyimiz insanlar da başqalarına bunu danışacaq və insanlar da qulaq çəkməyin düzgün olmadığını anlayacaqlar. Ən yaxşısı, o insanın gözlərinin içinə baxıb söhbət etməkdir”.

"Bizim qəlbimiz gözəldir”
Ülkər deyir ki, həyatda nə əldə edibsə, sosial şəbəkələrin hesabına edib: "Ağdaş qapalı rayondur. Deyərdim ki, məhdudiyyətli insan üçün heç bir şərait yoxdur. İnternet üzərindən sosial şəbəkələrin idarə edilməsi təlimində iştirak etmişəm. Orda ən aktiv tələbələrdən biri də mən idim. İnternet üzərindən təxminən 2015-ci ildə İlham müəllimlə tanış olmuşam. O məni Ramanıda Əlillərin Peşə Məktəbinə dəvət etdi. Orda peşə kurslarına yiyələndim və beləcə, "Arabaçı TV”də fəaliyyətim başladı. 3 ildir "Arabaçı.TV”nin adminlərindən biriyəm. Azərbaycanda ən aktiv, fiziki məhdudiyyətli insanların səhifəsidir. Kosmetika şirkəti ilə də Facebook üzərindən əlaqə yaratdım. Özümün şəxsi komandamı qurdum. Komandam sırf fiziki məhdudiyyətli insanlardan ibarətdir və mənim qurduğum komanda sırf iş üçün deyildi, sadəcə, özümüzü cəmiyyətə göstərdik ki, biz də bacarırıq. Gözəllik deyəndə, hər kəs xarici görünüş düşünməməlidir. Bizim qəlbimiz gözəldir. Mənim qurduğum komandada fiziki məhdudiyyətli insanlar vardı – qısa boylu, ayaqları, əlləri işləməyən... İlk baxışdan onlara gözəl deyə bilməzdiniz. Amma gəl ki, gördükləri işlər, həyata tərzləri və işlərinə sevgi ilə sarılmaları görünüşcə gözəl insanların işlərindən daha üstün idi”.
"Yolumuzu kəsən bu maşını əzin”
Ülkər nişanlıdır. Bu yaxınlarda toyu olacaq. Onunla nişanlısının tanışlıq hekayəsindən də danışdıq: "2016-cı ildə Boccia yarışlarına qatılmaq üçün Peşə Reabilitasiya Mərkəzinə getmişdim. Təxminən 1 həftə idi ki, orada idik. Ağır məşqlərdən sonra rəfiqəmlə həyətdə arabayla gəzirdik. Yanımızdan qara maşın keçdi və önümüzdə saxladı. Rəfiqələrimə nisbətən daha bacarıqlı və sözümü deyən olduğum üçün maşının yolumuzu kəsməsinə əhəmiyyət vermədən dar yoldan keçməyə çalışdım. Qızlara da "yolumuzu kəsən bu maşını əzin” deyib keçdim. Sən demə, gələcək nişanlım həmin an ordaymış və elə ürəyini onda oğurladım. O gündən sonra məni izləyib və facebook-da tapıb. Amma həmin vaxt sevgiyə ayıracaq vaxtım yox idi. 2017-ci ildə yenidən kursa getdim və orada yenidən görüşdük. O mənə dünyanın ən böyük sevgisini verdi. İnanıram ki, bizim çox xoşbəxt ailəmiz olacaq”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər